18+
реклама
18+
Бургер менюБургер меню

Йозеф Рот – Radetski Marşı (страница 13)

18

Bağça qapısını açıb küçəyə çıxır. Birdən-birə baş çavuş arxasınca səslənir: "Hörmətli baron". Bu qədər səssiz bir şəkildə arxasınca gəlməsi nə qəribədi! Karl Cozef səksənərək dayanır, lakin dərhal arxaya dönməyə qərar verə bilmir. Bəlkə də bir tapançanın lüləsi paltonun qatlanan yerlərinin düz arasına söykənib. Dəhşətverici, sadəlövh bir düşüncə! Hər şey yenidənmi başlayır? Vidasının zəhmətli bir davamı kimi görünən, onu çox yoran qürurlu bir laqeydliklə “bəli" deyərək arxaya dönür. Baş çavuş paltosuz, şlyapasız bir vəziyyətdə yaş, iki qanadlı bir fırçaya bənzəyən saçlarıyla, dümdüz alnında böyük su damlalarıyla yağışın altında eləcə dayanır. Əlində gümüşü rəngi bir iplə çarpaz bağlanmış mavi bir paket var.

–Bunlar sizindir, hörmətli baron, – yerə baxaraq deyir. – Üzr istəyirəm! Hörmətli bölgə qubernatorunun təlimatıdı. Bunları o zaman ona aparmışdım. Hörmətli bölgə qubernatoru ötəri nəzərdən keçirərək bunları mənim şəxsən çatdırmağımı tapşırdı.

Bir anlığa səssizlik hakim olur; təkcə zavallı, solğun mavi paketin üzərinə düşən və paketi tünd rəngə çevirən yağış damlalarının çıxardığı səs eşidilir, kiçik paket bu halda daha çox gözləyə bilməz. Karl Cozef paketi götürür, paltosunun cibinin dərinliklərinə basır, qızarır, bir anlığa sağ əlindəki əlcəyi çıxarmağı düşünür, fikrini dəyişdirir, dəri əlcəkli əlini baş çavuşa uzadır, təşəkkürünü bildirərək sürətli addımlarla gedir.

Cibindəki paketi hiss edir. Oradan əlindən keçərək qolu boyunca yad bir istilik yayılır, üzünün daha da qızarmasına səbəb olur. Hələ bir az əvvəl yaxasını qaldırmağı düşünərkən, indi yaxasını açmağın lazımlılığını hiss edir. Moruq suyunun acı dadı yenə ağzına qayıdır. Karl Cozef paketi cibindən çıxardır. Bəli, heç bir şübhəyə yer yoxdu. Bunlar özünün yazdığı məktublardı.

Tezcə axşam olub yağış dayanmalıdı. Dünyada xeyli çox şeyin dəyişməsi lazımdı, axşam günəşi bəlkə son işığını göndərməlidi. Çəmənliklər yağışın tanış qoxusunu yayır, buralarda daha əvvəl heç eşidilməyən yad bir quşun qışqırığı qulağa gəlir, ətraf sanki yad bir yer kimidi. Saat beşi bildirən zəng çalınır, deməli, tam bir saat keçdi, daha çox deyil. Sürətlimi yoxsa yavaşmı yeriməli? Zamanın yad, sirli bir seyri var, bir saat bir il kimi gəlir. Sadəcə bir neçə addım irəliləyə bildi. Karl Cozef addımlarını sürətləndirir. Relslərin üzərindən keçir, burada şəhərin ilk evləri başlayır. Şəhərin kafesinin qarşısından keçir, bura müasir fırlanan qapılı yeganə yerdir. Bəlkə içəri girib ayaqüstü konyak içdikdən sonra yoluna davam etsə yaxşı olar. Karl Cozef içəri girir.

