Алибала Гаджизаде – Povestlər (страница 1)
Əlibala Hacızadə
Povestlər
Kitab görkəmli yazıçımız Əlibala Hacızadənin əziz xatirəsinə ithaf olunur…
UNUTMAQ OLMUR…
İnsanlar, ayıq olun!
«Güllə onun alnından dəymişdi!» – Qırx üçüncü ilin şaxtalı yanvar günlərinin birində, qalın şam meşəsinin ətəyində, qucağımda can vermiş sevimli əsgər oğlum haqqında yazmaq istədiyim qəmli hekayəni, nəhayət bu gün səhər ürəyimin başı göynəyə-göynəyə, qəhərdən boğula-boğula belə başladım.
Bu hekayə uzun illər qəlbimdə dolanmışdı, ancaq yazmamışdım. Qorxmuşdum. Heç kəsdən yox, oğlumun anasından, mənim vəfalı ömür-gün yoldaşımdan, intizarla, saçları ağara-ağara oğul yolu gözləyən anadan qorxmuşdum. Ona: «oğlun artıq yoxdur!» – deməyə dilim gəlməmişdi, «öldü» yazmağa da əlim!!! Axı o, ana idi…
Mən ona necə deyəydim: «Ey gözləri yollarda qalan, həsrət ana, əbəs gözləmə, oğlun çoxdan ölüb, mənim, doğma atasının dizləri üstə «ana!» deyə-deyə canını tapşırıb!!!» Necə deyəydim?!!.
Ana üç həftə bundan irəli, əzgin və xəstə halda, yorğun gözləri dilsiz yollara baxa-baxa dünyadan köçəndə, astaca dedi:
– Mən onu görməmiş ölürəm. Bilirəm, o gələcək.
Harda olsa, gələcək. Qayıdanda… ona deyərsən, mənim qəbrim üstə gələr, ucadan deyər: – «Ana, gəlmişəm.» Mən onun səsini eşidəcəyəm… Onda… onda sakit olaram, ürəyim toxdar…
Bəli, indi ana yoxdur…
İndi illərdən bəri ürəyimdə dolanan, mənə rahatlıq verməyən hekayəni yaza bilərəm. Bəli, mən bu hekayəni oğul dağı görmüş bir ata təki bütün insanlara danışmaq istəyirəm, nahaq qan axıdanlara nifrinlər yağdıra-yağdıra danışmaq istəyirəm…
Budur, səhifələr bir-bir qaralır…
Hər şey-sanki indicə baş verir: oğlumun qana bulaşmış cod saçları, qar kimi ağarmış mehriban sifəti bu dəqiqə gözümün qabağındadır. Burnuma isti qan iyi gəlir. «Ana, ana!» deyən iniltili bir səs eşidirəm… Artıq çoxdan əridilib traktormu, kotanmı, kombaynmı düzəldilmiş o zəhmli, əjdaha kimi nərildəyən topların uğultusu qulaqlarımda səslənir… Kimsə «Atəş!» deyə çığırır, kimsə «Vətən uğrunda, irəli!» deyə səngərdən çıxıb qabağa – odun, alovun içinə atılır. Oğlum sanki qucağımda təzədən can verir…
Birdən… «Volqanın» səsi bircə anda məni o uzaq illərin ağrılı-acılı aləmindən ayırdı. Başımı qaldırdım: ah, evdəymişəm… Bunlar hamısı xəyalmış… Rahat nəfəs aldım… Qələmi yerə qoyub ayağa durdum, aynabənddən küçəyə baxdım…
Maşınla gələn kəndimizin cavan müəllimi Aydın idi. Ağıllı, əqidəli, həssas bir oğlandı. İyirmi beş, iyirmi altı yaşı ancaq olsa da, saçlarına dən düşüb… Kimi deyir bu, xaldı, kimi deyir yox, elə ağarıb… Onun ciddiliyi mənim xoşuma gəlir. Baxırsan, deyirsən. Möhkəm adamdı, çöp kimi tez sınan deyil… O, nədənsə, mənə əridilib zindanda döyülmüş dəmiri xatırladır…
Aydının gəlişi məni sevindirdi. Yaxşı oldu gəldi. Onunla söhbət etməyi, ürəyindəkiləri, düşündüklərini öyrənməyi xoşlayıram… Axı o mənim sabahkı hekayəmin qəhrəmanı olacaq!.. Mən onun həyatını beş barmağım kimi bilirəm.