Азиз Несин – Belə gəlmiş, belə getməz (страница 1)
Əziz Nesin
Belə gəlmiş, belə getməz
Bioqrafiya, gündəlik və xatirələr
"Xatirə Ədəbiyyatı" silsiləsindən 20-ci kitab
© Əziz Nesin / Belə gəlmiş, belə getməz
© "XAN" nəşriyyatı / Bakı / 2022 / 216 səh
Üz qabığının dizayneri / Teymur Fərzi
Bioqrafiya
Əziz Nesin 1915-ci il dekabrın 20-də Heybəliadada, özünün dediyi kimi, "Çanaqqala müharibəsinin ən təlaşlı dövründə" kasıb bir ailədə dünyaya gəlmiş, ona Məhmət Nüsrət adı verilmişdir.
Əziz Nesin (1917–1918) üç yaşında vəfat edəcək bacısı ilə birlikdə.
5 yaşında məhəllə məktəbinə yazdırılır, amma məktəb çox uzaqda olduğu üçün təxminən bir ildən sonra oradan çıxmağa məcbur olur. Eyni zamanda, atasının yaxını olan ziyalı və mütərəqqi adam – Qalib əmisindən xeyli şey öyrənir. Nesini 1925-ci ilə qədər ibtidai məktəbə rəsmi şəkildə yazdırmırlar.
Bir qədər sonra – 10 yaşında o, imtahan verərək məktəbə üçüncü sinifdən başlayır. Ailəsi Heybəliadaya köçdükdən sonra təhsilini "Darüşşəfəqə"də davam etdirir. Elə həmin dövrdə anası vərəmə tutulur.
1927-ci il sentyabrın 15-də Nesin 12 yaşında ikən anasını (26) itirir. Həmin vaxt Əziz Nesin (Məhməd Nüsrət) "Darüşşəfəqə"də ibtidai məktəbin beşinci sinfində oxuyurdu. ("Darüşşəfəqə"də atası olmayan uşaqlar təhsil alırdılar. Əziz Nesinin atası sağ olduğu üçün özünü günahkar hesab edərək bir qədər sonra məktəbdən qaçacaq və bir daha geri dönməyəcəkdir.)
Çox sevdiyi atası Əbdüləziz əfəndi ilə birlikdə (1954–1956). O zamanlar qadınların şəkil çəkdirməsi günah sayıldığı üçün anasının heç bir fotoşəkli yoxdur.
Ailənin dolanışığına kömək etmək üçün anası əsgərlərə alt paltarı tikirdi. Onun işlətdiyi tikiş maşını yadigar qalır və hazırda Nesin Vəqfi Muzeyində saxlanılır.
1928-ci ildə Nesin “Vəfa” orta məktəbinə getməyə başlayır, lakin dərsləri ötürdüyü üçün sinifdə qalır. Həmin ilin yayında ailəsi İstanbula köçür. Nesin Davudpaşa orta məktəbinə qəbul olunur və uşaqlar içərisində sinif əlaçısı kimi seçilir.
Daha sonra yeddinci sinifdə (1930) o, Çəngəlköy Hərbi məktəbinə gedir. Tam orta təhsilini Qülləli Hərbi Liseyində alır (1932–1935). Bu illərdə dərslərində çox uğur qazanır.
Cağaloğlu Vəfa orta məktəbi (1928).
Davudpaşa orta məktəbi (1929).
Qülləli illəri (1930–1933). Əziz Nesin ən öndə oturub.
Ankara Hərb Məktəbi (1937).
Hərbi Liseydən sonra o, Hərb Məktəbinə gedir. Lakin burada ona dərs deyən müəllimlər üzündən əvvəllər hörmət edib ideallaşdırdığı müəllimlik peşəsindən soyuyacaqdır.
Əziz Nesin müəlliminin solunda, ön tərəfdədir. Qülləli Hərbi Liseyi (1933).
Hərb Məktəbini 1937-ci ildə bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən isə çoxdan maraq duyduğu rəssamlıqla məşğul olmağa başlayır.
Əziz Nesinin 1937-ci ildə Akademiyada tələbə olduğu vaxt çəkdiyi bir model eskizi.
Maçka Fənn Təlim məktəbini bitirdikdən sonra antimilitarist ruhlu olmasına baxmayaraq, səkkiz il zabit kimi qulluq edir. Bu dövrdə xeyli sayda əsgər yetişdirir, gəldikləri ilk gündən tərxis olunana qədər onlarda baş verən müsbət dəyişikliklər Nesinə böyük sevinc hissi yaşadır.
1938-ci ildə ilk həyat yoldaşı olacaq Vedia xanımla nişanlanır.
1940-cı ildə orduya məxsus olan və zəlzələ zamanı dağılmış silah-sursat anbarını boşaltmaq əmri alır; bomba partlaması nəticəsində yaralanır. Sağaldıqdan sonra Qarsa təyin edilir. Eyni ildə, dekabrın 16-da ilk qızı Oya dünyaya gəlir.
1941-ci ildə "Salxım üzüm" adlı ilk hekayəsi "7 gün" dərgisində dərc olunur. Əziz Nesinin ilk yaradıcılıq nümunələri daha çox avtobioqrafik xüsusiyyətləri ilə səciyyələnir.
Hərbdən getdikdən sonra (1944).
1942-ci il dekabrın 21-də ikinci övladı Atəş doğulur.
1944-cü ildə qulluq etməkdən bezdiyi hərb sahəsində ondan olunan bir şikayət nəticəsində cəzalandırılır. Özünü heç bir şəkildə müdafiə etmir və ordudan kənarlaşdırılır. Ona haqlı olaraq kəsilən pensiyadan imtina edir.
1944-cü ildə ilk dəfə babasının adını təxəllüs olaraq götürür (Əziz Nesin) və həmin il "Millət" dərgisində dərc olunan "Dost xətri" hekayəsi bu imza ilə yayımlanır.
1945-ci ildə "Qaragöz" və "Yeddi gün" jurnallarında redaktor və yazar olaraq çalışmağa və peşəkar şəkildə yazıçılığa başlayır. Həmin ildə "Tan" qəzetində köşə yazıları yazır. Müstəqil şəkildə çap edilmiş ilk əsəri on altı səhifəlik "Partiya qurmaq və partiyanı vurmaq" olmuşdur. Bunlardan sonra "Şənbə" adlı həftəlik sənət dərgisi çıxarmağa başlayır. Jurnalın cəmi səkkiz sayı çıxır. Dekabrın 4-də isə "Tan" qəzetinin bağlanması ilə işini itirir və "Yeddi gün" jurnalındakı işindən çıxarılır.
Bundan sonra Əziz Nesinin çətin günləri başlayır.
Birinci həyat yoldaşı Vedia xanım və qızları Oya ilə birlikdə (1945).
1946-cı ildə dostu Əsəd Adil Müstəcəblinin qurduğu Türkiyə Sosialist Partiyasına üzv olur, amma iki ay sonra partiyadan çıxır. Yeri gəlmişkən, Nesin Müstəcəblinin çıxardığı "Gerçək" qəzetində katib və köşə yazarı olaraq da işləyirdi.
"Markopaşa" qəzetinin ilk nömrəsi (1946).
Amma bu qəzet də iyirmi beş sayı çıxdıqdan sonra bağlanır. Bir neçə dərgi və qəzetdən sonra Nesin Səbahəddin Əli, Rüfət İlqaz və karikaturaçı Mim Uykusuz ilə birlikdə həftəlik "Markopaşa" adlı satirik qəzet çıxarmağa başlayır. Tez-tez bağlanmasına və təhdid olunmalarına baxmayaraq, "Markopaşa"nın tirajı yetmiş minə çatmışdı. Amma o da dekabrın 16-da Əziz Nesinlə birlikdə xeyli insanın həbs olunaraq işgəncəyə məruz qalacağı "Böyük həbslər" nəticəsində bağlanan qəzetlərdən biri oldu.
“Gerçək" qəzeti (1946).
1947-ci ildə Nesin azadlığa buraxılır. 6 yanvar tarixində "Markopaşa" yenidən çap olunmağa başlayır.
Əziz Nesin Trumen doktrinasına qarşı yazdığı "Haraya gedirik" adlı məqalə səbəbilə yenidən həbs olunur və on ay ağır şəraitdə saxlanılır. Sonra dörd ay yarımlıq sürgünə məhkum olunur (1948-ci ildə təxliyə olunaraq Bursaya sürgünə yollandığı il həbsxanadan gizlincə çıxarılan yazılar yazmağa davam edəcəkdi). Bağlanan "Markopaşa"nın yerinə sentyabrda "Məlumpaşa" qəzeti buraxılmağa başlayır.