–Bir qədəh konyak, tez, – bufetdə deyir. Şlyapa və paltosuyla eləcə dayanır, bir neçə müştəri ayağa qalxır. Bilyard toplarının, şahmat daşlarının taqqıltıları eşidilir. Qarnizonun zabitləri künclərdəki yerlərdə otururlar. Karl Cozef onları görmür, salamlamır. Konyakdan daha təcili bir şey yoxdu. Karl Cozef solğundur; açıq sarışın kassir qadın oturduğu yüksək yerdən bir ana kimi gülümsəyərək nəlbəkinin yanına mehribanlıqla bir dənə qənd qoyur. Karl Cozef konyakı birnəfəsə içir, dərhal birini də istəyir. Kassir qadının üzündə gördüyü tək şey açıq sarışın bir parıltıdır. Qadağan olunmuş bir şey edirmiş kimi hissə qapılır, amma iki qədəh konyak içməsinin niyə qadağan ola biləcəyini anlamır. Artıq hərbi məktəb şagirdi deyil. Kassir qadın niyə elə qəribə bir şəkildə gülümsəyərək baxır? Qadının dəniz kimi mavi baxışıyla qaşlarının kömür kimi qaralığı utandırıcıdı! Arxaya dönüb salona baxır. Orada küncdə pəncərənin yanında atası oturur.

Bəli, orada bölgə qubernatoru oturur; bunda qəribə sayılacaq nə var? Atası burada saat beş ilə yeddi arasında hər gün oturur, "Fremdenblatt" ilə rəsmi qəzeti oxuyub bir “Virciniya” içir. Bunu otuz ildən bəri bütün şəhər bilir. Bölgə qubernatoru oturub oğluna baxır; gülümsəyirmiş kimi görünür. Karl Cozef şlyapasını əlinə alıb atasına doğru gedir. Yaşlı Herr von Trotta qəzeti əlindən buraxmadan başını qaldırıb deyir:

–Slamanın yanındanmı gəlirsən?

–Bəli, ata.

–Məktubları verdimi?

–Bəli, ata.

–Otur, zəhmət olmasa.

–Əlbəttə, ata.

Bölgə qubernatoru, nəhayət, qəzeti masaya buraxır, dirsəklərinə söykənir, oğluna dönüb deyir:

–Sənə ucuz konyak verdilər. Mən həmişə “Hennessi” içirəm.

–Yadımda saxlayaram, ata.

–Mən nadir hallarda içirəm.

–Bəli, ata.

–Hələ də bir az solğunsan. Paltonu çıxar. Mayor Kreidl qarşıdadır, buraya baxır. – Karl Cozef təsdiqləyir, əyilərək mayoru salamlayır. – Slama səni incitdimi?

–Xeyr, səmimi bir adamdır.

–Gördünmü?

Karl Cozef paltosunu çıxardır.

–Məktublar haradadı? – deyə bölgə qubernatoru soruşur. Oğul paltosunun cibindəki paketi çıxardır. Yaşlı herr von Trotta paketi götürür, sağ əlində ölçür, masanın üstünə qoyarkən deyir:

–Heç də az deyil.

–Bəli, ata.

Səssizlik hökm sürür, təkcə bilyard toplarıyla şahmat daşlarının taqqıltıları eşidilir; çöldə də yağış tökür. Bölgə qubernatoru pəncərəyə baxaraq deyir:

–Sabah alayına qatılırsan.

Karl Cozef birdən atasının sısqa əlini öz sağ əlinin üstündə hiss edir. Bölgə qubernatorunun sərin, sümüklü əli leytenantın əlini sərt bir qabıq kimi örtür. Karl Cozef baxışını masaya endirir. Qızarır.

–Bəli, ata, – deyir.

Bölgə qubernatoru hesab tələb edərək əlini çəkir. Ofisianta deyir:

–Bizim təkcə “Hennessi” içdiyimizi xanıma deyin.

Dümdüz bir diaqonal xətt üzərində yeməkxananın içindən keçərək qapıya gedirlər, ata qabaqda, oğul arxada.

Yaş bağçadan keçib evə doğru gedərkən ağaclardan artıq sadəcə yağış dənələri damlayır; yavaşca, mahnı oxuyurmuş kimi. Qubernatorluğun qapısından dəbilqə və süngülü tüfəngiylə baş çavuş Slama çıxır, qolunun altına keşik dəftərini dürtüb.

