Теодор Драйзер – Dahi (страница 10)
Hər şeydən əvvəl, şübhəsiz, qəzetlərdə, özünə yol açmaq istəyən hər kəsi cəlb edən bu gözəl müəssisələrdə taleyini sınadı. Lakin səs-küylü redaksiyalar, bədii şöbələrin qaşqabaqlı müdirləri və təkəbbürlü redaktorları Yucini qorxudurdu. İş başında duranlardan biri Yucinin ona göstərdiyi üç-dörd şəkil eskizini maraqlı hesab etdi, lakin onun qanı qara idi. Yox, ona heç kəs lazım deyil. O belə də dedi: “Yox,bizə heç kəs lazım deyildir”. Yucin kədərlə düşündü ki, onu bu sahədə, yəqin məğlubiyyət gözləyir.
Bu oğlanın bütün fəlakəti onda idi ki, onun istedadı hələ mürgüləyirdi. Həyatın gözəlliyi və onda olan valehedicilik artıq Yucini öz hakimiyyətində saxlayırdı, lakin o bunu hələ cizgilər və boyalarla təsvir etmək iqtidarında deyildi. O aramsız olaraq səs-küylü küçələrdə dolaşır, vitrinlərin yanında uzun-uzun dayanır, çayda üzən qayığa, göldə yırğalanan gəmiyə saatlarla baxırdı. Bir dəfə gündüz Yucin gölün sahilində durduğu zaman üfüqdə bir yelkənli gəmi göründü. Bu onun həyatında gördüyü ilk gəmi idi. Onda gözəllik hissi coşdu. O, hasarda oturdu, gəmi gözdən itənə qədər onun arxasınca baxdı. Deməli, böyük göllər belə olur! Bəs böyük dənizlər – Atlantik, Sakit, Hind okeanları necə olmalıdır. Ah, dənizlər! Bəlkə bir vaxt o, Nyu-Yorka getdi, orada dənizləri görər. Burada da dəniz onun qarşısındadır – lakin kiçik miqyasda – və o necə də gözəldir!
İnsan yaşamaq üçün vəsaitlə təmin olunmamışsa, vaxtını göl sahillərində, bərələr və vitrinlər qarşısında xəyallar içərisində keçirərək, heç bir şey etmədən yaşaya bilməz. Yucinin isə vəsaiti yox idi. O, ata evini tərk edərkən müstəqillik əldə etmək qərarına gəlmişdi. O, dolanmaq üçün əmək haqqı almaq istəyirdi. O istəyirdi ki, işinin pis gətirmədiyini evə yazmaq imkanı əldə etsin. Onun əşyaları gəlib çıxdı, anasından mehriban məktub və bir qədər pul gəldi. Bu, cəmisi on dollar idi. O bu pulu geri qaytardı – o yeni həyata bu cür başlamağı düşünməmişdi. O, hesab edirdi ki, öz qazancı ilə yaşamalıdır, hər halda bunu sınamağı qərara almışdı.
On gün keçdi, Yucinin sərmayəsi olduqca azaldı, – onun bir dollar yetmiş beş sent pulu qalmışdı – nə cür iş olur-olsun, işləmək lazım idi. İndi rəssamlıq, hətta mürəttiblik yeri haqqında düşünməyə belə dəyməzdi. Mürəttib, həmkarlar ittifaqının üzvü olmalıdır, Yucin isə ittifaq üzvü deyildi, bunun üçün də rast gələn hər bir işdən yapışmaq lazım idi. O öz xidmətini təklif etməklə bu mağazadan o mağazaya getməyə başladı. İş haqqında soruşduğu miskin emalatxanalar o qədər xoşagəlməz idi ki, Yucin daxilən iyrənirdi. Lakin o öz vasvasılığını boğdu. O nə iş olursa olsun, qəbul etməyə, çörəkçi, şirniyyat yaxud parça-mal mağazasında kontorçu olmağa da razı idi.
Bir dəfə o bəxtəbəxt böyük bir dəmirçi dükanına daxil oldu. Onun müraciət etdiyi adam ona baxdı.
– Mən sizə soba təmiri işini təklif edə bilərəm, –dedi.
– Yucin onu başa düşmədi, lakin məmnuniyyətlə razılaşdı. Ona həftədə altı dollar təyin etdilər – bu pulla hər halda yaşamaq olardı. Yucini sobaların yığılması, rənglənməsi və təmiri ustası olan iki yekəpər işçinin ixtiyarındakı çardağa apardılar. Onlar öz yeni köməkçilərinə acıqlı-acıqlı izah etdilər ki, o köhnə sobaların pasını təmizləməli, həmçinin onların yığılmasına, rənglənməsinə və anbara daşınmasına kömək etməlidir – bu dükanın sahibi şəhərin hər tərəfindən köhnə mallar satanlardan sobalar alır və bunlar satış üçün təmir olunurdu. Pəncərənin yanında Yucinə alçaq bir oturacaq ayrılmışdı. O, paslı sobaları təmizləməli idi. O aşağıya, dalana, həyətində yaşıl ot bitmiş evlərə baxaraq çox vaxt işi unudurdu. Şəhər onun üçün möcüzələrlə dolu idi, hər bir xırda şey onu özünə cəlb edirdi. Yaxından keçən cındırçı “Cındır, dəmir-dümür alıram” deyə bağırdığı yaxud tərəvəz satan “Pomidor, kartof, təzə qarğıdalı, göy noxud” deyə səsləndiyi zaman Yucin başını qaldırır və qulaq asırdı. Bu bir növ musiqi kimi onda canlı əks-səda yaradırdı. Aleksandriyada buna oxşayan bir şey eşitməzsən. Bütün bunlar onun üçün necə də yeni idi! Yucin nə kimi eskizlər çəkəcəyini təsəvvürünə gətirirdi. O, həyətdə ipdən asılmış paltarları, səbətli qızları və sairəni xəyalında təsvir edirdi.
Bir dəfə o, səylə işləyirmiş kimi düşündüyü zaman ( o artıq iki həftə idi ki, dükanda işləyirdi) ustalardan biri səsləndi:
– Ey, hərəkətə gəlsənə! Pulu onun üçün vermirlər ki, sən gözünü pəncərəyə dikəsən.
Yucin yerində donub qaldı. O, avaraçılıq etdiyini görmürdü. İncik halda və meydan oxuyarcasına:
– Sizə nə var? – dedi. İndiyə kimi o hesab edirdi ki, bu adamlarla bərabər hüquqda işləyir və heç də onlara tabe deyildir.
– Mən sənə göstərərəm, dikbaşın biri, – deyə yaşlı, çox kobud, “Oliver Tvist”dəki Bill Sayksa oxşayan usta səsləndi. – Sənin ağanın kim olduğunu mən sənə göstərərəm. Cəld ol deyirəm sənə, həyasızlıq etmə!
Bu vəhşi kobudluğun gözlənilməz partlayışı Yucini heyrətə gətirdi. Onun rəssam kimi uzaqdan müşahidə etdiyi və onu bir hadisə kimi maraqlandıran yırtıcı indi özünü göstərirdi.
Yucin özünü nə cür təhlükəyə atdığını yalnız nisbətən anlayaraq çığırdı.
– Cəhənnəm olun!
– Nə dedin? – deyə usta bağırdı və onun üzərinə atıldı.
O ağır, mıxlı başmağının burnu ilə Yucini vurmaq niyyətiylə onu divara doğru itələdi. Yucin döşəmədən sobanın dəmir ayağını qapdı. O, kətan kimi ağarmışdı.
Yucin dəmir qıçı əlində möhkəm sıxaraq hədə ilə:
– Yaxşısı budur ki, mənə toxunmayın, – dedi.
Belə bir qızışmanın yersiz olduğunu anlayan başqa usta:
– Burax Cim, – dedi, – ona toxunma. Əgər o sənə xoş gəlmirsə, qov çıxsın getsin.
Yucinin açıqürəkli ağası:
– Elə isə cəhənnəm ol, get! – dedi.
Yucin hələ də əlində sobanın qıçını tutaraq pencək və şlyapası asılmış asılqana yaxınlaşdı, hücumun təkrar olunmasından qorxaraq ehtiyatla rəqibinin yanından keçdi. O, inadcıllıq göstərdiyi üçün cəza olaraq, Yucinə yenidən yumruq vurmaq fikrində idi, lakin özünü saxladı.
Yucin qapıya yaxınlaşarkən usta:
– Özünü çox ağıllı hesab edirsən, küçük, – dedi. – Ayıl, yuxulu əntər!
Yucin özünü alçaldılmış və rüsvay edilmiş hiss edərək, sakitcə çıxıb getdi. Bir işə bax! Onu, Yucin Vitlanı az qala təpikləmiş, bayıra itələmişdilər, özü də işdə, həftədə altı dollar verdikləri işdə! Bir anlığa kəskin ağrı onun boğazını tutdu, lakin bu, tədricən keçib getdi. Yucin ağlamaq istədi, ancaq bacarmadı, aşağıya düşdü və kontora yaxınlaşdı. Onun üzü və əlləri rəngə bulaşmışdı. Onu işə qəbul edən adama:
– Mən gedirəm, – dedi.
