Астрид Линдгрен – Quldur qızı Roni (страница 5)
– Amma bir də belə şey olmasın ha, bildin? Sən mənim həyatımı xilas elədin. Çox yaxşılıq elədin. Sağ ol!
– Get burdan, deyirəm sənə! – Roni çığırıb yan-yörəsinə baxmadan irəli atıldı. Qala divarından çıxışa çatanda Birkin ardınca qışqırdığını eşitdi:
– Ey, quldur qızı!.. Biz hələ görüşəcəyik!
Qız çevrilib gördü ki, o, sonuncu dəfə tullanmağa hazırlaşır.
– Ümidvaram ki, sən bu dəfə də ora düşəcəksən, Borkanın oğlu, – Roni qışqırdı.
Hər şey Roninin güman etdiyindən də pis oldu. Mattis elə qəzəbləndi ki, quldurlar da qorxdu.
Amma əvvəlcə heç kəs ona inanmadı və Mattis, bəlkə də, ömründə birinci dəfə qızına acıqlandı.
– Nə qədər istəyirsən yalan danış, bircə belə cəfəngiyat uydurma. Bircə bu qalmışdı beyninə yeridəsən ki, Borkanın quldurları Mattisin qalasına yerləşiblər. Bax sənə qulaq asdıqca hirsimdən cin atına minirəm, hərçənd bilirəm ki, hamısını özündən uydurursan.
– Yox, – Roni dedi, – mən yalan danışmıram.
Yenə də başladı Birkdən öyrəndiklərini danışmağa.
– Yalandır! – Mattis qışqırdı. – Özü də Borkanın oğlu yoxdur. Onun heç yerli-dibli uşağı yoxdur. Bu hamıya çoxdan məlumdur.
Quldurlar dinməzcə oturmuşdular, heç kim sükutu pozmağa ürək eləmirdi. Birinci özünə gələn Fosok oldu:
– Əlbəttə, belədir, ancaq adamlar çərənləyirlər ki, onun oğlu var. Onu Undisa qorxu içində həmin tufanlı gecə bizim Roni anadan olanda doğub.
Mattisin odlu baxışları onu dəlib keçdi.
– Heç kim də mənə bu haqda bir kəlmə belə deməyib? Düzünü deyin görüm, məndən daha nələri gizlədirsiniz?
O, quldurlara vəhşi bir nəzər saldı, stoldan dərhal iki fincan pivə götürüb tolazladı, bütün divarı ağ köpüyə buladı.
– Borkanın küçüyü mənim qəsrimdə gəzirsə, bu nə deməkdir? Roni, sən də onunla söhbət edirsən?
– O mənimlə danışırdı.
Mattis yenə də vəhşi heyvan kimi nərildəyərək boşqabdan qoyun ayağını götürüb divara elə çırpdı ki, ətrafa piy damcıları çiləndi.
– Sən israr edirsən ki, Borkanın küçüyü guya atasının, bu qotur köpəyin öz zir-zibilləriylə mənim qəsrimin Şimal qülləsinə köçməsiylə öyünürmüş?
Roni qorxurdu ki, atası hər şeyi bilən kimi ağlını itirəcək, buna baxmayaraq ona həqiqəti deməyi qərara aldı: axı Borka və adamlarını Şimal qülləsindən başqa cür qovmaq mümkün deyildi.
– Bəli, indi bizim Şimal qülləmiz Borkanın qalası adlanır. Məsələ belədir, ata.
Mattis daha qorxunc səslə bağırıb şorba qazanını qarmaqdan qopararaq elə tulladı ki, qaynayan horra döşəməyə töküldü.
Bayaqdan bir kəlmə də danışmayan Lovisa zalda baş verənlərin hamısını eşidir və görürdü. Amma indi əsəbiləşdi. İçi səhər quş saxlanan həyətdən gətirdiyi yumurtalarla dolu kasanı götürüb Mattisə yaxınlaşdı.
– Al, tolazla, çəkinib-eləmə, bircə yadında saxla ki, hər şeyi özün, öz əllərinlə yığışdıracaqsan, anladın?
Mattis heyvan kimi bağıra-bağıra yumurtaları bir-birinin ardınca divara vurmağa başladı; daş döşəməyə ağlı-sarılı yumurta içi axdı.
Sonra başladı ağlamağa.
– Mən tülkü öz yuvasındakı kimi, qartal öz sığınacağındakı kimi sakit yaşamışam! İndisə…
Mattis özünü döşəməyə atıb daş plitələrdə diyirlənməyə, yaralı heyvan kimi ulamağa və ağzına gələni deməyə başladı, axırda bu, Lovisanı bezikdirdi.
– Dayan, bəsdir, – dedi. – Qışqırmaqla heç nə eləyə bilməzsən. Ayağa qalx görüm, hamı səni gözləyir.
Ac quldurlar stolun ətrafında dinməzcə oturmuşdular. Lovisa qoyun ayağını döşəmədən götürüb əsgiylə sildi.
– Yerə salandan sonra yesən, daha dadlı olacaq, – dedi və əti iri tikələrə bölməyə başladı.
Cin atına minmiş Mattis yerindən qalxdı, könülsüz halda həmişəki yerində oturdu, amma tikəni uda bilmədi. Pırtlaşıq tüklü başını əllərinin içinə alıb burnunun altında nəsə mızıldanır, arabir elə ucadan nəfəs çəkirdi ki, zalın ən uzaq künclərində eşidilirdi. Bu zaman Roni atasına yanaşdı, onu qucaqlayıb yanağını yanağına söykədi.
– Kədərlənmə, ata, – dedi. – Onları bayıra atmaq lazımdır, vəssalam.
– Demək asandır, – Mattis qaşqabaqla donquldandı.
Quldurlar bütün axşamı ocağın qırağında oturub talelərini həll etməklə məşğul oldular. Mattis hey baş sındırırdı ki, Borkanın quldurlarını Şimal qülləsindən necə qovsun.
Ancaq o hər şeydən əvvəl anlamaq istəyirdi ki, bu yaramazlar, bu avaralar Şimal qülləsinə necə çıxıblar və necə olub ki, Mattisin quldurlarının heç biri bunu görməyib. Axı qalaya istər piyada, istərsə atla girmək üçün gərək mütləq Qurd dərəsindən keçəsən, burada Mattisin gözətçiləri gecə-gündüz keşik çəkir. Onların heç biri şübhəli heç nə hiss etməmişdi.
Keçəl Per irişdi:
– Mattis, ağlına gəlmirmi ki, onlar dağlarda gəzə-gəzə gəlib, Qurd dərəsinə çıxıb mehribanlıqla belə deyiblər: “Bizi buraxın, dostlar, biz sizin Şimal qüllənizə köçmək istəyirik”. Hi-hi!
– Ay ağıllı, yaxşısı budur, de görək, onlar hansı yolla gəliblər, hə?
– Əlbəttə, nə Qurd dərəsiylə, nə də qala qapılarıyla, – Keçəl Per cavab verdi. – Bu aydındır… Onlar qalanı şimal tərəfdən dolanıblar, orada bizim keşikçilərimiz yoxdur…
– Orada keşik çəkməli nə var axı? Qalaya giriş yoxdur, bircə dik qaya var. Bəlkə, onlar milçək kimi divarda gəzə bilirlər? Elədirmi? Sonra da dar mazğallardan keçiblər? Hə?
Birdən Mattisin ağlına nəsə gəldi, gözlərini Roniyə zilləyib soruşdu:
– Bəs sən orada neyləyirdin?
– Mən? Uçurumdan qorunmağı öyrənirdim, – Roni cavab verdi.
İndi o, Birki sorğu-suala tutmadığı üçün heyifsilənirdi. Bəlkə, onda Borkanın quldurlarının Şimal qülləsinə necə girdiklərini öyrənə bilərdi. Amma bunu əldən qaçırmışdı.
Gecə Mattis təkcə sıldırımın yanında yox, uçurumun divarları yanında da gözətçi qoydu.
– Borkadan hər şey gözləmək olar, – dedi. – Birdən uçurumdan qızmış öküz kimi tullanıb bizi qaladan qovar.
Mattis yenə pivə parçını götürüb divara elə tolazladı ki, köpük parçaları zala dağıldı.
– Lovisa, indi yatağa girirəm, amma yatmayacağam, – Mattis dedi, – fikirləşəcəyəm. Onları qaladan necə qovmağın qərarını mən verməliyəm. Kim mənə mane olsa, vay halına…
Roni də uzun müddət yata bilmədi. Niyə belə kədərliydi? Niyə onun həyatı birdən-birə belə dəyişdi? Niyə? Hələ bu Birk… Onu görəndə qız necə sevinmişdi. Ona, axır ki, öz həmyaşıdını tapmaq nəsib olmuşdu, amma gərək bu, Borkanın oğlumu olaydı?