–Salam, əziz Slama, – yaşlı herr von Trotta deyir. – Yeni bir şey yoxdu, elə deyilmi?

Baş çavuş:

–Yeni bir şey yoxdur, – deyə təkrarlayır.

V

Qışla şəhərin şimalında, qırmızı kərpic binanın arxasında yeni bir həyata başlayaraq gömgöy çöllərə uzanan geniş, baxımlı yolun üstündə idi. Habsburqların gücünün bir simvolu olaraq imperiya ordusu tərəfindən sloven əyalətində oturdulubmuş kimi görünür, slavyan soylarının yüzillər boyunca davam edən köçləri nəticəsində belə geniş, inkişaf etmiş bir vəziyyətə gələn köhnə yolun önünü bağlayırdı. Köhnə yol qışladan qorunmaq üçün ətrafında bir dairə çəkməyə məcbur olmuşdu. Şəhərin ən şimal ucunda, evlərin getdikcə kiçilib ən axırda kənd tipli daxmalara çevrildiyi yolun sonunda dayanınca, aydın günlərdə uzaqlarda, qışlanın şəhərə istiqamətlənən nəhəng bir Habsburq qalxanına bənzəyən sarı-qara kəmərli geniş qapısını görmək olurdu; hədə və ya qoruma, bəlkə də hər ikisi birdən. Alay Moravyada məskən salmışdı, lakin hərbi heyəti güman ediləcəyi kimi çexlərdən deyil, ukraynalılarla rumınlardan seçilirdi.

Həftədə iki dəfə qışlanın cənub sahəsində hərbi təlimlər keçirilir, alay həftədə iki dəfə at belində kiçik şəhərin içindən keçirdi. Barabanların kəskin səsi nizamlı aralıqlarla at nallarının monoton taqqıltısını kəsir, minicilərin qırmızı şalvarları ilə cins heyvanların qəhvəyi gövdələri şəhəri qan rəngli bir ehtişama boyayırdı. Küçələrin kənarlarında yurddaşlar toplaşır, dükan sahibləri dükanlarını, kafelərin avara müştəriləri masalarını, şəhərin polisləri adi iş yerlərini, bazar yerinə təzə tərəvəz gətirən kəndlilər də atlarıyla arabalarını tərk edirdi. Təkcə şəhər parkının yaxınlığında yerləşən bir neçə faytonçu arabalarının üstündəki yerlərindən ayrılmırdı. Hərbi keçid yuxarıdan yolun kənarıyla müqayisədə daha yaxşı görünürdü, faytonların yaşlı atları gənc, sağlam atların görkəmli keçidini donuq bir laqeydliklə salamlamaqda idi. Süvarilərin cins atları on beş ildir sadəcə arabaları stansiyaya aparıb-gətirən baxımsız atların uzaq qohumları idi.

Karl Cozef və baron von Trotta atlara qarşı laqeyd idi. Bəzən damarlarında atalarının qanının gəzdiyini hiss edirdi, onlar heç bir zaman süvari olmamışdı. Döyənəkli əllərindəki dırmıqla torpağı qarış-qarış daramış, kotanı tarlanın məhsuldar torpaqlarına batırmış, cüt qoşulmuş heybətli öküzlərini bükülü dizlərlə izləmişdilər. Heyvanları mahmız və qırmancla deyil, söyüd budağından düzəldilmiş çubuqlarla sürərdilər. İtilənmiş oraqları qollarıyla yuxarıdan şimşək kimi endirər, öz əkdikləri rəhməti biçərdilər. Babasının atası kəndli idi, kökləri Sipolje kəndinə söykənirdi. Sipolje sözünün qədim bir mənası vardı. Bugünkü slovenlər belə bu mənanı artıq bilmirdi. Amma Karl Cozef kəndi tanıdığını düşünürdü. Atasının siqaret otağının yuxarı kandarının altında asılmış portreti təsəvvür edincə gözlərinin qarşısında Sipolje peyda olardı. Adsız dağların arasında, adsız bir günəşin qızıl kimi parıldayan şüalarının altında kərpiclə samandan tikilmiş kasıb daxmaların olduğu gözəl, yaxşı bir kənd… Uğrunda zabitlik karyerası belə fəda edilə biləcək bir kənd!

Yaxşı görək! Karl Cozef kəndli deyil baron idi; Ulanlar alayında leytenantlıq rütbəsi vardı. Başqaları kimi şəhərdə bir otaqda deyil, qışlada qalırdı. Otağının pəncərəsi həyətə baxırdı. Düz qarşısında əsgər yataqxanaları vardı. Günortadan sonra qışlaya geri döndükdə, böyük, cüt qanadlı qapı arxasınca hər dəfə bağlandıqda əsir düşdüyü və qapının bir daha əsla açılmayacağı hissinə qapılırdı. Mahmızları çılpaq daş pilləkəndə soyuq bir səslə şaqqıldadı, yerə basarkən çəkmələrinin çıxardığı səs dəhlizin qəhvəyi taxta döşəməsində əks-səda verdi. Ağ əhəng divarlar yavaşca gücünü itirən günün işığını bir az olsun əsir götürür, sanki sadə bir qənaətcillik duyğusu içərisində ictimai qaz lampalarının axşam qaranlığı hələ tam çökməzdən əvvəl yandırılmamasını güdürmüş, gün işığını qaranlıqda sərf etmək üçün gün boyunca yığıbmış kimi onu çölə əks etdirirdilər. Karl Cozef lampanı yandırmadı. Zahirən onu qaranlıqdan ayıran, amma əslində qaranlığın tanış, sərin çöl divarını meydana gətirən şüşəyə alnını söykəyərək əsgər yataqxanalarının sarı işıqlı səmimi mühitinə baxdı. O adamlardan birinin yerində olmaq istəyərdi. Orada dövlətə aid kobud, sarı köynəkləriylə yarıçılpaq halda oturmuş, yataqlarının kənarlarından çılpaq ayaqlarını yelləyir, mahnı oxuyur, danışır, ağız qarmonu çalırdılar. Payızın olduqca irəliləmiş olduğu günün toplantıdan bir saat sonra, yatmaq vaxtını bildirən şeypur səsindən saatyarım əvvəlki bu saatında qışla nəhəng bir gəmiyə bənzəyirdi. Karl Cozefə belə sanki qışla yavaşca yellənirmiş; böyük, ağ şlyapalı çəlimsiz, sarımtıl qaz lampaları yad bir okeanın dalğalarının nizamlı ritmiylə enib-qalxırmış kimi görünürdü. Əsgərlər tanımadığı bir slavyan dilində mahnı oxuyurdu. Sipoljenin yaşlı kəndliləri onları hər halda anlayardılar! Sirli portreti siqaret otağının üst kandarının altında unudulub gedən babası da onları başa düşərdi. Məchul yaşlı soyundan geridə qalan yeganə və son simvol olaraq Karl Cozefin yaddaşı bu portretə pərçimlənmişdi. Bax o soyun ardıcılı idi Karl Cozef. Alaya gəldikdən bəri özünü atasının oğlu olaraq deyil, babasının nəvəsi kimi hiss edirdi, bəli, o, sirli babasının nəvəsi idi. Qarşıda heç dayanmadan ağız qarmonu çalınırdı. Kobud, qəhvəyi əllərin aləti qırmızı ağızlara yapışmış vəziyyətdə irəli-geri hərəkət etdirməsini, metalın ara-sıra parlamasını görə bilirdi. Musiqinin yaydığı böyük hüzn bağlı pəncərələrin içindən keçərək həyətin qaranlığına axır; qaranlığı doğma torpaq, arvad, uşaq, kənd həsrətiylə doldururdu. Bu əsgərlər kəndlərində basırıq daxmalarında yaşayar, gecələr arvadlarını, gündüzlər isə tarlalarını dölləndirərdilər. Daxmalarının ətrafı qışda dümağ, hündür bir qarla əhatələnər, yayda isə sarı buğda əllərindəki bellərinin ətrafında dalğalanardı. Kəndli idi onlar, kəndli! Trottaların soy-kökü onlardan fərqli yaşamamışdı. Fərq yox idi aralarında!