18+
реклама
18+
Бургер менюБургер меню

Артур Конан Дойл – Baskervillərin iti (страница 2)

18

Demək olmaz ki, təhqiqat ser Çarlz Baskervilin ölümü haqqında olan bütün vəziyyəti tamamilə aydınlaşdırmışdır. Lakin o, yerli mövhumatçılar tərəfindən söylənilən şayiələrə son qoymuşdu. Bu ölümün təbii bir səbəb nəticəsində baş verdiyinə şübhələnməyə bizim heç bir əsasımız yoxdur. Ser Çarlz dul idi, böyük bir sərvət sahibi olsa da, çox sadə yaşayırdı; onun Baskervil-holda olan ev qulluqçuları – ər-arvad Berrimorlar öz ifadələrində göstərirlər ki, ser Çarlzın səhhəti son vaxtlar pisləşmişdi; mərhumun yaxın dostu və ev həkimi olan doktor Ceyms Mortimer də öz ifadələrində bunu təsdiq etmişdir.

İş zahiri cəhətdən çox adi bir işdir. İyunun dördündə ser Çarlz hamıya bildirir ki, səhər Londona gedəcək və Berrimora tapşırır ki, yol hazırlığı görsün, axşam isə, adəti üzrə, xiyabana gəzməyə gedir. Berrimor gecəyarısı görür ki, evin qapısı hələ də açıqdır. Təşvişə düşür, fənəri yandırıb öz ağasını axtarmağa gedir. Xiyabanın orta tərəfində bir qapı var; buradan yol torf bataqlığına aparır. Bəzi dəlillər göstərir ki, ser Çarlz bir neçə dəqiqə bu qapının qabağında durmuş, sonra irəli getmişdir… Xiyabanın lap qurtaracağında onun cəsədi tapılmışdır.

Burada bir şey aydınlaşdırılmamış qalır. Berrimor deyir ki, ser Çarlz xiyaban qapısından uzaqlaşan kimi onun ləpiri dəyişir, görünür, o, pəncəsi üstündə getmişdir. Ser Çarlzın bədənində heç bir zorakılıq izi tapılmayıb. Doğrudur, tibbi ekspertiza mərhumun üzünün son dərəcə dəyişmiş olduğunu qeyd edir. Həkimlərin dediyinə görə, təngnəfəslikdən və ürək fəaliyyətinin azlığından ölən adamlarda tez-tez belə hallar olur. Meyit yarılanda bunun doğru olduğu təsdiq edildi. Ser Çarlzın çoxdan bəri ürək xəstəliyinə tutulduğu tamamilə aydın göründü.

Bizdə olan son məlumata görə, Baskervillərin yeganə varisi, ser Çarlzın qardaşı oğlu Henri Baskervil Amerikadadır. İndi onu tapmaq və ona böyük bir irsin çatmasını xəbər vermək üçün tədbir görülür».

Doktor Mortimer qəzeti qatlayıb cibinə qoydu.

– Mister Holms, ser Çarlzın ölümü haqqında verilən məlumat budur.

Şerlok Holms dedi:

– Siz məni, şübhəsiz ki, maraqlı bir hadisə ilə tanış etdiniz, bunun üçün sizə çox minnətdaram. İndi isə xahiş edərdim ki, mətbuata düşməyən faktlar haqqında danışasınız.

Doktor Mortimer həyəcanla dedi:

– Mən hələ heç kəslə bu barədə danışmamışam. İstintaq zamanı bir çox şeyləri söyləmədim, çünki elm ilə məşğul olan bir adam mövhumatçıların şayiələrini müdafiə edə bilməz. Lakin sizinlə açıq danışa bilərəm. Mən ser Çarlz Baskervillə bir yerdə çox vaxt keçirirdim. Mister Frenklend və təbiətşünas mister Stepltonu nəzərə almasaq, bizim yerlərdə bir neçə mil məsafədə bir nəfər oxumuş adama rast gəlməzsən. Ser Çarlz təkliyi xoşlasa da, onun xəstəliyi bizi bir-birimizə yaxınlaşdırdı. Son vaxtlar ser Çarlzın əsəbləri həddindən artıq gərilmişdi. O, indi sizə oxuduğum əfsanəyə inanırdı; öz mülkündə gəzərkən gecələr bataqlığa getməyə cürət etmirdi. Ser Çarlz əməlli-başlı inanırdı ki, onun mənsub olduğu nəsil dəhşətli bir bəlaya düçar olmuşdur, bu bataqlıqda qorxunc bir varlığın olması fikri ona dinclik vermirdi. O, tez-tez məndən soruşurdu: siz xəstələrin yanına gedəndə belə bir qəribə şey görmüsünüzmü, bataqlıqda it səsi eşitmisinizmi? Bunu soruşarkən həyəcandan səsi titrəyərdi. O öz qorxusunun səbəbini mənə izah etdi və məndən xahiş elədi ki, bu əlyazmanı götürüb saxlayım. O zaman bütün bunlar mənə əhəmiyyətsiz bir şey kimi görünürdü. Onun ürəyi xəstə idi; qorxu isə səhhətini daha da xarablaşdırırdı. Nəhayət, bu dəhşətli fəlakət üz verdi. Lakey Berrimor gecə ser Çarlzın meyitini tapdıqdan sonra dərhal mehtər Perkinsi mənim dalımca göndərmişdi. Mən meyiti diqqətlə yoxladım. Ser Çarlz qollarını açaraq üzüüstə yerə sərilib qalmışdı, barmaqları yerə sancılmışdı; ölüm onun üzünü elə dəyişmişdi ki, mən əvvəl bunun kim olduğunu tanıya bilmədim. Onun bədənində heç bir zədə yox idi. Lakin Berrimor istintaq zamanı yanlış məlumat vermişdi. Onun dediyinə görə, meyitin ətrafında heç bir iz yox imiş. Bu izləri o görməmişdi, amma mən gördüm. Ser Çarlzdan bir qədər kənarda lap təzə və aydın…

– İzlər vardı?

– Bəli.

– Bu izlər qadın izləri idi, ya kişi?

Doktor Mortimer qəribə bir nəzərlə bizə baxıb lap yavaşca dedi:

– Mister Holms, bu izlər çox yekə bir itin izləri idi.

Üçüncü fəsil

Ehtimallar

Doktorun səsi titrəyirdi, görünür, onun söylədiyi bu sözlər özünü də bərk həyəcanlandırmışdı.

– Bu izlər meyitdən otuz addım kənarda idi, görünür, heç kəs ona fikir verməmişdi. O əfsanə yadıma düşməsəydi, mən də fikir verməzdim.

Holms soruşdu:

– Bataqlıqda, yəqin, çobaniti çoxdur?

– Əlbəttə, çoxdur. Ancaq bu, çobaniti deyildi.

– Bu izlər otun üstündə idi, ya yolun üstündə?

– Otun üstündə iz, adətən, görünmür.

– Bu izlər yolun qapı olan tərəfində idimi?

– Bəli, yolun lap qırağında, qapıya yaxın yerdə idi.

– Son dərəcə maraqlı bir məsələ! Bir sual da verim: xiyabanın qapısı bağlı idimi?

– Nəinki bağlı idi, hətta qıfıl da vurulmuşdu.

– Qapının hündürlüyü nə qədər olar?

– Dörd futa qədər. Yəqin, ser Çarlz qapının qabağında beş-on dəqiqə dayanmışdır.

– Bunu nədən bilirsiniz?

– Çünki çəkdiyi siqarın külü iki dəfə yerə düşmüşdü.

– Çox gözəl! Bax belə köməkçi bizim işimizə yaraya bilər! Elə deyilmi, Uotson?

– Bundan başqa, bundan başqa…

– Siz niyə tərəddüd edirdiniz?

– Elə bir sahə var ki, orada ən dəhşətli, ən təcrübəli xəfiyyə belə acizdir. Mister Holms, ser Çarlzın ölümündən qabaq yerli əhalidən bir neçəsi bataqlıqda qəribə bir şey görmüşlər. Onların dedikləri əlyazmada təsvir edilən Baskervillər kabusunun təsviri ilə üst-üstə düşür. Onu görənlər bir ağızdan deyirlər ki, bu, işıqsaçan, çox iri, qorxunc bir məxluqdur. Mister Holms, inanın ki, bütün bizim mahal dəhşət içindədir, gecələr ən cəsarətli adamlar belə cürət edib bataqlığa gedə bilmir.

– Siz də elmli bir adam olduğunuz halda, inanırsınız ki, bu, mistik bir qüvvədir?

– Mən heç özüm də bilmirəm nəyə inanım.

