18+
реклама
18+
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Hekayələr (страница 5)

18

Quldur heç bir söz deməyib, tüfəngini düzəldib, Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.

Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balanın halətini təsəvvürünə gətirə bilər.

Səlmanın ölümündən beş-altı ay keçmiş onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib, divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi.

Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.

İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.

Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”.

Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib, onu kürəyinin ortasından vurub öz qardaşının qanını aldı…

Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.

Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı, bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.

Gecə röyada gördüm, Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən Yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb dini-mübini yox edəcəklər. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı sübhədək ənvari-qüdsiyyə içində din yolunda şəhadətə hazırlanırdı… İslamın yolunda mən neçə davalar, neçə cihadlar görmüşəm, odur ki müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz47 etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”

Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm, sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.

Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb, Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.

Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..”

BOMBA

Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayı Zal cavab verərdi:

– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan. Bir də mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

– Nə deyirəm, kişi, özün bil!

Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:

– Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.

Bu sözlər bir ox olub, Kərbəlayı Zalın bu tərəfindən dəyib o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:

– Nə var?

Dedi:

– Heç, bir az başım ağrıyır.

Arvad abgüşt48 bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb: "İştahım yoxdu", – deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.

Kərbəlayı Zal Qanlı küçəsi ilə Zavallı küçəsinin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayı Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.

Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi: "Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola". O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.

– Vot Patap, bomba rabatay!

– Qde?

– Dom Feyzulla bomba pirnesom.

Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini kazak, soldat, qorodovoy bürüdü.

Qapını döydülər.

Usta Feyzulla çıxdı, xəbər aldı:

– Kimsən?

Dedilər:

– Aç qapını.

Qapını açantək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, bəs niyə buyurubsunuz?

Dedilər:

– Danışma, gərək sənin evin axtarılsın!

Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.

Kərbəlayı Zal çuvalları görəntək qışqırdı:

– Barin, vot, vot bomba!

Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.

Yazıq Feyzullanı da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:

– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.

Feyzullanın qolunu açdılar. Gəlib, çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.

O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.

Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər.

MİRZƏ SƏFƏR

Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşiq idi. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.

Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb şeir öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.

Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı və dedi:

– Afərin, Səfər, indi xalis şairsən!

Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri də qızarıb, daha şairliyinə şəkk ola bilməzdi.

Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd-beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Hərçi fikir etdisə, şeiri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib, qələmi alıb gözəl xətlə yazdı: