Александр Грановский – Şirürəkli Riçard (страница 3)
Bununla da kifayətlənməyən II Henri daha sonra sürətli hücumla Sentin şəhər darvazasına dayandı. Riçard bir neçə yoldaşı ilə şəhərdən qaça bildi. Onun qoşunu iki gün müdafiə olunandan sonra təslim oldu. Nəticədə altmış cəngavər3, dörd min əsgər Henrinin əlinə keçdi. Riçard bu məğlubiyyətdən ciddi nəticə çıxaracaq, düşmənləri bir də heç vaxt onu qəfil yaxalaya bilməyəcəkdilər…
II Henrinin əmri ilə Eleanora zindana məhkum edildi: on il Solsberi qalasında, sonra isə Vinçesterdə saxlanıldı. O yalnız əri öləndən sonra azadlığa çıxdı.
İngilis kralı isə qiyamçıları zərərsizləşdirməyə davam edirdi: öncə şotlandiyalıları məğlubiyyətə uğratdı və hökmdarlarını əsir götürdü, ardınca isə fransızları bir də darmadağın elədi. Riçard yeni qoşun toplayıb II Henrinin Puatyedə saxladığı qoşunun üzərinə yerisə də, istəyinə çata – şəhəri tuta bilmədi.
Nəhayət, 1174-cü ilin sentyabrında ingilis və fransız kralı arasında sülh bağlandı. VII Lüdovikin qəbul etdiyi sülh şərtləri Riçardın ürəyincə deyildi.
Əl-qolu açılan II Henri isə Riçardı əməllicə sıxışdırmağa başladı. Riçard isə indiyə qədərki uğursuzluqlarından nəticə çıxararaq atası ilə döyüşdən yayınırdı. Bundan başqa, gələcək kral başa düşürdü ki, VII Lüdovik və Gənc Henriyə bel bağlamağa dəyməz. Riçard həm fransız kralının, həm də qardaşının ona xəyanət etdiyini anlamışdı. Odur ki atasının yanına gəldi, qarşısında diz çöküb ağladı və ondan bağışlanmasını istədi. Atası isə Riçardı ayağa qaldırıb alnından öpdü. Həmin vaxt Riçardın 17 yaşı var idi.
Beləliklə, II Henri ilə oğlu barışdılar. Onların arasında sülh bağlandı. Riçardın digər qardaşları da bir il əvvəl təklif olunandan daha azına razılaşmaq məcburiyyətində qaldılar.
Ən maraqlısı odur ki sülh razılaşmasında Eleanoranın adı belə xatırlanmırdı…
III FƏSİL
Akvitanya hersoqu
II Henri ilə barışıqdan sonra oğullar Milad bayramını ataları ilə birlikdə Normandiyada keçirdilər. Fransız kralına sədaqət andı içdiklərindən oğulları hüquqi cəhətdən II Henriyə sadiq olmaya bilərdilər. Bu səbəbdən də II Henri 1175-ci ilin fevralında Riçard və Joffruadan ona sədaqət andı içmələrini istədi. Gənc Henri isə öz təşəbbüsü ilə artıq and içmişdi.
Riçardın vətəni Akvitanya maddi və mənəvi cəhətdən zəngin bir diyar idi. Hündür, enlikürək, qızılı saçlı, göygöz, qəşəng Riçard isə elə bu diyarın adına layiq övlad sayıla bilərdi: o, şeir yazır, mahnı bəstələyir, bu mahnıları özü də oxuyurdu. Latın dilində baş yepiskopların çoxundan yaxşı danışırdı. Səxavəti barədə isə əfsanələr dolaşırdı.
Riçard öz dövrünün ən yaxşı əsgəri və sərkərdəsi idi. Həmin dövrlərdə bu keyfiyyət kral üçün əsas sayılırdı. Fiziki cəhətdən güclü olması bəzən hətta döyüşün taleyini təkbaşına həll etməyə imkan verirdi. Müharibələr onu qəddarlaşdırmışdı, bununla belə, düşməninə qarşı həmişə vicdanlı davranırdı. Öz ətrafına yığdığı adamlar heç vaxt ona xəyanət etməmişdilər.
