реклама
Бургер менюБургер меню

Теодор Драйзер – Amerika faciəsi (страница 3)

18

Klaydın ata-anası, öz uşaqlarının gələcəyinin qeydinə qala bilməyən aciz adamlar idi. Onlar başa düşmürdülər ki, uşaqların hər birinə müəyyən bir əməli sahədə, yaxud ixtisas üzrə bilik vermək tamamilə zəruri bir şeydir, əksinə insanlara İncil həqiqətlərinin nurunu saçmaq ideyası ilə başları qarışmış bu adamlar, hətta uşaqlarını şəhərlərin birində məktəbə düzəltmək haqqında fikirləşməmişdilər. Onlar çox vaxt dərs ilinin qızğın vaxtında bir şəhərdən başqa bir şəhərə yola düşərək öz dini fəaliyyətləri üçün daha geniş sahə tapmaq məqsədi ilə tez-tez yerlərini dəyişirdilər. Bəzən bu dini fəaliyyət heç bir gəlir vermirdi. Eysa isə bağbançılıqdan, yaxud az-çox başı çıxdığı yeganə bir iş olan yeni şeyləri satmaq üçün agentlik vəzifəsindən çox pul qazana bilmədiyi üçün ailə yarıac həyat sürür, onun üzvləri cır-cındır geyir və uşaqlar məktəbə gedə bilmirdilər. Lakin uşaqlar ailənin bu vəziyyəti haqqında nə düşünürlərsə, düşünsünlər, Eysa və arvadı belə hallarda özlərinə məxsus nikbinliyi itirmirdilər, hər halda nikbin qaldıqlarını özlərinə təlqin edir, Allaha və Allahın himayəsinə həmişəki kimi yenə sarsılmaz inam bəsləyirdilər.

Qrifits ailəsi missiyanın yerləşdiyi binada yaşayırdı. İstər onların mənzili, istərsə də missiya binası hər bir gənc ürəkdə qüssə və kədər doğurmaq üçün kifayət qədər tutqun və xəfə bir yer idi. Onlar Kanzas-Siti şəhərinin istiqlaliyyət bulvarından şimalda Trust-avenüdən qərb tərəfdə yerləşən hissəsində uzun, lakin görkəmsiz bir küçə olan Missuri-avenü xiyabanına doğru uzanan, Bikel adlı örtülü bir döngədə görkəmsiz taxta bir evin bütün alt mərtəbəsini tuturdular. Ətrafdakı hər bir şeydə artıq mərkəzi çoxdan bəri bu yerlərdən cənub-qərbə köçmüş işgüzar ticarət həyatının zəif, lakin xoşa gəlməyən ruhu hakim idi. Qrifitslərin idarə etdikləri missiya onların həftədə iki dəfə açıq havada öz dini vəzlərilə çıxış etdikləri yerdən, beş kvartal uzaqda idi.

Evin o biri tərəfi özünə oxşayan digər görkəmsiz evlərin qaranlıq dal həyətlərinə açılırdı. Küçə tərəfdəki qapıdan daxil olduqda uzunu qırx, eni iyirmi beş fut olan geniş bir zala girmək olurdu: burada bir-birinin yanına düzülmüş, açılıb-bükülən taxta stul və kafedra kürsüsü vardı, divarlarda müqəddəs torpağın – Fələstinin xəritəsi və kardon üzərində çap olunmuş aşağıdakı dini mətnlər gözə çarpırdı:

“Şərab insanı aldadır, şərab içmək dəliliyə qatılmaq deməkdir, kim özünün aldanmasına yol verirsə, o aqil deyildir”.

“Əgər sənin ürəyində noxud böyüklüyündə bir etiqad varsa, o zaman üzünü dağa tutub: “yerindən tərpən” – desən, dağ yerindən tərpənəcəkdir və sənin üçün qeyri-mümkün heç bir şey olmayacaqdır. Matfeydən 17, 20”.

“Xəbis insanın gələcəyi yoxdur. 24, 20-ci ayələr”.

“Şərabın al rənginə baxıb aldanma. O səni ilan kimi çalacaq, əqrəb kimi sancacaqdır. 23-31, 32-ci ayələr”.

Bu qüdrətli dini ayələr, natəmiz divarlardan gümüş və qızıl lövhələr üzərində yazılmış pozulmaz, sarsılmaz qanunlar kimi asılmışdı.

