Алибала Гаджизаде – Povestlər (страница 2)
Bəli, Aydının həyatı maraqlı bir hekayətdir! Mən bu barədə xeyli vaxtdır düşünürəm… Yazacağam… Oğlum haqqında hekayəni qurtaran kimi yazacağam!!!
Lakin, görünür, Aydının hekayəsini yazmaq mənə nəsib deyilmiş!!!
Aydın gəldi, görüşdük… Söhbət əsnasında… bəli, söhbət əsnasında məlum oldu ki, o hekayət artıq yazılıb, onu yazıçı yox, Aydın özü yazıb!..
– Həqiqətdi, müəllim, öz başımıza gələnlərdi, – deyib qalın dəftəri stolun üstünə qoydu. – Heç bir şey artırıb əskiltməmişəm… Necə var, eləcə də qələmə almışam… Xahiş eləyirəm, oxuyun, görün…
Mən bir təəssüf hissi ilə: «Yazıçılar gecikəndə qəhrəmanlar öz romanlarını özləri yazırlar!» – deyə ürəyimdən keçirdim və günəşdən sifəti mis rənginə çalan ciddi görkəmli, qaragözlü, çatmaqaşlı, enlikürəkli bu cavana baxıb gülümsədim…
– Oxuyaram, Aydın, – dedim, – oxuyaram…
O, razılıqla başını tərpətdi, tələsdiyini söyləyib çıxdı. Bir az sonra, bəzəkli gəlin otağına bənzəyən təzə «Volqa» kiminsə rahatlığını pozacağından qorxurmuş kimi kəndin çinarlı küçəsi ilə sakitcə süzüb getdi…
Maraq məni rahat buraxmadı. Aydının gətirdiyi dəftəri götürüb açdım. O, iri, səliqəli xətlə yazdığı hekayətin adını «Unutmaq olmur…» qoymuşdu. Aydının hekayətini oxumağa başladım…
Öz həyatını yazmışdı.
Əhvalat bütün təfərrüatına qədər mənə tanış olduğu üçün, onun yaddan çıxartdığı, yazmadığı bəzi mətləbləri, hekayət tam olsun deyə, mən, elə oradaca Aydının sözünü kəsib qara karandaşla səhifələrin qırağına, arxasına qeyd elədim. Beləliklə, bu hekayət Aydınla mənim söhbətim kimi meydana çıxdı…
Həmin hekayət budur…
A Y D I N – Dava qurtardı!!!
Əsgərlikdən qayıdandan sonra həmişə qaşqabaqlı olan, dodaqları nadir hallarda gülüş görən zəhmli-zabitəli Əli müəllim bir ilıq yaz günü, ucuna sarı patron gilizi taxılmış gödək çəliyini döşəməyə vura-vura, taxta ayağını çıqqıldada-çıqqıldada içəri girib yerə-göyə sığışmayan şadlıqla bu xəbəri sinifdə bildirdikdə, sanki arı yuvasına çöp uzatdın, uşaqlar ayağa durdu, qışqırıq, hıçqırıq, gülüş səsləri bir-birinə qarışdı. Elə bil o anda dünyanın bütün sevincini, gülüşünü, həyəcanını yığıb buraya, pəncərələri gündoğana baxan bu otağa tökdün…
Solğun, kədərli sifətlərimiz güldü, məhzun baxışlarımız sevinclə parladı, uzaqlarda, ancaq xəritədə gördüyümüz, adını eşitdiyimiz yerlərdə atamızın, qardaşımızın sorağında dolaşan pərişan xəyallarımız qayıdıb gəldi.
Yanımda oturan, saya çitdən tuman geyib başına süzük-süzük cuna örtən Nərgizin ayağa qalxıb mənə yol verməyini gözləməyərək partanın üstündən atıldım, qapıya elə bir çiyin vurdum ki, zərbindən divarın suvağı qopub döşəməyə töküldü. Buna fikir vermədən güllə kimi özümü çölə atdım.
Hava təmizdi, xoşdu. Havaya kim ətir səpmişdi?
Dünən o heç belə deyildi. Dünən günəş də bu cur nur saçmırdı!
Yox!
Əli müəllimin ağzından eşitdiyim o ikicə kəlməni ucadan deyə-deyə birbaş evə sarı qaçırdım. Uzun saçım gözümün üstünü örtəndə bildim ki, papağımı yadımdan çıxarıb sinifdə qoymuşam. Bu iki daşın arasında şişburun çarığımın eşmə bağı da açılıb tez-tez qıçıma dolaşır, məni yolumdan eləmək istəyirdi. Mənsə heç nəyə məhəl qoymadan, sol əlimlə saçımı dala ata-ata elə qaçır, qabağıma çıxanlara o iki sözü deyib ötürdüm.
