реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Kiçik qəhrəman (страница 1)

18

Abdulla Şaiq

Kiçik qəhrəman

“Şaiqdə nadir bir müəllimlik xüsusiyyəti vardı. O, hər tələbənin qəlbinə nüfuz etməyi bacarırdı. O, öz tələbələrinin hansı ailədə nə kimi şəraitdə yaşadıqlarını yaxından öyrənir və hər tələbəyə onun xasiyyətinə görə yanaşmağı bacarırdı. O, həm də çox tələbkar bir müəllim idi… Demək olar ki, ədəbiyyatı bizə çox sevdirənlərdən, ədəbi zövqümüzü tərbiyə edənlərdən biri sevimli ədibimiz Abdulla Şaiq olmuşdur,”

“Doğma Vətən torpağına, zəhmətkeş insanlara, Azərbaycanın zəngin təbiətinə sonsuz məhəbbət aşılayan Abdulla Şaiqin uşaq şeirləri qəlbimizdəki Şaiq guşəsinin heç vaxt unudulmaz, ən cazibədar xatirələrindən biridir. Zaman keçdikcə bu guşə təzə-təzə lirik şeir, hekayə, poema, povest, roman və pyeslərlə daha da zənginləşmiş, qəlb sahiblərini də uca bəşəri ideallar, zərif insani hisslər və yüksək duyğularla zənginləşdirmişdir,”

ÖN SÖZ

Abdulla Şaiqin yaradıcılığı sinkretik mahiyyət daşıyır. Bu irsdə müxtəlif janrlara, mövzulara, ideya-estetik təmayüllərə təsadüf etmək olar. Ədib əruz və heca vəznində şeirlər, mənzum nağıl, felyeton, hekayə, povest, roman, pyes, poema, təmsil kimi janrlarda əsərlər yazmış, insan həyatının müxtəlif tərəflərini əks etdirən mövzuları ədəbi müstəviyə gətirmişdir.

Ədib yaradıcılığa təmsil janrı ilə başlayıb. 1893-cü ildə Abdulla Talıbzadə anası, bacısı və qardaşı ilə birlikdə Xorasana köçürlər. Əslən urmiyalı, Misirdə təhsil almış, Bağdadda, İstanbulda müəllim kimi fəaliyyət göstərmiş qabaqcıl görüşlü ziyalı Yusif Ziyadan dərs aldığı dövrdə İ.V.Krılovun “Sazəndələr” təmsilini, ardınca şairin “Qurd və pişik”, “İki öküz”, “Meymun və gözlük”, “Qarğa və pendir” təmsillərini rus dilindən fars dilinə çevirir. Tərcüməni bəyənən Yusif Ziya balaca Abdullaya onları ana dilində yazmağı tövsiyə edir.

Sonralar Abdulla Şaiq təmsil janrına tez-tez müraciət edir. Ədibin aşağı siniflər üçün tərtib etdiyi dərsliklərdə özünün yazdığı, həmçinin Avropa ədəbiyyatından tərcümə və təbdil etdiyi təmsillər yer alırdı. O, alleqoriyalar, rəmzlər vasitəsilə insana məxsus hər hansı xüsusiyyətin heyvanlar və ya əşyalar üzərinə köçürərək mətnaltı mənanı uşaqların qavrama səviyyəsinə uyğunlaşdırır və onların əsərdən doğru nəticə çıxarmasını asanlaşdırırdı. Bununla da yazıçı balacaları ibrətamiz bir həyat hadisəsi ilə tərbiyələndirir, həm də əşyalarla, bitki və ya heyvanat aləmi ilə tanış edirdi.

Böyük pedaqoq Uşinskinin dediyi kimi, səslər, duyğular, formalarla düşünən uşağı başqa cür düşünməyə vadar etmək əbəsdir. Abdulla Şaiq peşəkar pedaqoq-psixoloq kimi məsələyə məhz bu nəzər nöqtəsindən yanaşır, azyaşlıların ruhunu oxşayan obrazlı, canlı, ritmik, rəngarəng bədii nümunələr yaradırdı. Belə şeirlərdə nəsihətçilik, quru mühakimə ilə rastlaşmırıq, onlar sadə, aydın, səmimi bir dildə yazılır.

Abdulla Şaiq epik növün daha geniş imkanların-dan yararlanaraq böyük yaşlı uşaqlar üçün də əsərlər yazır. “Oyunçu bağalar”, “Kələkbaz Albert”, “Köç”, “Məktub yetişmədi”, “Xasay”, “Əsrimizin qəhrəmanları” kimi nəsr əsərləri həyat hadisələrinə daha şüurlu yanaşa bilən, onlardan nəticə çıxarmaq qabiliyyəti formalaşan yeniyetmələr, gənclər üçün nəzərdə tutulmuşdu.

“Məktub yetişmədi” hekayəsini Abdulla Şaiq 1908-ci ildə yazmışdır. Balaxanı orta məktəbində müəllimlik edən həssas qəlbli ədib mədənlərdəki fəhlələrin həyat tərzini müşahidə edir və onların ağır əməklərinə, çətin həyatlarına laqeyd qala bilmir. Hekayənin adı artıq baş verəcək faciədən sanki xəbər verir. Əsərin qəhrəmanının “Qurban” adlandırılması da təsadüfi görünmür. Qurban – XX əsrin əvvəllərində Bakının neft buruqlarında ağır şəraitdə çalışan və çox vaxt ağır şəraitin qurbanına çevrilən minlərlə fəhlənin ümumiləşdirilmiş obrazıdır.

İlk dəfə 1912-ci ildə “Bəxtiyarlığım” adı ilə “Gülzar” dərsliyində çap olunan “Köç” hekayəsi Abdulla Şaiq nəsrinin maraqlı nümunələrindəndir. Təbiət, onun toxunulmazlığı, təbiəti təşkil edən ayrı-ayrı ünsürlər – bitkilər, quşlar, heyvanlar, onların rəmzləşdirilməsi Abdulla Şaiq yaradıcılığının əsas leytmotividir. Təbiəti bir rəssam həssaslığı və dəqiqliyi ilə təsvir edən yazıçının məqsədi böyüməkdə olan nəslə Azərbaycan təbiətini tanıtmaq və sevdirmək idi. Kərim babanın pələngə münasibəti, öldürdük-dən sonra ona qarşı duyğuları nəinki uşaqları, böyükləri də təsirləndirməyə bilməz: “O igid heyvanı öldürdüyümə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm” – deyən Kərim babanın timsalında müəllif təbiətin munisliyini, saflığını, bu saflığa əl uzadanların cəzalanacağını xatırladır.

İctimai-sosial həyatda nöqsanları görən Abdulla Şaiq bu nöqsanların aradan qaldırılması yollarını bir pedaqoq-psixoloq kimi dəyərləndirir. “Xasay” povesti, “Əsrimizin qəhrəmanları” romanı ilə fərdin şəxsiyyət olaraq formalaşmasında təhsil və tərbiyənin əhəmiyyətli rolunu vurğulayır. Tərbiyədə mühit, məktəb vacib olduğu kimi, uşaq – valideyn – müəllim üçbucağı da əsasdır, əsərin təlqin etdiyi əsas ideya budur.

Abdulla Şaiqin digər nəsr əsərlərində də vətənə, təbiətə, insanlara məhəbbət, öz soykökünə, milli mədəniyyətinə, milli dilinə və tarixinə ehtiram hissləri aşılanır.

TƏMSİLLƏR

TÜLKÜ VƏ XORUZ

Bir İt ilə Xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr Xoruz ağac başında, it də ağacın altında yatırdı.

Bir gün səhər dan yeri ağaranda Xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü Xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini Xoruza dikərək oturdu. Sonra mehriban səslə dedi:

– Xoruz qardaş, nə gözəl səsin var. Sənin səsin bu çöldə ötən bülbüllərin səsindən də ürəyəyatımlıdır. En aşağı, dost olaq. Mən bir dəf tapıb çalım, sən də oxu, ikilikdə bu yaşıl çəməndə gözəl gün keçirək.

– Yox, Tülkü baba, – deyə Xoruz ona cavab verdi. – Mənim vaxtım yoxdur. Kef məclisini qoyaq sonraya. Bu gün başım çox qarışıqdır.

– İşinin adı nədir?

Xoruz cavab verdi:

– Tülkü baba, bu çöl mənə babamdan qalıb. Burada mən bir kənd salmaq istəyirəm.

– Elə isə en aşağı, bu yerdən mənə də bir parça ver, özümə bir ev tikim. Gecə-gündüz sənə dua edərəm.

Xoruz vüqarını pozmadan cavab verdi:

– Bu işə mühəndisim baxır, get, dərdini ona söylə, o sənə bir parça yer ayırıb verər.

Tülkü elə sandı ki, Xoruzun mühəndisi bir toyuq olacaq. Ona görə də tez soruşdu:

– Sizin o mühəndis haradadır?

– Odur, ağac altında yatır.

Tülkü ağac altını gəzərkən Alabaş İt onu gördü. Tez qalxıb Tülkünün üstünə cumdu. Tülkü qaçdı, İt qaçdı, qarşıya bir uçurum çıxdı. Tülkü uçurumu görüb tez geriyə döndü. Yenə həmin ağaca tərəf qaçmağa başladı. Ağacın yanından keçərkən Xoruz ucadan soruşdu:

– Tülkü baba, ölçdüyün bu qədər yer sənə bəs deyilmi? Dayan!

Tülkü cavab verdi:

– Danışmağa vaxtım yoxdur, ancaq bu boz mühəndis sənə yaxşı kənd abad edər.

DƏVƏ VƏ SIÇAN

Bir Dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir Siçan yuvasından çıxmaq istərkən Dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, Dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerində hərəkət etdi. Dəvə hərəkət etdikcə Siçan ipi dartıb çəkdi. Siçan getdikcə Dəvə də itaət edib onun ardınca gedirdi. Siçan öz-özünə lovğalandı: “Sən bu Siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinmədi.

Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də Dəvəyə.

Dəvə dedi:

– Siçan bəy, yolçu yolda gərək, çayı keç gedək.

Siçan cavab verdi:

– Axı bu çay dərindir, onu keçmək mənim hünərim deyil!

Dəvə Siçanı öz quyruğuna mindirib çayı keçirdi. Sonra onu yerə düşürüb istehza ilə dedi:

– Ağa Siçan, sən ki mənim topuğumdan olan bir çayı keçə bilmirsən, mənə ağalıq etmək istəyirsən? Get, öz tayını tap!

ARI VƏ EŞŞƏK

Dağ ətəyində bir Eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.

Yaxında bir Arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı.

– Ey, nankor heyvan, otları, çiçəkləri nə üçün əzirsən, axı onlar sənə can verir, qan verir, qarnını doyurur. Sabah onlar sənə lazım olmayacaqmı? Bir də biz arılar o ətirli çiçəklərdən bal və mum çəkirik. Doğru sözdür: “Eşşək qanmaz olur. Qanmaz isə özünə də ziyan verir, özgəsinə də”.

DƏVƏ, TÜLKÜ VƏ QURD

Bir kəndli Dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin artıq işləməyə taqəti yox idi. Ona görə də kəndli Dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən Tülkü ona yaxınlaşdı.

– Dəvə baba, bu səhrada təkbaşına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

Dəvə başına gələn əhvalatı Tülküyə anlatdı:

– Bax insan oğlunun vəfası budur.

Tülkü ona ürək-dirək verdi:

– Qəm yemə, Dəvə baba, mən hər gün gedib sənə təzə biçilmiş ot və taxıl gətirərəm, yeyib kökələrsən. De görüm, sonra əvəzində mənə nə verərsən?

Dəvə dedi:

– Kökəlsəm, sənə ətimdən bir batman verərəm.

Tülkü razı oldu. Hər gün gedib təzə ot və taxıl dərib Dəvənin qabağına tökürdü, Dəvə də ləzzət ilə yeyirdi. Bir-iki aydan sonra Dəvə kökəlib cana gəldi. Daha Tülküyə ehtiyac olmadı. Tülkü dedi: