Теодор Драйзер – Cenni Herhardt (страница 6)
– Qulaq as, Cenni, – deyə təklif etdi. – Sən balacalarla səkkizinci küçəyə get, platformanın yanında gözlə. Mən ora gedirəm. Ancaq mən ora çatanda heç biriniz özünüzü elə göstərməyin ki, məni tanıyırsınız. Elə-belə deyin: "Mister, rica edirik, bir az kömür tullayın". – Mən platformaya qalxaram, nə qədər lazımsa tullaram. Başa düşdünüzmü?
Çox razı qalmış Cenni:
– Yaxşı, – dedi.
Onlar evdən qarlı axşam dumanına çıxdılar və dəmiryoluna doğru yönəldilər. Orada, küçəni yük stansiyasının geniş köməkçi yollarının kəsdiyi yerdə bir az bundan qabaq gəlmiş kömür qatarı dayanmışdı. Uşaqlar vaqonlardan birinin kölgəsində gizləndilər. Onlar böyük qardaşlarını gözləyərkən bir neçə ən yeni yataq vaqonu olan gözəl və uzun Vaşinqton sürət qatarı gəldi. Böyük aynalı pəncərələr parlayır, onların arxasında rahat, yumşaq kreslolara quylanmış sərnişinlər görünürdülər. Qatar gurultu ilə onların yanlından keçərkən uşaqlar ixtiyarsız geri çəkildilər. Corc:
– Gör necə uzundur! – dedi.
– Belə bir qatarda konduktor olaydım! – deyə Uilyam köksünü ötürdü.
Təkcə Cenni susurdu, lakin uzaq səyahətlər haqqında, dəbdəbələr haqqında fikir onu hamıdan çox həyəcanlandırırdı. Varlı adamlar necə gözəl yaşayırlar!
Uzaqdan Sebastyan göründü, onun enerjili, cəsuranə yerişi var idi və onda olan hər bir şey öz qiymətini bilən adamı xatırladırdı. O çox inadcıl və qətiyyətli idi. Uşaqlar onun dediklərinə olduğu kimi əməl etməsəydilər, o onların yanından düz keçib gedəcək, onlara kömək etməyi heç ağlına da gətirməyəcəkdi.
Lakin Marta işə lazımi ciddiliklə yanaşdı və tapşırıldığı kimi pıçıldadı: "Mister, rica edirik bizə bir az kömür tullayasınız".
Sebastyan birdən-birə dayandı, yad adamlara baxırmış kimi onları süzüb: "Yaxşı, olar", – dedi və platformaya qalxıb qəribə zirəkliklə o qədər kömür tulladı ki, səbətlərin hamısını doldurdular, hələ artıq da qaldı. Sonra o sanki belə ləyaqətsiz adamların yanında çox dayanmaq istəmirmiş kimi tələsik dəmiryolundan keçdi və gözdən itdi.
Evə qayıdarkən bir centlmen də gördülər. Bu dəfə gördükləri başında silindr, əynində gözəl plaş olan əsil centlmen idi. Cenni dərhal onu tanıdı. O, Vaşinqtondan yeni qayıtmış və bu bayramdan ürəkaçıcı bir şey gözləməyən senator Brender idi. O, uşaqların diqqətini cəlb edən ekspreslə gəlmişdi, yüngül, balaca sakvoyajını götürüb bir qədər gəzmək arzusu ilə otelə yollanırdı. Birdən ona elə gəldi ki, Cennini görür.
– Cenni, sizsiniz? – deyə yaxşı baxmaq üçün addımlarını yavaşıtdı.
Onu daha əvvəl tanımış Cenni: "Ah, bu mister Brenderdir!" – deyə qışqırdı, səbətin dəstəsini buraxıb, balacalara tapşırdı ki, kömürü tez evə aparsınlar, özü isə əks tərəfə qaçdı.
Senator Brender onun arxasınca getdi və üç-dörd dəfə "Cenni! Cenni!" deyə çağırdı. Lakin nahaq yerə. Qıza çatmaq ümidini itirərək birdən-birə başa düşdü ki, qızı qaçmağa məcbur etmişdir, buna görə də onu utandırmamağı qət etdi və dönüb uşaqların ardınca getdi. Hər dəfə qızla görüşdüyü zaman olduğu kimi özü ilə qızın vəziyyəti arasındakı dərin uçurumu yenidən duydu. Budur, o, senatordur, bu uşaqlar isə relslər arasında kömür yığırlar. Sabahkı bayram onlara nə şənlik gətirəcəkdir? O, uşaqların halına acıyaraq, yaxşılıq etmək fikri ilə onların arxasınca gedirdi, çox keçmədən onların balaca darvazadan içəri girdiklərini və miskin bir daxmada gözdən itdiklərini gördü. Senator küçəni keçdi və üstünə qar tökülmüş ağacın seyrək kölgəsində durdu. Həyətə baxan pəncərədən sarı işıq düşürdü. Ətrafda hər şey qarla örtülmüşdü. Evdən uşaqların səsi gəlirdi, bir dəfə Brenderə elə gəldi ki, missis Herhardtı görür. Bir az sonra yan balaca qapıdan kiminsə kölgəsi ötüb keçdi. Senator bu kölgəni tanıdı. Onun ürəyi döyündü, həyəcanını boğaraq dodaqlarını dişlədi. Sonra sərt bir hərəkətlə çevrildi və uzaqlaşdı.
Şəhərin ən böyük baqqalı Menninq adlı bir tacir idi. O, Brenderin möhkəm tərəfdarı idi və özünün senatorla tanışlığı ilə çox fəxr edirdi. Bu axşam Brender onun yanına gəldi.
– Menninq, siz bu gün mənim bir tapşırığımı yerinə yetirə bilməzsinizmi? – deyə o soruşdu.
– Əlbəttə, yerinə yetirərəm, senator, əlbəttə, – deyə dükançı cavab verdi. – Siz nə vaxt qayıtmısınız? Sizi görməyimə çox şadam. Qulluğunuzda hazıram.
– Səkkiz baş ailə, – ata, ana və altı uşaq üçün bayrama lazım olan hər şey hazırlayın. Yolka, ərzaq, oyuncaq… Nə deyim, özünüz bilirsiniz.
– Əlbəttə, əlbəttə, senator.
– Xərcinə baxmayın, hamısını bol-bol göndərin. Bu saat mən sizə ünvanı verərəm. – O, yazı dəftərçəsini çıxartdı.
– Məmnuniyyətlə hamısını edərəm, – deyə Menninq sözünə davam etdi, – böyük məmnuniyyətlə. Siz həmişə alicənab olmuşsunuz.
– Yaxşı, yaxşı, Menninq, – deyə senator yalnız dövlət adamı ləyaqətini qorumaq üçün üz-gözünü turşutdu. – Hamısını tez, yubanmadan göndərin və hesabını mənə yollayın.
Sevinmiş alverçi ancaq:
– Böyük məmnuniyyətlə, – deyə bildi.
Senator küçəyə çıxdı. Qoca Herhardtları xatırlayaraq ayaqqabı və hazır paltarlar mağazasına girdi. Birdən şeylərin nə ölçüdə olduğunu bilmədiyini xatırladı. Dəyişmək hüququ ilə bəzi şeylər sifariş verdi. Sonra otelə qayıtdı.
O təkrar-təkrar düşünürdü: "Kömür toplayırlar. Mən nə qədər diqqətsiz olmuşam. Mən artıq onları unutmamalıyam".
IV FƏSİL
Senatoru görərkən Cennini bürüyən qaçmaq arzusu onunla izah olunurdu ki, o öz vəziyyətini alçaldıcı hesab edirdi. Senator onun haqqında belə yaxşı rəydə ikən Brenderin onu rəzil bir işlə məşğul görməsindən utanırdı. O sadəlövhcəsinə fikirləşirdi ki, senatoru şəxsən onun özü deyil, nə isə başqa bir şey maraqlandırır. Cenni evə gələnədək uşaqlar onun qaçdığını analarına nağıl etmişdilər. O, otağa daxil olan kimi
Corc soruşdu: – Sənə nə olmuşdu?
– Heç nə, – deyə Cenni cavab verdi və buradaca anasına tərəf çevrilib izah etməyə başladı: –
Mister Brender bizim yanımızdan keçib bizi gördü.
– Yox canım? – deyə missis Herhardt yavaşdan səsləndi. – Deməli, o qayıtmışdır. Bəs sən niyə qaçıbsan, axmaq?
– Mən istəmirdim ki, o məni görsün. Ana qayğı ilə dedi:
– Bəlkə o heç səni tanımayıb.
– Yox, tanıdı, – deyə Cenni pıçıldadı. – O məni üç dəfə səslədi. Missis Herhardt başını buladı.
Söhbəti eşidən Herhardt qonşu otaqdan çıxa-çıxa soruşdu:
– Nə olub?
– Heç nə, – deyə arvadı cavab verdi. O, senatorun onların həyatında nə kimi rol oynamağa başladığını heç də izah etmək istəmirdi. – Uşaqlar kömür gətirəndə kimsə onları qorxutmuşdur.
Elə bu axşam bir az keçmiş milad hədiyyələri gəldi və bu bütün ailəni çox həyəcana saldı. Ərzaq mağazasının arabası onların qapısında dayandığı və kuryer – möhkəm bədənli oğlan paketləri evə daşıdığı zaman Herhardt və onun arvadı gözlərinə inanmadılar. Kuryeri səhv etdiyinə inandırmaq üçün faydasız cidd-cəhddən sonra, Herhardtlar səbəbi aydın olan şadlıqla bütün bu nemətləri gözdən keçirməyə başladılar.
Kuryer inamla dedi:
– Siz narahat olmayın. Mən nə etdiyimi bilirəm. Sizin familiyanız Herhardtdır, eləmi? Bunlar hamısı sizə çatacaqdır.
Missis Herhardt yerində otura bilmirdi, əllərini həyəcanla ovuşduraraq təkrar edirdi:
– Nə deyirsən buna? Möcüzə deməzsən?
Herhardtın özü də tanımadığı xeyirxah adamın səxavəti haqqında fikirləşməkdən mütəəssirlənmişdi, o bu yaxşılığı bir zaman fabrikasında işlədiyi və ona yaxşı münasibət bəsləyən iri yerli fabrik sahibinin adına yazmaq istəyirdi. Missis Herhardt gözlənilməyən sevincin həqiqi mənbəyini, şübhəli olsa da, anlayırdı və gözləri yaşarmaq dərəcəsinə qədər mütəəssir olmuşdu, lakin susurdu. Cenni isə dərhal burada kimin əli olduğunu başa düşdü.
Milad bayramının ikinci günü Brender oteldə missis Herhardt ilə görüşdü. Cenni təsərrüfat işləri ilə məşğul olmaq üçün evdə qalmışdı.
Brender əlini uzadaraq mehribancasına səsləndi:
– Missis Herhardt, kefiniz necədir? Bayramı necə qarşıladınız?
Zavallı missis Herhardt utana-utana onun əlini sıxdı. Onun gözləri bir an yaşla doldu. Brender əlini onun çiyninə vuraraq:
– Yaxşı, yaxşı, – dedi. – Ağlamaq lazım deyil. Paltarları yumağa aparmağı unutmayın.
– Yox, unutmaram, ser! – deyə missis Herhardt cavab verib yenə nə isə demək istədi, lakin Brender artıq uzaqlaşmışdı.
İndi Herhardt daima oteldə yaşayan qəribə senator haqqında, onun lütfkarlığı, paltar yudurtmaq üçün nə qədər çox pul verməsi haqqında danışıqlar eşidirdi. Sadəqəlb zəhmətkeş, mister Brenderin çox xeyirxah, çox nəcib adam olmasına tez inandı.
Cenninin özü də belə düşünür və senatora getdikcə daha çox valeh olurdu.
Cenni elə böyümüş və elə yaxşılaşmışdı ki, heç kəs onun yanından laqeyd ötüb keçə bilməzdi. O, ucaboylu idi, bədən quruluşu gözəl idi. Uzun paltarda, kübar qadınların zinətində o, senator kimi, görkəmli bir kişiyə gözəl tay ola bilərdi. Onun insanı heyrətləndirəcək dərəcədə aydın, oynaq gözləri, gözəl rəngli siması, düz ağ dişləri vardı. Həm də o, ağıllı, həssas və çox müşahidəçi idi. Onda ancaq tərbiyə və özünün asılı, müti vəziyyətini başa düşən adamlarda heç vaxt tapılmayan inam çatmırdı. Paltar yumaqla məşğul olmaq, onları gətirib-aparmaq, hər cür xırda-xuruş şeyləri bir sədəqə kimi qəbul etmək onun əl-qolunu bağlayırdı.
İndi o, həftədə iki dəfə otelə gəlirdi, senator Brender onunla mehriban rəftar edir, özünü sərbəst aparırdı. Cenni də belə edirdi. Senator tez-tez ona, onun bacılarına və qardaşlarına kiçik hədiyyələr verir və həmişə onunla elə sadə, elə səmimi danışırdı ki, nəhayət, onları bir-birindən ayıran uçurum yox oldu. Cenni onun simasında mötəbər senatordan artıq alicənab bir dostunu görməyə başladı. Bir dəfə Brender ondan oxumaq istəyib-istəmədiyini soruşdu. Senator düşünürdü ki, yaxşı məktəb onu daha cazibədar edə bilər. Nəhayət, bir dəfə axşam o, Cennini yanına çağırdı.