IV
Ertəsi gün Roni dan yeri ağaranda oyandı. Atası artıq stol arxasında oturub sıyıq yeyirdi, amma kasadakı sıyıq, demək olar ki, azalmırdı. Qaşqabaqla qaşığı ağzına aparır, amma ağzını açmağı unudur və az yemək udurdu. O yalnız Balaca Klipp özünü zala salanda ayıldı; Klipp Sturkas və Tyoqe ilə birlikdə qalanı iki yerə bölən uçurumun yanında keşik çəkirdi.
– Ey, Mattis, tez ol, Borka səni gözləyir! O tayda dayanıb dəli kimi çığırır. Səninlə danışmaq istəyir.
Balaca Klipp bunu deyib cəld bir kənara sıçradı, özü də ehtiyatlı iş tutdu, çünki həmin andaca qulağının dibindən sıyıq dolu taxta kasa uçub divara elə çırpıldı ki, içindəki sıyıq ətrafa dağıldı.
– Sonra özün yığarsan, – Lovisa ciddiyyətlə ona xatırlatdı, ancaq Mattis sanki onu heç eşitmədi də.
– Deməli, Borka mənimlə danışmaq istəyir? Lənət şeytana!.. Neynək, qoy istəsin, ancaq bundan sonra sabah çətin ki o kiminləsə danışa bilsin, – deyə Mattis çənəsini elə sıxdı ki, dişləri qıcırdadı. Bu zaman bütün quldurlar zalda nə baş verdiyinə baxmaq üçün otaqlarından çıxdılar.
– Sıyığı tez yeyin! – Mattis adamlarına əmr verdi. – Getdik! Biz bu vəhşi öküzün buynuzundan tutub uçuruma atmalıyıq.
Roni bir andaca geyindi. Xam dana dərisindən tikilmiş gödəkcə-şalvarı əyninə keçirtmək üçün çox vaxt lazım deyildi. Qar yağana qədər o, adətən, ayaqyalın gəzirdi. Çəkmə geyməyi, ayaqqabılarını bağlamağı xoşlamırdı. Bu səhər tələsmək lazım olduğundan bunu, ümumiyyətlə, etməyəcəkdi. Adi gün olsaydı, tez meşəyə yollanardı, lakin bu, qeyri-adi gün olduğundan tələm-tələsik divardakı dəliyə tərəf getdi ki, görsün orada nə baş verir.
Mattis öz quldurlarını elə tələsdirdi ki, onlar sıyığı yeyib qurtarmamış Lovisayla birlikdə daş pilləkənə sarı qaçdılar. Bircə Keçəl Per kasa qabağında oturub öz gücsüzlüyünü lənətləyirdi. Elə zəifləmişdi ki, hamıyla birlikdə bilmirdi.
– Bu axmaq divara çox uzun bir pilləkən çıxır, – deyə mızıldandı, – mənim dizlərim də yaman əsir.
Səhər soyuq və aydın idi. Günəşin ilk qırmızı şüaları Mattisin qalasını əhatə edən meşəni güclə işıqlandırırdı. Roni diş-diş divara qalxanda bu mənzərəni gördü. O, indi meşəyə, öz yaşıl aləminə həvəslə gedərdi. Burada, bir tərəfində Mattisin, o biri tərəfində Borkanın quldurlarının dayanıb gözlərini bir-birinə zillədikləri bu dəliyin yanında olmağı heç istəmirdi.
“Deməli, onun görkəmi beləymiş, – Roni adamlarının qabağında ayaqlarını aralayıb durmuş, yekə ağzını istehzalı təbəssümlə əyən Borkanı görcək düşündü. – Yaxşı ki, o, Mattis kimi ucaboy, boylu-buxunlu deyil”.
Amma Borka açıq-aşkar güclüydü, buna söz yox idi. Düzdür, boyca elə də hündür deyildi, amma enlikürək, sağlam idi. Kürən saçları ətrafa dağılmışdı. Yanında bir qırmızıbaşlı da durmuşdu, amma saçları hamar idi, uzaqdan baxanda elə bilirdin başına dəmir dəbilqə qoyub. Birk də atasının yanında durmuşdu, görünürdü ki, burada baş verənlər urəyincədir. O, gizlincə başıyla Ronini salamladı, elə bil köhnənin dostuydular. Borkanın küçüyü gör nə xəyal edib, ağlına gör nələr gətirib!
– Yaxşı ki, tez gəldin, Mattis, – Borka dedi.