Abdulla Şaiq – Xatirələrim (страница 3)
Uşaqlıqdan ədəbiyyata dərin eşqim var idi. İstər Azərbaycan, istərsə də, rus, fars dillərində yazılmış mənzum parçaları böyük həvəslə əzbərləyirdim. Oxuduğum dərslik "Vətən dili" bu sahədə mənə az kömək etməmişdi. Həmin dərslik Qori seminariyasının ana dili müəllimi Səfərəli bəy Vəlibəyov və həmin seminariyada çalışan Çernyayevski tərəfindən tərtib edilmişdi. Məktəbdə oxuduğum zaman Qasım bəy Zakirin, Həsənəli xan Qaradağskinin öz orijinal şeirlərilə yanaşı Krılovdan tərcümə etdikləri təmsilləri, Puşkin və Lermontovun rusca şeirlərini sevə-sevə əzbərləyirdim. O şeirlərin çoxu indi də hafizəmdən silinməmişdir. O zaman azərbaycanca "Vətən dili"nin birinci və ikinci cildlərindən başqa dərslik yox idi. Ona görə də, üçüncü sinifdən farsca "Gülüstan" kitabını oxumağa məcbur idik.
Şeiri sevdiyimi müəllimlərim də bilirdilər. Təhsil ilinin sonunda, imtahan zamanlarında müəllimlər məni həmişə rusca, azərbaycanca şeir oxumağa məcbur edirdilər.
Elə düşünürdüm ki, şeiri ancaq böyük alimlər yazırlar. Bir gün imtahan ərəfəsində atamdan bir şeir yazmasını xahiş etdim. Fikrim imtahanda müəllimlərimə yeni bir şeir oxumaq idi.
Atam gülə-gülə dedi:
– Oğlum, mən şair deyiləm ki, şeir yazım. Şeiri şairlər yazır.
Mən elə zənn etdim ki, atam məni başından eləmək istəyir. Ondan əl çəkmədim, dedim:
– Sən ki alimsən, sən şeir yaza bilməyəndə, daha kim yaza bilər?
O, məni inandırdı ki, şair başqadır, alim başqa. Ümidsiz halda qollarım yanıma düşdü. Atam məni qucaqlayaraq:
– Yaxşı oğlum, – dedi, – sabah idarəyə gedəndə Mirzə Əhmədə tapşıraram, sənə bir yaxşı şeir yazar.[3]
Mən sevindiyimdən bilmirdim neyləyim. Ertəsi gün məktəbə gedəndə səs saldım ki, bu il imtahanda mən lap təzə şeir oxuyacağam.
Dörd-beş gün sonra atam şeiri gətirdi. İmtahanda əzbərdən oxuduğum həmin şeir müəllimlərimin çox xoşuna gəldi.
O zaman həmin məktəbə böyük yaşlı uşaqlar da qəbul edildiyindən siniflərdə yaşca bir-birindən fərqli tələbələr oxuyurdu. Mənimlə birinci sinifdə Hüseyn adlı ucaboy bir tələbə vardı. Təxminən iyirimi-iyirimi iki yaşı olardı. Boyuna görə cılız idi. Söz danışanda qısa kirpikli gözlərini döyürdü. Çox sadə, təmizəxlaqlı, üzügülər, xoşrəftar və zarafatcıl idi. Adına Şorməkə Hüseyn deyirdilər. Atası zurnaçı olduğundan uşaqların bəzisi zarafatla ona "zurnaçı oğlu"da deyirdi. Atası başqa arvad alıb, ondan ayrı yaşadığına görə Hüseyn toylarda, qonaqlıqlarda qarmon çalıb-oxuyur və aldığı zəhmət haqqı ilə özünü, anasını və kiçik bacısını dolandırırıdı. Ona görə də, vaxtlı-vaxtında dərslərini hazırlaya bilməzdi. Bir gün onun həll edə bilmədiyi məsələni izah etmək üçün müəllim məni lövhəyə çağırdı. Məsələni həll etdim. Müəllim hər ikimizi sinif qarşısında saxlayıb dedi:
– Abdulla, Hüseynə bax!
Mən onun belindən idim. Altdan yuxarı ona baxdım, o başını yerə dikib durdu. Sonra müəllim ona dedi:
– Hüseyn, Abdullaya bax!
O da yuxarıdan aşağı acıqlı-acıqlı mənə baxanda bütün sinif güldü.
Bu hadisə Hüseynə çox toxunmuşdu. Odur ki, səhərlər tezdən sinfə gəlib dərslərimi təkrar etdiyim zaman Hüseyn məni qaldırıb çiyninə qoyar, sinifdə, daha çox həyət artırmasında o yan-bu yana qaçardı. Uşaqlar gülüşə-gülüşə onun arxasına düşərdilər. Çox yalvardıqdan sonra məni yavaşca yerə qoyub, deyərdi:
– Di get, məni bir də utandırma! Axund əminin oğlu olmasaydın, səni boynumdan elə atardım ki, yerindən qalxa bilməzdin.
