Туве Янссон – Mumi atanın xatirələri (страница 2)
– Bu, ikimiz üçün də böyük bir bədbəxtlikdir! Yuyunmusan? – Mənim bu vacib sualıma Hemuliha belə cavab verdi.
Amma mən əl çəkmirdim:
– Xala, bəs niyə sən mumi-trol deyil, hemulisən?
– Şükürlər olsun ki, mənim atam və anam hemuli idilər. – o cavab verdi.
– Bəs onların ata və anaları? – mən sakitləşmirdim.
– Onlar da! – Hemuliha qışqırdı. – Onların da ataları və anaları, həm də bütün ataları və anaları, və sayır, vəssalam, indi isə get yuyun, çünki əsəbləşməyə başlayıram!
– Sadəcə, dəhşət! Yəni onlar heçmi bitmədilər? – mən soruşdum. – Axı haradasa ilk ana və ata olmalı idi?
– Bu, o qədər çoxdan olub ki, artıq heç bir mənası yoxdur! – Hemuliha dedi, – Və bir də, başa düşmədim, niyə bitməliyik ki?
(Qəribədir, mənim hissiyatım, ata və ana zəncirimin adi bir zəncir olmadığını deyirdi. Naxışlı bir kral tacı olan yastığın içində tapıldığımı öyrənsəm, heç də təəccüblənmərəm. Lakin, təəssüf ki, bu, sadəcə, köhnə bir qəzet idi.) Bir dəfə yuxuda gördüm ki, Hemuliha ilə salamlaşarkən quyruğumu səhv bir açıda, yəni yetmiş dərəcədə tutmuşam. Mən ona bu xoş yuxumu danışdım və buna qəzəbləndimi deyə soruşdum.
– Yuxular – cəfəngiyatdır, – Hemuliha dedi.
– Bəs necə bilək, – mən etiraz etdim, – birdən, yuxuda gördüyüm mumi-trol gerçəkdirsə və burada dayanan, sadəcə, bir xəyaldırsa?
– Təəssüf ki, bu belə deyil! Sən varsan və buradasan, – Hemuliha ah çəkərək dedi, – Bəsdir, mənim vaxtım yoxdur! Sənin suallarından da başım ağrıdı! Sən böyüyəndə necə olacaqsan, təsəvvürüm belə yoxdur.
– Mən məşhur olacağam, – deyə ciddi bir şəkildə izah etdim, – və kiçik hemulilər üçün bir sığınacaq da quracam. Yataqlarında sandviç yemələrinə və yataqlarının altında istədikləri həşaratları saxlamalarına icazə verəcəyəm!
– Hemulilər buna heç vaxt razı olmazlar! – Hemuliha dedi.
Təəssüf ki, onun haqlı olduğunu düşünürəm.
Mənim uşaqlığım, beləcə, daim sakit və heyrət içində axıb gedirdi. Etdiyim tək şey “Haradadır?” və “Kim necə?” suallarını təkrarlamaq idi, buna görə də Hemuliha və onun itaətkar tapıntıları məndən qaçmağa çalışırdılar. Mən isə sığınacağın yaxınlığındakı sahildə gəzir, hörümçək toru və ulduzlar, gölməçələrdə olan kiçik heyvanlar və həmişə fərqli istiqamətdə əsən külək haqqında düşünürdüm. Bu, melanxoliya dövrü idi.
Lakin, tezliklə, bəzi dəyişikliklər baş verdi. Mən öz burnumun forması haqqında düşünməyə başladım. Getdikcə, özüm haqqında daha çox düşünməyə başladım və bu əyləncə mənə cəlbedici görünürdü. Artıq sual vermirdim, lakin bunun əvəzinə düşündüklərim və hiss etdiklərim haqqında danışmaq istəyirdim. Ancaq təəssüf ki, özümdən başqa heç kimə maraqlı deyildim. Və sonra, mənim inkişafımda çox böyük rol oynayan, bahar gəldi. Əvvəlcə onun şəxsən mənim üçün gəldiyini anlamadım. Pəncələrim sürətlə böyüdüyü üçün ağrımağa başlamışdı, lakin bütün bunların yalnız mənim üçün baş verdiyini anlamırdım. Və nəhayət, günlərin birində, küləkli bir səhər, bunu hiss etdim… Bəli, bəli, sadəcə, hiss etdim. Və dərhal, dənizə, Hemulihanın bəyənmədiyi və buna görə də hər kəsin ora getməsini qadağan etdiyi yerə, tələsdim.
Dəniz kənarında məni vacib bir kəşf gözlədi. Həyatımda ilk dəfə özümü tam boydan gördüm. Düz və parlaq buz parçası Hemulihanın dəhlizdəki aynasından daha böyük idi. Nəhayət, bütün ağzım və pəncələrimə qədər möhkəm, yaxşı qurulmuş simama baxa bildim. Məni bir az məyus edən şey pəncələr idi. Onlarda çarəsiz və uşaq kimi bir şey var idi. Ancaq düşündüm ki, bəlkə zamanla bu da keçər. Axı mənim üstünlüyüm, şübhəsiz ki, başım idi. Nə etsəm də başqaları üçün mən cansıxıcı olmayacam və heç kim mənim pəncələrimə fikir verməyəcək.
Ovsunlanmış halda öz əksimə baxırdım. Daha yaxşı baxmaq üçün qarnımın üstündə buz üzərinə uzandım. Amma həmin an da yox oldum. Orada, getdikcə, daha da dərinləşən yaşıl bir duman görünürdü. Buz altında olan qəribə, gizli bir dünyada, qeyri-səlis kölgələr hərəkət edirdi. Onlar təhlükəli və çox cazibədar idi. Başım fırlanmağa başladı və düşündüm: buz parçalansa və mən oraya yıxılsam, nə olar? Bu qəribə kölgələrin arasına… Bu fikir o qədər dəhşətli idi ki, bir daha öz-özümə təkrar etdim: daha dərin, daha dərin…
Bu məni çox həyəcanlandırdı. Ayağa qalxıb, buzun dayanıqlı olub olmamasını yoxlamaq üçün üzərində bir az tullandım. Buz bərk idi. Sonra nə olacağını görmək üçün daha da irəli getmək qərarına gəldim. Lakin buz mənim ağırlığıma dözmədi. Birdən, yuvarlanıb soyuq yaşıl suya düşdüm. Çarəsiz pəncələrimi dibsiz və təhlükəli qaranlığa saldım, buludlar isə heç nə olmamış kimi səmada uçurdular.
Dəhşətli buz kölgələrindən biri məni yesə necə bəs? Qulağımın birini kəsib, uşaqları üçün evinə aparacaq və deyəcək: “Soyumadan tez yeyin! Bu, əsl mumi-troldur, nadir bir ovdur!” ya da birdən dalğa məni sahilə çırpsa, Hemuliha da ağlayaraq bütün tanışlarını inandıraraq deyəcək: “Ah, bu, qeyri-adi mumi-trol idi! Təəssüf ki, mən bunu çox gec anladım…”
Artıq öz cənazəmi xəyal edirdim ki, birdən nəyinsə quyruğumu yumşaq şəkildə sıxdığını hiss etdim. Quyruğu olan hər kəs, bədənimizin bu xüsusi bəzəyinin nə qədər diqqətlə idarə olunmalı olduğunu və hər hansı bir təhlükəyə və kobudluğa nə qədər həssas olduğunu bilir.
Xəyallarımdan oyanıb hərəkət etməyə başladım. Qətiyyətlə buzun üzərinə çıxıb sahilə çatdım. Orada öz-özümə dedim: bu bir hadisə idi. Həyatımda ilk hadisə. Daha Hemulihanın yanında qala bilmərəm. Taleyimi öz pəncələrimin arasına alma zamanı gəlmişdir!
Mən bütün gün titrədim, lakin kimsə bunun səbəbini məndən soruşmadı. Və bu, qətiyyətimi daha da gücləndirdi. Alaqaranlıqda çarşafı uzun zolaqlara ayırdım, onlardan kəndir toxudum və pəncərənin kənarına bağladım. İtaətkar olanlar etdiklərimi yaxından izləyirdilər, lakin heç nə demədilər və bu məni çox incitdi. Axşam çayından sonra diqqətlə düşünüb, vida məktubu yazdım. Məktub sadə, lakin daxili ləyaqətlə dolu idi. Bax, bu cürə səslənirdi:
Əziz, Hemuliha!
Mən əminəm ki, irəlidə məni böyük işlər gözləyir, amma mumi-trolun da həyatı çox qısadır. Buna görə də mən gedirəm, əlvida! Mənim üçün kədərlənməyin, şöhrət qazanıb qayıdacağam!
P.S Qidalarınızdan bir qutu balqabaq püresi aldım.
Sağlıqla qalın!
Hər kəsdən fərqli olan, Mumi-trol.
Qərar artıq verilmişdir! Qarşıda məni hansı hadisələrin gözləyəcəyini bilmədən səyahətə çıxdım. Hələ çox gənc mumi-trol idim, kədərlə çəmənliklərdə gəzir, vəhşi çuxurların səssizliyində ah çəkdim və gecənin dəhşətli səslərinə qulaq asdım, bu yalnızlığımı daha da artırdı.
Bədbəxt uşaqlıq xatirələri Mumi-ataya o qədər təsir etdi ki, hekayəsində bu nöqtəyə çatanda, ara verməyə qərar verdi. O qələmini yerə qoyub, pəncərəyə yaxınlaşdı. Mumi-Vadisində, tamamilə, sakitlik idi. O, öz-özünə gülümsədi və ayaqlarını pəncərədən sallayıb nərdivanı tutdu.
– Salam, ata, – Mumi-trol qonşu pəncərədən onu salamladı, – Nə edirsən?
– Gimnastika, oğlum, – Mumi-ata cavab verdi. – Çox faydalıdır! Bir addım aşağı, iki yuxarı, bir addım aşağı, iki yuxarı! Əzələləri möhkəmlədir!
– Ehtiyatlı ol, yıxılma! – Mumi-trol dedi, – Xatirələrin necədir?
– Yaxşıdır, – Mumi-ata dedi və titrəyən ayaqlarını pəncərənin üstünə atdı. – Hal-hazırda qaçmışam. Hemuliha ağlayır. Çox dramatik olacaq.
– Bizim üçün nə zaman oxuyacaqsan? – Mumi-trol soruşdu.
– Tezliklə. Gəmiyə çatan kimi. Öz yazdıqlarımı oxumaq çox əyləncəlidir!
– Əlbəttə, – Mumi-trol əsnəyərək dedi, – Gecən xeyirə qalsın.
– Gecən xeyirə qalsın, – ata dedi və qələmin qapağını açdı. – Deməli belə, harada qalmışdım?… Aha, qaçdım, sonra da səhər… Yox, bu daha sonra idi. Qaçış gecəsinin təsvirinə rəng qatmaq lazımdır.
Bütün gecə tanımadığım, darıxdırıcı yerlərdə gəzdim. İndi geriyə baxanda, özümə çox üzülürəm! Mən durmağa, ətrafa baxmağa cəsarət etmədim. Qaranlıqda nələrin gizləndiyini bilmək olmaz! “Ah, bu Hemulilər olmayan dünya” – deyə oxumağa çalışdım, lakin səsim elə titrəyirdi ki, daha da qorxunc olmağa başladı.
O gecə duman var idi. Hemulihanın yulaf əzməsi kimi qalın, çöl sahələrini, kolları və daşları formasız örtərək canavarlara çevirmişdi – onlar üzərimə gəlir, əllərini mənə uzadırdılar… Bədbəxt mən! O an hətta Hemulihanın şübhəli kompaniyası belə mənə təsəlli olardı. Lakin geri dönmək, – heç vaxt! Xüsusilə də, belə gözəl vida məktubundan sonra! Nəhayət, duman çəkildi.
Üfüqdə inanılmaz bir şey baş verdi. Duman Hemulihanın papağının örtüyü kimi çəhrayı oldu və bir anda, bütün dünya dostcasına olub çəhrayıya boyandı! Mən hərəkətsiz dayanıb, gecənin keçib getməsini izləyirdim, və indi səhər məni gözləyirdi, yalnız mənə aid olan, mənim sabahım! Əziz oxucular, siz təsəvvür edin ki, nifrət etdiyim o möhürləyici mumu necə sevinclə qoparıb kənara atdım! Və sonra – soyuq bir səhərin şəfəqləri altında – yenicə qovuşmuş azadlığının şərəfinə mumi-rəqsini etməyə başladım.
İndi, bir daha yuyunmayacağam! Saat beşi göstərdiyi üçün şam yeməyini etməyə məcbur olmayacağam! Padişah istisna olmaqla quyruğunuzla kimsəyə salam vermək məcburiyyəti də olmayacaq!
Günəş səmaya ucalıb hörümçək torlarına və yaş yarpaqlara öz şəfəqini yaydı və yavaş-yavaş gözdən itən dumanın arasından yolu gördüm. Bu, yol məni, kimsənin həyatına bənzəməyəcək bir dünyaya çıxaracaq.
Balqabaq püresini yeyib bankanı kənara atdım, bununla da yeganə mülkümdən qurtuldum. Məni heç bir iş gözləmirdi və köhnə vərdişlərə görə də nəsə edə bilməzdim, çünki ətrafdakı hər şey yeni idi. Heç vaxt özümü bu qədər yaxşı hiss etməmişdim.