18+
реклама
18+
Бургер менюБургер меню

Азиз Несин – Belə gəlmiş, belə getməz (страница 2)

18

Qazandığı "Qızıl Palma" mükafatlarından birini 1961-ci ildə dövlət xəzinəsinə hədiyyə edir. Elə həmin ildə "Tanin" qəzetində köşə yazır, amma bu yazılarına görə üç ay həbsdə yatır (31 oktyabr). Daha sonra "Tanin" qəzetinin baş redaktoru İhsan Ada ilə birlikdə yenidən həbs olunur (8 iyuladək). Çıxan kimi "Qabaqcıl"da yazmağa başlayır. Elə həmin il Adanada linç olunmaq təhlükəsi ilə üz-üzə qalır.

1962-ci ildə "Düşün" nəşriyyatında naməlum səbəbdən yanğın baş verir. Məşhur "Zübük" dərgisi də həmin il nəşr olunmağa başlayacaqdı. Əziz Nesin yenə də həmin ildə Heybəliadada Dəniz Hərb Məktəbində əvvəlcə bağban, sonra iaşə müəssisəsi məmuru kimi çalışan, bir kənd mollasının oğlu olan atası Əbdüləziz əfəndini itirir. Nesin sonralar atasının sağlığında onunla daha yaxın olmadığı üçün təəssüf etdiyini söyləyirdi.

1965-ci ildə ilk dəfə xaricə gedir. Berlin və Veymardakı Antifaşist Yazarlar Toplantısına qatılır. Almaniya, Polşa, SSRİ, Finlandiya, Rumıniya, Bolqarıstan, Kiyev və Tiflisə səfər edir.

1966-ci ildə Bolqarıstanda "Vətən borcu" hekayəsi ilə "Qızıl Kirpi" mükafatını qazanır.

1967-ci ildə Meral Çələndən ayrılır.

1968-ci ildə "Milliyyət" qəzetinin təşkil etdiyi "Qaracan Qaragöz" pyes yarışmasında "Üç Qaragöz" pyesi ilə birincilik qazanır.

Əhməd və Əli Nesin pişikləri Gümüş ilə birlikdə (1967, ya da 1968-ci il).

1969-cu ildə Moskvada "İnsanlar ayılır" hekayəsi ilə "Qızıl Timsah" mükafatını qazanır. "Günaydın" qəzetində "Ellər aya, biz yaya" başlığı ilə məqalələr yazır. Eyni zamanda, "Günaydm"m satirik əlavəsi olan "Ülgüc"ü hazırlayır. Payızda Meral Çələnlə yenidən bir araya gəlirlər.

1970-ci ildə Çələnlə ikinci dəfə evlənir və elə həmin il Türk Dil Qurumunun Pyes mükafatına layiq görülür.

Əziz Nesin, Meral Çələn və M.Va-Nu.

1972-ci ildə Nesin Vəqfi rəsmi olaraq qurulur. Həmin ildə Əziz Nesin "Yeni ortam" qəzetində hissə-hissə çap olunmaq üzrə olan "Belə gəlmiş, belə getməz" əsərinin ikinci cildini yazmağa başlayır.

Nesin Vəqfinin binasının önündə.

1974-cü ildə Asiya-Afrika Yazarlar Birliyinin "Lotos" mükafatını alır. Həmin il Türkiyə Yazarlar Birliyinin (TYB) sədri seçilir və 1989-cu ilədək bu vəzifədə qalır.

Vəqfdə gül əkərkən (1974–1975).

1977-ci ildə Bolqarıstanda beynəlxalq mükafat olan "Hitar-Petar" la yanaşı, Mətbuat Şərəf kartını da alır.

1982-ci ildə Cənub-Şərqi Asiyaya səfəri zamanı ürəyindəki nasazlıq səbəbilə bir ay Moskvada xəstəxanada yatır. Orda olarkən öyrənir ki, əvvəllər xəbəri olmadan iki dəfə infarkt keçirib. Xəstə olmasına baxmayaraq, vətənə dönər-dönməz Sülh Dərnəyi qurucuları arasında yer alması əsası ilə sorğu-suala çəkilir.

Vəqfdə yemək hazırlayarkən (1982).

1983-cü ildə TYB-nin məhkəmə prosesi başlayır, lakin həmin il noyabrın 26-da Əziz Nesin sağ tərəfindən insult keçirir. İki-üç günlük müalicə aldıqdan sonra o, sol əli ilə yazmağa davam edir.

1984-cü ildə yazdığı bir yazı səbəbindən məhkəməyə verilir. Ürək əməliyyatı üçün ABŞ-a getməsi lazım olduğu halda, pasport ala bilmir.

Eyni ildə "Ziyalılar ərizəsi" və "Sülh" məhkəmə prosesləri başlayır. "Ziyalılar ərizəsi" məhkəmə prosesində ona nəşr olunmaq qadağası qoyulur.

Harold Pinter (ən solda) və Artur Millerlə birlikdə (1985).

1986-cı ildə Ekin-Bilar və TYB məhkəmə prosesləri başlanır. İnsan Haqları Dərnəyinin təşkil olunmasında təşəbbüskar olur. Çörək və Haqq Bəyannaməsi hazırlanır, ardınca Tüyap Xalqın Seçdiyi "İlin yazıçısı" mükafatına layiq görülür.

Əziz Nesin 1987-ci ildə Kənan Evrəni təhqir üstündə məhkəməyə verir.

1988-ci ildə kürdlərin mədəniyyət müstəqilliyini müdafiə etdiyi üçün Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən ittiham olunur.

1989-cu ildə TYB-nin sədrliyindən istefa verir.

1990-cı ildə ikinci dəfə Tüyapda xalqın verdiyi səslə "İlin yazıçısı" seçilir, ardınca Tolstoy Qızıl Mükafatı və Vyana Teatr Mükafatının sahibi olur.

Vəqfin uşaqları ilə birlikdə (1991).

1991-ci ildə Fransa hökuməti tərəfindən verilən cəngavərlik ordeni ilə təltif olunur.

Aşqabad (1991).

1992-ci ildə Ədəbiyyatçılar Dərnəyi Şərəf Mükafatı, Qızıl Medal və arasında Abdi İpəkçi Sülh Mükafatının da olduğu xeyli sayda mükafat alır.

1994-cü ildə Amerika Jurnalistləri Cəmiyyəti tərəfindən "İlin jurnalisti" seçilir və İnsan Haqları Mükafatını qazanır. 1995-ci ildə isə Orxan Apaydın Demokratiya və Sülh Mükafatını və Xirosima Fondu Mükafatını alır.

15 iyunda Nesin Vəqfində yuxudan "dözülməz ürək ağrısı ilə" oyanır. 30 iyunda fundamentalistlərə qarşı təşkil etdiyi bir konfrans üçün yollandığı Çeşmədə 6 iyul gecə saat 00:30 radələrində gözlərini əbədi olaraq yumur.

Əziz Nesinin cənazəsi, öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir. Həyətin hansı tərəfində dəfn olunduğunu isə sadəcə, bir neçə yaxını bilir.

Yazı maşını

Avtobioqrafiya[1]

“Belə gəlib, belə də gedəcək" ifadəsindən öz mənfəəti üçün istifadə edən bütün istismarçılar, bütün mənfəətçilər, bütün yalançılar və aldadılanlar bunu yaxşı bilsinlər ki: Belə gəlib, amma belə getməyəcək!"

«Quran», tikiş maşını və stul

Gözümü dünyaya yanğınla açdım. İlk xatirəm qapqara göy üzünü bürümüş o qıpqırmızı alov dilləridir. Ondan öncə olanları xatırlamıram. Lakin bu ilk xatirə yaddaşıma bütün incəlikləri ilə hopub.

Anam yuxudan oyandırdı. Sarı toppuzlu bürünc çarpayının baş tərəfində divardan asılmış, içində "Quran" olan gümüşü naxışlı, mavi atlaz torbanı əlinə aldı və öpüb alnına toxundurdu. Sonra o torbanı boynumdan asdı. Bacımı beşikdən aldı.

Pərdəsi açıq pəncərədən qığılcımlar saçan, od püskürən, atəş qusan qıpqırmızı bir səma görünürdü. Tavanda, döşəmədə, divarlarda qırmızı işıqlar oynayırdı, gah böyüyüb-kiçilir, gah uzanıb-qısalırdı… Güzgüyə baxdım: yanan səma güzgüyə dolmuşdu…

Həyət qapısı həyəcanla döyülürdü. Bayırda anlaşılmayan bir uğultu, səs-küy vardı… Arabir uğultunu uşaq ağlaması, ya da qadın çığırtısı dəlib keçirdi.

Qığılcımların, alovun iri böcəklər kimi pəncərə şüşəsinə dəydiyini görür, çırt-çırt səslərini, yanğının səsini eşidirdim… Sonra pəncərənin şüşəsi yox oldu: ya əridi, ya da sındı. Üzümə güclü isti vurdu.

Birdən otağın qapısı itələnərək açıldı. Bir neçə adam içəriyə doluşdu… Onlar əllərinə keçəni götürüb gedirdilər. Anam elə bilibmiş ki, bu adamlar yanğın zamanı əşyalarımızı xilas etməyə çalışan yaxşı adamlardır.

Bir qolunda məni, digər qolunda bacımı tutan anam bizi pilləkənlərlə endirdi, açıq qalmış həyət qapısından bayıra çıxardı, oradaca qoydu və yenidən içəri cumdu.

Küçədəki adamlar evin içinə doluşur, içəridəkilər isə yağmaladıqları əşyalarla bayıra çıxarkən biz ayaqlar altında qalırdıq. Anam qucağında tikiş maşını, bir əlində də stul çölə çıxdı. On səkkiz yaşındakı anamın o yanğından xilas edə bildiyi şey iki uşağı, "Quran", tikiş maşını, bir də stul idi. Tikiş maşını anamın öz qazandığı pulla aldığı cehiziydi. O, bacımın stulunu da o qarışıqlıqda yanğından xilas edə bilmişdi.

Baş verənlər məni heç qorxutmadı. Sanki bir gecə şənliyində, bir bayram əyləncəsində imişik kimi gəldi. Yaddaşımda beləcə qaldı.

Sonra yaddaş lenti həyət qapısında qırılır. Həyət qapısı ilə qəbiristanlıq arasında nələrin olduğunu bilmirəm, xatırlamıram.

Ertəsi gün ayıldığımda qəbiristanlıqda idik. Gecəni orada, açıq havada keçiribmişik. Qəbiristanlıq yanğından qurtulmuş yoxsul ev əşyaları, qorxmuş insanlar, ağlaşan uşaqlarla dolu idi.

Bacım qəbiristanlıqdakı iki qaraçöhrə ağacının arasına bağlanmış, kəndirləri gərilmiş bir beşikdə yatırdı.

Çox sonralar öyrəndim ki, evimizin yandığı yer Qasımpaşanın üstündəki "Yeniçeşmə" adlanan yer imiş. Kirayənişin qaldığımız evlərdə illər boyunca bu sözlər deyilirdi: "Yeniçeşmədə bizim də evimiz vardı".

İl 1919, 1920 olardı… Atam yanımızda deyildi. O bizi eləcə tərk edib lap çoxdan Anadoluya getmişdi… Anadoluda Qurtuluş savaşı gedirdi.

Tanrı ümidinə qalan uşaq

Üç yaşında olan bacım xəstələndi, ayaqları tutmurdu. Çox sonralar başa düşdüm ki, bu xəstəlik qidasızlıqdan, baxımsızlıqdan yaranan sümük xəstəliyi olan "raxit" imiş.

Həkim, dərman hardan olacaqdı?! Təkcə adını eşitdiyimiz həkim bizə əlimizin, səsimizin çatmaq imkanı olmayan fövqəladə bir varlıq kimi görünürdü. Ölən uşaqlar üçün "Allah verdi, Allah aldı" deyilirdi. Həkimdən, dərmandan daha əvvəl bacıma yaxşı baxa, ona bol qida verə bilsəydik, yaxşılaşardı. Pul ödənmədən oluna biləcək bütün türkəçarəni elədik. Sonra anama məsləhət verdilər:

– Axşam azanı oxunan vaxt uşağı qəbiristanlığa apar, bir qəbir daşının yanında qoy… Arxaya qətiyyən dönüb baxmadan, bircə damla gözyaşı da tökmədən qayıdıb evinə gəl. Sizin arxanızca gələn başqa bir adam isə onu götürüb evə gətirsin.

Anam bacıma başa salmışdı ki, sağalması, əvvəlki-tək yeriyə, qaçıb-oynaya bilməsi üçün belə bir şey edəcək və lazım idi ki, onu qəbiristanlıqda qoyub getdikdən sonra ağlamasın. Bacım ağıllı, gözəl qız idi.

Anam hər axşam onu qucağına götürər, mənim əlimdən tutar və biz Qasımpaşa ilə Bəyoğlu arasındakı Çürüklük qəbiristanlığına gedərdik. Qəbiristanlığın sıx-sıx əkilmiş qaraçöhrələri axşamın kölgəsini daha da qatılaşdırar, bu qaranlıqda qəbir daşları daha böyük görünərdi. Azan səsi minarələrdən qəbiristanlığa yayılan vaxt anam qucağında tutduğu bacımı bir qəbir daşının yanına oturdar, əlimdən tutub geriyə boylanmadan iti addımlarla gedərdi. Beləcə, bu, aylarla davam etdi – düz qış girənədək…