Абдурагим-бек Ахвердов – Bomba (страница 1)
Əbdürrəhim bəy Haqverdiyev
Bomba
ÖN SÖZ
Azərbaycan maarifçi və realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin sonlarında ədəbiyyata gələn Əbdürrəhim bəy Haqverdiyev dramaturq, nasir, pedaqoq, publisist, tərcüməçi kimi tanınmış, Azərbaycanın mədəni həyatında ictimai xadim kimi mühüm rol oynamışdır.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində bəy ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin yay məktəbində, sonra isə Şuşa realni məktəbində alır. Ə.Haqverdiyev 1890-cı ildə Şuşa realni məktəbinin 6-cı sinfini bitirib Tiflis realni məktəbində təhsilini davam etdirir. Hələ Şuşada oxuduğu illərdə teatrla ilk tanışlıq Əbdürrəhim bəyin hədsiz marağına səbəb olmuş, Tiflis həyatı isə bu marağı daha da artırmışdır. O, burada rus və Avropa klassiklərinin yaradıcılıqları ilə tanış olur, mütəmadi olaraq teatr tamaşalarında iştirak edir. 1891-ci ildə Tiflis realni məktəbini bitirib Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı dövrdə tələbə sifəti ilə Şərq fakültəsində dinləyici kimi dil və ədəbiyyat problemləri ilə məşğul olur. O, dramaturji fəaliyyətə də həmin dövrdən başlayır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan ədib müəllim kimi fəaliyyətə başlayır, eyni zamanda teatr üçün repertuar hazırlayır, rejissorluq edir. “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra “Ceyranəli”, “Xortdan”, “Lağlağı”, “Həkimi-nuni-səğir”, “Süpürgəsaqqal”, “Mozalan” və başqa imzalarla jurnalda hekayə, felyeton və publisist məqalələrini çap etdirir. Əbdürrəhim bəy Haqverdiyev 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, kadr hazırlığında, gənc mütəxəssislərin yetişməsində fəal iştirak edir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ə.Haqverdiyev yaradıcılığa dram əsəri yazmaqla başlamışdır.1
XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında realist hekayə janrının inkişafında Ə.Haqverdiyevin xüsusi xidmətləri olmuşdur. “Molla Nəsrəddin” mətbu orqanının nəşri ədibin yaradıcılığında hekayə janrına maraq göstərməsinə səbəb olmuş, jurnalın üslubuna uyğun olaraq yazıçı birbirindən maraqlı realist hekayələr yazmışdır. Yazıçının dramaturgiyasında olduğu kimi hekayələrində də realizm güclüdür. Xüsusilə müsəlman həyatı, köhnəliklə yeniliyin qarşılaşması, cəhalət, nadanlıq, geriliyə kəskin tənqidi münasibət bəsləmişdir. Kamil hekayə ustası olan Ə.Haqverdiyev ən adi hadisəni, əhvalatı geniş süjetə çevirməyi bacaran sənətkardır. Bu cəhətdən ədibin topluda yer alan “Bomba”, “Şeyx Şəban”, “Söhbət”, “Müsibət” əsərləri maraqlı nümunələr sırasındadır. Kiçik hadisəni böyük süjetə çevirən ədib yalnız təsvir və təfərrüat genişliyinə deyil, hadisənin ictimai səbəblərini canlandırmaqla oxucunu düşündürməyə çalışır. Mənəvi-əxlaqi, tərbiyəvi mahiyyət daşıyan problemlər öyüd və nəsihətlə, didaktika yolu ilə təlqin edilmir, həyat faktına əsaslanır, müəyyən bir hadisənin, gerçəkliyin fonunda verilir. “Ata və oğul” hekayəsi bu cəhətdən topluda yer alan maraqlı nümunələrdəndir. Atasının oğlu Əkbərə vəsiyyəti nəsihət xarakteri daşıyır. Həyatın çətin sınaqlarından çıxmış, ömrünü zəhmətlə yaşayan, 15 yaşında atadan yetim qalıb ailənin bütün ağırlığını, ana və bacısını dolandırmaq məsuliyyətini daşıyan Ağa Hüseynin həyatı dünyayla vidalaşdığı zaman onun gözünün qarşısından kino lenti kimi keçir. Son nəfəsində oğluna vəsiyyət edən atanın sözləri hər bir gənci doğru, düzgün yaşamağa istiqamətləndirən nəsihətamiz sözlərdir. Ağa Hüseyn oğluna onu boya-başa çatdıran anasına dayaq durmağı, illərlə qarşısında nökərçilik edən Kərbəlayı Qulaməlidən muğayat olmağı tövsiyə etdikdən sonra bir neçə nəsihətini dilə gətirir.
Yığcamlıq, təsvir və surətlərin təbiiliyi, obrazı konkret cizgilərlə canlandırmaq, dilin oynaqlığı və lakoniklik Ə.Haqverdiyev hekayələrinin əsas xüsusiyyətlərindəndir. Ədibin hekayə dili, obrazı təsvir üsulu dolğun və hərtərəflidir. Bütün əsərlərində obrazı təsvir üsulunda bu dolğunluğu görmək mümkündür. Hər bir qəhrəmanın özünəməxsus geyimi və geyiminə uyğun da hərəkətləri, fərdi keyfiyyətləri var.
Satirik-realist gülüş Ə.Haqverdiyevin hekayələrinin çoxunda müəllif ideyasını, hadisəyə münasibətini reallaşdıran əsas tənqid üsulu idi. Ədibin “Mirzə Səfər” hekayəsində düzgünlüyün, dürüstlüyün qarşılaşdığı maneə və çətinliklər, cəmiyyətdəki nöqsanlar, xüsusilə milli mentalitetdə olan məqamlar satirik-realist gülüş hədəfinə çevrilir.
“Bomba” kitabına ədibin məktəblilər üçün seçilmiş hekayələri daxil edilib. Tariximizin müəyyən bir dövrünün əksi olan bu əsərlər realist ədəbiyyatımızın inkişafında xüsusi bir mərhələni təşkil edir.
HEKAYƏLƏR
AYIN ŞAHİDLİYİ
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən8 bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.
Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator I Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin9 əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi10 və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri11 guya sünbüllər üstündə qarovul qoymuşdular.
Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!
Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya12 tamaşa edirdi. Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:
– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz Ay Yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı, bunun dili olmasaydı! Axı nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver, nağıl edim:
Qırx il ya daha artıq bundan əqdəm13 mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yükləyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh14 şəxs Səlmanın qabağını kəsib buyurdu, atdan düşsün. Binəva15 Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: “İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, dalımca gəlib mənim tutarlar”.