Riçardın Akvitanya hersoqu kimi atasından aldığı ilk tapşırıq aralarındakı sazişi həyata keçirmək idi. Bu onun nə qədər sədaqətli olduğunu göstərəcəkdi. Çünki indi keçmiş müttəfiqləri və silahdaşları ilə vuruşmalı idi. Belə tapşırığı Bretana hersoq təyin edilən Joffrua da almışdı. Sanki, II Henrinin çoxdankı arzusu həyata keçirdi: uşaqları ona imperiyanı idarə etməkdə kömək göstərməyə başlayırdılar!
1175-ci ildə Riçard fransız kralının nəzarətindəki Kastiyon qalasını mühasirəyə aldı. Bu, yaxşı möhkəmləndirilmiş qala idi. İki aylıq mühasirədən sonra Riçard qalanı təslim olmağa məcbur elədi. 30 cəngavər və bir xeyli əsgər əsir götürüldü. Riçard göstəriş verdi ki, qala divarları dağıdılsın.
Bu vaxt II Henri isə Eleanoranı boşayıb təzədən evlənmək qərarına gəlmişdi. Həmin məqsədlə 1175-ci ildə Londona ovaxtkı Roma papasının müvəkkili təşrif buyurdu. Eleanora qiyam qaldırdığına görə kralın onu boşamağa əsası vardı. Ancaq II Henri fikrindən daşındı, çünki arvadını boşayacağı təqdirdə, Akvitanyanı ona qaytarmalı idi. Üstəlik, oğulları bu məsələyə yaxşı baxmayacaqdılar.
Riçard 1176-cı ilin yazında Anqulem və Limuzen baronlarının güclü koalisiyası ilə qarşılaşdı4. Koalisiyanın başında isə qraf VI Qiyom Tayleferin oğulları Vülqren, Qiyom, Aymar və onların anabir qardaşları V Aymar dayanırdı. V Aymar Fransanın mərkəzi hissəsində yerləşən Limoj şəhərinin vikontu5 idi. Ola bilsin, qiyamın səbəbini də elə onun incidilməsində axtarmaq lazımdır. Belə ki, II Henri 1175-ci ildə vikonta aid olan bəzi torpaqları kiçik oğlu İoana vermək istəmişdi. Halbuki buna qədər V Aymar ingilis kralına qarşı həmişə loyal olmuşdu. Lakin həmin hadisədən sonra Limoj vikontu bütün qiyamlarda iştirak edirdi. Riçard məhz onun qaldırdığı növbəti qiyamı yatırarkən həlak olacaqdı…
Riçard yalnız öz qoşunları hesabına düşmənlə bacarmayacağını anlayıb kömək üçün atasına müraciət etdi. 1176-cı ilin aprelində isə İngiltərəyə gedib döyüşçü toplamaq məqsədilə ondan pul aldı. İlk zərbə Vülqrenin başçılıq etdiyi orduya vuruldu. Riçard onu darmadağın edəndən sonra Limoju mühasirəyə aldı. Cəmi bir neçə gündən sonra şəhər təslim oldu.
Həmin il may ayının sonunda isə Riçard Puatyedə qardaşı Gənc Henri ilə görüşdü. Atası onu Riçarda köməyə və təcrübə toplamağa göndərmişdi. Qardaşlar qoşunla Anqulemə tərəf hərəkət etdilər. Hədəf Anqulem qrafı VI Qiyomun qalaları idi. Onlar strateji əhəmiyyətli bir qalanı mühasirəyə aldılar. İki həftə mühasirədən sonra qala təslim oldu. Bunun ardınca isə Gənc Henri kəskin addım ataraq Riçardın yanından ayrıldı. Bunun sadə səbəbi var idi: qardaşlar yola getmirdilər. Hər ikisi yaraşıqlı, güclü olsa da, xasiyyətləri tutmurdu. Gənc Henri, görünür, Riçardın uğurlarına, şöhrətinə paxıllıq eləyirdi.
Gələcək kral isə dayanmadan irəliləyirdi – on günlük mühasirədən sonra Mulinyöv adlanan əhəmiyyətli bir qalanı tutub Anqulemə yaxınlaşırdı. Vəziyyətin çıxılmazlığını görən VI Qiyom bu şəhəri və daha bir neçə qalanı Riçarda təslim etmək məcburiyyətində qaldı. Riçard isə qrafla oğullarını əsir götürərək atasından aman diləmələri üçün İngiltərəyə göndərdi.
