реклама
Бургер менюБургер меню

Азиза Джафарзаде – Bakı – 1501 (страница 2)

18

Şahzadə hasar boyu yeriyib qapını axtarmağa başladı. Taxta qapı açıq idi. Qapı ağzında dayanıb qıza baxmağa başladı. Qəribə bir hiss qızı diksindirdi. Başını qaldırıb qapıya tərəf baxdı və oğlanı gördü. Qız, əlbəttə, şahzadəni tanımırdı. Amma geyimindən ali məqamlı bir adam olduğunu başa düşdü. Yəqin, zəvvardır, babasını axtarır, ev tutmaq, dincəlmək istəyirdi. Qız belə şeylərə alışmış şıxlar ailəsindən olduğundan özünü itirmədi, kəndli qızlarına xas olan bir cürətlə qonağın qarşısına çıxdı, xoşgəldin elədi. Cavanın nə istədiyini gözlədi. Cavan isə… gözəllik qarşısında özünü, bütün ətraf aləmi unutmuşdu.

Sükutu qız pozdu:

– Nə istəyirdin, qardaş?

– Bu kimin evidir? – şahzadə maraqlandı.

– Babam Şıx Kəbləlinin. İndi pirdə zəvvar gözləyir.

– Siz zəvvar saxlayırsınız?

– Əlbəttə. Bütün kəndimiz kimi, hamı şıxlar kimi.

– Onda bizim üçün çay tədarükü gör. İki nəfərik. Yoldaşım dənizə tərəf düşdü. İndi gələr.

– Onda mən də babama xəbər eləyim…

Oğlan sahilə enəndə arxadan səs eşitdi. Qız hasarın üstünə dırmanıb qonşu evdən kimi isə səsləyirdi:

– Xeyransa xala, ay Xeyransa xala!

– Nədir, Bibixanım?

– Xeyransa xala, Ağadayını göndər pirə. Babama desin ki, qonağımız gəlib.

«Demək, adı Bibixanımdır, – şahzadə düşündü. – Yox, sənin adın Sultanım xanım olacaq. Sən mənim sultanım olacaqsan. Yoxsa bu gen dünya mənə dar gələr».

Şahzadə sahilə endi. Nədim Saleh atları yan-çidar edib buraxmış, özü də dənizin dumduru suyunda əl-üzünü, ayaqlarını yuyub oturmuşdu.

– Dur bir hazırlaş, – şahzadə gülərüzlə dedi. – Mən də əl-ayağımı yuyum, qonaq gedəcəyik.

– Hə, bu başqa məsələ…

– Ancaq unutma: biz zəvvarıq!

Onlar həyətə yaxınlaşanda Şıx Kəbləli qapının önündə dayanıb intizarla gözləyirdi. Görünür, çoxdan zəvvarı olmamışdı. Kişi cavanları, əsl dindar zəvvara oxşamasalar da, səmimi qarşıladı.

– Ziyarətiniz qəbul olsun, ağalar! Bibi mətləbinizi versin!

– Allah ağzınızdan eşitsin.

Həyətdəki tut ağacının altına palaz döşənmiş, süfrə salınmışdı. Süfrəyə çaydan, doşab, əncir riçalı, tut qurusu, pendir, yağ, təndir çörəyi qoyulmuşdu. Bunların hamısında təmizlik və səliqə-sahman var idi.

Baba Şıx Kəbləli çaydandan fincanlara çay süzüncə Bibixanım tavada bişirdiyi qayğanağı ortaya gətirdi.

Qız az sonra onların hərəsinə üzündə qızılı yağ üzən bir kasa yaşılımtıl dolma suyu və nimçədə bir düzüm dolma gətirdi. Şahzadə ömründə belə ləzzətli dolma yeməmişdi.

1501-ci ilin baharında şeyx oğlunun Arazdan bu yana keçməyinin xəbəri çıxdı. Deyirdilər ki, şeyx oğlu babası Şeyx Cüneydlə atası Şeyx Heydərin qanını Şirvanşah Fərrux Yasar ibn İbrahim Xəlilullahdan almaq üçün gəlir. Bunu eşidən Fərrux Yasar: «Əgər buralara gəlib çıxsa, o da atası kimi öz payını alacaq», – dedi. Gah Mahmudabad, gah da Şirvanın Gülüstan, Fit tərəflərində döyüşlərin gücləndiyi sorağını alan Fərrux Yasar Gülüstanda müdafiəyə çəkilmiş qoşununa köməyə getdi. Bakı qalasının müdafiəsini oğlu Qazi bəyə həvalə etdi. Hələ də şeyx oğlunun qüvvəsindən bixəbər idi. Az müddətdə qələbə çalıb qayıdacağına inanırdı.

Şeyx oğlunun kimliyini, bu xəbərlərin nə qədər doğru, nə qədər yalan olduğunu bilmək üçün bir neçə il əvvələ qayıtmaq lazımdır.

Zənbil içində keçən gün

Lahican bağları körpə İsmayılın çox xoşuna gəlmişdi. Burada bir qədər dinclik tapmışdı. Yeddi yaşı olmasına baxmayaraq yaşlı insan ömrünün dözə biləcəyi bəlalara dözmüşdü. Odur ki yaşıdlarına nisbətən çox böyümüşdü. İndi Lahicanda, Gilan hakimi Mirzəlinin sarayında özünü sərbəst hiss etməyə başlamışdı. Bu sərbəstliyin özü də nisbi idi. Hər dəfə saray ətrafında naməlum adam görünən kimi onu gizlədirdilər. Xırdaca ürəyi döyünə-döyünə pənahgahlara gedir, nə zaman çölə çıxarılacağını gözləyə-gözləyə orada oturur, heç bir zaman ayrılmadığı kitablarını oxuyurdu. Bayıra çıxarılan kimi balaca qılıncını, nizəsini, ox və kamanını işə salır, Mirzəli hakimin və başqa xanzadələrin oğulları ilə birlikdə hərbi təlim keçirdi. Bu təlimlər onun üçün yeddi yaşlı uşağın oyunlarını əvəz edirdi.

Bütün «oyunlar» onun xoşuna gəlsə də, çəkdiyi keşməkeşlərin acılarını unutdura bilmirdi. Atası Şeyx Heydər Dağıstanda – Şirvan sərhədlərində öldürüləndən sonra Ərdəbil sufiləri xeyli zəifləmişdi və buna görə də Uzun Həsənin oğlu Sultan Yaqub Ərdəbili asanlıqla ələ keçirə bilmişdi. İsmayıl atasını xatırlamırdı. Amma anası Marta – Aləmşah bəyim yadında idi. İstəxr qalasında həbsdə qaldıqlarını lap yaxşı xatırlayırdı. Qardaşları Sultanəli və İbrahim də qalada həbsdə idi. Anası Aləmşah bəyim Uzun Həsənin qızı idi. Trabzon imperatoru Hompenin qızı Katsrinqdən – Dispina xatından dünyaya gəlmişdi.

Sonra Sultan Yaqub öldü və qardaşları arasında hakimiyyət uğrunda ixtilaf düşdü. Şeyx Heydər öldürüldükdən sonra böyük oğlu Sultanəli onu əvəz edirdi. Uzun Həsənin oğlanları onlara qarşı mübarizə meydanı açanda Sultanəli Səfəvi şeyxliyinə kiçik qardaşı İsmayılı təyin etdi. Özü ortancıl qardaşı İbrahimlə birlikdə döyüşə yollandı. Döyüşlərdə qardaşlar həlak oldular. Müridlər kiçik İsmayılı Ərdəbildən götürüb gizli yollarla Lahicana gətirdilər.

Lahicanda da İsmayılın dincliyi yox idi. Uzun Həsənin oğlu Rüstəm padşah tez-tez qasid göndərib Mirzəli hakimdən uşağı tələb edirdi. Mirzəli də müxtəlif bəhanələr gətirir, İsmayılı ələ vermirdi. Vəziyyət beləcə qalırdı.

Bir gecə Mirzəlinin adamlarından biri ona Rüstəm padşahın yenidən qasid və qoşun göndərəcəyini xəbər verdi. Həmin gecə Mirzəli çox narahat yatdı.

Yuxuda gördü ki, onu qovurlar. Atlılar ona çataçatda yuxarıdan bir əl uzanıb onu səhradakı yeganə ağacın başına qaldırdı. Kişi qolunun ağrısından yerindən dik qalxdı. Qolu altında qalmışdı. Gecəni sübhə kimi yata bilmədi. Hələ axşam güdükçülərinin verdiyi xəbərlə yuxu arasında nəsə bir yaxınlıq, bir əlaqə görürdü. Düşündü, düşündü… Yerində çevrildi. Heç cür yata bilmirdi. Yerindən qalxdı, İsmayılın yatdığı otağa keçdi. Balaca Şeyx İsmayıl yatağında mışıl-mışıl uyuyurdu. «Dünyanın bu qarışıq vaxtında qapımda sənə bir xətər toxunsa, atanın ruhu qarşısında nə cavab verərəm?» – Mirzəli hakim belə düşünüb otağına qayıtdı. Səhər Rüstəm padşahın adamlarına nə bəhanə gətirəcəyini düşünə-düşünə yatağına uzandı.

Gün çırtlayan kimi darvaza şiddətlə döyüldü. Mirzəli hövlnak qalxdı. Nökər-naib hələ oyanmamışdı. Kişi özünü tələsik darvazaya yetirdi. Gələn onun dostlarından biri idi:

– Ağa, başına dolanım, Rüstəm padşahın adamlarından üç yüz atlı Lahicanın bir mənzilliyində durub. Nahar vaxtına burda olarlar.

Atlı bunu deyib qayıtdı. İlk növbədə İsmayılı bu hadisəyə hazırlamaq lazım idi. «Başına çox qəzəvü-qədər gəlsə də, axı hələ uşaqdır», – deyə Mirzəli hakim düşündü. Bu düşüncələrlə də onun otağına daxil oldu. İsmayıl artıq geyinmiş, sanki uzaq bir səfərə hazırlaşmışdı. Kişi təəccüb içində baxdı. Darvazanın şiddətlə döyülməsi, görünür, onu məsələdən hali etmişdi.

Mirzəli hakim heyrət içində səsləndi:

– Qurbanın olum, nə tez oyanmısan?

Oğlan körpə dodaqlarına yaraşmayan bir ciddiyyətlə acı-acı gülümsədi:

– Dedim, səfərə hazır olum.

– Hansı səfərə, qurbanın olum?

– Əgər səfər yoxsa, onda qapı belə erkəndən niyə döyülsün və sən niyə belə narahatsan?

Mirzəli hakim uşağın fərasətinə könlündə «afərin» dedi, onun kədərli taleyinə qəlbi parçalandı.

– Qurbanın olum, şeyxim, haqlısan! Gələn bəla sənin üçün gəlib. Xəbər gətiriblər ki, qasidlərə verdiyim cavablar padşahı qane etməyib. Üç yüz atlı Lahicanın bir ağaclığındadır. Buraya çatmaqlarına az qalıb.

İsmayıl yeddi yaşlı uşaqdan gözlənilməyən bir soyuqqanlıqla soruşdu:

– Məsləhətin nədir?

– Əgər razı olsan, izin versən, bir fikrim var. Onu edərik, bəla sovuşar.

– Sən nə məsləhət görsən, mən razıyam.

– Əhsən, mənim balam, – Mirzəli hakim özünü saxlaya bilməyib hisslərini büruzə verdi. Amma tez də özünü ələ aldı. – Əfv et, şeyxim, dilim dolaşdı.

İsmayıl ata məhəbbətinin nə olduğunu bilməmişdi. Doğrudur, anası da, həbsxanada olanda qardaşları da onu sevər, oxşardılar. Lələ Hüseyn bəy, Məhəmməd və Əhməd bəy, Türkmən qardaşları da onu canlarından əziz tutardılar. Qaçqınlıq zamanı bu adamlar canları bahasına onu qorumuşdular. Hər birisi həyatını təhlükə altında qoyaraq şeyxi öz evində gizlətmişdi. Mirzəli hakimin «Əhsən, mənim balam» sözləri İsmayılın qəlbinin dərinliklərinə işlədi, sevdiyi bu adamları yadına saldı. Bir anlıq mənsəbini, məqamını, daim müridlər tərəfindən ona təlqin olunan şeyxliyini, böyüklüyünü unudub Mirzəli hakimə yaxınlaşdı. Onu qucaqlamaq, bəlalı başını kişinin enli, qüvvətli sinəsinə sıxmaq istədi. Lakin Mirzəli hakimin «Əfv et, şeyxim, dilim dolaşdı» sözləri mövqeyini onun yadına saldı. Yarı yolda dayanıb:

– Məsləhətini söylə, – deyə əmr etdi.

– Şeyxim, evi axtarmasınlar deyə Qurana and içməliyəm. And içib sənin bu torpaqlarda olmadığını deməliyəm.

– Axı onlar gələnəcən sənin torpaqlarından uzaqlaşmağa macal tapmaram.

Kişi hər iki əlini göyə qaldırdı.

– Əstəğfürullah… Dilim kəlmeyi-şəhadətə gəlməsin, əgər sənin bu evdən çölə qədəm qoymağını düşünmüşəmsə. Sən burdan heç yana getməyəcəksən. Qoymaram da…

– Bəs onda…

Mirzəli hakim qapıya çönüb səsləndi:

– Qulam, o zənbili gətir…

Nökərlərdən biri otağa daxil oldu. Düyü küləşindən toxunmuş yumşaq və olduqca iri bir zənbil gətirdi, yerə qoyub çıxdı. İsmayıl heyrət içində zənbilə və Mirzəli hakimə baxırdı. Hakim izahat verməyə məcbur oldu: