Астрид Линдгрен – Quldur qızı Roni (страница 6)
Mattis qaşqabaqla düşmənini süzdü.
– Mən daha tez gələ bilərdim, bir işə görə ləngidim.
– Bu nə işdir belə? – Borka hörmətlə maraqlandı.
– Təsəvvür et ki, səhər tezdən belə bir şeir qoşmuşam. Adı belədir: “Ölü Borkanın dəfnində ağı”. Bəlkə, bu, dul qalmış Undisaya kiçik bir təsəlli olar.
Borka zənn edirdi ki, Mattis dərhal onunla danışıqlara gedəcək, Şimal qülləsinə köçdüyü üçün qalmaqal salmayacaq. Amma təəssüf ki, bərk məyus oldu. Bunu tez başa düşüb əməlli-başlı qəzəbləndi.
– Yaxşısı budur, sən Lovisaya təsəlli verməyi fikirləş, axı zavallı hər gün səni görüb o iyrənc səsini eşidir!
Onların təsəlli vermək istədikləri Undisa və Lovisa əllərini sinələrində çarpazlayıb qarşı-qarşıya dayanaraq bir-birinə baxırdılar. Döyüşkən görkəmlərindən bəlli olurdu ki, nə bu, nə də o heç bir təsəlliyə ehtiyac duymur.
– Hər halda, mənə qulaq as, Mattis, – Borka yenə başladı. – Biz daha meşəmizdə qala bilmədik, çünki əsgərlər bizi peyin milçəkləri kimi təngə gətirdilər. Mən axı arvad-uşağım və quldurlarımla birlikdə harasa sığınmalıydım.
– Bunun hamısını başa düşmək olar, – Mattis dedi. – Amma qəfildən başqasının yaşadığı yeri zəbt etmək, heç ev yiyəsinin özündən də icazə almamaq vicdanlı, ləyaqətli adamlara yaraşan hərəkət deyil.
– Belə söhbətlər quldur üçün qəribə səslənir, – Borka qışqırdı. – Məgər sən heç kəsdən icazə almadan istədiyini götürmürsənmi?
– Hm, hm, – Mattis mızıldandı.
O, açıq-aydın nə cavab verəcəyini bilmirdi, hərçənd Roni başa düşmədi ki, atası özünü niyə itirdi.
“Maraqlıdır, – fikirləşdi, – görəsən, Mattis nəyi icazə almadan götürür? Bunu mütləq aydınlaşdırmaq lazımdır”.
– Yeri gəlmişkən, – Mattis bir qədər susandan sonra dedi, – sizin mənim qalama necə girməyinizi öyrənmək maraqlı olardı ki, elə həmin yolla da bayıra atılasınız.
– Nolar, yoxla, – Borka cavab verdi. – Bilmək istəyirsən bura necə girmişik? Görürsənmi, bizdə bir oğlan uşağı var, o, uzun möhkəm kəndirlə ən hündür divara çıxa bilir. – Bunu deyib Birkin kürən saçlarını sığalladı, o da cavabında gülümsədi. – Bax həmin bu oğlan kəndiri yuxarıda bərkitdi, biz də hamımız bu kəndirlə çıxdıq, sonra sakitcə qülləyə girib orada özümüzçün rahat bir quldur yuvası saldıq.
Mattis bunları eşidəndə acığından dişlərini qıcadı:
– Mən bilən, Şimal qülləsində heç qapı da yoxdur…
– Öz qalanı yaman da tanıyırsan, hərçənd bütün ömrünü burada keçirmisən. Orada qapı vardı. Bu qəsr zadəgana məxsus olanda onun qulluqçuları donuzları yedizdirmək üçün pəyəyə bu qapıdan keçirlərmiş. Heç olmasa, yadındadır, biz uşaq olanda köhnə donuz damı haradaydı? Səninlə orada siçan tuturduq, axırda atan gəlib peysərimə elə bir şapalaq vurdu ki, dedim, yəqin, başım qopdu.
– Hə, atam həmişə düz hərəkət edərdi! Borkanın dəstəsindən bir nəfər də payını almamış ondan yaxa qurtara bilməzdi.
– Hə-hə, – Borka təsdiqlədi. – Bu şapalaqlar məni öyrətdi ki, Mattisin dəstəsinin bütün yaramazları mənim qatı düşmənlərimdir. Buna qədər nə mən, nə də sən bilmirdik ki, əslimiz-nəslimiz başqadır.
– Ancaq mən indi yaxşı bilirəm, – Mattis dedi, – ya biz “Ölü Borkanın dəfnində ağı”nı oxuyacağıq, ya da sən öz zir-zibilinlə qalaya gəldiyin yollaca rədd olub gedəcəksən.
– Şübhə eləmirəm ki, bizlərdən birimiz dəfn ağısı oxuyacağıq, – Borka dedi, – amma mən Şimal qülləsindən heç yerə getməyəcəyəm.
– Buna hələ baxarıq, – Mattis dedi, quldurları da hamılıqla təsdiqlədi.
Onlar o dəqiqə silaha əl atdılar, amma Borkanın quldurları da silahlanmışdılar, uçurumun kənarında belə bir döyüş yaxşı bitməyəcəkdi, bunu Mattis də, Borka da bilirdi. Buna görə də, adətləri üzrə, bir-birini bir də yamanlayıb növbəti görüşün vaxtı çatana qədər ayrıldılar.
Mattis daş zala qayıdanda quldurları kimi heç də qalibanə görünmürdü. Keçəl Per gələnlərə göz vurub dişsiz ağzını açaraq gülümsədi.
– Hə, sənin buynuzundan tutub uçuruma atmaq istədiyin öküzün kefi necədir? Görüş necə keçdi? Yəqin, elə bir gurultu qopdu ki, bütün qalanı lərzəyə saldı?
– Sən sıyığını ye, qoca, özün də sus, öküzün məsələsini isə mənə həvalə elə, – Mattis dedi. – Vaxt gələr, mən onunla hesablaşaram.
Amma nə qədər ki vaxt yetişməmişdi, Roni meşəyə yollandı. Günlər qısalmışdı. Bir neçə saatdan sonra günəş batacaqdı, o isə həm meşəyə, həm də gölə baş çəkmək istəyirdi. Günəşin işıqlandırdığı su səthi ərimiş qızıla bənzəyirdi. Lakin Roni bilirdi ki, bu, qızıl deyil, sudur, özü də buz kimi soyuq sudur. Buna baxmayaraq paltarını çıxarıb qaranquş kimi suya baş vurdu. Əvvəlcə yanmış kimi qışqırdı, sonra sevinclə gülüb üzməyə başladı, o qədər üzdü ki, axırda lap dondu və sahilə çıxdı. Tir-tir əsə-əsə dəri gödəkcəsini geyindi, ancaq görəndə ki canı qızmır, qaçmağa üz qoydu.
Roni soyuq canından çıxana, yanaqları alışana qədər ağacların arasıyla qaçdı, daşların üzərindən cin kimi tullandı. Ancaq belə yüngülləşdiyi üçün sevinə-sevinə qaçmağından qalmadı. Şən çığırtıyla iki qalın küknarın arasından keçərkən təsadüfən Birklə toqquşdu. Yenə də hirsləndi. Hətta meşədə də onu rahat buraxmırlar!
– Ehtiyatlı ol, quldur qızı, – Birk dedi. – Doğrudanmı belə tələsirsən?
– Bunun sənə dəxli yoxdur, – Roni çəmkirib yoluna davam etdi.
Ancaq getdikcə addımlarını yavaşıtdı: ətrafa baxıb istəyirdi görsün Birk meşədə neyləyir.
O isə Roniyə məxsus tülkü ailəsi yaşayan yuvanın yanında oturmuşdu. Roni daha da qəzəbləndi, axı bu onun tülküləriydi. Bala tülkülər yazda dünyaya gələndən onlara göz qoyurdu. İndi tülkülər böyümüşdülər, amma hələ də balacalar kimi vurnuxurdular. Atılıb-düşür, bir-birini dişləyir, mağaranın ağzında diyirlənirdilər, Birksə oturub onlara baxırdı. Kürəyi ona sarı otursa da, qızın onun arxasında durduğunu hiss edib geri çevrilmədən qışqırdı:
– Sənə nə lazımdır, quldur qızı?
– Mənə o lazımdır ki, – Roni cavab verdi, – sən mənim tülkülərimi dinc qoyub meşəmdən gedəsən.
Birk ayağa qalxıb ona tərəf gəldi.
– Sənin tülkülərin!.. Sənin meşən!.. Tülkülər heç kimin deyil, başa düşdün? Özləri də sənin meşəndə yox, tülkü meşəsində yaşayırlar. Bu həm də canavarların, ayıların, sığınların, vəhşi atların, yapalaqların, bayquşların, qumruların, qırğıların, ququ quşlarının, tırtılların, hörümçəklərin, qarışqaların meşəsidir…
– Mən bu meşədə yaşayan bütün heyvanları tanıyıram, – Roni dedi. – Burada boş-boş danışıb mənə ağıl öyrətmək lazım deyil.
– Deməli, sən onu da bilirsən ki, meşə həm də boz cırtdanlara, qəzəbli drudlara, qulyabanılara, trollara3 məxsusdur…
– Budur, sənə deyirəm: ya məndən yaxşı bildiyin bir şeydən danış, ya da dilini dinc qoy.
– Bu mənim də meşəmdir. Həm də sənindir, quldur qızı. Bəli, həm də səninkidir. Ancaq onu yalnız özününkü sayırsansa, onda mənim ilk dəfə düşündüyümdən də axmaqsan.
O, qıza baxdı, onun mavi gözləri nifrətdən qaraldı. İndi o, qıza nifrət edirdi, bu, aydın idi, Roni də buna sevinirdi. Qoy qızın haqqında ağlına gələni fikirləşsin, o isə oğlanı bir daha görməmək üçün evə qayıdacaq.
– Mən meşəni tülkülərlə də, ququ quşlarıyla da, hörümçəklərlə də bölüşdürməyə hazıram, bircə səninlə bölüşmək istəmirəm! – deyə qışqırıb qaçdı.
Birdən gördü ki, ağacların arasıyla duman sürünür. O, yerdən boz lopalar şəklində qalxıb ətrafı bürüyürdü. Günəş birdən yox oldu, suyun qızılı parıltısı söndü. Nə bir qaya göründü, nə də bir cığır. Ancaq Roni qorxmadı. Hətta ən qatı dumanda belə Mattisin qəsrinə gedən yolu tapıb özünü evə Lovisa Qurd mahnısını oxumazdan əvvəl çatdıra bilərdi. Bəs Birk necə olacaq? Söz yox ki, o, Borkanın meşəsində bütün yolları, cığırları tanıyır, amma Mattisin meşəsində aza da bilər. Nolar, sabahısı gün gələnə, duman seyrələnə kimi ən yaxşısı tülkülərin yanında qalmasıdır. Birdən oğlanın səsini eşitdi:
– Roni!
Gör ha! Ona “quldur qızı” desə də, adı yadındaymış.
O, yenə də qışqırdı:
– Roni!
– Hə, nədir, – qız da cavabında qışqırdı. O artıq qıza çatmışdı.
– Bu duman nəsə məni qorxudur, – dedi.
– Aydındır, qorxursan ki, quldur yuvana gedən yolu tapmayasan. Onda tülkülərlə birlikdə yuvada gecələməli olacaqsan. Axı sən hər şeyi hamıyla bölmək istəyirsən.
Birk güldü:
– Yaman acıdilsən ha, quldur qızı! Mattisin qalasına gedən yolu sən məndən asan taparsan. Olarmı biz meşədən çıxana kimi sənin gödəkcənin ətəyindən yapışım?
– İstəyə bax da! Əlbəttə, olmaz, – Roni cavab verdi və bir dəfə oğlanı ölümdən xilas etdiyi dəri qayışı açıb bir ucunu ona uzatdı.
– Bircə mənə yaxın gəlməyəsən ha! Aydındır?
– Yaxşı, ay yazıq.
Beləcə yola düşdülər. Duman onları hər yandan dövrəyə almışdı. Roni əmr etdiyi kimi bir-birindən dartılmış qayış qədər aralıda dinməzcə gedirdilər. Əsas məsələ cığırı itirməmək idi: bircə səhv addım atsan, azacaqdın – Roni bunu bilir, ancaq qorxmurdu.
Cığırı əlləri, ayaqlarıyla yoxlaya-yoxlaya tapırdı; daşlar, ağac gövdələri, kollar yol işarələri kimi köməyinə çatırdı. Yavaş-yavaş gedirdi, onsuz da qəsrə Lovisa Qurd mahnısını oxumazdan əvvəl çatacaqdı. Bir də axı nədən qorxmalıydı ki?
Bununla belə, heç yerdə bundan qəribə meşə görməmişdi. Roniyə elə gəldi ki, burada bütün həyat donmuş, sönmüşdür və birdən özünü pis hiss etdi. Doğrudanmı bu onun beş barmağı kimi tanıdığı, ürəkdən sevdiyi meşədir? Niyə bu gün bura belə sakit və qorxuludur? Bu duman pərdəsinin arxasında nə gizlənir? Hiss edirdi ki, orada naməlum və təhlükəli bir şey var, amma nə olduğunu anlamır, bu da onu qorxudurdu.