Bu zaman II Henri kiçik qızı İoannanı Siciliya kralı II Vilhelmə ərə vermiş, özü isə 1176-cı ilin Milad bayramını oğulları Joffrua və İoanla keçirmişdi. O, çoxdan «Qərbin Qüdsü» sayılan Santiaqo-de-Kompostelaya6 ziyarətə getmək arzusunda idi. Odur ki Riçarda məktub göndərib İspanyaya gedən yolu quldurlardan təmizləməyi tapşırdı. Məsələ burasında idi ki, həmin yolun üzərində ingilislərin vəhşi, məkrli, qəddar xalq hesab etdikləri basklar və navarralılar yaşayırdılar.
Milad bayramından sonra Riçard cənuba ildırım sürətli hücum edib düşməni qəfil yaxaladı. Bir neçə şəhərləri, ardınca da Pireneydən keçən yola nəzarət eləmək imkanı verən Sen-Pyer qalasını ələ keçirdi. İngilis şahzadəsi qarşısında aciz qalan bask və navarralılar sülhə razılaşdılar, tacirlərin, zəvvarların təhlükəsizliyini təmin edəcəklərinə and içdilər. Riçard fevralın 2-də Puatyeyə qayıdıb elçilər vasitəsilə qazanılan uğurlar barədə atasına məlumat göndərdi.
1176-ci ilin sonunda Fransanın mərkəzindəki Şatoru qalasının zəngin baronu Berri Raul de Deol vəfat etdi. Onun varisi olaraq bir qızı qalmışdı. Qızın vur-tut üç yaşı vardı. II Henri dərhal ona qəyyumluğa götürmək, beləliklə, Şatoruya yiyələnmək istədi. Qızın qohumları ingilis kralının bununla bağlı tələbini rədd etdilər. Görünür, onlar VII Lüdovikin köməyinə bel bağlayırdılar. Şatoru qalasının müharibəyə hazırlaşdığını eşidincə isə II Henri lap özündən çıxdı. Axı bu, təhqir demək idi! II Henri yaranmış problemi güc yolu ilə həll etmək qərarına gəldi. Həmin işi isə Riçarda yox, Gənc Henriyə həvalə etdi. Halbuki qalanın daxil olduğu Berri bölgəsinin sahibi Riçard idi. Görünür, II Henri qardaşlar arasında ixtilafı daha da alovlandırmaq, bununla da onların hər ikisini ayrı-ayrılıqda tamamilə öz iradəsinə tabe etdirmək istəyirdi.
Beləliklə, Gənc Henri Normandiya və Anjuda qoşun toplayıb Berriyə soxuldu. O, Şatorunu tutdu, ancaq qızı tapmadı. Plantagenetlər üçün bu qəyyumluq məsələsi hədsiz dərəcədə önəm daşıyırdı: mərhum baronun qızı II Henrinin himayəsinə keçərsə, ingilislərə həm yaxşı qazanc gətirəcək, həm də Fransanın müəyyən qismindəki hakimiyyətlərini daha da möhkəmləndirəcəkdi.
Riçardın nişanlısının 17 yaşı artıq tamam olmuşdu. O dövrün qaydalarına əsasən çoxdan ərə getmək vaxtı idi. Bu, Fransa sarayını narahat eləyirdi. 1176-cı ildə VII Lüdovik dəfələrlə Roma papasına müraciət etdi ki, Henriyə təzyiq göstərsin: ya nikahı tezləşdirsin, ya da Alisanı evə qaytarsın. Papa fransız kralını haqlı saydı. Odur ki II Henrini torpaqlarına interdikt7 qoyacağı ilə hədələdi. Lakin II Henri iki kralın görüşünə qədər interdikti təxirə salması üçün papanın razılığını ala bildi. Bunun ardınca isə VII Lüdovik qarşısında tələb qoydu ki, Alisanın cehizi kimi Burj baş yepiskopluğunun torpaqlarını ona, Vekseni isə Gənc Henriyə versin.
Avqust ayında Henri qoşunla İngiltərədən Normandiyaya gəldi. 1177-ci ilin sentyabrında papa müvəkkilinin iştirakı ilə kralların görüşü baş tutdu. Mübahisəli torpaq məsələləri münsiflər məhkəməsinə verildi. Riçard isə Alisa ilə evlənməli oldu. Bundan başqa, hər iki kral səlib yürüşündə iştirak etməyə razılaşdılar, ona görə də bir-birinə hücum etməyəcəklərinə söz verdilər.