Bir gün müəllimimiz Baxşəli bəy dərsə gecikmişdi. Hamı deyirdi ki, müəllim gəlməyəcək, saatımız boş keçəcəkdir. Uşaqlar sinifdə gülüb-danışırdılar. Şagirdlərdən kim isə yazı taxtasında bir beyt yazmışdı. Başımız danışığa elə qarışmışdı ki, həmin beyti kim yazdığına fikir verməmişdik. Bu vaxt Baxşəli bəy birdən qapıda göründü. Sinifdə bir dəfə o yan-bu yana dolaşdıqdan sonra, lövhədəki beyti görüncə üz-gözü qızardı. Lövhədə yazılmışdı:
Qəzəblənmiş müəllim bu misraların kim tərəfindən yazıldığını öyrənmək istəsə də, heç kim cavab vermədi. Baxşəli bəy dedi:
– İndi ki siz yazanı demirsiniz, üç gün axşam saat beşə qədər hamınız sinifdə ac və dustaq qalacaqsınız!
Sonuncu dərsin axırında o, məktəbin xidmətçisi Nəsiri çağırıb saat beşə qədər bizi sinifdə dustaq saxlamağı əmr etdi. Başqa sinif şagirdləri gülə-gülə, danışa-danışa evlərinə gedirdilər. Biz pəncərədən həsrətlə onlara baxırdıq. Mən bərk darıxırdım, evimizə istəyirdim.
Xidmətçi Nəsir o biri sinifləri təmizləyirdi. Hüseyn başqa yoldaşlarına nisbətən xeyli şən görünürdü. Hiss olunurdu ki, nəyəsə sevinir. Birdən o, papağını qaşlarının üstünə əyib pəsdən zümzümə eləməyə başladı. Hüseyn on-on beş dəqiqə şirin xalq mahnılarından oxudu. Sonra üzünü bizə tutub dedi:
– Eh, qarmonum burda olsaydı, sizə bir kef verərdim ki, dadı damağınızdan getməzdi.
O sözünü qurtarmamışdı ki, Baxşəli bəy içəri girdi. Görünür o, Hüseyni dinləyirmiş. Dərhal hamı yerinə keçdi.
Oxumağına görə, Hüseynə daha ağır cəza verəcəyini gözləyirdik. Müəllim bütün sinfi gözdən keçirdikdən sonra üzünü ona tutub dedi:
– Hüseyn, sən ağıllı oğlansan, səninlə bir məsləhət etmək istəyirəm.
Hüseyn qızardı, gözlərini döyə-döyə soruşdu:
– Müəllim, nə məsləhət?
Baxşəli bəy gülə-gülə dedi:
– Mən uşaqları azad etmək istəyirəm, sən nə məsləhət görürsən?
Hüseynin kefi açıldı, dedi:
– Qurban olum, müəllim, yaxşı işə nə məsləhət?
Sevindiyimizdən əlimiz-ayağımız yerə dəymirdi. Kitablarımızı yığışdırıb hazır durduq. Müəllim yazı taxtasına nəzər saldı. Beyt silinmişdi… Mənim zehnimdən isə silinməmişdi.
Bizi azad edən kimi arxama baxmadan evə qaçdım.
Cəzalandırıldığımı anam bilirmiş. O gün qonşumuz Gülsüm bacımla otağın bir guşəsində oturub oyuncaqlarla oynayırdılar. Anam yerə sərdiyi kiçik bir süfrəyə yeməyimi qoydu. Əlimi yeməyə uzadar-uzatmaz o gülə-gülə dedi:
– Bax, gördün, nadinclik edəni ac saxlayırlar.
Gülsümün yanında söylənən bu söz qüruruma toxundu.
Əlimi yeməkdən çəkərək dik qalxdım və ağlaya-ağlaya çıxıb getdim. Anam arxamca çox çağırdı, yalvardı, yaxardı, geri dönmədim.
Qəribə uşaqlığım var idi. İndi də bəzən hadisələri xatırlayanda qeyri-iradi gülümsəyirəm.
Bizim ev sahibi Hacı Rzanın Asiya adlı böyük bir qızı vardı. Mən hələ uşaq ikən qucağına alır, üzümdən öpüb, "Sənə gedəcəyəm", – deyərdi. Mən də xidmətçimiz məşədi Pərinin öyrətdiyi sözləri ona deyərdim:
– Asiya xanım, gəl bizə, götürüm, qaçım Təbrizə.
Bir gün Asiya xanımı nişanladılar. Toy başlandı. Məşədi Pəri mənə dedi:
– Abdulla, nişanlın ərə gedir, nə qayıracaqsan?
