Abdulla Şaiq – Xatirələrim (страница 2)
Tiflis bu dövrdə yalnız Gürcüstanla deyil, bütün Zaqafqaziya xalqlarının siyasi-ictimai həyatı ilə bağlı şəhər idi. Zaqafqaziya və Dağıstan müsəlmanlarının, o cümlədən azərbaycanlıların az-çox mədəni-maarif ocaqlarını idarə edən təşkilatlar, dini idarələr Tiflisdə yerləşirdi. Çarizmin millətləri parçalamaq siyasətinə uyğun olaraq Tiflisdə müfti və şeyxülislamın rəhbərliyi altında iki ruhani idarəsi təşkil edilmişdi. Müfti sünnilərə, şeyxülislam isə şiələrə rəhbərlik edirdi. Bunların hər birinin iki müavini, rusca və azərbaycanca yazan iki katibi və bir hesabdarı var idi. Şəhər və qəzalara təyin edilmiş qazı və mollalar idareyi-ruhaniyyələrə, idareyi-ruhaniyyələr isə Zaqafqaziya canişininə tabe idi.
Bu zaman Tiflisdə, Zaqafqaziya canişininin göstərişi ilə, şeyxülislamın və müftinin nəzarəti altında altı sinifli məktəb açılmışdı. Dərsləri rus dilində aparılan bu məktəb altı sinifli rus məktəblərinin proqramını qəbul etmişdi. Əlavə olaraq bu məktəbdə Azərbaycan dili, fars dili və ərəb qəvaidi də keçilirdi. Atam Axund Molla Mustafa Tiflisdəki ruhani idarələri və açılan məktəblərlə əlaqədar olduğundan, orada yaşayırdı. Mən də dünyaya gözlərimi ilk dəfə bu şəhərdə açmış, uşaqlıq illərimi də orada keçirmişəm.
Qardaşım Abdullanın[1] ölümü ata-anasının qəlbini dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. Yolu gözlənən həmin çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan, onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tayı olan bacım Mərziyə də ata-anamızın qəlbindəki dərdi, kədəri silib yerinə sevinc və şənlik qığılcımları saçdıq. Ailəmiz yenidən şənləndi.
Atam Axund Molla Mustafa Süleyman oğlu o zaman Tiflis qazısının müavini vəzifəsində çalışıb, ayda 25 manat maaş alırmış. Əsli Borçalı mahalının Sarban kəndindın idi. Çox varlı olmamasına baxmayarq: "Gözün aydın, Axund əmi, oğlun oldu" – deyə onu muştuluqlayan mamaya 5 manat bağışlamışdı. Bacım Mərziyə bir saat məndən sonra dünyaya gəlmişdi. Əfsus ki, çox yaşamadı, 3 ay sonra vəfat etdi. Mən doğulduqdan iki həftə sonra atam şeyxülislamın müavini təyin edildiyindən maddi vəziyyətimiz bir az yaxşılaşmışdı.
Atam qarayanız, ortaboylu bir kişi idi. Qara, enli qaşları, iri, qara gözləri, bir tutumluq şəvə kimi qara saqqalı var idi. Bığına, saqqalına rəng və həna yaxdırmağı vərdiş etmişdi.
Atam ruhani olmasına baxmayaraq, öz təbiəti etibarilə daha çox müəllimə bənzəyirdi. (Məncə, vəzifənin insanların əhvali-ruhiyyəsinə az-çox təsiri olur). O, məhdud fikirli, mütəəssib, zaman və mühitini düşünməyən ruhanilərdən deyildi. Vəzifəsinə sadiq, haqqı və doğruluğu sevən, zamanının maarifçi şəxslərindən idi. İdareyi-ruhaniyyədən və müəllim olduğu altı sinifli məktəbdən aldığı zəhmət haqqı ilə ailəsini dolandırırdı. Məktəbdə şəriət fars dili və ərəb qəvaidi müəllimi idi. Bütün Tiflis camaatı onu sevirdi. Hamı onu "Axund əmi" çağırırdı.
Anam nağıl edirdi ki, Mirzə Fətəli Axundov, şeyxülislam Molla Əhməd Səlyaninin və atamın yaxın dostu imiş. Evləri bizə yaxın olduğundan bazar günləri atamın yanına söhbətə gəlirlərmiş. Söhbət zamanı hərdən mübahisə də edərlərmiş.
Atamın zəngin kitabxanası var idi. Anamın dediyinə görə, M.F.Axundov da atamın kitabxanasından istifadə edər, tez-tez ondan kitab alıb apararmış. Bunların çoxu dini kitablar idi. Görünür, M.F.Axundov islam dinini və şəriət ehkamlarını tənqid edərkən, islam dininin özünü öyrənmək üçün bu kitablardan istifadə edirmiş. Bir dəfə anamın "Qonaqla nəyin üstündə belə deyişirsən?" – sualına atam cavab verir ki, "Hər gələndə dindən söz açır. Çox ağıllı, bilikli və xeyirli adamdır, hayıf ki, etiqadı xarabdır".
Atamın bəylərlə heç arası yox idi. Doğulduğu Sarban kəndində bəylərin törətdikləri vəhşilikləri gördüyündən onlara qarşı dərin nifrət bəslərdi. Onlardan söhbət düşəndə çox tez-tez təkrar etdiyi bu beyti deyərdi:
Maraqlı burasıdır ki, atam bu beyti öz tələbələrinə də əzbərlətmişdi.
Anam Mehri qısaboylu, ətli-canlı, ağbəniz, açıq alınlı bir qadın idi. Qısa kirpikli, xırda, qara gözləri, bir-birindən aralı nazik qaşları vardı.
Anam çox gəzməyi, bəzənməyi sevməz, arabir ancaq qardaşıgilə gedərdi. O da şəraitin və köhnə adət-ənənələrin məhkum etdiyi yüzlərlə Şərq qadınlarından biri kimi, sevmədən, tanımadan atama verilmişdi. Uşaq ikən Nərimanovlar familiyasına mənsub olan Molla Fatmanın yanında üç-dörd il oxumuşdusa da, bir şey öyrənməmişdi.
Sənəm nənəm əri Cəfər öldükdən sonra, dörd qardaşın bir bacısı olan qızı Mehrinin üstündə yarpaq kimi əsirmiş. Dindar və mövhumatpərəst nənəm göz dəyməsin deyə, hər gün üzərlik yandırıb qızını onun üstündən keçirir, boynundan göy muncuq asır, hər ay dua yazdırıb üstünə tikirmiş. Dindar arvadın ürəyi bunlarla da sakit olmayıb, nəzir edibmiş ki, "qızım ölməyib əlimdə qalsın, onu seyidə verim". Buna görə də hər cümə axşamı Tiflisdə məşhur seyidlərdən olan Mir Nemətulla ağanın ocağında şam yandırırmış.
Atam yaxın qohumu olan anamı qız ikən görüb ona vurulubmuş. Lakin bilirdi ki, dindar Sənəm qızını seyiddən başqa heç kəsə verməyəcəkdir. Mir Nemətulla ağa ilə dost olduğundan dərdini gedib ona açır. Mir Nemətulla ağa atamın sözünü yerə salmayıb onunla birlikdə Sənəm nənəmin yanına gedir. Nənəm onların qabağına şirin çay töküb qoyanda ağa fikrini açıb söyləyir:
– Sənəm xanım, mən sənin qapına həmişə gələn adam deyiləm, bu gün vacib bir iş üçün gəlmişəm. Sözümü yerə salsan, çayımı içməyib çıxıb gedəcəyəm. Mən qardaşım Axund Mustafa tərəfindən elçi gəlmişəm. Mehri xanımı ona almaq istəyirəm.
Sənəm nənəm cavabında deyir:
– Ağa Molla Mustafa bizə yad deyil. Gəlinimin qardaşıdır. Ancaq mən nəzir eləmişəm ki, qızımı seyidə verim.
Mir Nemətulla ağa deyir:
– Molla da seyid kimi bir şeydir.
Nənəmin sözü kəsilir, razılıq verməyə məcbur olur. Bundan sonra Mir Nemətulla ağa əvvəlcə atamın, sonra da öz çayını qarışdırıb deyir:
– Allah mübarək eləsin, xoşbəxt olsunlar, indi ağzımızı şirin eləyə bilərik.
İlk qədəm
Biz o zaman Tiflisin müsəlman məhəlləsində – Varantovski küçədə hacı Rza deyilən bir adamın mülkündə olurduq. İki mərtəbədən ibarət olan bu binanın həyətə baxan hissəsinin birinci qatında biz, ikinci qatında şeyxülislam Mirzə Həsən Tahirov öz ailəsi ilə yaşayırdı. Həmin binanın küçəyə baxan hissəsinin birinci qatında altı sinifli məktəb, ikinci qatında isə ruhani idarəsi yerləşirdi. Həyətin sağ və sol tərəfindəki çiçəkliklər tünd yaşıl rəng çəkilmiş qısa, nazik taxtalarla çəpərlənmişdi.
Altı sinifli məktəb şeyxülislamın nəzarəti altında olmasına baxmayaraq, başqa şəhər məktəbləri kimi o da Tiflisdə olan Zaqafqaziya maarif müfəttişliyinə tabe idi. Dərslər rus dilində keçilirdi. Ruhani idarəsi nəzdində olduğu üçün proqrama şəriət, Azərbaycan, fars və ərəb dilləri də daxil edilmişdi.
Mən hələ məktəb yaşına çatmamışdımsa da, həmin məktəbin şagirdləri ilə tanış ola bilmişdim. Tənəffüs zamanı onlarla həyətdə görüşür və bir yerdə oynayırdıq. Atam həm ruhani idarəsində işlədiyinə, həm də məktəbdə müəllim olduğuna görə, məktəb müəllimləri məni yaxşı tanıyırdılar.
1888-ci ilin sentyabr ayı idi. Dərslər başlanmışdı. O gün zəng vurulduğu zaman uşaqlarla bərabər mən də birinci sinfə girib, yeni tanış olduğum Nəbiağa adlı tələbənin yanında oturdum. Müəllim etiraz etmədi. Dərslər bitdikdən sonra evə gedərkən müəllim, "Sabah kitab, dəftər, qələm gətir" – dedi.
Səhəri gün rəsmi bir tələbə kimi bilik ocağına ayaq basdım. Dərsdən sonra kitablarım qoltuğumda evə qayıtdığım zaman anam məni çox mehriban qarşılamışdı. O gün şadlığımdan yerə-göyə sığmırdım.
Müəllim çatışmadığından bir otaqda iki-üç sinif yerləşirdi. Üç birinci sinifdə Baxşəli bəy, o biri siniflərdə Paşa bəy dərs keçirdi. Paşa bəy qumralgözlü, arıq, ortaboylu, Baxşəli bəy isə qarayanız, Paşa bəyə nisbətən uca və kürəkli bir şəxs idi. Müəllimlərimizin hər ikisi saqqal qoyurdu. Baxşəli bəyin bir az uzun, şəvə kimi qara saqqalı ona çox yaraşırdı. Onlar təbiətcə bir-birindən gözəl adamlar idi.
Tənəffüs zamanlarında artırmada gəzişə-gəzişə şirin və mehriban söhbət etmələri, hərəkət və rəftarları bizə böyük tərbiyə dərsi idi. Biz tələbələr də onları təqlid edərək, bir-birimizə mehriban olmağa çalışırdıq. Onların hər ikisi Qori seminariyasının məzunları idi.
Mən müəllimlərimi çox sevirdim. Bilmirəm, mənmi həddindən artıq xəyalpərəst bir uşaq idim, ya onlar doğrudan da, bu qədər nəcib insanlardılar?! Mən onları uşaq xəyalımda dərəcə-dərəcə böyüdür, bir növ, bizim kimi adi insan olduqlarına inana bilmirdim. Onların hər bir hərəkəti, rəftarı məndə coşqun hisslər, yüksək düşüncələr oyadırdı. Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə səmimi məhəbbətimdən irəli gəlirdi. Səhərlər ala-qaranlıqdan oyanır, dərslərimi lampa işığında təkrar oxuyub hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə, o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım.