реклама
Бургер менюБургер меню

Антон Чехов – Hekayələr (страница 2)

18

Sirr yenə sirliyində qalır, Nadenka susur, nə haqdasa fikirləşir. Mən onu evə ötürürəm, o, asta-asta getməyə çalışır, addımlarını yavaşıdır, gözləyir, gözləyir ki, mən o dörd sözü deyəcəyəm, ya yox. Mən onun qəlbən iztirab çəkdiyini, “O sözləri külək deyə bilməzdi. Heç istəmirəm də ki, onları külək demiş olsun”, – deməkdən özünü zorla saxladığını görürəm.

Ertəsi gün Nadyadan məktub alıram: “Bu gün xizəklə sürüşməyə getsəniz, məni də aparın. N.” Həmin gündən başlayaraq mən hər gün Nadenka ilə sürüşməyə gedirəm və hər dəfə pıçıltı ilə o dörd sözü təkrar edirəm: “Mən sizi sevirəm, Nadya!”

Tezliklə Nadenka bu cümləyə şəraba, tiryəkə öyrəşən kimi adət edir. Bunsuz yaşaya bilmir. Dağda sürüşmək yenə ona dəhşətli görünür. Lakin indi qorxu və təhlükə hissi sevgi haqqındakı sözlərə, hələ də sirli qalan və qızın ürəyini üzən o dörd sözə xüsusi məlahət verir. Nadenka yenə də ikimizdən – məndən və küləkdən şübhələnir… Ona eşq elan edənin kim olduğunu Nadenka hələ də bilmir, deyəsən, heç bunun fərqinə varmaq da istəmir; hansı qabdan içirsən iç, təki sərxoş olasan.

Bir dəfə sürüşməyə tək getdim. Nadya da burada idi. Gözləri ilə məni arayırdı. Sonra o, ürkək addımlarla yuxarı qalxmağa başladı. Tək-tənha sürüşmək dəhşətlidir, lap dəhşətli. Nadya ağappaq ağarmışdı, tir-tir titrəyirdi, elə gedirdi ki, sanki, bu yol onu edama aparırdı, amma bununla belə o, arxaya baxmadan qətiyyətlə irəliləyirdi. Görünür, qət edibmiş ki, bir də sınaqdan keçirsin. Nağıl kimi şipşirin sözlər mən olmayanda da eşidiləcəkmi? Mən qorxudan rəngi qaçmış qızın xizəyə oturduğunu, gözlərini yumub, həyatla həmişəlik vidalaşıb, yerindən tərpəndiyini görürdüm… “J-j-jj” … xizəyin xışıltısı eşidilir. Nadenka o dörd sözü eşidirdimi, bilmirəm. Yalnız onu görürdüm ki, qız xizəkdən taqətsiz, heysiz halda qalxdı. Amma sifətindən aydın görünürdü ki, Nadenkanın özü də bir şey eşidib-eşitmədiyini bilmirdi. Sürüşən vaxt varlığını bürümüş qorxu onun eşitmək, səsləri seçmək, dərk etmək qabiliyyətini əlindən almışdı.

Budur, baharın ilk ayı – mart gəlir. Günəş daha da ilıqlaşır. Dağın buzu yavaş-yavaş qaralır, öz parlaqlığını itirir və nəhayət, əriyir. Biz daha sürüşməyə getmirik. Yazıq Nadenka daha o sözləri eşitmir, bir də axı kim deyəcəkdi o dörd sözü, artıq külək əsmir, mənsə Peterburqa getməyə hazırlaşıram – uzun müddətə, bəlkə də, həmişəlik.

Bir dəfə, yola düşməyimə iki gün qalmış, axşamüstü bağçada oturmuşdum. Nadenkanın yaşadığı qonşu həyətlə bu bağça arasında hündür hasar vardı… Hava hələ soyuq idi, qar da ki əriməmişdi, ağaclar qış yuxusunda idi, amma baharın ətri aydın duyulurdu, zağcalar da axşamüstü səs-səsə vermişdilər. Mən hasara yaxınlaşıb yarıqdan baxdım. Gördüm ki, Nadenka eyvanda kədərli, intizarlı baxışlarını göyə dikmiş halda dayanıb. Bahar küləyi onun solğun, qəmli çöhrəsini oxşayırdı. Bu külək, bəlkə də, ona buz dağındakı güclü küləyi, o dörd sözü xatırladırdı və onun sifətini sonsuz kədər bürümüşdü, yanağından yaş axırdı. Yazıq qızcığaz əllərini irəli uzatmışdı, sanki küləkdən o sözləri bir dəfə də deməyi xahiş edirdi. Mən küləyin bir azca bərkiməsini gözləyib pıçıltı ilə dedim:

– Mən sizi sevirəm, Nadya!

İlahi, Nadenka necə də dəyişdi! O qışqırdı, güldü, əllərini küləyə sarı uzatdı, o an elə şən, xoşbəxt, elə gözəl göründü ki…

Mən isə yola hazırlaşmaq üçün evə yollandım.

Bu hadisə lap çoxdan olub. İndi Nadenka ərdədir; özümü gedib, yoxsa veriblərmi – bunun əhəmiyyəti yoxdur – artıq onun üç uşağı var. Lakin bizim nə vaxtsa birlikdə sürüşməyə getməyimiz, küləyin ona: “Mən sizi sevirəm, Nadenka!” – kəlmələrini pıçıldaması yəqin ki, unudulmayıb. Bəlkə də, bu onun üçün həyatının ən xoşbəxt, ən zərif, ən gözəl xatirəsidir.

Mən isə artıq yaşa dolmuşam, amma indinin özündə də heç cür başa düşə bilmirəm ki, o sözləri nə üçün deyirdim, niyə belə zarafat edirdim?!

ROTŞİLDİN SKRİPKASI

Qəsəbə balaca, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırdılar. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada tabut çox az tələb olunurdu. Xülasə, işlər xarab idi. Əgər Yakov İvanov quberniya şəhərində tabutqayıran olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də, nədənsə, Bronza idi. O, kiçik, köhnə bir daxmada, adi kəndli kimi, yoxsul bir həyat yaşayırdı. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, arvadı Marfa, soba, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi.

Yakov yaxşı və möhkəm tabut düzəldirdi. O, kəndlilər və meşşanlar üçün tabutları öz boyuna görə hazırlayırdı və heç də yanılmırdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür və cüssəli adam yox idi. Kübarlara və qadınlara tabutu ölçüb düzəldərdi, ölçüsü də dəmir arşın idi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edər, onları ölçüsüz və nifrətlə düzəldərdi, hər dəfə də bunun üçün pul aldıqda deyirdi:

– Açıq deyirəm, boş şeylərlə məşğul olmağı xoşlamıram.

Sənətindən başqa, skripka çalmaqdan da az-maz qazancı olurdu. Qəsəbənin toylarında, adətən, yəhudi orkestri çalırdı. Orkestri gəlirin yarıdan çoxunu özünə götürən qalayçı Moisey İliç Şaxkes idarə edirdi. Yakov skripkada xüsusilə rus mahnılarını çox yaxşı çaldığı üçün Şaxkes onu hərdənbir, qonaqların bəxşişini hesaba almadan, günü əlli qəpiyə orkestrdə çalmağa dəvət edirdi. Bronza orkestrdə oturub çaldıqda hər şeydən əvvəl sifəti tərləyir və pörtürdü. İsti idi, sarımsaq iyindən nəfəs tutulurdu, skripka vızıldayır, sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağında isə fleyta inildəyirdi. Fleytanı məşhur milyonçu Rotşildin familiyasını daşıyan, sifətinin qırmızı və göy damarları çıxmış, arıq, kürən bir yəhudi çalırdı. Bu məlun yəhudi hətta ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş yəhudilərə, xüsusilə Rotşildə nifrət və kin bəsləməyə başladı. Hər şeyi söz eləyir, Rotşildi pis-pis söyürdü. Hətta bir dəfə onu döymək də istəmişdi… Rotşild də incimiş, qəzəblə ona baxaraq demişdi:

– Əgər istedadınıza hörmət etməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım.

Sonra da ağlamışdı. Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, yəhudilərdən biri çatmayanda çağırırdılar.