Qonşudakı hazırlığı görüb əhvalatı anladım. O gün evdən dışarı çıxmadım. Anam nə qədər çalışdı ki, məni toya aparsın, razı olmadım, evdə oturub xeyli ağladım. Axır əhvalatı gəlinə söylədilər. Asiya xanım gəlinlik paltarında gəldi. Məni qucaqlayıb aparmaq istədi. Getdim. Köçdükdən sonra tez-tez atası evinə gəlirdi. O gəldiyi zaman məni görməsin deyə, evdən çıxırdım.
Bakıda uzun müddət müəllimlik edən Abbas Minasazov, Bakı və Tiflisdə nəşr edilən rus qəzetlərində çıxan məqalələri ilə şöhrət qazanmış Şahhüseyn Minasazov bizimlə qapı-qapıya qonşu idi. Şahhüseyn mənimlə yaşıd və sinif arqadaşım idi. Onun bacısı Gülsüm kiçik bacım Ruqiyyə ilə yaşıd idi. O hər gün öz gəlinini götürüb bacımın yanına gəlir, eyvanda palaz salıb gəlin-gəlin oynayırdı. Mən qara, qıvırcıqsaçlı bu gözəl qızı dəlicəsinə sevirdim. O, bizə gəlmədiyi gün gözlərim onu arardı. Ancaq ona bir kəlmə də olsun söz söyləyə bilməzdim. O, arabir "Abdulla" – deyə məni çağırdığı zaman qızarardım. O zaman doqquz, on yaşından artıq olmazdım. Bu saf, səmimi çocuq sevgilərim bu gün ən dəyərli bir xatirə olaraq könlümün ən dərinliklərində saxlanmışdır.
Mənim təbiətim böyük qardaşıma əsla bənzəməzdi. O vücudca və yaşca özündən çox böyük və qüvvətli uşaqlarla güləşir, qapışır və daima qalib gəlirdi. Qaçaq Kərəm rolunu oynamaq onun ən çox sevdiyi oyunlardan idi. Özü Kərəm və məhəllə çocuqları onun yasovulu olurdu. Küçələrdə qoyduğu qarovullar oradan keçən yabancı uşaqları tutub, "Kərəm səni çağırır" – deyə çəkə-çəkə qardaşımın hüzuruna gətirirdilər… Qardaşım, "Sən Kərəmin torpağından izinsiz nə üçün keçirsən?" – deyə onları döydürürdü. Bu oyun mənim əsla xoşuma gəlməzdi və arabir sıradan çıxıb oynamaq istəmədiyim zaman qardaşım məni tənbeh edərdi. Mənim sevdiyim – aşıq-aşıq, dirədöymə və turna-turna idi. Ona görə də "Kərəm" oyunu adı çəkilincə bir bəhanə ilə sivişib evə gedərdim, bacımla oynardım.
Mövhumat
Bir fars şairi demişdir: "Bə hər koca ki, rəvi, aseman bəyek rəng əst", yəni "Hər yerə getsən, göy bir rəngdədir". O zaman Şərq xalqlarının həyat tərzi, adət və ənənələri bir çox cəhətdən bir-birinin eyni idi. Bu yaxınlığı yaradan mənəvi amillərdən biri islam dini idi.
Tiflis Zaqafqaziyanın mədəni mərkəzlərindən biri olmasına baxmayaraq, müsəlman Şərqinə məxsus həyat tərzi, adət və ənənələr, etiqad və görüşlər burda da davam etməkdə idi. Xüsusən Cənubi Azərbaycandan Tiflisə gələn azərbaycanlılar, orda hökm sürən mövhumatı, İran istibdadının məhsulu kimi meydana çıxan adət və ənənələri özləri ilə bərabər gətirir və yayırdılar. Tiflisdə yaşayan azərbaycanlıların bir hissəsini də öz vətənindən didərgin düşən, şah istibdadının şikəst və müti etdiyi Cənubi azərbaycanlılar tərəfindən rəğbət və məhəbbətlə qarşılandılar. Lakin Cənubi Azərbaycandan Tiflisə mollalar, seyidlər, falçı və dərvişlər gəlirdilər ki, bunlar yerli xalqa dini adətlərin, mövhumatın möhkəmlənməsi və yayılmasına təsir göstərirdilər. Dövrün qabaqcıl ziyalıları gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək rus və Avropa mədəniyyətini, təbiət elmlərini yaymaqla məşğul olduqları halda, Cənubi Azərbaycandan gələn din nümayəndələri yerli mürtəcelərlə birləşib, yeni üsullu məktəblər əleyhinə təbliğat aparır, öz uşaqlarını "üsuli-cədid" məktəblərində oxudanlara minbərlərdən lənət oxuyur, qiyamət günü peyğəmbərin yanına üzüqara gedəcəklərini söyləyir, uşaqları mollaxanalarda oxutmağı tələb edirdilər. Beləliklə, yeni, qabaqcıl görüşlərlə köhnə, mürtəce görüşlər mübarizə aparır, üz-üzə gəlirdi.