реклама
Бургер менюБургер меню

Уолтер Айзексон – Leonardo da Vinçi (страница 3)

18

Bu barədə bir qədər sonra. Hələliksə onu deyək ki, da Vinçi ilk sifarişi 1478-ci ildə almışdı. Əslində bu sifarişi Florensiya dövlət şurasının (Sinyoriya) yanında notarius xidmətləri göstərən atası təşkil etmişdi: Leonardodan Sinyoriya binasının yanındakı kilsə üçün tablo çəkmək tələb edilirdi. Sifarişi yerinə yetirməyə hazırlaşan da Vinçi bu məqsədlə eskizlər hazırlamağa başladı. Lakin o, sifariş olunan rəsmi çəkmədi, bununla belə, hazırladığı eskizlər başqa bir əsərin meydana çıxmasında əhəmiyyətli rol oynadı. «Öncəgörənlərin sitayişi» adlanan həmin rəsm də tamamlanmadı. İntəhası, sənətşünas Kennet Klarkın sözləriylə desək, «XV yüzilliyin ən inqilabi və antiklassik əsəri» oldu.

Leonardo əsərə səma təsviri də əlavə etmək istəyirdi, lakin bir-iki yüngül cəhddən sonra işi yarıda saxlamağa qərar verdi. Niyə? Ola bilsin, ona görə ki, perfeksionist[8] davranırdı: bu ağır işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Vazari qeyd edir ki, Leonardo bir çox əsərini yarıda saxlamış, tamamlamamışdı: «O, həmişə olduqca mürəkkəb, eyni zamanda son dərəcə incə mətləbləri üzə çıxarmağı planlaşdırırdı və nəticədə ona elə gəlirdi ki, əsəri fikirləşdiyi şəkildə tamamlamaq mümkün deyil». Beləcə, çəkilən rəsm yarımçıq şəkildə bir kənara qoyulurdu.

Leonardonun bioqraflarından biri Lomatso isə yazır: «O, başladığı işi heç vaxt sona çatdırmırdı, çünki sənət haqqındakı təsəvvürləri buna imkan vermirdi: da Vinçi başqalarının möcüzə kimi qəbul etdiyi nəsnələrdə belə çatışmazlıqlar və qüsurlar tapırdı».

Əsərlərini yarımçıq qoymasının başqa səbəbi də vardı – Leonardo niyyəti, ideyanı işin icrasından üstün tuturdu.

İlk sifarişini aldıqdan yeddi ay sonra Leonardo əlindəki işi kənara qoyub Milana köçdü. Sifariş üçün ödənilən pulları xərcləyib qurtarmışdı. O, yarımçıq saxladığı rəsm əsərini dostu Covanni Bençinin yanında qoydu. Belədə kilsə rahibləri məcbur olub eyni süjet əsasında rəsm çəkməyi Bottiçellinin himayə etdiyi Filippino Lippiyə sifariş verdilər. Gənc Lippi isə öz müəllimi Bottiçellidən yaltaqlıq etməyi öyrənmişdi: Covanninin əvvəllər çəkdiyi «Öncəgörənlərin sitayişi» rəsmində olduğu kimi, Lippinin əsərində də Mediçi ailəsi üzvlərinin portretləri peyda oldu. Məddahlıqla arası olmayan Leonardo isə nə bu, nə də digər əsərlərində Mediçiləri vəsf etmək niyyətinə düşmədi. Bəlkə də, elə ona görə Bottiçelli, Filippino Lippi və onun atası Filippo Lippi bu varlı ailənin səxavətindən gen-bol bəhrələndikləri halda, da Vinçi daim hökmdarların diqqətindən kənarda qalmışdı.

Leonardonun növbəti yarımçıq işi «Müqəddəs İeronim səhrada» tablosudur. Bu əsərdə onun bədən hərəkətlərini ruhun titrəyişləri ilə uzlaşdırmaq cəhdləri daha qabarıq sezilir. Tamamlanmamış həmin tabloda XIV yüzillikdə yaşamış, Bibliyanı latın dilinə tərcümə etmiş alim Müqəddəs İeronim təsvir olunub. İeronim burada tövbəkar zahid obrazındadır: irəli uzatdığı əlində daş tutub və tövbə edərkən onu sinəsinə vurmağa hazırlaşır. Vəfalı şir önündə uzanıb – İeronim onun ayağına batmış tikanı çıxarandan sonra şir yanından uzaqlaşmır. Müqəddəs İeronim son dərəcə yorğun, halsız, üzgün görünür, lakin baxışlarında qəribə bir qətiyyət ifadə olunub. Fonda isə tutqun peyzajda dikələn qaya parçaları təsvir edilib.

Leonardonun bütün əsərləri öz dərin mənası – insan daxilini açıb göstərmək səyləri ilə seçilir. O, bütün əsərlərində bir növ hisslərin şəklini çəkməyə çalışıb. Buna isə ən çox «Müqəddəs İeronim səhrada» tablosunda nail olub. Sənətşünasların yekdil rəyinə görə, Leonardo bu rəsmi iki mərhələdə –1480-ci il və insan anatomiyası ilə bağlı araşdırmalar apardıqdan sonra, 1510-cu illərdə çəkib. Bunu müasir texnologiyaların köməyi ilə aparılan tədqiqatlar da sübut edir. İngiltərənin paytaxtı Londondan qərbdə yerləşən Vindzor muzeyinin məsul işçisi Kleyton yazır: ««Müqəddəs İeronim səhrada» əsərinin əhəmiyyətli hissəsi ilkin variant meydana çıxdıqdan iyirmi il sonra çəkilib. Həmin vaxt Leonardo anatomik bilgilərini xeyli artırmışdı». Bu məqam Leonardonun sifarişləri niyə vaxtında yerinə yetirmədiyinə bir daha aydınlıq gətirir. Bir çox işləri yarımçıq saxlamaqda onun məqsədi həmin əsərlərin daha mükəmməl variantını yaratmaq idi. O, gənclik dövründə əksər əsərləri, bax beləcə, bir kənara qoyur, vaxt keçdikcə onlara müəyyən düzəlişlər edirdi.

Da Vinçinin «Cinevra Bençi», yaxud «Mona Liza» kimi tamamlanmış və ya qismən tamamlanmış əsərləri də sifarişçilərə çatmadı. Leonardo sevimli işinə o qədər aludə olmuşdu ki, bir yerdən başqa yerə köçərkən rəsmləri də özüylə aparır, yeni ideyaların işığında onları daha da təkmilləşdirməyə çalışırdı. Bir sözlə, sifarişçiləri, demək olar, unudurdu. Şübhə yoxdur ki, «Müqəddəs İeronim səhrada» və «Öncəgörənlərin sitayişi» əsərlərini də məhz yuxarıda qeyd olunan səbəblərdən sifarişçilərə təhvil verməmişdi.

Yeri gəlmişkən, hətta ölüm yatağında belə, dahi sənətkarın yanında tamamlanmamış şedevrlər vardı…

Leonardo Milanda

Leonardo otuz yaşa çatmışdı, lakin istedadının cilalandığını, bir rəssam kimi püxtələşdiyini göstərən əyani sübutlar o qədər də çox deyildi. Həmin vaxtadək Verokki onun rəsmlərinə bir neçə əlavələr etmiş, elə bir fərqli özəlliyi olmayan bir neçə madonna şəkli, sifarişçiyə təhvil verilməmiş qadın portreti və iki tamamlanmamış şedevr çəkmişdi, vəssalam!

1481-ci ildə ovaxtkı papa IV Sikst böyük bir kilsəni freskalarla[9] bəzəmək üçün tanınmış rəssamları Florensiyadan və digər şəhərlərdən Romaya dəvət etdi. Leonardo dəvət edilənlərin arasında yox idi. O bunu yaradıcılığındakı durğunluqla əlaqələndirdi və Florensiyanı tərk etmək qərarına gəldi.

Beləliklə, da Vinçi 1482-ci ildə, on beş yaşlı musiqiçi Atalante Milyorotti ilə birlikdə Milana köçdü. Onda hələ bilmirdi ki, ömrünün on yeddi ilini bu şəhərdə keçirəcək. Leonardo gündəliyində 180 mil (təxminən 290 km) yol qət etdiklərini yazmışdı. O, yenicə ixtira etdiyi, odometrə[10] bənzəyən cihazın köməyi ilə yolun uzunluğunu kifayət qədər düzgün hesablamışdı. Həmin cihaz arabanın təkərinin fırlanma sayına görə məsafəni ölçürdü. Florensiyadan Milana səyahət düz bir həftə çəkdi. Da Vinçi özüylə skripkaya bənzər, «lira» adlanan musiqi aləti götürmüşdü. Bu musiqi alətini Leonardo özü düzəltmiş və gümüşlə işləmişdi.

O dövrdə Milan özünün yüz iyirmi beş minlik əhalisi ilə Florensiyadan üç dəfə böyük idi. Leonardodan ötrü ən mühüm olan isə o idi ki, hökmdar sarayı da bu şəhərdə yerləşirdi. Milan artıq iki əsrdi müstəqil dövlət idi və hakimiyyəti irsən bir-birinə ötürən hersoqlar tərəfindən idarə olunurdu.

Leonardo Milana gələndə, dövləti onun yaşıdı olan Lodoviko Moro Svortsa idarə edirdi. Şəhərə çatan kimi da Vinçi hökmdara məktub yazdı. Bəzi tarixçilər isə ehtimal edir ki, rəssam məktubu Florensiyada olarkən qələmə almışdı.

Məktubda deyilirdi: «Zati-aliləri, adil hökmdar, özünü sənətkar və döyüş alətlərinin ixtiraçısı kimi qələmə verən kifayət qədər adamlar var. Lakin onların ixtira etdiyi alətlər başqalarından heç nə ilə fərqlənmir. Mən heç kəsə zərər vermək, işinə pəl vurmaq istəməzdim. Lakin özümü zati-alilərinə təqdim edərək bəzi sirlərimi ona açmaq istəyirəm ki, lazım bilsə, onlardan uğurla istifadə etsin. Bunlar aşağıdakılardır: olduqca yüngül, ancaq davamlı körpülər salmağın üsullarına bələdəm. Düşmən ordusunun saldığı körpüləri yandırmaq və dağıtmaq üçün vasitələr təklif eləyə bilərəm. Sizin üçün düzəldə biləcəyim olduqca münasib, asanlıqla daşınan bombardalar[11] düşmən ordularını pərən-pərən salmağa qadirdir. Dəniz döyüşləri zamanı hücum etmək və müdafiə olunmaq üçün kifayət qədər effektli qurğular hazırlamaq imkanım var. Bundan başqa, elə qapalı arabalar düzəldə bilərəm ki, onlarla rəqib düşmən orduların içərilərinə doğru irəliləmək və tez bir zamanda düşmənlərin iradəsini sındırmaq mümkündür. Qeyd edim ki, topları da daşıya bilən həmin arabaların arxasınca piyadalar təhlükəsiz və maneəsiz şəkildə irəliləmək iqtidarındadırlar. Bombardalardan istifadə etmək mümkün olmadığı hallar üçün tamamilə fərqli katapultlar[12] və digər qurğular hazırlamağa gücüm çatar. Həmin qurğular müxtəlif mərmilər atmağa qadirdir.

Sülh şəraitində istər ictimai, istərsə də fərdi evlərin və binaların layihəsini hazırlamaq, eləcə də su xətlərinin çəkilməsi kimi məsələlərdə əvəzsiz xidmətlər göstərə bilərəm. Mərmər, tunc və gildən heykəllər düzəldirəm. Rəssamlıqda, nəqqaşlıqda istənilən adamla rəqabət aparmaq iqtidarındayam. Atanızın əziz xatirəsinə və şanlı Sfortsa ailəsinin şəninə tuncdan ölümsüz bir abidə, möhtəşəm at heykəli hazırlayaram».

Göründüyü kimi, Leonardo məktubda çəkdiyi şəkillərdən, eləcə də musiqi alətləri düzəltmək bacarığından söz açmır. O, ilk növbədə özünün mühəndislik qabiliyyətlərini qabartmağa və bununla Lodovikonun diqqətini cəlb etməyə çalışır. Əslində isə Leonardo həmin vaxtadək heç bir döyüşdə iştirak etməmiş, məktubda sadaladığı qurğuların heç birini düzəltməmişdi. Sadəcə, xəyalında canlandırdığı, təsəvvürünə gətirdiyi bəzi silahların rəsmini çəkmişdi. Buna baxmayaraq, iş elə gətirdi ki, Milanda məskunlaşan Leonardo, doğrudan da, hərbi mühəndis kimi çalışmağa başladı və bir neçə yeni mexanizm ixtira elədi. Bunlardan biri hücum edən düşmən əsgərlərinin qala divarlarına söykədiyi nərdivanları vurub aşırtmaq üçün mexanizm idi. O, həmçinin düşmən ordusuna qarşı hücuma keçərkən rəqib döyüşçülərə mümkün olduğu qədər ağır zərbə vurmaq üçün təkərlərinə orağabənzər iri, əyri bıçaqlar bərkidilmiş döyüş arabası yaratmışdı. Bütün canlılara şəfqətlə, sevgiylə yanaşan, elə bu səbəbdən ət yeməyən incə qəlbli Leonardonun belə bir qorxunc, dəhşətli qurğu yaratması, həqiqətən, ağlasığmazdır!