18+
реклама
18+
Бургер менюБургер меню

Томас Майн Рид – Başsız atlı (страница 2)

18

– Çox gözəl, – mustanger səsləndi. – Bizim yemək ehtiyatımız tamam tükənib. Üç gün idi ki, gözəl bir mustanqın ovuna çıxmışdım, özümlə tüfəng götürməmişdim.

Ovçu maraqla soruşdu:

– Bu nə mustanqdır?

– Ağ xalları olan tünd şokolad rəngli bir madyandır. Çox gözəl atdır!

– Lənət şeytana! Mən də elə o at barədə söhbət etmək istəyirdim.

– Belə de!

– Mən o mustanqı görmüşəm. Deyirsən, o, madyandır? Mən bunu bilmirdim. İstəyirdim ki, onu tutmağa cəhd edəsən. Sənə deyim nə üçün? Mən qəsəbədə idim. Oraya bir adam gəlmişdi. Onu hələ Missisipidən tanıyıram. Adı Poyndeksterdir. O, varlı adamdır. Özü ilə yüz kölə gətirib. Bacısı oğlu Kolhaun da onunla yaşayır. Onun da yaxşı pulu var, dayısına borc verir. Plantasiya sahibinin yeganə bir qızı var ki, atası ondan canını da əsirgəməz. Bu qız Luizianada ən gözəl atları minib səyirdərdi. Xal-xal mustanq haqqında onlara danışandan bəri qızı kişiyə rahatlıq vermir. Mister Poyndekster də vəd edib ki, bu atı gətirənə pul əsirgəməyəcək. Bundan xəbər tutan bütün mustangerlər o atın dalınca düşəcəklər. Ona görə heç kəsə xəbər vermədən sənin yanına gəldim.

Gənc irlandiyalı yerindən qalxıb mister Stampı xal-xal mustanqın bağlandığı talvarın altına apardı.

Qoca ovçu:

– Lənət şeytana, bu həmin mustanqdır! Demək, tutmusan! Miss Poyndekster sevincindən dəli olacaq!

Sərhəd qalası

Leona çayı İnc qalası ilə qəsəbənin arasından axırdı. Qalanın hündür bayraq ağacında üzərində çoxlu ulduz şəkli olan bir bayraq dalğalanırdı. Qalanın ətrafına ağac gövdələrindən hasar çəkilmişdi. Hasarın bayır tərəfində sadə tikililər gözə dəyirdi. Arxada hərbi xəstəxana və anbarlar yerləşirdi. Burada hər şey Amerika bayrağının himayəsində idi. Qəsəbə sakinləri bir dükançıdan, mehmanxana sahibindən, peşəkar qumarbazlardan, iyirmiyədək ovçudan, naxırçıdan, mustangerlərdən ibarət idi. Çobanlar və mustangerlər Meksika paltarı geyirdilər. Mehmanxananın yanında bir meyxana da vardı.

İnc qalasının qarşısındakı meydanda üç gənc zabit – kapitan Sloumen, baş leytenant Krossmen və kiçik leytenant Henkok dayanıb Kasa-del-Korvo malikanəsinə tamaşa edirdilər. Onlar öz aralarında bura yeni gəlmiş ailə haqqında danışırdılar. Qarnizonun bütün zabit heyəti bu ailənin təşkil etdiyi şənliyə dəvət olunmuşdu.

Zabitlər Luizadan danışırdılar. Kapitan Sloumen deyirdi: "O, ağıllı bir qızdır və şit hərəkətlərdən xoşu gəlmir".

Bu arada səhər baxışına toplanış üçün şeypur çalındı. Zabitlərin üçü də bölmələrinə tələsdi. Baxışı qalanın komandiri olan mayor keçirirdi.

Poyndeksterlər ailəsinin köhnə dostu Zeb Stamp xal-xal mustanq barədə xəbər gətirmişdi: "Mustanq tutulmuşdur!"

Luiza:

– Doğrudanmı? Çox gözəl xəbərdir. Atam onu mənə alacağını vəd edib. Onu kim tutub?

– Kim ola bilər? Əlbəttə, mustanger.

– Mustanger?

– Bəli, özü də elə bir mustanger ki, bütün düzəndə tayı-bərabəri yoxdur. Nə at minməkdə, nə də kəmənd atmaqda heç kəs onunla rəqabət edə bilməz.

– Bəs onun adı nədir?

– Sizə etiraf edim ki, onun soyadı ilə heç vaxt maraqlanmamışam, adı isə Morisdir. Bu yerlərdə Moris-mustanger adı ilə məşhurdur.

– Ah, miss Lui, – deyə kəniz səsləndi, – qasırğa vaxtı düzəndə bizi xilas edən o gənc cənabın adı da belə idi!

– Bəli, – deyə ovçu tələsik cavab verdi. – O bu əhvalatı mənə elə bu səhər danışdı. Özüdür ki var. Xal-xal mustanqı tutan odur. İndi yoldadır, buraya gəlir. Mən isə qoca madyanımı çapıb gəldim ki, atanıza xəbər verim.

Vəhşi atın əhliləşdirilməsi

Kasa-del-Korvoda məclis qurulmuşdu. Bu malikanə, bəlkə də, heç bir zaman belə dəbdəbəli məclis görməmişdi. Qala qarnizonunun bütün zabit heyəti və qəsəbənin bir çox sakinləri Poyndeksterlər ailəsi ilə tanışlıq məclisinə dəvətli idilər. Bir çoxunun gözü plantasiya sahibinin qızında idi. Qıza daha çox göz qoyan bir nəfər vardı ki, bu da onun bibisi oğlu Kassi Kolhaun idi.

Luiza hərdənbir məhəccərə yaxınlaşıb uzaqlara baxırdı. Qızın bu baxışları Kolhaunu şübhələndirdi. Düzənlikdə bir at ilxısı göründükdə kapitanın şübhəsi qalmadı. Bu ilxını kimin gətirdiyini bilirdi.

İnc qalasının komandiri durbinlə baxaraq dedi:

– Vəhşi atlardır! Kimsə atları bura gətirir. Hə, indi görürəm: gələn Moris-mustangerdir. O bəzən bu atları gətirib bizə satır.

Luiza özünü elə göstərdi ki, guya ətrafda baş verənlər onu zərrə qədər də maraqlandırmır. Bibisi oğlunun qəzəbli nəzərlərinin onu izlədiyini hiss etmişdi.

İlxıdan ayrılmış çilli mustanq evə yaxın gətirildikdə bir dəstə adam:

– Nə gözəl atdır! – deyə səsləndi.

Mayorun diribaş arvadı təklif etdi:

– Aşağı enib belə mustanqa tamaşa etməyə dəyər. Miss Poyndekster, siz buna nə deyirsiniz?

Gənc ev sahibəsi:

– Əlbəttə, – deyə razılıq verdi.

Qadınlar daş pillələrlə aşağı endilər.

Henri qabağa keçib mehribanlıqla mustangerlə görüşdü. Luiza da azca təzim edərək Morisi salamladı. Ondan başqa qadınlardan yalnız mayorun arvadı mustangerlə mehribancasına salamlaşdı.

Poyndekster mustanqı nəzərdən keçirərək dedi:

– Şübhə yoxdur ki, bu at Zeb Stampın mənə dediyi atdır.

Morisə yaxın gələn qoca ovçu:

– Bəli, həmin atdır, mister Poyndekster. Yaxşı ki, mən özümü vaxtında yetirdim. Axı bu gözəl at başqasının əlinə keçərdi.

Plantasiya sahibi Morisə sarı dönərək xal-xal mustanqı göstərib dedi:

– Mən sizə iki yüz dollar borcluyam. Mister Stamp, gərək ki, bu barədə sizinlə danışıb razılığa gəlmişdir.

Mustanger mənalı-mənalı gülümsəyərək:

– Sizdən pul ala bilmərəm. Bu at satlıq deyil, – dedi.

Plantasiya sahibi, dostları və zabitlər buna təəccübləndilər. Atın qiyməti on dollardan iyirmi dollara qədər olduğu halda bu xam mustanqa iki yüz dollar təklif olunur! Mustanger isə onu satmaq istəmir. Yəqin ki, o, ağlını itirib.

– Mister Poyndekster, – deyə mustanger sözünə davam etdi, – o biri mustanqlara çox yaxşı qiymət verdiyinizə görə icazə verin sizə təşəkkür edim. İrlandiyalılarda bu bir adətdir. Qayda belədir ki, hədiyyə saziş bağladığın adama deyil, onun ailə üzvlərindən birinə verilir. Bu adəti Texasda dəb salmaq olmazmı?

Bir neçə səs buna:

– Əlbəttə! – deyə cavab verdi.

Plantasiya sahibi cəmiyyətin iradı qarşısında öz mühafizəkarlığından əl çəkdi:

– Etirazım yoxdur, mister Cerald, necə istəyirsiniz, elə də edin.

Mustanger azca təzim edib cəmiyyətə minnətdarlığını bildirərək ləyaqətlə dedi:

– Təşəkkür edirəm, cənablar, təşəkkür edirəm. Miss Poyndekster onu qəbul etməyə razı olarsa, böyük mükafat aldığımı düşünərəm.

Gənc qız irəli gələrək dedi:

– Ser, mən sizin hədiyyənizi qəbul edirəm, özü də minnətdarlıqla qəbul edirəm. Ancaq mənə elə gəlir ki, at hələ əhliləşməyib. Yəqin ki, xoşuna gəlməsə, yüyəni başından atmağa çalışacaq. Onda mən zavallı nə etməliyəm?

Bu yerdə mayor söhbətə qarışdı:

– Miss Poyndekster haqlıdır. Bu mustanq hələ xamdır. Moris, onun belinə qalx, düzənliyin bu vəhşi atını bizə göstər. Bu mənzərəni hələ görməmiş adamlar üçün maraqlı olar.

Bu, bir çağırış idi. Texasda at miniciliyi çox qiymətləndirilirdi. Moris cəld öz atından yerə sıçrayaraq qantarğanı Zeb Stampa verdi. Məclis əhlinin çoxu mənzərəni daha yaxşı seyr etmək üçün evin yuxarı mərtəbəsinə qalxdı.

Vəhşi atları əhliləşdirməkdə mahir olan mustanger kəndirlə buruntaq burub atın belinə sıçradı. Xal-xal mustanq qulaqbatırıcı və kinli bir səslə kişnəyərək şahə qalxdı. O bunu bir neçə dəfə etdi. Atlı özünü itirmədi. O, atın boynunu qucaqlayaraq ayaqları ilə yançaqlardan sıxırdı. Sonra mustanq dal ayaqları ilə soncuqlamağa başladı. O, iki-üç dəfə belindəki adamı yerə atmağa çalışdı. Lakin hər dəfə atlının çevikliyi qarşısında aciz qalırdı. Qəzəblənmiş heyvan öz səylərinin əbəs olduğunu anlamışdı. Odur ki daha ayağını yerə döymədi, yerindən qoparaq mustanger də belində düzənliyə sarı götürüldü.

Qonaqlar yerlərində durub mustangerin qayıtmasını gözləyirdilər. Yalnız bir nəfər onun ölümünü arzu edirdi. Bir başqası üçünsə bu onun öz ölümünə bərabər olardı.

Mustanger artıq vəhşi atın deyil, öyrədilmiş atın belində yenidən göründükdə Luizanın qəlbi daha bərk döyündü. Mustanger atdan yerə sıçrayıb alqış səslərinə əhəmiyyət vermədən dedi:

– Miss Poyndekster, ata yaxınlaşıb kəndiri boynuna keçirməyi sizdən xahiş edə bilərəmmi? Bunu etsəniz, at elə biləcək ki, onu siz əhliləşdirmisiniz və bundan sonra iradənizə tabe olacaq.

Çöllükdə kef məclisi