Абдурагим-бек Ахвердов – Bomba (страница 2)
Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən, mən səni tanımıram, amma görürəm, müsəlmansan, müsəlmanda nə qədər olsa, bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin16 taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır, arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.
Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!”
Səlman dedi: “Belə olan surətdə izin ver, iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki: “Namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm”.
Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyülhacat17 dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar18 ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir19 olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”.
Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi20 ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı Allah yerdə qoymayacaq”.
Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.
Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus 10 yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər.
Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi.
Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.
İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki: “Vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm”. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki: “Neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm”.
Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”.
Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəştini21 düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı…
Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.
Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı, bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.
Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul, vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni22– Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının23 qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən İslamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabı24 ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib25, bunlar bizi öldürüb, dini-mübini26 yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islamı nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə27 içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz28 etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami29-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”
Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım, gördüm, sübhə az qalıb və Ay da məğrib30 tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim”.
Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..
ATA VƏ OĞUL
Hacı Xəlil, müsinn31 şəxs, 85 il dünyada ömür edəndən sonra xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti32 Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd33 ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan34 kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.
Hacı Xəlili böht35 aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil 8 yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə, savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.
Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar.
Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə, gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi36, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim, sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.
Biçarə Xəlil 15 yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.
Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və 22 manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir37. Neçə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən, Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa, versin ki, bəlkə, ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.