Nəfəsim təngidiyindən çiyinlərim aramsız qalxıb-enir, ağzımdan sanki od çıxırdı. Sifətim alışıb yanırdı.
Ömrümdə heç belə sevinməmişdim. Bəli, on üçillik həyatımda, ağlım söz kəsəndən üzü bəri belə sevindiyim yadıma gəlmirdi. Düzdür, mən müharibə görməmişdim. Ancaq onu iri toy qazanımızı top, tüfəng, tank düzəltdirmək üçün müdafiə fonduna verəndə, tabağımızdan buğda çörəyi yoxa çıxanda, qara arpa çörəyi bal kimi şirin olanda, – gecələr işığımız bayıra çıxmasın deyə pəncərələrə qalın pərdə çəkəndə, nənəm intizarla poçtalyon Məhərrəmin yolunu gözləyəndə, anam fikirli gəzib dolananda, sinif yoldaşım Nərgizin atası Məciddən qara kağız gələndə hiss eləmişdim, duymuşdum…
Kəndin içində sakit-sakit axan çınqıllı çayın üstündəki körpüdən yenicə addamışdım ki, mazutlu kombinezonunun xışıltısı uzaqdan eşidilən ağır yerişli, traktorçu Əmrah kişinin kolxoz həyətinə sarı gəldiyini gördüm. O bu gün də-sən bir işə bax ha!-dava qurtaran gün də arxayın addımlarla yeriyirdi.
«Bəlkə davanın qurtardığını eşitməyib? Yoxsa, dava qurtara, Əmrah əmi də sevinməyə? Yox, yəqin eşitməyib»… – deyə fikirləşdim və ona beş-altı addım qalmış qaranəfəs qışqırdım:
– Dava qurtarıb ey!
Əmrah kişinin cod tüklü, uzun, qara sifətini bir təbəssüm işıqlandırdı.
– Əcəb oğlansan, vallah. Hələ indi eşidirsən? Bir saat bundan qabaq radio xəbər verib,-deyə qabaqdan bir dişi düşdüyünə görə fit çalırmış kimi fışıltı ilə cavab verdi.
«Demək eşidibmiş»! Ötüb keçdim. Qarnı dalına yapışmış Alabaş, tövləmizin böyründə qabağıma çıxıb şırvandı, heç özüm də bilmədim necə oldu, itə bir təpik ilişdirdim və bu sözləri ona da dedim:
– Dava qurtarıb ey!!
İt zingildədi, tüklü quyruğunu qısıb xəndəkdən o tərəfə tullandı. Səsə nənəm çıxdı:
– Kimdi o, ay uşaq? O iti niyə vurursuz durduğu yerdə? – Məni görüb:
– Boy, ədə, neynirsən? – deyə üzümə baxdı.
– Dava qurtarıb ey!..
– Nə? Nə dedin? – Lümə süpürgə arvadın əlindən düşdü.
– Deyirəm, dava qurtarıb!
Nənəm elə səkinin qırağındaca yerə çökdü. Nə qədər fikirləşdisə, nitqi batmış kimi bir söz tapıb deyə bilmədi. Gözlərini döyə-döyə qaldı.
– Nə oldu, ay nənə, sənə?!
Əlini içəri uzatdı. Güclə:
– Su! – dedi.
Mən dəhlizin küncündəki səhəngçədən bir parç su gətirdim. Bircə qurtum içib dodaqlarını islatdı və taqətsiz halda soruşdu:
– Kim deyir, ədə, davanın qurtardığını? Tövşüyə-tövşüyə dedim:
– Əli müəllim indicə sinifdə söylədi. Nənəmin canı üçün, gerçəkdi ey… Radio deyib!..
– İrado da deyib?
– Onda gerçək olar, bala!
Gülzar nənəmin, sanki ayağa durmağa taqəti yoxdu. Elə oturduğu yerdəcə titrək əllərini yuxarı qaldırıb, ürəkdən gələn bir səslə:
– Şükür sənin kərəminə, pərvərdigara, min şükür. Axır ki, qurtardı, – dedi, sonra üzünü mənə çevirdi: – İndi gedənlər gələr. – O, cunasının ucuyla yaşarmış gözlərini sildi.
– Atam da gələcək, hə?
– Boy, gedəyə bax a! Bə nədi, dərdin mənə? Orda ha qalmayacaq?!
