Антон Чехов – Hekayələr (страница 4)
Çağa, söyüd ağacı, balıq, kəsilmiş qazlar, yan tərəfdən su içmək istəyən quşa oxşayan Marfa, Rotşildin solğun, zavallı sifəti axşam da, gecə də onun gözləri önündən çəkilmədi. Heyvan sifətinə bənzəyən başqa sifətlər də hər tərəfdən onun üzərinə hücum edir, mızıldaya-mızıldaya onun zərərlərindən danışırdılar. O, yerində qurdalanırdı, o yan-bu yana çevrilirdi, skripka çalmaq üçün beş dəfə yatağından qalxmışdı.
Səhər güclə yerindən qalxdı. Xəstəxanaya getdi. Həmin Maksim Nikolaiç ona dedi ki, başına soyuq kompres qoysun, dərman tozu da verdi. Yakov feldşerin üzündəki ifadədən və danışığından başa düşdü ki, iş xarabdır və daha heç bir dərman tozu ona kömək edə bilməz. Sonra evə gedərkən düşündü ki, ölümdən ancaq bir xeyir olacaqdır: bu da ondan ibarətdir ki, daha yemək, içmək, vergi vermək, insanları təhqir etmək lazım gəlməyəcəkdi. Belə ki, insan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablasan böyük bir məbləğ olar. Yaşamaqdan insana zərər, ölməkdənsə mənfəət gəlir. Belə bir fikir əlbəttə, doğrudur, lakin hər halda, acı və ağırdır. Nə üçün dünyada elə bir qayda var ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir?
Ölməyinə heyfislənmirdi, lakin evdə skripkasını görən kimi ürəyi sıxıldı və öləcəyinə təəssüfləndi. Skripkanı özü ilə qəbrə apara bilməyəcəkdi: o, yetim qalacaqdı, çayın və şam ağacı meşələrinin başına gələnlər onun da başına gələcəkdi. Bu dünyada olan hər şey məhv olurmuş və məhv olacaqdır. Yakov daxmadan çıxıb astanada oturdu, skripkanı sinəsinə basdı. Əldən getmiş, zərərlə dolu həyatını düşünərək, heç özü də bilmədən bir hava çaldı. Lakin bu hava çox təsirli və yanıqlı çıxdı. Yakovun yanaqlarından yaş axırdı. Düşündükcə skripkası daha kədərlə inildəyirdi.
Həyət qapısının cəftəsi bir-iki dəfə səsləndi. Rotşild qapıda göründü. Həyətin yarısına kimi cəsarətlə gəldi. Lakin Yakovu görən kimi dayandı, büzüşdü və yəqin, qorxudan əlləri ilə elə işarələr etdi ki, sanki, barmaqları ilə saatın neçə olduğunu göstərmək istəyirdi.
Yakov mehribancasına:
– Gəl, eybi yoxdur, gəl – dedi və onu yanına çağırdı.
Rotşild şübhə ilə və qorxa-qorxa yaxınlaşdı, qocadan bir sajen aralı durdu. Sonra çömələrək dedi:
– Mənə rəhm eləyin, məni döyməyin! Məni yenə də Moisey İliç göndərdi. “Qorxma, – dedi, – get Yakova de ki, onsuz iş keçmir”. Çərşənbə günü toydur… Bəli! Cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir… Toy çox yaxşı olacaqdır! Çox! – deyə əlavə etdi və bir gözünü qıydı.
Yakov ağır-ağır nəfəs alaraq dedi:
– Gedə bilməyəcəyəm… Xəstələnmişəm, qardaş.
Yenə də skripkanı çalmağa başladı, gözlərindən süzülən yaş damlaları skripkanın üstünə tökülürdü. Rotşild qollarını sinəsində çarpazlayaraq, yanakı oturub diqqətlə qulaq asırdı. Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli və iztirablı bir ifadə ilə əvəz olunurdu, əzabverici bir zövq duyurmuş kimi gözləri axdı və dərindən ah çəkdi. Göz yaşları yavaş-yavaş onun da yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılayırdı.
Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı. Axşam keşiş onun yanına gələndə soruşdu: “Böyük bir günah elədiyin yadına gəlirmi?” Yakov zəifləyən yaddaşını toplayaraq, yenə də Marfanın kədərli üzünü, it tutarkən yəhudinin çığırdığını xatırladı və güclə eşidilən bir səslə dedi:
– Skripkanı Rotşildə verin.
Keşiş də:
– Yaxşı, – dedi.
