18+
реклама
18+
Бургер менюБургер меню

Вальдемар Бонзельс – Arı balası Maya (страница 2)

18

– Ah, mənim gözəl dünyam!

Maya dünən gördüklərinin hamısını xatırladı. Yox, o, bir də pətəyə qayıtmayacaq! Düzdür, qoca Kassandraya görə bir az təəssüf edirdi, o öz şagirdi üçün darıxa bilərdi. Amma Maya bütün ömrünü balın, mumun arasında keçirmək istəmirsə, neyləmək olar! O, xoşbəxt və azad olmaq, həyatdan zövq almaq istəyir. Qoy nə olursa olsun! O heç nədən qorxmur!

Mayaya hər şey asan gəlirdi, çünki ağlına da gətirmirdi ki, onu nələr gözləyir!

Aşağıda çəhrayı bir şey parıldayırdı. Aclıq bala arının səbir kasasını daşdırmışdı. O, cəsarətlə, şən vızıltıyla aşağı enirdi. Hər yan isti günəş şüalarında çimirdi. Çəhrayı, qəşəng çiçək balaca arını özünə cəlb edirdi. Çiçəyə yaxınlaşanda elə gözəl ətir gəldi ki, az qaldı huşunu itirsin. O, əyilmiş ləçəyin üstünə endi və birdən parıldayan böyük gümüşü kürə gördü. Şəffaf kürə günəş işığında müxtəlif rənglərə çalırdı. Bu elə gözəl idi ki, Maya hətta bir az qorxdu da! Kürə ləçəyin hamar səthi ilə diyirlənib bir anlıq asılı qaldı və… otların arasına düşdü!

Maya bu qəşəng kürənin çoxlu balaca kürəciklərə çevrildiyini görcək qorxub çığırdı. Kürəciklər titrəşir, günəş işığında parıldayırdı. Maya Kassandranın bu kürəciklər haqqında dediklərini yada saldı. Onlar rütubətli gecələrdə çiçəklərin kasacığına yığılır. Bu damcılara «şeh» deyilir.

Maya geri dönüb qəhvəyi qanadları və sinəsində qara ləkə olan böcək gördü. O, çəhrayı çiçəyin kasacığının düz girişində dayanmışdı. Boyca Mayadan azca kiçik idi, gözlənilməz qonağı ciddi-ciddi süzürdü, amma bu baxışlarda düşmənçilik hiss olunmurdu.

Maya onunla nəzakətlə salamlaşdı.

– Bu sizin şeh damcınız idi? – deyə soruşdu. – Deyəsən, o mənim ucbatımdan diyirləndi. Mən çox təəssüf edirəm!

– Narahat olmayın! – böcək bir az lovğalıqla cavab verdi. – Mən bu gün su içmişəm, arvadım isə böyrəkləri xəstə olduğu üçün, ümumiyyətlə, sudan istifadə etmir! Bəs siz burada neyləyirsiniz?

– Sizin nə gözəl çiçəyiniz var! – Maya suala cavab vermədi. – Zəhmət olmasa, deyə bilərsinizmi, onun adı nədir?

O, Kassandranın məsləhətlərini yadında yaxşı saxlamışdı, buna görə də son dərəcə nəzakətli olmağa çalışırdı.

Böcək hamar başını tərpətdi.

– Siz haradan gəlmisiniz belə? – Deyəsən, o, bala arının savadsızlığına gülürdü.

Maya hiss etdi ki, o, bir qədər kobuddur. Arılar özlərini daha yaxşı aparırlar. Buna baxmayaraq böcək xeyirxah görünürdü, utandığından Mayanın yanaqlarının qızardığını görəndə isə iltifat göstərməyə başladı.

– Bu, qızılgüldür! Onu tanımaq lazımdır. Biz bu qızılgülün içinə dörd gündür ki, köçmüşük. Ona göstərdiyimiz qayğının sayəsində görün nə qəşəng açıb. Bir yaxına gəlin!

Maya utana-utana qabağa gəldi. Böcək çəhrayı ləçək pərdəsini araladı və onlar yaxşı işıqlandırılmış dar otaqları olan evə girdilər. Açıq-çəhrayı rəngli otaqların divarlarından ətir gəlirdi.

– Nə qəşəng eviniz var! – Maya heyrətləndi. – Nə gözəl ətri var!

Böcək çox razı qalmışdı.

– Gərək özünə şərait yarada biləsən! – lovğa-lovğa dedi. – Bizdə belə bir köhnə məsəl var: harada yaşadığını mənə de, deyim kimsən. Bal istəyirsiniz?

– Ax! – Maya şad oldu. – Çox istəyirəm!

Böcək başını tərpədib çəhrayı divarın arxasında yox oldu. Xoşbəxt Maya ətrafına boylandı. Üzünü və ovuclarını zərif, çəhrayı ləçəklərə qoyub onların ətrini içinə çəkdi və belə gözəl evciyə düşdüyü üçün sevindi.

– Yaşamaq necə gözəldir! Bu çəhrayı evcik hara, arıların boğanaq, ağzınacan dolu otaqları hara! Hələ buradakı sakitliyi demirəm!

Bu zaman acıqlı səslər eşitdi. Böcək qızğınlıqla nəsə mızıldanırdı. Mayaya elə gəldi ki, o kimisə itələyib bayıra çıxarmaq istəyir. Bu kimsə narazılıqla və qorxa-qorxa vızıldayırdı:

– Əlbəttə, məni qovmaq sizinçün asandır, çünki mən təkəm! Görək dostlarımı gətirəndə nə deyəcəksiniz! Siz kobudun birisiniz! Yaxşı, yaxşı, gedirəm! Amma siz kobudsunuz, kobudsunuz, bir də kobudsunuz, vəssalam!

Səs xoşagəlməz tərzdə danışırdı. Uzaqlaşan addım səsləri eşidildi.

Acıqlanmış böcək bir az balla qayıtdı.

– Rüsvayçılıqdır! Qoymurlar dinc oturaq!

Maya artıq bərk acmışdı, hətta qonaqlığa görə təşəkkür eləməyi belə unutdu. O, acgözlüklə yeyirdi, bu müddətdə böcək alnının tərini silib paltarının üst düyməsini açdı ki, rahat nəfəs alsın.

– Bu kim idi? – Maya yeyə-yeyə soruşdu.

– Əvvəlcə yaxşı-yaxşı çeynəyib udun! Sonra soruşarsınız! – çəhrayı evciyin sahibi hirslə dedi.

Maya deyilənə əməl etdi, böcək isə sözünə davam elədi:

– Lənətə gəlmiş qarışqalar! Elə bilirlər ki, mən işimi-gücümü buraxıb onlara baş qoşacağam! Qəribə işdir! Anbara düşdüm, gördüm ki, orada qarışqa var! Oğurluq eləməsələr, dayana bilməzlər!

Birdən yadına nəsə düşdü:

– Bağışlayın, özümü təqdim etməyi unutdum! Adım Pepidir!

– Mən də Mayayam! Tanış olmağıma şadam.

Böcək əyildi, bığları iki balaca yelpik kimi yırğalandı. Bu, arının çox xoşuna gəldi.

– Sizin nə qəşəng bığlarınız var!

– Elədir! – məmnun qalmış Pepi dedi. – Biz beləyik! İç tərəfinə baxmaq istəyirsiniz?

Böcək başını çevirdi, günəş işığı bığlarına başqa tərəfdən düşdü.

– Pis deyil, hə?

– Mən bilmirdim ki, bığlar belə qəşəng ola bilər; məsələn, mənim bığlarım güclə gözə çarpır…

– Neynək, – Pepi filosofcasına dedi, – hər kəsin öz görkəmi var! Sizin isə cazibədar gözləriniz var. Özünüz də başdan-başa qızılı rəngdəsiniz.

Maya utandığından qızardı. Ömründə ilk dəfə idi ki, onu tərifləyirdilər. Sevinclə baldan bir az da yedi.

– Çox dadlı baldır!

– Buyurun, qonaq olun. Bu, çəhrayı baldır. Bu ilin ilk balıdır. Amma ehtiyatlı olun, mədəniz xarab ola bilər! Məndə şeh də var. Bəlkə, içmək istəyirsiniz?

– Təşəkkür edirəm, mənim getmək vaxtımdır!

– Elə hey uçursunuz! – böcək gülümsündü. – Düzdür, buna sağlam həyat tərzi demək olmaz. Bir yerdə məskən salmaq yaxşı olmazdımı?

– Mən uçmağı çox sevirəm!

Böcək nəzakətlə çəhrayı pərdəni araladı:

– Gəlin sizi bir az ötürüm. Burada bir yarpaq var, oradan uzaqlar görünür. Hara istəsəniz, uça bilərsiniz.

– Təşəkkür edirəm! Mən elə istədiyim yerə uçuram!

– Sizin işiniz yaxşıdır, mənimsə alt qanadlarım çətinliklə açılır!

O, qonağı ilə əl tutuşub sonuncu pərdəni çəkdi.

– Ah, səma! – Maya ucadan dedi. – Xudahafiz!

– Xudahafiz! – Pepi yarpağa çıxdı və qonağının arxasınca baxdı.

O, düz göyə yönəldi və tezliklə səhərin təmiz havasında günəşin qızılı şüalarına qarışıb yox oldu. Pepi astadan köksünü ötürüb fikirli-fikirli öz çəhrayı evciyinə girdi. Bu qəribə arıcığaz, deyəsən, özü ilə hərarət gətirmişdi. Pepi gülümsəyib səhər nəğməsini oxumağa başladı. Səsi çəhrayı ləçəklərdən çıxıb oyanan günün gözəlliklərinə qarışdı.

İsinir göy çəmənlər, Günəş boylanır yenə. Doğmadır yazda-yayda Qəşəng evciyim mənə. Özüm bilmirəm kiməm, Mən necə yaranmışam. Al-qırmızı günəşi Bir möcüzə sanmışam. Bu ecazkar aləmdə