Александр Грановский – Şirürəkli Riçard (страница 2)
Beləliklə, 1151-ci ildə Normandiya Vekseni Fransaya verildi. Henri varis, ardınca da İngiltərə kralı olandan sonra həmin bölgənin heç nədən fransızlara hədiyyə edildiyini anladı. Odur ki VII Lüdoviki müharibə ilə hədələyib Vekseni geri tələb etdi. Həmin vaxt Fransa krallığının durumu ürəkaçan deyildi. Bu səbəbdən də VII Lüdovik 1158-ci ildə Vekseni qızı Marqaritanın cehizi kimi qaytarmağa razılaşdı. O vaxt II Henrinin oğlu Gənc Henrinin beş, Marqaritanın isə üç yaşı var idi. Marqarita ərə gedənə qədər II Henrinin himayəsində olmalıydı. Bir sözlə, II Henri 1160-cı ildə uşaqları nişanlayıb Vekseni öz torpaqlarına birləşdirdi.
Bundan sonra atasının diplomatik evlilik oyunlarında iştirak etmək növbəsi Riçarda çatdı.
1165-ci ildə, yəni 8 yaşında olarkən Riçard və böyük bacısı Matilda kraliça ilə İngiltərədən Normandiyaya köçdülər. Bir neçə il ərzində Riçardın həyatı anasının nəzarətində keçdi. Ümumiyyətlə, Riçard ömrü boyu atasından çox, anasına daha yaxın olub. 1168-ci ilin əvvəlində VII Lüdoviklə II Henri arasındakı sövdələşməyə əsasən Riçardla fransız kralının qızı Alisa nişanlanacaqdı. Bu izdivac sayəsində Riçard anasının mirası olan Akvitanya hersoqluğunu almalı idi.
Eleanora
II Henrinin artan gücü qarşısında VII Lüdovik tab gətirə bilmir, yalnız müttəfiqlərinin köməyi sayəsində pis-yaxşı müqavimət göstərirdi. Həmin müttəfiqlər isə onun müstəqil qonşuları və İngiltərədəki qiyamçılar idi. II Henriyə qarşı qiyam qaldıranlar həmişə VII Lüdovikin köməyin bel bağlaya bilərdilər. Onların arasında fransız kralının qədim müttəfiqləri olan Luzinyanlar xanədanı da var idi. Onlar II Henrini öz ağaları kimi qəbul etmək istəmirdilər. İşi belə görən ingilis kralı ölkəsi ilə qonşuluqda yaşayan Luzinyanların üstünə hücum çəkdi. Onun qəzəbindən vahiməyə düşən Luzinyanlar öz qalalarını tərk edib qaçdılar.
II Henri qiyamçıları tamamilə darmadağın etməmiş Riçardın nişanlanması ilə bağlı müqaviləni imzalamaq üçün VII Lüdoviklə görüşə getməli oldu. Bu zaman 1168-ci ilin mart ayı idi. II Henri yola düşməzdən öncə Akvitanyanı idarə etməyi Eleanoraya və dostu, yaxın məsləhətçisi qraf Patrik Solsberiyə tapşırdı.
Kralın yoxluğundan istifadə edən Luzinyanlar öz tərəfdarları ilə birlikdə qoyub qaçdıqları qalaları bərpa etməyə başladılar. Ardınca isə 1168-ci ilin aprelində Puatye yaxınlığında Eleanoranın dəstəsinə hücum olundu. Kraliça qaçıb canını qurtara bildi, ancaq onun qaçmasına imkan yaradan qraf Solsberi kürəyindən vurularaq öldürüldü. Hadisədən xəbər tutan II Henri danışıqları yarımçıq kəsib Puatyeyə getdi. Özünü təhqir edilmiş sayan VII Lüdovik qiyamçıların nümayəndələrini yanına çağırıb sadiq olacaqları ilə bağlı onlara and içdirdi. Qiyamçılar isə Fransa kralına təklif etdilər ki, qan qohumluğuna görə II Henri ilə Eleanoranın nikahını etibarsız saysın və Akvitanyaya rəhbərliyi öz üzərinə götürsün.
Vəziyyəti belə görən II Henri ətrafına əlavə döyüşçülər topladı və 1168-ci ilin ikinci yarısında Fransa üzərinə yürüş etdi. Maddi baxımdan yaxşı vəziyyətdə olmayan VII Lüdovik düşünüb-daşındıqdan sonra sülhə razılaşmalı oldu. 1169-cu ildə barışıq anlaşması imzalandı. Bundan başqa, Riçardla Alisanın nişanlandığı da təsdiqləndi. Ancaq sülh bağlanandan dərhal sonra II Henri qiyamçılarla haqq-hesabı kəsməyə başladı. O, qoşunlarını qiyam qaldırmış vilayətlərə yeridir, onların qalalarını tuturdu. Göründüyü kimi, II Henri vəd verməyi xoşlayırdı, ancaq onları yerinə yetirməyi – əsla!
Fransa kralı ilə sülh razılaşmasından sonra Riçard bir neçə il Puatyedə anasının yanında qaldı. Eleanora Puatyedə özünə saray qurmuş və qohumlarını, sadiq dostlarını ətrafına yığmağa başlamışdı. Nəticədə Riçard 1172-ci ildə keçirilən geniş yığıncaqda Akvitanyanın hersoqu elan olundu. Bundan sonra Eleanora əyanların müşayiəti ilə öz torpaqlarını gəzib təbəələrini yeni hersoqla tanış etdi. Bununla da o, hersoqluğun fransız və ingilis kralından asılı olmadığını göstərmək istəyirdi.
Puatyedəki sarayın qonaq-qarası çox olurdu. Eleanoranın digər oğulları – Henri və Joffrua daha tez-tez gəlirdilər. Şairlər, musiqiçilər, müğənnilər sarayda ən çox arzulanan qonaqlar idi. Belə bir mühitdə böyüyən Riçardın mahnı bəstələməsi əbəs yerə deyildi.
Bu arada, II Henri ilə Eleanoranın münasibəti get-gedə daha da pisləşdi. Araşdırmaçıların fikrincə, ər-arvadın arasının soyumasının iki səbəbi ola bilərdi. Bunlardan biri odur ki 1167-ci ildə II Henri Qranmon monastırında köhnə düşməni, Tuluza qrafı V Raymundla rastlaşmışdı. V Raymund bir müddət idi ki, VII Lüdovikin bacısı olan arvadı ilə boşanmışdı. Odur ki fransız kralının qəzəbindən qorxub yeni dostlar axtarırdı. Bu səbəbdən də, belə görünür, II Henri ilə yaxınlaşmış, onun vassallığını qəbul etməyə razılaşmışdı. Əvəzində isə II Henri Tuluza qraflığına iddiasından əl çəkməyə razılaşmışdı. Bu qərar Eleanoranın və Riçardın xoşuna gələ bilməzdi. Çünki Tuluza hakimi olmuş Filipin nəvəsi kimi Eleanoranın özü də həmin qraflığa iddialı idi.
II Henri ilə arvadı arasında soyuqluğa ikinci səbəb kimi isə onların dördüncü oğlu İoan göstərilir. Belə ki, İoan üçün hələ istila olunmamış İrlandiyanın idarəçiliyi nəzərdə tutulmuşdu. Altı yaşlı İoan «yurdsuz» qalmışdı, çünki sülh razılaşmasında ona pay düşməmişdi (və bu ayama onun üzərindən ömrü boyu götürülməyəcəkdi). Nəticədə II Henri böyük oğlunun (dolayısı ilə də Eleanoranın) mülklərindən üç qəsri İoan üçün ayırdı. Gənc Henri qətiyyətlə buna qarşı çıxdı. Ancaq atasını yola gətirməyin çətin olduğunu anladığından məsələni danışıqlarla yox, başqa şəkildə çözmək qərarına gəldi. Bunun üçün, hətta Fransa kralı VII Lüdovikin dəstəyini aldı.
II Henri isə 18 yaşlı oğlunun etirazına o qədər də əhəmiyyət vermirdi. Bu zaman V Raymund ingilis kralını xəbərdar edir ki, təkcə Gənc Henri yox, arvadı Eleanora və başqa oğulları da ona qarşı əlbirdirlər. Kral bu xəbərdarlığı qulaqardına vurdu. Vəziyyətin daha da ciddiləşdiyini anlayanda isə əsas qalalara müharibəyə hazırlaşmaq əmri yollayıb böyük oğlu ilə ova çıxdı. Məqsədi bu idi ki, ov zamanı oğlunu dilə tutub onu fikrindən daşındırsın. Lakin gözlənilməz hadisə baş verdi: həyatına təhlükə olduğunu düşünən Gənc Henri gecə yarısı bir neçə dostu ilə birgə atasının yanından Parisə – fransız kralın yanına qaçdı. Bunu eşidən Eleanora digər oğullarını – Riçardla Joffruanı da Fransa kralının yanına göndərdi. Ardınca isə Puatye də daxil olmaqla bir neçə bölgədə II Henriyə qarşı üsyan başladı. Üsyanın başında Eleanora özü dayanmışdı. Üstəlik, nüfuzlu baronlar onu müdafiə eləyirdilər. Bu, görünməmiş hadisə idi. Dövlətlərin tarixində şahzadə oğulların hökmdar atalara qarşı qiyam qaldırması çox olmuşdu, ancaq hökmdar arvadlarının ərlərinə üsyan etməsinə təsadüf edilməmişdi. Beləliklə, ikinci ehtimal ondan ibarətdir ki, Eleanoranı II Henrinin onun torpaqları ilə istədiyi kimi rəftar etməsi hiddətləndirmişdi. Qadını bu məsələdə Akvitanyanın bir çox nüfuzlu baronları ilə yanaşı, əlbəttə ki, Fransa kralı da müdafiə edirdi.
Riçard və qardaşları II Henriyə qarşı
II Henriyə qarşı üsyanın miqyası tezliklə böyüdü, İngiltərədə və Bretanda alovlanan iğtişaşlar Normandiyanı da bürüdü. Şotlandiya kralı Uilyam və qardaşı Devid də qiyamı dəstəkləməkdə idi.
Çox keçmədi ki, Parisdə VII Lüdovikin başçılığı altında II Henriyə qarşı geniş koalisiya yarandı. Fransız kralı Gənc Henrini İngiltərə kralı kimi tanıdı. Gənc Henri isə ətrafına toplaşan baronlara səxavətlə torpaqlar bağışlayırdı. VII Lüdovik tərəfindən həmçinin Riçarda cəngavərlik titulu verilmişdi. Qardaşlar isə bütün bunların müqabilində and içmişdilər ki, VII Lüdovikin və baronların razılığı olmadan ataları ilə sülh bağlamayacaqlar.
İşi belə görən II Henri vaxt itirmədən çox sayda əsgər topladı və hadisələrin necə inkişaf edəcəyini gözləməyə başladı. Müharibə Normandiyada başladı. Gənc Henri və qardaşı Joffrua fransız kralı ilə birlikdə Normandiyanın cənubundan, Riçard isə şimal-şərqdən hücum etdi. Drinkur adlı qalanın mühasirəsi zamanı Riçardın əsas dəstəkçilərindən olan Bulon qrafı Matye yaralandı. Bundan sonra onun başqa bir aparıcı müttəfiqi – Flandriya qrafı Filip qoşununu geri çəkdi. Nəticədə Riçard çətin vəziyyətdə qaldı.
II Henri isə müharibənin gedişində özünün ildırımsürətli hücumları və qələbələri ilə hamını heyrətləndirirdi. Normandiyanın cənubunda VII Lüdovikin qoşunları darmadağın edilmiş, qiyamçıların qalaları bircə-bircə ələ keçirilmişdi. Nəticədə fransız kralı və üç qardaş sülh danışıqlarına razılaşdılar. II Henri oğullarına torpaqlarından gələn gəlirin bir hissəsini və yaşamaq üçün qəsrlər təklif etdi. Hakimiyyət isə yenə də onun özündə qalmalı idi. VII Lüdovik məsləhət gördü ki, şahzadələr bu təkliflə razılaşsın. Lakin üç qardaş bundan boyun qaçırdılar. İş belə olduqda II Henrinin döyüşçüləri Eleanoranın qohumlarına məxsus torpaqları viran etməyə başladılar. Eleanora başa düşdü ki, onun bircə yolu qalıb: VII Lüdovikin yanına qaçmaq! Lakin Eleanora istəyinə çatmadı: kişi paltarında yaxalanaraq ərinin – ingilis kralının hüzuruna göndərildi. Onunla birlikdə üç oğlunun arvad və nişanlıları da II Henrinin əlinə keçdi.
Anasının əsir götürüldüyünü eşidən Riçard bərk qəzəbləndi və Puatyeni tutdu. İlk olaraq La Roşel adlı liman şəhərinə hücum çəkdi. Ancaq La Roşel əhalisi II Henriyə sədaqət nümayiş etdirdi. La Roşelin ticarət baxımından rəqibi sayılan Sent (Fransada yerləşir) şəhəri isə Riçardı çox yaxşı qarşıladı. Bu arada, II Henri qiyamçılara divan tutmaq məqsədilə Puatyeni mühasirəyə aldı. 1174-ci ilin may ayında Puatye təslim olmaq məcburiyyətində qaldı.