Holms çiyinlərini qısaraq dedi:

– Bu vaxta qədər mənim xəfiyyəçilik fəaliyyətim bu dünyadan kənara çıxmamışdır. Mən öz gücüm və imkanlarım dairəsində şərlə mübarizə edirəm; lakin şəri yaradanın özünə qarşı çıxmaq, yəqin ki, mənim tərəfimdən həddindən artıq böyük bir cəsarət olardı. Doktor Mortimer, əgər mistikaya inanırsınızsa, onda nə üçün mən sizə lazım olmuşam? Sözlərinizdən belə çıxır ki, ser Çarlzın ölümünün səbəbini təhqiq etmək faydasız bir işdir, eyni zamanda bu işə girişməyi məndən xahiş edirsiniz.

– Mən belə bir şeyi sizdən xahiş etməmişəm. Əslində, mən sizin yanınıza məsləhətə gəlmişəm. Məsələ burasındadır ki, Baskervillərin yeganə varisi olan ser Henri Baskervil düz bir saat on beş dəqiqədən sonra Vaterloo vağzalına gələcək. Mən ona nə deməliyəm? Ser Çarlzın ölümündən sonra biz yoxlayıb bildik ki, Henri Baskervil Kanadada, öz fermasının təsərrüfatı ilə məşğuldur. Aldığımız məlumata görə, o, çox gözəl, çox ləyaqətli, cavan bir adamdır. Mən indi bir həkim kimi deyil, ser Çarlz tərəfindən vəkil edilmiş bir adam kimi danışıram.

– Varislik iddiasında olan bir başqası yoxdur ki?

– Xeyr, yoxdur. Biz bu ailə barəsində bəzi şeylər öyrənə bildik. Onlar üç qardaşmış. Ortancıl qardaş cavan yaşlarında ölmüşdür. Henri onun oğludur. Kiçik qardaş Rocer isə ailədə fərsiz övlad hesab edilirmiş. O, bir neçə il əvvəl Mərkəzi Amerikada qaraqızdırmadan ölmüşdür. Henri – Baskervil nəslinin axırıncı nümayəndəsidir. İndi, mister Holms, siz mənə məsləhət verin görüm, mən onunla nə edim?

Holms fikrə getdi. Nəhayət, o belə dedi:

– Ser, məsləhət görürəm ki, təkatlı ekipaj çağırasınız, qapının ağzında atılıb-düşən spanieli götürüb ser Henri Baskervili qarşılamaq üçün vağzala gedəsiniz.

– Sonra?

– Sonra siz mənim gələcək işlər üçün nə kimi plan tökəcəyimi gözləyəcəksiniz. Bu vaxta qədər də varisə heç bir şey söyləməyəcəksiniz. Doktor Mortimer, siz sabah səhər saat onda bura gəlsəniz, ser Henri Baskervili də özünüzlə bərabər gətirsəniz, mən sizə çox minnətdar olaram. Mən gərək onunla tanış olam.

– Yaxşı, mister Holms.

Doktor Mortimer otaqdan çıxdıqdan sonra Holms divanın küncündə oturub gülümsədi; həmişə onun qarşısına ona layiq olan bir məsələ çıxanda onun üzündə razılıq ifadə edən sakit bir təbəssüm görünərdi.

– Uotson, gedirsiniz?

– Bəli, gedirəm, onsuz da mənim sizə bir köməyim dəyməyəcək.

– Yox, dostum, işə başlayanda mən sizə kömək üçün müraciət edəcəyəm. İndi isə gedin, axşam görüşəndə bu məsələ ilə bağlı fikirlərimi sizə söyləyəcəm.

Mən bilirdim ki, belə məqamlarda Holmsu təkbaşına buraxmaq lazımdır. Buna görə də bütün günümü klubda keçirtdim, ancaq axşam saat doq-quza yaxın Beyker-stritə qayıtdım.

Qonaq otağının qapısını açanda qorxudan duruxub dayandım. «Olmaya içəridə yanğın var?» – deyə düşündüm. Otağa o qədər tüstü dolmuşdu ki, lampa işığı bu tüstünün arasından güclə görünürdü. Elə o saat çox bərk və ucuz tütünün acı tüstüsü burnuma doldu, boğazım o saat göynədi. Tüstü arasından, kresloda rahatca oturan Holmsu güclə gördüm. O, xalat geymişdi, qara, saxsı çubuğu ağzında tutmuşdu. Holms məni görüb dilləndi:

– Uotson, bu, çox qəribə əhvalatdır. Xüsusilə onun bəzi xırda cəhətləri; məsələn, ayaq izlərinin dəyişməsi! Mortimer deyirdi ki, ser Çarlz xiyabanın bu hissəsini pəncəsi üstə getmişdir. Siz bunu necə izah edirsiniz?