Mənzilin qalan hissəsi, irili-xırdalı otaqların müxtəlif və mürəkkəb birləşməsindən ibarət idi, burada üç kiçik yataq otağı pəncərələri dal həyətə və bu həyətə oxşar digər həyətlərin taxta hasarlarına açılan qonaq otağı, sonra düz on kvadrat fut sahəsində açılan yemək otağı vəzifəsini görən mətbəx və ailənin nəzərində müəyyən qiymətə malik olan, lakin hər gün işlənməsi heç də lazım olmayan kiçik kitablar, risalələr, sandıqçalar, qutular və digər xırım-xırda şeylərlə dolu kiçik bir anbar var idi. Anbar vəzifəsini görən bu kiçik otaq dua yığıncaqları keçirilən salona bitişik idi və mister Qrifits ilə missis Qrifits ya vəzdən qabaq, ya da sonra dua oxumaq, tək başlarına düşünmək və yaxud bir məsələ barəsində məsləhətləşmək üçün bu zala keçərdilər.

Klayd, onun bacıları və kiçik qardaşı, tez-tez bu zalda analarının, yaxud atalarının, ya da hər ikisinin bir yerdə, məsləhət və ya kömək istəməyə gələn (çox vaxt kömək istəməyə gələn) yolunu azmış, yaxud tutduğu işdən yarıpeşman olmuş adamlara necə vəz oxuyub təskin etdiklərini görürdülər. Ailənin maliyyə vəziyyəti son dərəcə çətin olduğu zamanlar ata və ana bu zalda oturub fikirləşirdilər. Yaxud Eysa Qrifitsin dediyi kimi, bu çətin vəziyyətdən çıxış yolu göstərmək üçün Allaha dua edirdilər. Sonralar Klaydın düşündüyü kimi, bütün bu dualar onları düşdükləri çətin vəziyyətdən qurtara bilmir, onlara çox pis kömək edirdi.

Ətrafda hər bir şey o qədər qaranlıq və cansıxıcı idi ki, bundan sonra təkcə burada yaşamaq fikri belə Klaydda ikrah hissi yaradırdı; xadimləri daima kimdənsə kömək gözləyən, daim dua edib sədəqə istəyən bir işlə məşğul olmaq isə onda daha artıq nifrət doğururdu.

Missis Elvira Qrifits Eysaya ərə getməmişdən fermada yaşayan yarısavadlı bir qız idi, dini məsələlər haqqında olduqca az düşünürdü. Lakin Eysaya aşiq olduqdan sonra yevangelizm və prozelitizm zəhəri ilə zəhərləndi və vəcdlə, sevinclə onun yolunu tutaraq Eysanın girişdiyi bütün təhlükəli təşəbbüs və qəribə oyunlarda iştirak etməyə başladı. Vəz etmək, Zəbur duaları oxumaq və “Allahın kəlamı” ilə, bu kəlamın qüvvəti ilə insanların əqidəsinə təsir edib onları özünə tabe etmək fikri onun heysiyyətini oxşayırdı. Bu ona müəyyən əxlaqi təskinlik verir və onda əri ilə bərabər işləmək arzusunu qüvvətləndirirdi.

Arabir dinləyicilərdən bəziləri vaizlərin dalına düşüb onların “missiyasına” qədər gəlirdilər, yaxud belə bir ruhani təşkilatın mövcud olduğunu eşidib sonradan özləri bura gəlirdilər – bütün bunlar hamısı, hər yerdə təsadüf edilən sarsılmış əxlaqlı, mətanətsiz, qərarsız və qəribə adamlar idi. Klayd hələ müstəqil həyat sürməyə ixtiyarı çatmadığı bütün bu illər ərzində dini yığıncaqlar zamanı ata-anasına kömək etməyə məcbur idi. Missiyaya gələn bütün kişilər və qadınlar hər dəfə Klaydda riqqət hissi oyatmaqdan başqa onu əsəbiləşdirirdilər: bunlar işdən yadırğamış fəhlələr, səfillər, əyyaşlar həmişə müvəffəqiyyətsizliyə uğrayan biçarə və eybəcər adamlar idilər. Elə bil ki, onlar yalnız getməyə başqa yerləri olmadığı üçün buraya gəlirdilər. Bu adamlar daima Allahın, yaxud İsanın və ya Allah mərhəmətinin onları bu və ya digər bədbəxtlikdən necə xilas etdiklərindən heç vaxt bir kəlmə də olsun danışmırdılar. Belə hallarda Klaydın atası və anası həmişə “Amin” və “Allaha çox şükür” deyir, dua oxuyur, sonra isə dua mərasiminə yığılmış adamlara ruhani təşkilat binasının saxlanması xərclərini ödəmək üçün pul yığırdılar, Klayd bunun yığılan kiçik bir məbləğ olduğunu görürdü: çünki bu məbləğ, missiyasının miskin güzəranını təmin etməyə güclə çatırdı.

Klaydı ata-anası ilə əlaqədar olaraq dərindən maraqlandıran yalnız bir şey vardı: onun anladığına görə, hardasa Şərqdə – Dikurq adlı kiçik bir şəhərdə, Utikin yanında onun tamamilə başqa cür həyat sürən bir əmisi vardı. Bu əmi – onun adı Semyuel Qrifits idi – zəngin bir adam idi. Ata-anasının söhbəti əsasında bəzən ağızlarından qaçırdıqları sözlərdən Klayd başa düşmüşdü ki, əgər əmisi istəsəydi, onun üçün çox şey edə bilərdi, guya o xəsis, lakin məharətli və diribaş bir iş adamıdır, Likurq şəhərində zinətli bir evi və azı üç yüz fəhlə işləyən böyük tikiş fabriki vardır, bundan başqa əmisinin, demək olar ki, Klaydla yaşıd olan bir oğlu və deyəsən, iki qızı vardır. Klayd öz təsəvvüründə, onların uzaq Likurq şəhərində necə cah-calal içərisində yaşadıqlarını canlandırırdı. Klaydın əmisi haqqında xəbərlər, görünür, Eysanı, onun qardaşını və onların atalarını tanıyan adamlar vasitəsi ilə bu və ya digər yolla gedib qərbə çatırdı. Klayd əmisini orada – Şərqdə firavanlıq və cah-calal içərisində yaşayan bir Krez kimi təsəvvür edirdi, burada – Qərbdə, Kanzas-Siti şəhərində isə o, ata-anası, qardaş və bacıları ilə ac-yalavac yaşayırdı: onların əbədi qisməti miskin və ağır bir ehtiyac olmuşdu.

Lakin Klayd çox tez başa düşmüşdü ki, o öz-özünə kömək etməsə, artıq heç bir şey onun imdadına çatmayacaqdır. On beş yaşında ikən və hətta daha əvvəllər Klayd görürdü ki, ata-anası, təəssüflər olsun ki, onun bacılarının və qardaşlarının tərbiyəsinə çox qayğısız yanaşmışlar. İndi Klayda itirdiklərinin əvəzini çıxmaq çox çətin olacaqdı, çünki hətta daha çox varlı olan ailələrdə belə uşaqları bu və ya başqa peşəyə öyrətmək üçün xüsusi oxudurlar. Belə bir şəraitdə o nədən başlaya bilərdi? On üç yaşından etibarən o, qəzetlərə göz gəzdirməyə başlamış (qəzetlər həddindən artıq “dünyəvi” bir mahiyyət daşıdığı üçün Qrifitslərin evində qəzet oxunmazdı) və bu qəzetlərdəki elanlardan öyrənmişdi ki, hər yerdə ya yaxşı ixtisaslı işçilər, yaxud indi onu maraqlandırmayan ixtisaslara təhsil almaq üçün oğlan uşaqları tələb olunur. Həyata tipik amerikalı kimi baxan hər bir gənc amerikalı kimi Klayd da sadə fiziki əməyi öz ləyaqətinə yaraşdırmırdı. Onun tay-tuşu olan digər oğlan uşaqları, klerk, əczaçı köməkçisi və yaxud banklarda və müxtəlif kontrollarda mühasib və hesabdar olduqları halda, necə ola bilərdi ki, o dəzgah dalında durub işləyəydi, yaxud kərpic düzəydi və ya dülgər, malakeş və yaxud su kəməri ustası olaydı! Yox, belə miskin və zəlil bir həyat onun indiyə qədər sürdüyü həyatdan heç də fərqli olmayacaqdı: belə olduqda o köhnə paltarda gəzəcək, səhər lap tezdən ayağa qalxacaq və ömrünü fiziki əmək adamlarının gördükləri o can sıxıcı işlə başa vuracaqdı.