Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 12)
Gülpəri. Mənim kiçik oğlum evdə bikar oturub. Xahiş edirəm ki, onu götürün, burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam.
Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır.
Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli.
Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun?
Mirzə Heydər. Yox, pişik hər rəng olsa, olsun, ancaq pişik olsun. Bunu da…
Gülpəri. Dedim, birdən deyərsən, pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi haradan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram.
Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as, gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü?
Gülpəri. Niyə başa düşmədim, a başına dönüm?
Mirzə Heydər. Bax dəyişik salmayasan, hər birini öz yerinə qoy.
Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki.
Mirzə Heydər. Di get.
Gülpəri istəyir getsin.
Hacı Mehdi. Amma, Gülpəri, bax dəxi mən demirəm, nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə.
Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağarıb. Əlli min tülkü fəndi bilirəm, hamısını salaram işə. Ancaq bizim gədəni bir tövr qoy.
Hacı Mehdi. Sən arxayın ol. Ancaq sən işi düzəlt, hamısı asandır.
Mirzə Heydər. Hacı, siz heç mənim dualarıma şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman əleyhüssəlamın dualarıdır. Çox mücərrəb94 dualardır. Mənim mərhum atam, Allah ölənlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı dönərdi xan, bəy qapısına. Arvad, uşaq sübhdən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə əlac edirdi. Birisi gəlirdi: “Molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çətinə düşüb”. Görürdün, bir dua yazdı, verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayır. Gəlirdi atamın yanına: “Molla, başına dönüm, mənə bir əlac elə”. Atam rəhmətlik döşün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı
Hacı Mehdi. Tanıyıram, ay mirzə!
Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağçuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizin kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm.
Hacı Mehdi. Bilirəm, nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki sənin məramındır. Ala, qabaqca sənə bir az xərclik verim, apar ver ətə-zada.
Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan, nədir? Saqqalının ağ vaxtında bu nə işdir, tutursan? Ağlın başından çıxıbdır, nədir?
Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağıran var ki, gəlmişəm də!
Ələsgər. Çox danışıb səni bura çağıran, səninlə belə! Dur buradan!
Mirzə istəyir dursun.
Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (
Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib.
Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən?
Ələsgər. Bircə de görüm, Gülpəri qarı burada nə qayırırdı?
Hacı Mehdi. Sənin nə borcundur, nə qayırırdı? Gülpəri bir qarıdır, həmişə buralara gələr-gedər, genə gəlmişdi.
Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyarlar dəli. İndi, qardaş, sən Osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasıb qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən, öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağın var. Dəxi bu nə işdir?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.