Atam nənəmin bircəsiydi. Babam Talış dağlarında tüğyan eləyən partizan davasında ələ keçib Əsəd xan tərəfindən qətl olunanda o, beş yaşındaymış… Birçəyinin birini ağ, birini qara, hörən Gülzar nənəm, atamı ağır əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Yazıq arvad, boğazından kəsib gözünün ağı-qarası olan təkcə balasını korluq çəkməyə qoymamışdı. «Dünyada sənətin oldu, ac qalmazsan!» – deyən babamın sözlərinə əməl edərək, nənəm atamı usta Ələsgərin yanında şagird qoyub dərzilik öyrənməsinə nail olmuşdu. Ələsgər kişi rəhmətə gedəndə atam əməlli-başlı dərzilik bacarırmış…
Onu Qüdrətlidə tanımayan yoxdu. Kənddə hamının paltarını o tikərdi. Uşağın da, cavanın da, qocanın da… Təkcə üç nəfər ona paltar tikdirməzdi. Kolxoz sədri Murğuz, hesabdar Cəlil, anbardar Məlik… Onlar atamın tikdiyi paltarları bəyənmirdilər, özlərinin şəhərdə xüsusi dərziləri vardı.
Gününün çoxunu tikiş maşınının arxasında keçirən atam, öz sənətindən zövq ala-ala işlər, yoruldum deməz, hər təzə paltar tikib qurtarandan sonra, yaxşı imarət ucaltmış memar kimi sevinər, sahibinə geyindirib kənardan fərəhlə baxarmış. Kənddə atamın tikdiyi kostyumlar haqqında indi də belə deyirlər: «İslamın əli qızıldı. Onun tikdiyi kostyumu bür, bük, əzişdir, at yerə, o yenə şax, ayaq üstə duracaq!»
Atadanqalma balaca, yastı-yapalaq daxmanı söküb yerində halalca zəhmətinin qazancı ilə bu ikigözlü, aynabəndli otaqları tikdirmiş, həyətində bağ salıb gül əkmiş, çardaq düzəltmişdi. Yaşlı adamlara məxsus bir adətlə o, boş vaxtlarının hamısını bağça-bağa qulluq etməklə keçirərdi.
Qüdrətlidə bir kişi barmağını qatlayıb deyə bilməzdi ki, İslam mənə iynə ulduzu boyda pislik eləyib, ya mənim toyuğuma daş atıb. Yox, deyə bilməzdi! Mənim könlümü qırıb, ürəyimə dəyib – belə deyən də tapmazdın!..
Kimi dindirsəydin, ondan ağızdolusu, ürəklə danışardı…
– Kimin oğlusan, a bala? – deyə bir adam məndən soruşanda, fərəhlə:
– Dərzi İslamın! – deyərdim.
– Yaxşı kişi idi, bala. Allah işinə fərəc versin, gözəl insan idi.
Bir-iki nəfər yox, hamı belə deyirdi. Çoxu bizə onun adına görə hörmət eləyirdi… Düzü, bu, bəzən mənim qüruruma toxunurdu. «Adam gərək özü hörmət qazansın, özgənin hörmətinə, ad-sanına sığınmaq, başqasının kölgəsində dincəlmək insanı hər necə olsa, sıxır, balacalaşdırır!» – deyən Əli müəllimin sözlərini xatırlayırdım. Bu sadə sözləri mən heç zaman unutmayacağam… Bəli, atam haqqında düşünəndə həmişə ürəyim gizli bir nəşə ilə dolurdu.
Deyirlər, yaxşı insan unudulmur, yaxşılıq itmir! Mən sevinirdim ki, atam barədə hamı, hamı xoş söz deyir. O, böyük, adlı-sanlı adam deyildi, adi dərzi idi. Ancaq mən onunla fəxr eləyirdim. İndi görün nənəm – onu böyütmüş, üstündə saçlarını ağartmış, gözlərinin nurunu əritmiş ana necə də yerə-göyə sığışmırdı.
Yadımdadır, bir yay axşamı idi. Hava elə bürkü idi ki, ağacda yarpaq belə tərpənmirdi. Ağcaqanadlar vızıltı ilə uçuşur, üzümüzə qonub sancmağa fürsət axtarırdı. Nənəm köhnə zibil vedrəsinə avarəncər yığıb od vurdu, eyvanın o başına qoydu, tüstüdən qorxan ağcaqanadlar bir az seyrəldi.
Anam yenicə süfrə salıb samovarı ortalığa gətirmişdi ki, atam kolxoz həyətindən gəldi. Papağını çıxarıb dirəyə vurulmuş mıxdan asdı və üzünü bizə tutub gülümsünərək dedi: