реклама
Бургер менюБургер меню

Юрий Олеша – Üç gonbul (страница 6)

18

“Sobaya! – şarsatan dəhşətə gəldi. – Nə? Hansı sobaya? Məni sobaya qoyacaqlar!”

Bu vaxt qulluqçulardan biri qənnadı bişirilən yerə qaça-qaça gəldi və bağırdı:

– Tortu! Tortu verin! Tez olun, tortu verin! Salonda şirniyyat gözləyirlər.

– Tort hazırdır! – baş qənnadıçı dedi.

“Hə, Allaha şükür”, – deyə şarsatan fikirləşdi. İndi o, gözlərini bir azca aça bilmişdi.

Zərbaftalı paltarda altı qulluqçu onun oturduğu nəhəng boşqabı qaldırıb apardı. Artıq oradan uzaqlaşanda aşpaz şagirdlərinin qəhqəhə ilə ona güldüklərini eşitdi.

Geniş pilləkənlə onu yuxarı salona apardılar. Şarsatan bir anlığa gözlərini yumdu. Salonda bərk hay-küy vardı və şadyanalıq idi. Səs-küy, gülüş səsləri eşidilir, alqış səsləri ucalırdı. Bütün bu nişanələr onu göstərirdi ki, səhər ziyafəti yaxşı təşkil olunmuşdur.

Şarsatanı, daha doğrusu, tortu gətirib stolun üstünə qoydular.

Onda şarsatan gözlərini açdı.

O elə bu anda Üç Gonbulu gördü.

Onlar elə gonbul idilər ki, şarsatanın ağzı açılı qaldı.

“Təcili ağzımı yummalıyam, – birdən yadına düşdü, – bu vəziyyətdə özümü diri göstərməsəm yaxşıdır”.

Amma heyif ki, onun ağzı yumulmadı. İki dəqiqə beləcə davam elədi. Daha sonra şarsatan təəccüb eləmədi. Özünü ələ alıb ağzını yumdu, amma gözləri bərələ qaldı. Böyük çətinliklə növbə ilə gah ağzını, gah da gözlərini yumdu, nəhayət, zorla təəccübünə üstün gəldi.

Gonbullar süfrənin yuxarı başında oturub qalanlarını kölgədə buraxmışdılar.

Onlar hamıdan çox yeyirdilər. Onlardan biri hətta salfet kağızı yeməyə başlamışdı.

– Siz salfet kağızı yeyirsiniz…

– Doğrudanmı? Yəqin, başım qızışıb…

O, salfet kağızı yerə qoyub Üçüncü Gonbulun qulağını gəmirməyə başladı. Öz aramızdır, onun qulağı varenikə bənzəyirdi.

Hamı gülməkdən uğunub getdi.

İkinci Gonbul əlindəki çəngəli yuxarı qaldırıb dedi:

– Zarafatı qoyaq bir yana. Deyəsən, iş başqa şəkil alır. Tortu gətirdilər.

– Ura!!

Ümumi canlanma əmələ gəldi.

“Görəsən, nə olacaq? – şarsatan üzülmüşdü. – Necə olacaq? Onlar məni yeyəcəklər!”

Bu vaxt saat ikini vurdu.

Birinci Gonbul dedi:

– Bir saatdan sonra Məhkəmə meydanında edam başlayır.

Möhtərəm qonaqlardan kimsə soruşdu:

– Yəqin ki, birinci silahqayıran Prosperonu edam edəcəklər?

Dövlət kansleri cavab verdi:

– Onu bu gün edam etməyəcəklər.

– Hecə? Necə? Nəyə görə ki?

– Biz hələlik ona toxunmayacağıq. Biz ondan hələ qiyamçıların planlarını, sui-qəsdçilərin rəhbərlərinin adlarını öyrənəcəyik.

– Bəs indi o haradadır?

Bütün cəmiyyət bununla çox maraqlanırdı, hətta tortu belə unutmuşdular.

– O hələ də dəmir qəfəsdə oturub. Qəfəs burada, sarayda, vəliəhd Tuttinin heyvanxanasındadır.

– Çağırın onu…

– Gətirin onu bura! – deyə qonaqlar qışqırışdılar.

Birinci Gonbul dedi:

– Hə, nə olar? Qoy bizim qonaqlar bu vəhşi heyvanı yaxından görsünlər. Mən hamını heyvanxanaya dəvət edə bilərəm. Amma orada nərilti, ciyilti səsi və üfunət var. Bütün bunlar qədəh cingiltisindən və meyvələrin ətrindən həddindən artıq pisdir.

– Əlbəttə! Əlbəttə! Heyvanxanaya getməyə lüzum yoxdur…

– Qoy Prosperonu bura gətirsinlər. Biz tort yeyə-yeyə bu yırtıcı heyvana baxarıq.

“Yenə də tort! – şarsatan qorxdu. – Bunlar tortda nə görüblər axı… Qarınqulular!”

– Prosperonu gətirin, – Birinci Gonbul dedi.

Dövlət kansleri salondan çıxdı. Dəhlizdə dayanmış xidmətçilər aralanıb ona təzim elədilər.

Qarınqulular susdular.

İkinci Gonbul dedi:

– O çox dəhşətlidir. O hamıdan, şirdən də güclüdür. Gözlərindəki nifrət elə odludur ki, adam ona baxa bilmir.

– Onun qorxunc başı var, – Dövlət Şurasının katibi dedi. – Olduqca böyükdür. Başı sütun başlığına bənzəyir. Kürən saçları var. Adama elə gəlir ki, onun başı od tutub yanır.

Söhbət silahqayıran Prosperodan düşəndə qarınquluların halı dəyişdi. Onlar süfrədən əllərini çəkdilər, zarafatı bir yana qoyub səs-küylərinə ara verdilər, hətta bəzilərinin sifəti avazıdı. İndi çoxları onu görmək istədiklərini dediklərinə görə peşman idilər.

Üç Gonbul ciddi görkəm aldı və onlar elə bil bir azca arıqladılar da.

Birdən hamı susdu. Araya tam sükut çökdü. Gonbullar sanki bir-birinin arxasında gizlənmək istəyirlərmiş kimi hərəkətlər etdilər.

Silahqayıran Prosperonu salona gətirdilər.

Qabaqda dövlət kansleri, ətrafında qvardiyaçılar gəlirdi. Onlar içəri siyirməqılınc girdilər, başlarından qara müşəmbəli şlyapalarını da çıxarmadılar. Zəncir cingildəyirdi. Silahqayıranın qolları qandallanmışdı. Onu masaya sarı gətirdilər. O, Gonbullardan bir neçə addım kənarda dayandı.

Silahqayıran Prospero dayanıb başını aşağı dikmişdi. Əsirin rəngi qaçmışdı. Axan qan onun alnında və gicgahlarında, pırtlaşıq saçlarının dibində laxtalanıb qalmışdı.

O başını qaldırıb Gonbullara baxdı. Yaxında oturanlar geriyə çəkildilər. Qonaqlardan birinin qışqırığı eşidildi. Bu, ölkənin ən varlı dəyirmançısı idi.

– Niyə onu bura gətirdiniz? Mən ondan qorxuram!

Dəyirmançının ürəyi gedib yıxıldı və onun burnu kisel qabının düz içinə girdi. Bəzi qonaqlar özlərini girişə doğru atdılar. Bu vaxt tort heç kimin yadına düşmürdü.

– Siz məndən nə istəyirsiniz? – Prospero soruşdu.

Birinci Gonbul cürətə gəlib dedi:

– Biz sənə tamaşa eləmək istəyirik. Məgər sənə kimin əlinə əsir düşməyin maraqlı deyil?

– Sizi görən gözüm yoxdur.

– Tezliklə sənin başını bədənindən ayırarıq. Bununla da bizi görməməkdə sənə köməklik göstərərik.

– Qorxum yoxdur. Mənim başım bir dənədir. Xalqın isə yüz minlərlə başı var. Siz onların başını bədəndən ayıra bilməyəcəksiniz.

– Bu gün Məhkəmə meydanında edam olacaq. Cəlladlar sənin yoldaşlarına divan tutacaqlar.