Артур Конан Дойл – Baskervillərin iti (страница 1)
Artur Konan Doyl
Baskervillərin iti
Yaddan çıxmış əlağacı
Mister Şerlok Holms, adəti üzrə, yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini yeyirdi. Mən buxarının qabağında dayanıb dünən bizə gələn adamın yadından çıxardığı əlağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu:
Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əlağacı haqqında nə fikirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əlağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.
Holms dedi:
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!
Bunu deyən Holms əlağacını məndən alıb pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.
– Uotson, sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-kross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa, deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.
Şerlok Holms özündənrazı halda divana söykəndi, qəlyandan bir-iki qullab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.
– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.
– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra vizit vərəqi əvəzinə əlağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.
– Bəs it?
– Əlağacının bəzi yerləri gəmirilib. İt dişlərinin yeri lap aydın görünür. O itə öz sahibinin ardınca şey gətirməyi öyrədiblərmiş. Mən hətta deyə bilərəm ki, bu it qıvrım tüklü spanieldir.
Onun son sözlərində elə bir inam ifadə olunurdu ki, mən təəccübdən donub-qaldım:
– Bu lap ağ oldu, dostum, axı nə üçün siz buna belə əminsiniz?
– Ona görə əminəm ki, mən o iti qapımızın qabağında görürəm; budur, bu da onun sahibinin zəngi. – Holms bic-bic gülümsədi. – Uotson, xahiş edirəm otaqda qalın! Siz axı onunla peşə yoldaşısınız. Sizin burada olmağınız mənə kömək edər. Maraqlıdır, Ceyms Mortimerin polis xəfiyyəsi Şerlok Holmsa nə işi düşə bilər?.. Buyurun!
Həkim Mortimer hündürboy, arıq, uzunburunlu bir adamdı; bir-birinə yaxın olan boz gözləri qızıl sağanaqlı gözlüyü arxasından par-par parıldayırdı. Yaşı az olsa da, kürəyi indidən donqarlaşmışdı. Bizim qonaq otağa girən kimi Holmsun əlindəki ağaca baxıb ona sarı gedərək sevinclə dedi:
– Ha fikirləşirdim, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam!.. Əgər səhv etmirəmsə, mən, deyəsən, mister Şerlok Holmsla söhbət etmək şərəfinə nail olmuşam. Bəs onda… – Mortimer mənə işarə etdi.
– Sizin qarşınızdakı doktor Uotsondur.
– Ser, sizinlə tanış olmağıma çox şadam. Sizin adınız çox tez-tez dostunuzun adı ilə bərabər çəkilir.
Şerlok Holms divanda yerini rahatlayıb dilləndi:
– Mister Mortimer, mən elə zənn edirəm ki, gəlişinizin məqsədini söyləməyin vaxtı çatıb.
Baskervillər nəslinin bəlası
Doktor Ceyms Mortimer dedi:
– Mənim cibimdə qədim bir əlyazma var. Bu, çox qədim əlyazmadır, min yeddi yüz qırx ikinci ilə aiddir.
Doktor Mortimer pencəyinin yan cibindən əlyazmanı çıxartdı.
– Bu qiymətli ailə sənədini mənə saxlamaq üçün ser Çarlz Baskervil vermişdir. Onun üç ay bundan əvvəl qəfil, həm də faciəli surətdə ölümü bütün Devonşir vilayətini son dərəcə həyəcana gətirmişdi. Mən özümü ser Çarlzın sadəcə həkimi deyil, həm də şəxsi dostu hesab edirdim. O, zabitəli, ağıllı, çox işgüzar adamdı. Bu sənədə çox əhəmiyyət verirdi və taleyin onun üçün faciəli bir ölüm hazırladığına inanırdı.
Holms əlini uzadıb doktor Mortimerdən əlyazmanı aldı və dizləri üstünə qoyub açdı.
– Burda, yəqin ki, bir hadisə qələmə alınmışdır?
– Bəli, bu qısa əlyazma deyəcəyim məsələ ilə bilavasitə əlaqədardır. İcazənizlə mən bunu sizə oxuyum.
Holms kresloda yerini rahatlayıb gözlərini yumdu. Doktor Mortimer işığa sarı çevrildi, nazik, cırıltılı səslə qədim zamanlara aid olan maraqlı bir əhvalatı oxumağa başladı:
Doktor Mortimer bu qəribə əhvalatı oxuduqdan sonra gözlüyünü alnına qaldırıb gözlərini mister Şerlok Holmsa dikdi. Şerlok Holms isə əsnəyərək çəkdiyi papirosun kötüyünü buxarıya atdı. Qonaq dilləndi:
– Sizcə, bu, maraqlı deyilmi?
– Nağıl xoşlayanlar üçün maraqlıdır.
Doktor Mortimer cibindən dördqat bükülmüş bir qəzet çıxartdı.
– Yaxşı, mister Holms, indi mən sizi daha bir materialla tanış edim. Bu, «Devonşir xəbərləri» qəzetinin builki on dörd iyun tarixli nömrəsidir. Burada ser Çarlz Baskervilin ölümü ilə əlaqədar olaraq qısaca məlumat dərc edilmişdir.
Holms özünü bir az qabağa verdi və onun baxışları dərhal diqqətli oldu. Doktor Mortimer gözlüyünü düzəldərək qəzeti oxumağa başladı:
– «Qarşıdakı seçkilərdə liberal partiyası tərəfindən namizəd göstərilməsi nəzərdə tutulan ser Çarlz Baskervilin qəfil ölümü bütün Devonşirə çox ağır təsir bağışladı. Ser Çarlz nisbətən yaxın vaxtlarda gəlib Baskervil-holda yaşasa da, bu az vaxtda öz mehribanlığı və səxavəti ilə adamların məhəbbət və hörmətini qazanmışdı. Məlum olduğu kimi, ser Çarlz Cənubi Afrikada böyük qazanc əldə etdikdən sonra İngiltərəyə qayıtmış, şəxsi malikanəsi Baskervil-holda məskən salmışdı. Onun öz malikanəsini yenidən qurmaq və inkişaf etdirmək planına ancaq ölüm mane oldu. Ser Çarlzın övladı yox idi. Hələ sağlığında o öz yerlilərinə xeyirxahlıq edirdi, buna görə də buradakı əhalinin onun vaxtsız ölümünə təəssüflənməsi səbəbsiz deyil.