Антон Чехов – Hekayələr (страница 5)
İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:
– Bəli. Düşüncəli, təfəkkürlü adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini5 və sairəni oxuyurlar, ancaq belə şeylərə tabe olurlar, dözürlər… Hə, məsələ məhz bundan ibarətdir.
Burkin sözünə davam etdi:
– Belikov mənimlə bir binada, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal: xalat, təsək6, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər… “Aman Allah, birdən işin içindən bir əngəl çıxar ha!” Ona pəhriz saxlamaq olmazdı, amma yağlı da yemirdi, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə sufbalığını kərə yağında qızardıb yeyərdi. Bu, pəhriz yeməyi deyildi, lakin buna pəhrizi pozmaq da demək olmazdı. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı. Xidmətçi əvəzinə, 60 yaşlı Afanasi adlı bir aşpazı vardı. Bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:
– Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.
Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkülü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Təbiətcə yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.
O öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:
– Siniflərdə çox səs-küy salırlar, belə iş olar?
Bax həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.
İvan İvanıç birdən mərəyə baxıb dedi:
– Zarafat eləyirsiniz!
– Bəli, qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmişdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı. Üzündən səsinin yoğunluğu bəlli idi, doğrudan da, səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu… Bacısı isə artıq gənc deyildi, otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızıyanaq – bir sözlə, qız deyil, marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross7 romansları oxuyur və qəhqəhə ilə gülürdü. Bir şey olan kimi qəhqəhəsi aləmi tuturdu: ha-ha-ha! Yadımdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə – ad günündə oldu. Bir də gördük ki, ad gününə vəzifə borcu kimi gələn acıqlı, olduqca darıxdırıcı pedaqoqlar arasında yeni bir Afrodita peyda oldu; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayırdı. Böyük həssaslıqla “Viyut vitri”8 romansını oxudu, sonra başqa romanslar da oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub şirin bir təbəssümlə dedi:
– Maloross dili öz zərifliyi və ahəngdarlığı ilə qədim yunan dilini xatırladır.
Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anasının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danışmağa başladı. O deyirdi ki, “Ukraynada balqabaq və kududan elə ləzzətli borş bişirirlər ki, dadı adamın damağından getmir!”
Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi. Bu fikri direktorun arvadı səsləndirdi, o, yavaşcadan mənə dedi:
– Onları evləndirsək, yaxşı olar.
Hamımız, nədənsə, Belikovun evli olmadığını xatırladıq, bu, indi bizim hamımıza qəribə gəlirdi; necə olmuşdu ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Görəsən, qadınlara qarşı onun münasibəti nə cürdür, o bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllər də bu məsələ bizi əsla maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.
– Onun yaşı qırxı çoxdan ötüb, qız isə otuz yaşındadır, – deyə direktorun arvadı öz sözünü izah etdi. – Mənə elə gəlir ki, qız ona ərə gedər.
Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər; bunların hamısı əsl lazım olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun, inspektorun arvadları və bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, bir də görürdük ki, əlində yekə bir yelpik tutmuş gülərüz, xoşbəxt Varenka lojada əyləşmişdir. Onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırdıq. Məlum oldu ki, Varenkanın da ərə getməyə könlü varmış. Onun həyatı qardaşının evində çox da şən keçmirdi. Həmişə söyüşüb-dalaşırdılar. Bunların həyatından bir səhnə: ucaboy, sağlam vücudlu Kovalenko naxışlı köynəkdə küçə ilə gedir, şapkasının altından kəkili çıxıb alnına tökülmüşdür. Bir əlində bir yığın kitab, o biri əlində isə yoğun bir əlağacı tutmuşdur. Bacısı da onun dalınca gedir, onun da əlində bir yığın kitab var.
Varenka uca səslə danışaraq qardaşıyla höcətləşir:
– Sən ki bunu oxumamısan, Mixaylik! Mən sənə deyirəm ki, vallah, bu kitabı oxumamısan!
Kovalenko əl ağacını səkiyə çırpa-çırpa onun üstünə qışqırır:
– Amma mən sənə deyirəm ki, oxumuşam!
– Ah, aman Allah, mənim Minçikim, nə üçün acıqlanırsan, axı bizim söhbətimiz prinsipialdır.
Kovalenko:
– Mən sənə deyirəm ki, oxumuşam! – deyə daha ucadan bağırır.
Evdə, kənar bir adam olanda vur-çatlasın başlardı. Bu cür həyat, yəqin ki, onu bezikdirmişdi, özünəməxsus bir bucaq axtarırdı. Bir də, yaşı nəzərə almaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə ərə gedər. Bir də, bizim qızlarımızın çoxu istəyirlər ki, kimə olursa olsun, təki ərə getsinlər. Hər halda, nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyil göstərməyə başladı.
Bəs Belikov? O, bizə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara da gedər oturar və danışmazdı. O, sükut içində oturur, Varenka isə “Viyut vitri” romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki birdən qəhqəhə çəkib gülürdü.
Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da Belikovu inandırmağa başladılar ki, o mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır. Biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyyat söyləyirdik, guya, evlənmə həyatda ən ciddi addımdır; bundan başqa, Varenka da pis qız deyildi, yaraşıqlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardı, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi münasibət bəsləyən birinci qadındı. Odur ki Belikovun ağlı başından çıxdı və doğrudan da, evlənmək fikrinə düşdü.
İvan İvanıç dedi:
– Bax belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.
– Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stolun üstünə qoymuşdu və hey mənim yanıma gəlib, Varenkadan, ailə həyatından və evlənməyin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini heç dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ilə onda xəstəlik əlamətləri baş qaldırdı: arıqladı, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.
O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:
– Varvara Savviçna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq… Bilirsiniz, bu vəziyyət birdən-birə baş verdi… Bir az düşünmək lazımdır.
Mən ona:
– Düşünmək nə üçün? – deyirdim. – Evlənin, qurtarsın getsin.
– Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır… yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü, bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahı bir xata çıxar.
Odur ki evlənmək üçün qıza təklif etmir və məsələni hey təxirə salırdı. Bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfünə səbəb olurdu. Belikov qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq, hər gün Varenka ilə gəzirdi. Sonra o, yenə ailə həyatından söhbət etmək üçün mənim yanıma gəlirdi. Çox ehtimal ki, axırda evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bekarçılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də baş verəcəkdi. Ancaq birdən-birə kolossalische scandal9 baş verdi. Burasını da qeyd etməliyəm ki, Varenkanın qardaşı Kovalenkonun tanışlığının ilk günündən Belikovdan zəhləsi gedirdi və onu görən gözü yox idi.