Yakovun ovqatı həmişə təlx idi, çünki həmişə zərərləri haqqında düşünürdü. Məsələn, bazar və bayram günlərində işləmək günahdır, bazar ertəsi – ağır gündür; beləliklə, o, istər-istəməz ildə üst-üstə iki yüz gün heç bir iş görmürdü. Gör bu nə boyda zərərdir! Əgər şəhərdə biri musiqisiz toy edərdisə, ya da Şaxkes Yakovu çağırmazdısa, bu da bir zərər! Polis nəzarətçisi iki il idi ki, xəstə idi və getdikcə zəifləyirdi. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Lakin nəzarətçi müalicə üçün quberniya şəhərinə getdi, işə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından on manat! Çünki onun tabutunu bahalı ipək parçaya tutmaq lazım idi. Bu zərərlərin fikri xüsusilə, gecələr Yakovu çox narahat edirdi; skripkanı yatağa, öz yanına qoyur, xəyalat onu basanda simini dartır, skripka qaranlıqda səslənirdi. Bundan da o, bir yüngüllük hiss edirdi.

Keçən il mayın altısında Marfa birdən-birə xəstələndi. Qarı ağır nəfəs alır, çoxlu su içir və səndələyirdi. Buna baxmayaraq, səhər yenə sobanı özü yandırdı, hətta suya da getdi. Axşamüstü yenə yatağa düşdü. Yakov bütün günü skripka çaldı. Hava qaraldıqda hər gün zərərlərini qeyd etdiyi dəftərini götürdü, darıxdığından illik zərərə yekun vurmağa başladı. Min manatdan çox çıxdı. Bu, onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırdı, onu xeyli şaqqıldatdı və dərindən ah çəkdi. Sifəti qızarmış və tərdən islanmışdı. O fikirləşirdi ki, əlindən çıxmış bu pulu banka qoysaydı, ildə üstünə azı qırx manat faiz gələrdi. Demək, buradan da ona qırx manat zərər dəyirdi. Bir sözlə, hara baxsa, zərərdən başqa bir şey görmürdü.

Birdən Marfa onu çağırdı:

– Yakov! Mən ölürəm!

O, arvadına baxdı. Marfanın üzü hərarətdən çəhrayı rəng almışdı. Eyni zamanda çox aydın və fərəhli idi. Arvadının üzünü həmişə solğun və qəmli görməyə alışmış Bronza özünü itirdi. Elə bil, arvad, doğrudan da, ölürdü və sevinirdi ki, nəhayət, həmişəlik olaraq bu daxmanın, tabutların və Yakovun əlindən canını qurtarır… Gözlərini tavana zilləmişdi, dodaqları tərpənirdi, sifətində xoşbəxtlik ifadəsi vardı, elə bil ki, xilaskarı olan ölümü görür və onunla pıçıldaşırdı.

Səhər açılır, pəncərədən dan yerinin söküldüyü görünürdü. Yakov qarıya baxarkən yadına, nədənsə, bəzi şeylər düşdü: bütün ömrü boyu bir dəfə də olsun, ona mehribanlıq eləməmişdi, ona acımamışdı, bir dəfə də olsun, ona yaylıq almaq, yaxud toydan ona şirin bir şey gətirmək ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərərlərinə görə onu söymüş, yumruqla üstünə cummuşdu. Doğrudur, onu heç vaxt döyməmişdi, lakin qorxutmuşdu, o da hər dəfə qorxudan yerində quruyub qalmışdı. Bəli, ona tapşırmışdı ki, çay içməsin, çünki onsuz da xərc çox idi. O da ancaq isti su içirdi. Bronza başa düşürdü ki, nə üçün indi arvadının üzü belə qəribə və fərəhlidir. Onu qorxu bürüdü.

Səhər açılandan sonra qonşusundan at arabası alıb Marfanı xəstəxanaya apardı. Orada xəstə az idi. Ona görə də çox yox, ancaq üçcə saat gözləməli oldu. Bu dəfə xəstələri həkim özü deyil, feldşer Maksim Nikolaiç qəbul edirdi. Yakov buna çox sevindi. Həkim xəstə idi. Şəhərdə hamı qoca Maksim Nikolaiç haqqında deyirdi ki, doğrudur, o içəndir, dalaşqandır, ancaq həkimdən çox bilir.