реклама
Бургер менюБургер меню

Юрий Олеша – Üç gonbul (страница 2)

18

– Prosperodur! O əsir düşüb! – deyə doktor qışqırdı.

Bu vaxt mərmi camaşırxanaya düşdü. Qüllə əyildi, yelləndi, bircə saniyə yanakı vəziyyətdə dayandı və uçdu. Doktor kəlləmayallaq oldu, ikinci ayaqqabısının dabanını, əsasını, çamadanını və eynəyini itirdi.

II fəsil

ON EDAM KÖTÜYÜ

Doktorun yıxılması çox uğurlu oldu: onun başı əzilmədi, ayaqları da sınmadı. Amma bunun nə mənası var? Top mərmisi dağıtmış qüllədən uğurla da olsa yıxılmaq elə də xoşagələn hal deyil, üstəlik də cavan yox, doktor Qaspar Arneri kimi qoca adam üçün. Nə təhər olsa da, vahimədən doktor huşunu itirmişdi.

O özünə gələndə artıq axşam düşmüşdü. Doktor ətrafa baxdı.

– Belə dilxorçuluq olar! Əlbəttə ki eynəyim sınıb. Mən eynəksiz baxanda, yəqin ki, uzağı görməyən adam kimi görəcəyəm. Bu elə də xoşagələn hal deyil.

Sonra o, ayaqqabısının qopmuş dabanını yadına salıb deyinməyə başladı:

– Mənim boyum onsuz da hündür deyil, indi isə bir qarış da balaca olacağam. Ya da, ola bilər, ikicə qarış olsun, ona görə ki dabanımın ikisi də qopub. Yox, əlbəttə, bircə qarış olar…

O, çınqıl qalağının üstündə uzanmışdı. Demək olar ki, bütün qüllə dağılmışdı. Divarın uzun və ensiz qırıqları sümük kimi sallanırdı. Çox uzaqda musiqi çalınırdı. Külək oynaq valsın səsini havaya qaldırır, yoxa çıxardır və bir daha eşidilmirdi. Doktor başını qaldırdı. Yuxarıda hər tərəfdən sınıq çatılar sallanıb qalmışdı. Axşamüstü yaşılaçalan səmada ulduzlar sayrışırdı.

– Harada çalırlar ki? – deyə doktor heyrətləndi.

Plaşsız ona soyuq idi. Meydanda bircə səs də eşidilmirdi. Doktor nıqqıldayaraq bir-birinin üstünə aşmış daşların arasından qalxdı. Yolda kiminsə yekə çəkməsinə ilişdi. Çilingər yerdəki tirlərin arasında sərələnib gözlərini səmaya dikmişdi. Doktor onu silkələdi. O, yerindən qalxmaq istəmədi. Çilingər ölmüşdü.

Doktor əlini qaldırıb şlyapasını başından götürmək istədi.

– Şlyapanı da itirmişəm. İndi mən hara gedim?

O, meydandan uzaqlaşdı. Yollarda adamlar yıxılıb qalmışdı, doktor onların hər birinin başı üzərində aşağı əyildi və ulduzların onların açılı qalmış bəbəklərində necə əks olunduğunu gördü. O, ovcunu onların alnına qoydu, bumbuz idilər və zil qaranlıqda qapqara görünən qana bələnmişdilər.

– Budur! Budur! – doktor pıçıldadı. – Deməli, xalq məğlub oldu… İndi nə olacaq?

O, yarım saatdan sonra camaatın olduğu yerə çatdı. Bərk yorulmuşdu. Yemək və içmək istəyirdi. Burada şəhər adi həyatını yaşayırdı.

