реклама
Бургер менюБургер меню

Теодор Драйзер – Kerri bacı (страница 2)

18

Bir də qadınlar həmişə öz paltarlarını kişilərin paltarı ilə müqayisə edirlər. Kerrinin də qonşusu ixtiyarsız olaraq onu belə bir müqayisəyə sövq etdi. Kerri birdən onların bir-birindən nə qədər fərqli olduqlarını anladı. Qara iplik qaytanla haşiyələnmiş sadə göy paltarı ona o qədər miskin göründü ki… O birdən ayaqqabılarının nə qədər köhnəlmiş olduğunu hiss etdi.

– Bağışlayın, – deyə, yol yoldaşı davam etdi, – mən axı deyəsən sizin şəhərdə çoxlarını tanıyıram. Məsələn, Morgenrotorun hazır paltar mağazasını, Qibsonun parça mallar mağazasını.

Kerri onun sözünü kəsərək:

– Doğrudanmı? – dedi və sonra bu mağazaların vitrini qarşısında durub nə qədər ürəksıxıcı dəqiqələr keçirdiyini xatırlayaraq dərhal canlandı.

O hiss etdi ki, nəhayət qızın diqqətini cəlb etmək üçün yol tapmışdır. Bir neçə dəqiqədən sonra o, artıq Kerri ilə yanaşı oturub hazır paltarlar satmaq üçün bağladığı sazişlərdən, özünün səyahətlərindən, Çikaqodan, şəhər əyləncələrindən danışmağa başladı.

– Əgər siz Çikaqoya gedirsinizsə, bu şəhər sizə çox xoş gələcəkdir. Sizin orada qohumlarınız varmı?

– Mən bacımı görməyə gedirəm, – deyə Kerri cavab verdi.

Yol yoldaşı dedi:

– Siz mütləq Linkoln-parkı və Miçiqan bulvarını görməlisiniz. Orada nəhəng binalar tikilir. Bu, sözün tam mənasında ikinci Nyu-Yorkdur. Qiyamət şəhərdir! Orada baxmalı şey çoxdur. Teatrlar, çoxlu adamlar, gözəl binalar. Ora sizin çox xoşunuza gələcəkdir!

Kerri nə isə anlaşılmaz bir ağrı duydu. Bütün bu gözəlliklərlə müqayisədə o özünü dəyərsiz hiss edir və bu onu sıxırdı, lakin yenə də yol yoldaşının bütün danışıqlarında nə isə ümidverici bir şey var idi. Bu yaxşı geyinmiş adamın diqqəti ona xoş gəlirdi.

O bir məşhur aktrisa haqqında danışıb Kerrinin ona oxşadığını söylədikdə qız özünü gülümsəməkdən saxlaya bilmədi. Kerri heç də ağılsız qız deyildi, lakin bu müqayisədən o həzz aldı…

– Siz yəqin ki, Çikaqoda bir qədər qalacaqsınız?

– Doğrusu, bilmirəm, – deyə, Kerri mütərəddid halda cavab verdi. Onun xəyalından bəlkə də orada iş tapa bilməyəcəyi fikri keçdi.

– Hər halda yəqin ki, bir neçə həftə qalacaqsınız? – deyə o, qızın gözlərinə baxaraq təkidlə soruşdu.

Onların danışdığı sözlər əslində aralarında baş verən hadisəni heç də əks etdirmirdi. O, bu qızda parlaq gözəlliyi əvəz edən ifadə olunmaz bir məlahət duymuşdu. Kerri anlayırdı ki, o, bu adam üçün ancaq müəyyən bir nöqteyi-nəzərdən maraqlıdır, – bu adətən qadını vahiməyə salır və eyni zamanda onu vəcdə gətirir. Kerrinin hərəkətləri çox sadə idi. Bu ondan irəli gəlirdi ki, o öz həqiqi hisslərini gizlətməkdə qadınlara kömək edən çoxlu məsum hiylələri hələ öyrənməmişdi. Onun hərəkətləri bir çox cəhətdən cəsarətli görünə bilərdi. Kerrinin ağıllı və təcrübəli bir dostu olsaydı, onu başa salardı ki, kişinin üzünə bu cür inadla baxmaq yaxşı deyil.

– Bu sizi nə üçün maraqlandırır? – deyə Kerri soruşdu.

– Elə belə. Çünki mən özüm də Çikaqoda bir neçə həftə qalacağam. Mən bizim firmaların malları ilə yaxşı tanış olmalı və yeni nümunələr götürməliyəm. Bu müddət ərzində mən sizə şəhəri göstərə bilərdim.

– Bilmirəm… yəni demək istəyirəm ki, sizinlə gedə biləcəyimi bilmirəm, çünki mən bacımgildə yaşayacağam və…

O, qızın sözünü kəsdi:

– Nə olsun ki, əgər bacınız bunun əleyhinə olarsa, biz başqa bir yol tapa bilərik.

Bu zaman o, cibindən bir dəftərçə və karandaş çıxartdı, sanki onlar artıq hər şey barəsində danışıb razılaşmışdılar.

– Hə, ünvanınızı deyin görüm!

Kerri bacısının ünvanı yazılmış kağız parçası olan çantasını qurdalamağa başladı.

Onun yol yoldaşı əlini şalvarının dal cibinə atdı, oradan içərisində bir dəstə yaşıl kağız pul, bir yığın müxtəlif məktublar və qəbzlər olan pul kisəsini çıxartdı. Bu pul kisəsi Kerriyə böyük təsir bağışladı. Onun tanışlarının heç birinin bu cür pul kisəsi yox idi. Ümumiyyətlə o, bu qədər təcrübəli səyyaha və şıq geyimli adama heç bir zaman rast gəlməmişdi. Pul kisəsi, işıldayan darçını çəkmələr, təzəcə tikilmiş zərif kostyum, cəsarətli hərəkətlər – bunların hamısı bu adamı əhatə edən saysız-hesabsız sərvətlər aləmini Kerrinin xəyalında canlandırırdı və bunların hamısı Kerridə bu adama qarşı hüsn-rəğbət oyadırdı.

O, pul kisəsindən üzərində litoqraf üsulu ilə “Bartlet Kario və K0” sözləri əlavə edilmişdi. Vərəqənin aşağısında sol küncdə “Çarlz Drue” sözləri əlavə edilmişdi. O, vərəqəni Kerriyə uzadaraq aşağıda yazılmış familiyasını göstərdi…

– Mənim adım belədir. “Drue” tələffüz olunur. Mən ata tərəfdən fransızam, – dedi.

Drue pul kisəsini cibinə qoyana qədər Kerri vərəqəyə baxdı. Drue, pencəyinin qoltuq cibindən bir çəngə məktub çıxartdı, onlardan birini götürüb yan tərəfindəki şəkli göstərdi və dedi:

– Bu bizim firmanın yerləşdiyi evdir. Steyt və Leyk-strit küçələrinin tinindədir.

Onun səsində bir qürur duyulurdu. Belə bir firmada qulluq etmək zarafat deyildi. O istəyirdi ki, qız bunu hiss etsin.

– Bəs sizin ünvanınız? – deyə o yenidən soruşdu və yazmağa hazırlaşdı.

Kerri ağır-ağır dilləndi:

– Kerri Miber, Qərb tərəfdə, Van-Büren-strit, üç yüz əlli dördüncü ev, Hansonun mənzili.

Drue ünvanı diqqətlə yazdı, yenə pul kisəsini çıxartdı, cib dəftərçəsini ora qoydu və:

– Mən bazar ertəsi gəlsəm, sizi evdə tapa bilərəmmi? – deyə soruşdu.

– Yəqin ki, taparsınız, – deyə Kerri cavab verdi.

Sözlərin başımızda cilvələnən saysız-hesabsız fikirlərin ancaq solğun bir kölgəsi olduğu nə qədər doğrudur! Sözlər bizim ucadan deyə bilmədiyimiz böyük hiss və arzuları ancaq birləşdirən kiçik bir halqadır.

Budur, bu iki adam skamyada oturub bir-birinə əhəmiyyətsiz sözlər deyir, biri pul kisəsini, digəri çantasını çıxardır, vizit vərəqəsinə baxır, lakin həqiqi hisslərinin nə qədər tutqun olduğunu özləri də başa düşmürlər. Nə Drue nə də Kerri o qədər fərasətli deyillər ki, bir-birinin beyninin hansı istiqamətdə işlədiyini müəyyən edə bilsinlər. Drue hələ qızı öz toruna salıb salmayacağını deyə bilməzdi, Kerri isə Drue onun ünvanını yazıncaya qədər özünün aciz halda axınla üzdüyünü başa düşmüşdü. Lakin indi Kerri nə isə bir şeydə ona güzəştə getdiyini, Drue isə qalib gəldiyini hiss etdi. Onların hər ikisinə aydın idi ki, aralarında nə isə bir əlaqə yaranmışdır.

Drue söhbəti ələ alıb onu asanlıqla davam etdirirdi. Kerri isə fikirsiz halda dinləyirdi.

Onlar Çikaqoya yaxınlaşırdılar. Siqnal işıqları yanıb sönürdü, qarşı tərəfdən gələn qatarlar yanlarından ötüb keçirdi. Düz və çılpaq səhraların hüdudsuz genişliyindən teleqraf sütunları cərgə ilə böyük şəhərə tərəf addımlayırdı. Uzaqda artıq şəhərin ətrafı görünür, fabrik boruları səmaya ucalırdı.

Açıq səhrada çəpərlənməmiş, ətrafında ağac əkilməmiş ikimərtəbəli tənha binalar tez-tez görünməyə başlayırdı – onlar yaxınlaşan evlər ordusunun kəşfiyyatçılarına bənzəyirdilər.

Uşağa, dahi təxəyyülünə malik olan adama və ilk dəfə səyahət edənlərə böyük şəhərə yaxınlaşmaq nə isə qəribə gəlir. Xüsusən axşamçağı bütün canlı aləmin bir vəziyyətdən başqa vəziyyətə keçdiyi, işıq ilə zülmət arasında əsrarəngiz mübarizə getdiyi zaman bu daha qüvvətli təsir bağışlayır. Ah, yaxınlaşan gecənin verdiyi vədlər! Yorulmuş adama gecə nə qədər çox şeylər deyir! O keçmiş xəyalları və ümidləri necə də canlandırır! Yorulmuş zəhmətkeşin qəlbi deyir: “Mən tezliklə azad olacağam, mən şənlik edənlər dəstəsinə qoşulacaq və onlarla birlikdə şənlik edəcəyəm. Kücələr, fənərlər, stolları üzərində xörəklər qoyulmuş işıqlı otaqlar – bunların hamısı mənim üçündür! Teatrlar, salonlar, yığıncaqlar, istirahətə gedən yollar, insanı şən nəğmələrə doğru aparan cığırlar – gecə başlanan kimi bunların hamısı mənim olacaqdır!” Bütün insan övladının hələ də kontorlarda və zavodlarda işlə məşğul olmasına baxmayaraq, həzz almaq fikrindən doğan titrəyiş artıq havanı doldurur. Ən süst adamlar belə təsvir edilməsi, yaxud sözlə ifadə edilməsi həmişə mümkün olmayan hisslər keçirir, sanki birdən çiyinlərindən zəhmətin ağır yükünü atırlar.

Kerri bacı pəncərəyə baxırdı. Onun bu marağı yoluxucu xəstəlik kimi Drueyə də sirayət etdi və o böyük şəhərə yeni gözlə baxaraq onun möcüzələrindən danışmağa başladı.

– Bura Çikaqonun şimal-qərb hissəsidir, – dedi. – Bu da Çikaqo çayıdır, – deyə əlavə etdi və burunlarını qranit sahilin qara dirəklərinə söykənərək, bir-birini sıxışdıran uzaq sulardan gəlmiş nəhəng üç dorlu gəmilərin dayandığı bulanıq çayı göstərdi.

Fışıldayan buxarın səsi, taqqıltı, cingilti eşidildi və çay geridə qaldı.

– Çikaqo böyük, gözəl şəhərə çevrilir, – deyə o sözünə davam etdi. – Siz orada tamaşa ediləsi çox şey tapacaqsınız.

Kerri onun sözlərini demək olar ki, eşitmirdi. Öz doğma evlərindən uzaqda, tamamilə tənha olduğunu, böyük həyat və cəsarət dənizinə doğru irəlilədiyini fikirləşdikdə onu birdən-birə qeyri-ixtiyari bir vahimə basdı. O, boğulduğunu hiss etdi. Şiddətli ürək döyüntüsü yüngül ürək bulanma əmələ gətirirdi. O, gözlərini yarım yumaraq bütün bunların boş şeylər olduğuna, Kolumbiya-sitinin Çikaqodan o qədər də uzaq olmadığına özünü inandırmağa çalışdı.

Konduktor qapını taqqıltı ilə açaraq:

– Çikaqo! Çikaqo! – deyə bağırdı.

Qatar çoxlu rels şəbəkəsinə daxil oldu. Taqqıltı və gurultu havanı doldurdu. Kerri bir əli ilə köhnə çamadanından yapışdı, o biri əli ilə çantasını bərk-bərk sıxdı.

Drue də qalxdı. Adət olunmuş bir hərəkətlə şalvarını düzəltdi, təmiz, sarı çamadanını götürdü.