İndi şəhərdə hamı soruşur ki, bu yaxşı skripka Rotşildin əlinə haradan düşüb? Onu satın alıbmı, oğurlayıbmı, ya, bəlkə də, girov saxlayıb?! Rotşild, çoxdandır, fleytanı buraxıb, ancaq skripka çalırdı. Qabaqlar fleytanı çox yanıqlı çalardı, indi də skripkadan elə yanıqlı səslər çıxırdı. Lakin o, Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışdıqda elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı, özünün isə axırda gözləri axır və ah çəkirdi. Bu təzə hava şəhərdə hamının çox xoşuna gəlirdi, belə ki, tacirlər və məmurlar tez-tez Rotşildi öz yanına çağırır, bu havanı dəfələrlə ona çaldırırdılar.
QILAFLI ADAM
Mironositski kəndinin lap kənarında, yüzbaşı Prokofinin mərəyində iki gecikmiş ovçu gecələmək üçün qaldı. Bunların biri baytar İvan İvanıç idi, o biri isə gimnaziya müəllimi Burkin. İvan İvanıçın qəribə, ikimərtəbəli familiyası vardı – Çimşa-Himalayski, bu familiya ona qətiyyən, yaraşmırdı, ona görə də bütün quberniyada onu, sadəcə, adı və atasının adı ilə çağırırdılar. O, şəhərin yaxınlığında yerləşən at zavodunda yaşayırdı, indi təmiz hava udmaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P. -gilə qonaq gələrdi, ona görə də bu yerlərdə çoxdan bəri tanınmışdı.
Yatmamışdılar. Ucaboylu, arıq, uzunbığlı bir qoca olan İvan İvanıç mərəyin qapısı ağzında oturub çubuq çəkirdi, onun üstünə ay işığı düşmüşdü. Burkin isə içəridə ot üzərində uzanmışdı, qaranlıqda görünmürdü. Cürbəcür əhvalatlar danışırdılar. Söhbət əsnasında yüzbaşının arvadı Mavra haqqında da danışdılar: bu, sağlam və ağıllı-kamallı bir qadın olduğu halda ömrü boyu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmiryolu görmüşdü, son on il ərzində isə o, gününü sobanın yanında keçirir, yalnız gecələr küçəyə çıxırdı.
Burkin:
– Burada təəccüb ediləcək nə var? – dedi. – Öz təbiətinə görə tənhalığa meyil göstərən, xərçəng və ya ilbiz kimi çəkilib öz qınına girməyə çalışan adamlar bu dünyada az deyil. Bəlkə, burada atavizm hadisəsi baş verir, əcdadlarımız kimi, hələ ictimai varlıq olmayıb təkbaşına mağarada yaşadığı dövrə qayıtma meyilləri vardır. Bəlkə də, bu, sadəcə, insan xarakterinin müxtəlif növlərindən biridir, kim bilir? Mən psixoloq deyiləm, ona görə bu cür məsələlərə toxunmaq mənim işim deyil, mən ancaq onu demək istəyirəm ki, Mavra kimi adamlar heç də az deyil. Uzağa getmək nəyə lazım, bir-iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir iş yoldaşım vəfat etmişdi. Bu adam haqqında, əlbəttə, eşitmiş olarsınız. Onun ən qəribə cəhətlərindən biri bu idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı, özü də əyninə, hökmən, pambıq astarlı palto geyinərdi. Çətirinin də, saatının da qabı vardı, saatınınkı boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şüşəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabıqla, necə deyərlər, onu istənilən kənar təsirdən qoruyan və ayıran bir qılafla örtmək təşəbbüsü vardı. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi narahatlıq içərisində saxlayırdı və bəlkə, o, qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmişi və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:
– Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O, sanki, öz sözlərini sübut etmək üçün gözlərini qıyaraq və barmağını qaldıraraq:
– Antropos4! – sözünü tələffüz edərdi.
Belikov, hətta öz fikrini də qılaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərəncamlar və qəzet məqalələri aydındı. Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxmaq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbətə qadağa qoyulduqda bu ondan ötrü tamamilə aydın bir şeydi: qadağan edilmişdir – vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə başını yırğalayıb yavaşca deyərdi:
– Əlbəttə, bunlar gözəl işdir, ancaq içindən əngəl çıxmaya!
Qanun-qaydanı, hər hansı şəkildə olursa olsun, pozmaq, ona əməl etməmək, qanundan geri çəkilmək Belikovu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəlliyi barədə xəbər yayıldıqda və ya müəllimələrdən birinin gecə bivaxt bir zabitlə gəzdiyini görən olanda o özündən çıxır və: “İşin içindən bir əngəl çıxmaya”, – deyərdi. Pedaqoji şuralarda isə o öz vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara gətirərdi; məsələn, “Oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, siniflərdə səs-küy salırlar, müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngəl çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa nə yaxşı olardı!” Xülasə, o öz ah-vayı ilə, sızıldaması ilə xırdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq üzrə qiymətini kəsirdik, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna “yoldaşlarla yaxşı əlaqə saxlamaq” deyirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.