– Yaxşı. Nə baş vermişdir?
– Bu heyvan usta məni təpiklə vurmaq istəyirdi, – deyə Yucin izah etdi.
– Bəli, onlar bir az ədəbsiz uşaqlardır, – deyə sahibkar razılaşdı. – Mən bilirdim ki, siz onlarla yola gedə bilməyəcəksiniz. Burada sizdən möhkəm adam lazımdır. Hesabınızı alın.
O stol üstünə üç yarım dollar qoydu. Yucin bu qəribə cavabı heyrət içərisində dinlədi. O, həmin adamlarla yola getməli imiş. Bəs onlar Yucinlə yola getməyə borclu deyillər? Deməli, böyük şəhər özündə belə sakitlik gizlədir!
Yucin evə qayıtdı, yuyundu və yenidən küçəyə çıxdı, çünki indi işsiz oturmaq vaxtı deyildi. Bir həftə keçdikdən sonra o, daşınmaz əmlak satışı agentliyində kuryerlik yeri tapdı. O, boşalan evləri öyrənməli, nömrələrini xəbər verməli və pəncərəyə “kirayə verilir” sözləri ilə elan yapışdırmalı idi. Bu iş ona həftədə səkkiz dollar gətirir və gələcəkdə bəzi imkanlar açırdı. Bu yer Yucini tamamilə təmin edirdi, lakin üç ay keçməmişdi ki, bu kontor iflasa uğradı. Payız yaxınlaşırdı, qış kostyumu və isti palto haqqında düşünmək lazım idi. Lakin Yucin işinin düz gətirməməsi haqqında valideyninə yazmırdı. Əslində nə olursa olsun, o istəyirdi ki, evdəkilər onun işinin yaxşı olduğunu düşünsünlər.
Onun təəssüratı getdikcə aydınlaşır və kəskinləşirdi – şəhərin bəzi rayonlarının hər addımda gözə çarpan zənginliyi buna səbəb olurdu. Miçiqan, Preri, Eşlend-avenyü kimi küçələr, həmçinin Vaşinqton bulvarı – Yucinin heç bir vaxt görmədiyi ən gözəl evlər tikilmiş rayonlar – onu heyrətləndirirdi. O bu evlərin möhtəşəmliyinə, onları əhatə edən çəmənliklərin gözəlliyinə, aynalı pəncərələrinə, karetalarına və qulluqçularına valeh olmuşdu. O həyatında ilk dəfə idi ki, zəngin geyimli qapıçılar görürdü. O, uzaqdan ona gözəllik möcüzəsi kimi gələn və bəzəkli paltarlarında bu qədəq şıq görünən gənc qız və qadınlar, öz boy-buxunları ilə adamı valeh edən gəncləri görürdü. Ola bilsin ki, daim qəzetlərin yazdığı həmin “cəmiyyətin” nümayəndələri elə bunlar idilər. Yucin hələ bundan baş çıxarmağı bacarmırdı. Gözəl geyim və dəb-dəbə onun üçün yüksək ictimai vəziyyətə dəlalət edirdi. İlk dəfə idi ki, onun gözləri açılmışdı və o, əyalətdən gələn yeniyetmələri gözləyən həyat ilə dünyada olan nemətlər – daha doğrusu, ictimai pillələrin ən yuxarısında duran bir ovuc insanın başına səxavətlə səpilən nemətlər – arasındakı dərin uçurumu görürdü. Bütün bunlar onu bir qədər ayıldır, həm də kədərləndirirdi. Həyat ədalətsizliklə dolu idi.
Bu payız günlərində, ağacların yarpaqları saraldığı və iliklərə işləyən külək, tüstü burumlarını və toz buludlarını qabağına salıb qovduğu zaman o inandı ki, şəhər amansız olmağı bacarır. Onun qarşısına köhnə paltarda, kədərli, taqətsiz, çuxura düşmüş gözləri dərin ümidsizliklə baxan adamlar çıxırdı. Onları bu vəziyyətə, yəqin ki, ağır həyat salmışdı. Əgər onlar sədəqə dilənirdilərsə – doğrudur, onlar Yucinə az müraciət edirdilər, çünki onun görünüşü heç də təmin olunduğunu isbat etmirdi, – deməli, sadəcə həyatın uğursuzluğundan şikayət edirdilər. Axı fəlakətə uğramaq asandır. Əgər diribaş olmasan, asanlıqla acından vərəmləmək olar – şəhər bunu Yucinə tezliklə öyrətdi.