1948-ci ildə təxliyə olunduqdan sonra sürgünə yollandığı Bursada dolanışığı çox ağır olur.
Üsküdar Paşaqapısı Həbsxanasında Məhmət Əli Aybarla (1951).
Həyat yoldaşı Vedia xanımla boşanır. İkinci kitabı "Əziznamə"– ni nəşr etdirir. Bu kitab üçün də məhkəməyə çıxarılsa da, məhkəməni Nesin udur. Ardınca Məhmət Əli Aybarın çıxartdığı "Zəncirli hürriyyət" üçün yazmağa, iyul ayından etibarən də "Başdan" adlı həftəlik siyasi qəzet çıxarmağa başlayır.
1949-cu ilin yanvarında Səbahəddin Əli öldürülür. "Markopaşa"nın yerinə, "Hürr Markopaşa", "Yeddi-səkkiz paşa", "Bizim paşa", "Öküz Məhmət Paşa" qəzetləri çıxır. İngiltərə şahzadəsi Yelizaveta, İran şahı Rza Pəhləvi və Misir kralı Faruq Əziz Nesini məhkəməyə verirlər. Yeddiaylıq həbsə məhkum olunan Nesin bu müddəti Üsküdar Paşaqapısı Həbsxanasında keçirəcəkdi.
İngiltərə şahzadəsi Yelizaveta, Iran şahı Rza Pəhləvi və Misir kralı Faruq Əziz Nesini məhkəməyə verirlər (1949).
Bu dəfə də 1950-ci ildə, fransızca bilmədiyi halda Politserin "Fəlsəfə dərsləri" kitabının önsözünü tərcümə etməsi iddiası ilə 16 aylıq həbsə və 16 ay nəzarət altında saxlanmağa məhkum edilir. Lakin həbsxanada da yazmağa davam edib yazılarını kənara çıxartdığı üçün cəzasının bitməsinə 40 gün qalmış Nevşəhər Həbsxanasına göndərilir.
1951-ci ildə – Üsküdar Həbsxanasında olarkən sonralar – 1969-cu ildə çap olunacaq "Sizi olarmı?" əsərini yazır. Təxliyə olunduqdan sonra çox dəyər verdiyi dostu olan Səbahəddin Ərdəmlə birlikdə "Oluş" kitab evini açacaqdı.
1953–1954-cü illərdə "Parodiya Fotoşəkil Studiyası"nı yaradır, bir tərəfdən şeir, digər tərəfdən də fərqli təxəllüslər altında "Ağbaba" dərgisinə yazılar yazmaqla məşğul olur.
1955-ci ildə Kamal Tahirlə birlikdə "Düşün" nəşriyyatını yaradır. İlk şeir kitabı "On dəqiqə"ni çap etdirir, lakin Yəhya Kamal və Faruq Nafiz Çamlıbelin təsiri altında qalıb şeirlərində Nazim Hikməti təqlid etdiyini düşünərək nəşriyyatın həyətindəcə həmin kitabları yandırır. 6–7 sentyabr hadisələri zamanı yenidən həbs olunur. 1956-cı ildə evlənəcəyi Meral Çələnlə Harbiye Hərbi Həbsxanasında ikən nişanlanır.
1956-cı ildə üçüncü övladı Əli Nesin dünyaya gəlir. "Yeni" qəzetində köşə yazarlığı etdiyi vaxt onun "Qazan mərasimi" hekayəsi İtaliyanın Bordigera şəhərində yumoristik hekayə nominasiyasında "Qızıl Palma" mükafatına layiq görülür.
1957-ci ildə eyni mükafatı bu dəfə "Fil Həmdi" hekayəsi ilə alır. On bir yeni kitabı çapdan çıxır, dördüncü və son övladı Əhməd Nesin də həmin il dünyaya gəlir.
1958-ci ildə "Axşam", "Ulus", "Yeni qəzet" qəzetlərində köşə yazarı kimi işləyir. "Demokrat İzmir" qəzetində "İstanbuldan nə xəbər?" başlığı ilə məqalələr yazır.
1959-cu ildə uzun müddət davam edəcək bir yurd səyahətinə çıxır. Yenə də 1959-cu ildə "Jurnalistlər Cəmiyyəti Lətifə Mükafatı"nda birincilik qazanır.
1960-cı ildə sürgünə məhkum olunur, lakin 27 may dövlət çevrilişi baş verdiyi üçün qurtularaq Yassıada məhkəmə proseslərini izləyir və onları qələmə alır.