Abdulla Şaiq – Kiçik qəhrəman (страница 2)
– Dəvə qardaş, vəd etdiyin bir batman ətimi ver.
Dəvə cavab verdi:
– Tülkü lələ, mən sözümdən qaçmıram. Ancaq neyləyim? Budumdan versəm, topal olaram, qolumdan versəm, şil olaram, hər hansı yerimdən versəm, məni şikəst edər.
Tülkü narazı halda yoluna davam etdi. Qarşısına bir Qurd çıxdı. Qurd ondan soruşdu:
– Niyə qəmlisən, Tülkü lələ?
Tülkü əhvalatı başdan-ayağa Qurda danışdı və ondan kömək istədi. Qurd dedi:
– Məni apar onun yanına. Mən Dəvədən sənin ətini alıb verərəm.
Tülkü qurdu götürüb birbaş Dəvənin yanına gətirdi. Qurd acıqlı-acıqlı soruşdu:
– Ey, dəvə baba, Tülkü lələnin bir batman ətini niyə vermirsən?
Dəvə cavab verdi:
– Ay Qurd qardaş, mən Tülkünün ətini danmıram, verəcəyəm, ancaq neyləyim? Belimdən versəm, yağır olaram, qolumdan versəm, şil olaram, budumdan versəm, topal olaram. Daha neyləyim, özümü əlil edə bilmərəm ki…
Qurd bağırdı:
– Mən bilmirəm, bu saat Tülkünün ətini ver!
Qurd ilə Tülkü hərəsi bir yandan Dəvənin üstünə hücum etdilər. Dəvə işi belə görüb dedi:
– Qurd qardaş, savaş nə gərək, ətin yerini tapmışam, yaxın gəl, bax mənim bu dilim bir batman gələr. Onu verim, Tülkü lələ ilə məni barışdır.
Qurd quyruğunu bulayıb tez irəli gəldi. Dəvə ağzını açıb qurda dilini göstərdi. Qurd Dəvənin dilini qoparıb yemək üçün başını Dəvənin ağzına soxdu. Dəvə tez Qurdun başını dişləri arasında elə bərk sıxdı ki, Qurd ağrının gücündən atılıb-düşməyə başladı. Tülkü Qurdun bu halını görüb ona dedi:
– Bu sıxmaq ki Dəvədə var, bu atılıb-düşmək ki səndə, deyəsən, mənim bir batman ətim arada gedəcək.
ARI VƏ KƏPƏNƏK
Bir Arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir Kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez Kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan Kəpənək dedi:
– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!
Arı ona cavab vermədi, çiçəkdən çiçəyə qonmaqda davam etdi. Bu dəfə Arı Kəpənəyin yanından uçub keçərkən Kəpənək yenə acıqlandı.
– Ey, sən bu zəhlətökən vızıltını kəs, başım, beynim getdi. Görmürsən şirə əmirəm?
Arı vızıldayaraq cavab verdi:
– Ey xeyirsiz böcək! Xallı qanadlarınla çox öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam, onu bütün el yeyir, səndən kim bir fayda görmüş?
TÜLKÜ VƏ DOVŞAN
Tülkü tələsik qaçırdı. Bir Dovşan onu görüb soruşdu:
– Tülkü qardaş, nə var? Nə olub?
Tülkü cavab verdi:
– Padşahdan əmr var, dəvələri tutub işləməyə aparırlar.
– Axı bundan sənə nə? Sən ki dəvə deyilsən!
– Eh, vaxtımı alma, mən də bilirəm ki, dəvə deyiləm. Ancaq mən tülkülüyümü isbat edincə dərimi boğazımdan çıxararlar.
HACILEYLƏK VƏ SƏRÇƏ
Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir Sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün Hacıleylək Sərçəyə dedi:
– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam, günəş səni və balalarını yandırıb kül edər.
Sərçə cavab verdi:
– Doğru deyirsən, qonşu, sənin iri yuvan, iri qanadların bizə çox kömək edir, günəşin hərarətindən saxlayır. Buna görə sənə çox təşəkkür edirəm. Ancaq unutma ki, mən də olmasam, qarışqalar ağaca dırmaşıb səni və balalarını tələf edər. Mən bu kiçik dimdiyimlə onları bir-bir dənləyib yuxarı çıxmağa qoymuram.
TÜLKÜ VƏ DƏVƏ
Bir Tülkü gecələr hinlərə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kəndin əhli bu Tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.
Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün birbaş Tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü Dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu Dəvəni yuvama çəkərəm, sonra da bir ay ləzzət ilə yeyərəm”.
Bu fikir ilə Tülkü Dəvənin quyruğunu öz quyruğuna möhkəm bağladı. Sonra bütün qüvvəti ilə Dəvəni yuvaya çəkməyə başladı. Dəvə quyruğunda bir şeyin tərpəndiyini görüb ayağa qalxdı. Tülkü onun quyruğundan sallana qaldı, qorxusundan Dəvəni dişləməyə, cırmaqlamağa başladı. Dəvə bayaq götürüldü, qaça-qaça birbaş kəndə gəldi. Kənd əhli və itlər Tülkünü Dəvənin quyruğunda görüb onu tutdular.
HEKAYƏLƏR
MURAD
Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.
Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacı-qardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardı; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib-gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.
Amma Murad heç qapı-bacada tapılmazdı. Səhər evdən çıxar, bir də axşam evə qayıdardı. O gün olmazdı ki, Muradın üstü, başı cırılmış evə qayıtmaya idi. Hər kəslə döyüşər, söyüşərdi. Ona görə də onu heç kəs sevməzdi. Hətta öz ata və anası da Muradı sevməzdi. Onun əlindən bacısı Bilqeysin isə heç rahatlığı yox idi. Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı. Ona görə Bilqeys qardaşı Muradla heç oynamaz və ondan qorxardı.
Bilqeys mehriban bir qız olduğu üçün qapılarındakı heyvanları və quşları da çox sevərdi. Heyvanlar və quşlar da əvəzində Bilqeysi sevərdi və ondan qaçmazdılar. Çox vaxt olurdu ki, bağçada oynadığı zaman Mərmər pişik, Dəmir it, Məstan xoruz, toyuq-cücələr Bilqeysin başına cəm olar və onun əlindəki çörək parçasını alıb yemək istərdilər. Bilqeys isə çörəyi parça-parça edib, bir az Məstan xoruza, bir az toyuq-cücələrə, bir az da it və pişiyə atırdı. Hamısı soxulub yeməyə məşğul olardı. Bilqeys qara, iri gözlərini onlara dikib baxardı. Bir də görərdi ki, it öz çörəyini yeyib qurtardı. Yavaş-yavaş ağzını pişiyin qismətinə uzadır; pişik də mırıldaya-mırıldaya çalışır ki, ağzındakı çörəyi yeyib qurtarsın; həm də pəncələri ilə yerdə qalan çörəyi bərk-bərk tutub, acıqlı-acıqlı itə baxır, amma it baxmayıb soxulur ki, pişiyin, ya xoruz-toyuğun çörəyini qapıb yesin; bu vaxt xoruz qaqqıldaya-qaqqıldaya itin üstünə atılırdı; ya da pişik belini qaldırıb, dişlərini itin üstünə qıcayıb mırıldayır və birdən-birə sıçrayıb itin üzünü cırmaqlayırdı.
Bilqeys bu tamaşadan doymazdı, gülə-gülə onların davasına baxardı.
Murad isə yoldaşlarını və bacısını incitdiyi kimi, heyvanları da incidərdi. Hələ qapılarındakı Dəmir köpəyə onun əlindən gün və dirilik yox idi. Qapı ağzında uzanıb yatarkən Murad əlindəki daş ilə itin harasına gəldi vurardı. Yazıq it quyruğunu böyrünə qısıb, vəngildəyə-vəngildəyə qaçar, yainki iri qara ağzını açıb Murada hürərdi. Odur ki Muradı heç sevməzdi. Onu harada görsə, qaçıb gizlənərdi. Mərmər pişik də Muradı sevməzdi. Onun kölgəsini uzaqdan görəndə quyruğunu qısıb, tələsik özünü bir yerə soxub gizlənərdi; çünki həmişə Murad onun quyruğundan tutub dartardı. Murad pişiyin arxasınca düşdüyü zaman pişik əvvəlcə qaçar, Muradın ona yaxınlaşdığını görüncə birdən-birə dayanardı, belini dikləyib, dişlərini qıcayıb, “puf” eləyib Muradın üstünə atılardı. Hətta bir neçə dəfə əllərini, üzünü cırmaqlayıb Muradı ağlaya-ağlaya evlərinə göndərmişdi.
Elə ki axşam olurdu, təpələrdən, yamaclardan naxır mələşə-mələşə kəndə gəlirdi. Murad əlinə çomağını alıb naxırın içinə girərdi, əlindəki çomaqla o inəyin, bu öküzün harası gəldisə vurardı.
Murad bir dəfə bir qara inəyin arxasınca düşdü. İnək axırda təngə gəlib döndü və Muradı buynuzlarına götürüb, yerə elə çırpdı ki, qurbağa kimi yerə sərildi. Murad tamam bir saat özünə gəlmədi. Ondan sonra Murad nə Dəmir köpəyə, nə Mərmər pişiyə, nə də inəklərə yaxın gedə bilmirdi.
Bağçalarındakı yasəmən ağacı altında bir səbət içində toyuqlar yumurtlayırdı. Bir gün Murad bağçada gəzirdi. Çil toyuq yumurtlayıb çıxanda Murad gördü. Yavaş-yavaş gəlib yumurtaları cibinə doldurdu ki, aparsın. Məstan xoruz bunu uzaqdan görüb, uça-uça Muradın üstünü aldı.
Murad çox qorxmuşdu, bilmirdi ki, nə etsin. Axırda arxasında gizlətdiyi yumurtanı atıb qaçdı, xoruz əl çəkməyib, onun arxasınca düşdü. Muradın ayağı bir ağaca ilişib yıxıldı; cibindəki yumurtalar sındı, cibi və paltarı yumurtaya bulandı.
Murad qorxusundan evə gedə bilmirdi. Çünki paltarları başdan-ayağa yumurta sarısı idi.
Murad bağçada bir alma ağacının altında oturub nə edəcəyini düşünürdü. Gördü ki, Bilqeys bağçaya çıxdı, “Məstan, Məstan!” deyə bağırdı. Bağçanın o biri başından xoruz uça-uça gəldi. Bilqeys xoruzun başına bir papaq tikmişdi.
Mehriban qız o balaca əllər ilə xoruzun papağını başına qoydu, lent ilə bağladı, sonra şirin dil ilə dedi ki:
– Məstan xoruzum, ceyran xoruzum, gör sənə nə gözəl papaq tikmişəm!
Deyəsən ki, xoruz da Bilqeysin mehriban dilini anlayırdı; gözlərini Bilqeysin üzünə dikib, dinməz-söyləməz dururdu. Bilqeysin qəlbinə dəymək istəmirdi; Çünki Bilqeys onları çox sevirdi. Hətta sarı toyuq da cücələri ilə Bilqeysin Məstan xoruza bağışladığı papağa diqqətlə baxırdı. Bilqeys çox şad idi.