Doktor uzun yol gedəndən sonra yolayrıcında dayanıb fikirləşdi: “Necə də qəribədir! Alovlar rəngbərəng yanır, faytonlar çaparaq gedir, şüşə qapılar cingildəyir. Yarıdəyirmi pəncərə qızılı şəfəqlə nur saçır. Oradakı sütunlar boyunca qoşa rəqs edənlər gözə dəyir. Orada şən ziyafətdir. Rəngarəng Çin fənərləri qaramtıl suyun üzərində dolanır. Adamlar elə dünənki kimi həyat sürürlər. Yəni onlar bilmirlər ki, bu səhər nə hadisə baş verib? Məgər onlar atəş və inilti səslərini eşitməyiblər? Məgər onlar bilmirlər ki, xalqın rəhbərini, silahqayıran Prosperonu əsir götürüblər? Bəlkə, heç nə olmayıb? Ola bilsin, dəhşətli bir yuxu görmüşəm?”

Tində üçqollu fənərlər yanan yerdə, səki boyunca faytonlar dayanmışdı. Gülsatan qadınlar qızılgül satırdılar. Faytonçular gülsatan qadınlarla söhbət edirdilər.

– Onu kəməndə salıb bütün şəhər boyu sürüdülər. Zavallı!

– İndi onu dəmir qəfəsə salıblar. Qəfəs isə Üç Gonbul sarayındadır, – başına bantlı mavi silindr qoymuş tosqun faytonçu dedi.

Bu vaxt bir xanım qızı ilə gülsatan qadınlara yanaşdı ki, qızılgül alsın.

– Kimi qəfəsə salıblar ki? – deyə o maraqlandı.

– Silahqayıran Prosperonu. Qvardiyaçılar onu əsir götürdülər.

– Allaha şükür! – xanım dedi.

Qız ağlamağa başladı.

– Niyə ağlayırsan, axmaq? – xanım təəccübləndi. – Sənin silahqayıran Prosperoya yazığın gəlir? Ona yazığın gəlməsin. O bizə pislik eləmək istəyib. Bax gör necə gözəl qızılgüldür…

İri qızılgüllər acıtəhər su ilə və yarpaqlarla ağzınacan dolu olan kasalarda qu quşu kimi aramla üzürdü.

– Bu da sənə üç qızılgül. Ağlamaqsa lazım deyil. Onlar qiyamçılardır. Əgər onları dəmir qəfəslərə salmasalar, bizim evimizi, paltarlarımızı və qızılgüllərimizi əlimizdən alacaqlar, özümüzü də doğrayacaqlar.

Bu vaxt onların yanından balaca bir oğlan uşağı qaçaraq keçdi. Əvvəlcə xanımın ulduzlu plaşından, sonra qızın hörüyündən dartdı.

– Eybi yoxdur, qrafinya! – deyə oğlan qışqırdı. – Silahqayıran Prospero qəfəsdə olsa da, gimnast Tibul azadlıqdadır!

– Ah, sırtığın biri!

Xanım ayaqlarını yerə vurdu və çantası yerə düşdü. Gülsatan qadınlar cingiltili səslə gülüşdülər. Tosqun faytonçu aranın qarışmasından istifadə edib xanıma faytona minməyi təklif elədi. Xanım və qızı faytona minib getdilər.

– Ey, dingiş, bir dayan! – gülsatan qadın oğlanın dalınca qışqırdı. – Bir bura gəl! Danış görüm, nə bilirsən.

İki sürücü qozladan düşdü və ayaqları çiyinlərinə saldığı örtüyə ilişə-ilişə gülsatan qadına yanaşdı.

“Bax qamçı buna deyərəm! Qamçı belə olar!” – deyə oğlan sürücünün əlində yellədiyi uzun qamçıya baxıb fikirləşdi. Oğlan çox istəyirdi ki, onun da belə qamçısı olsun, lakin bu bir çox səbəblərə görə mümkün deyildi.

– Sən nə danışırsan? – sürücü yoğun səslə soruşdu. – Gimnast Tibul azadlıqdadı?

– Belə deyirlər. Mən limanda idim…

– Məgər onu qvardiyaçılar öldürmədilər? – başqa sürücü də yoğun səslə soruşdu.

– Yox, atacan… Ay gözəl, mənə bircə dənə qızılgül bağışla da!

– Bir dayan, səfeh. Yaxşı olar ki, danışasan…

– Deməli, belədir… Əvvəlcə hamı elə fikirləşirdi ki, onu öldürüblər. Sonra onu meyitlərin arasından tapmadılar.

– Bəlkə, onu kanala atıblar? – sürücü soruşdu.

Söhbətə dilənçi qoşuldu.

– Kimi kanala atıblar? – deyə soruşdu. – Gimnast Tibul pişik deyil ki, onu suda boğasan. Gimnast Tibul sağdır. O qaçıb aradan çıxıb!

– Yalan deyirsən, dəvənin biri dəvə! – sürücü dedi.

– Gimnast Tibul sağdır! – gülsatanlar şövqlə qışqırdılar.

Balaca oğlan dartıb bir qızılgül götürdü və qaçmağa üz qoydu. Yaş gülün damcıları doktorun üzünə çiləndi. Doktor damcını acı göz yaşları kimi üzündən sildi və yaxına gəldi ki, görsün dilənçi nə danışacaq.

Söhbət bəzi səbəblərdən yarımçıq qaldı. Küçədə qeyri-adi təntənəli mərasim göründü. Qabaqda əllərində məşəl iki atlı gəlirdi. Məşəllər odlu şölələrlə yanırdı. Dalınca qara gerbli karet asta-asta hərəkət edirdi.

Arxada isə dülgərlər gəlirdi. Onlar yüz nəfər olardı.

Dülgərlər qolları çırmanmış halda, əyinlərində önlük, əllərində mişar və rəndə, qoltuqlarında yeşik işləməyə hazır idilər. Təntənəli mərasimin hər iki tərəfində atlı qvardiyaçılar gəlirdi. Onlar şahə qalxmaq istəyən atları saxlamağa çalışırdılar.

– Bu nədir? Bu nədir? – deyə yoldan keçənlər narahat oldular.

Gerbli qara karetdə Üç Gonbul Şurasının məmuru oturmuşdu. Gülsatan qadınlar bərk qorxdular. Yanaqlarını ovuclarına alıb onun şüşə qapıdan görünən başına baxırdılar. Küçə parlaq işıqla işıqlandırılmışdı. Parik qoyulmuş qara baş cansız halda yırğalanırdı. Elə bil karetdəki quş idi.

– Kənara çəkilin! – qvardiyaçılar qışqırdılar.

– Dülgərlər hara gedirlər? – balaca gülsatan qız qvardiyaçıların başçısından soruşdu.

Qvardiyaçı elə sifətlə onun üstünə qışqırdı ki, qızın başındakı tükləri biz-biz oldu:

– Dülgərlər edam kötüyü düzəltməyə gedirlər! Başa düşdün? On dənə edam kötüyü düzəldəcəklər!

– Hə!

Gülsatan qız kasanı əlindən saldı. Qızılgüllər kompot kimi yerə dağıldı.

– Onlar edam kötüyü düzəltməyə gedirlər! – deyə doktor dəhşətə gəlmiş halda təkrar elədi.

– Edam kötüyü! – qvardiyaçı qışqıraraq geriyə dönüb çəkməyə bənzər bığlarının altındakı dişlərini qıcadı. – Bütün qiyamçılarçün edam kötüyü! Hamısının boynu vurulacaq! Kim ki Üç Gonbul hakimiyyətinə qarşı çıxmağa cəsarət edəcəksə, hamısının!

Doktorun başı gicəlləndi. Ona elə gəldi ki, özündən gedəcək.

“Bu gün həddən artıq həyəcan keçirdim, – doktor öz-özünə dedi, – həm də acam, bərk yorulmuşam. Evə tələsmək lazımdır”.

Doğrudan da, doktora dincəlmək lazım idi; gördüyü və eşitdiyi bütün hadisələrdən elə həyəcanlanmışdı ki, hətta qüllədən aşağı uçaraq şlyapasını, plaşını, əlağacını və ayaqqabılarının dabanını itirdiyinə o qədər də əhəmiyyət vermədi. Əlbəttə, ən pisi də o idi ki, eynəksiz qalmışdı.

O, fayton tutub evinə yollandı.

III fəsil

ULDUZ MEYDANI