Сулейман Сани Ахундов – Qaraca qız (страница 6)
– Səbir edin, əzizlərim! Bu saət məlum olar.
Bunu deyib əvvəlki adam atdan düşdü və nökərlərin köməyi ilə ayının cəmdəyini o yana-bu yana çevirdi və diqqət ilə baxmağa başladı. Sonra da dedi:
– Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir!
Sonra yüzünü nökərlərə tərəf dutub dedi:
– Cəld olun, ayının dərisini soyun!
Üzünü Rəhim bəyə çevirdi:
– Rəhim bəy, demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam? Öylə öz meşənizi tərif edib bəni məsxərə edirdiniz ki, sizin meşənizdə dovşan da tapılmaz! Pəs bu nədir?
– Yenə, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır.
– Öylə iş ola bilməz! Onu haradan bildin?
– Budur, bax, ayının boynunun tüklərini zəncir aparmışdır, Səlim bəy, gör, doğru diyorum, ya yox.?!
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylərin hər ikisi qaqqıltı ilə gülməyə başıladı. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zərafət hesab etdi, amma sonra özü də diqqət ilə baxıb şəkkə düşdü. Bu halda həvəslənib av itlərinə qoşulan Hüseynqulu ağanın Qara köpəyi mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başladı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
– Deyəsən, mağarada yenə ayı var?
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdirdilər. Bu halda Qara köpək Qaraca qızın ayağından dutub itlərin arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.
Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər dərhal Qaraca qızın üstünü aldılar. Hüseynqulu ağa Qaraca qızı qaldırıb qucağına aldı. Qaraca qız zəif hal ilə gözlərini açdı. Hüseynqulu ağa ondan soruşdu:
– Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
Qaraca qız bu suallara cavab vermədi. Rəhim bəy dedi:
– Hüseynqulu ağa, görməyirsənmi, yazıq qız hələ lazımınca özünə gəlməmişdir? Nə sual edirsən? Bən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından görməyirsənmi, qaraçı qızıdır? Bu av etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Yalnız burası bənim üçün aşkar deyildir.
Rəhim bəyin fikrinə Səlim bəy dəxi şərik oldu.
Bəylər Qaraca qızı nökərlərinə tapşırıb yenə av etməyə başladılar, amma dörd saata qədər meşəni dolanıb, bir tülkü və iki dovşandan başqa əllərinə bir av keçirə bilmədilər. Buna görə avı tərk edib mənzillərinə tərəf qayıtdılar. Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nəql elədi. Hüseynqulu ağa Qaraca qızın ataanasız bir yetim olduğunu bilib onu özü ilə evinə saxlamağa apardı.
Hüseynqulu ağa 40 yaşında böyük bir mülkədar idi. 13 yaşında ikən atası Mehdi ağa onu bir növ ilə edadi21 “realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın fikri həmişə at binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə 4-cü sinfə çıxa bilmişdi. Daha bundan yuxarı bir sinfə keçə bilməyib məktəbdən xaric oldu. Atası bu işə çox da qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi məktəbini qurtarandan sonra atası oğlunu oxutmaq fikrində yox idi. Mehdi ağanın Hüseynqulu ağadan başqa bir oğlu yox idi. Hüseynqulu ağa oxumağa fikir verməyir idisə də, çöl işlərində çox qoçaq idi; odur ki, atası onu daha oxutmaq fikrində olmayıb çöl işlərinə onu mühəvvəl22 etdi. Azuqətdə Hüseynqulu ağa yaşının azlığına baxmayıb çöl işlərini parlaq bir surətdə əmələ gətirirdi. Atası oğlunun bu məharətini görüb bütün işlərini idarə etməyi ona tapşırdı. Hüseynqulu ağadan bütün qulluqçuları və rəiyyətləri qorxur idi. Çünki o, çox tünd adam idi, amma bunun ilə böylə Hüseynqulu ağa çox rəhmdil idi. Hüseynqulu ağa zəhməti çox sevdiyi kibi, yoldaşları ilə keyf çəkməyi də çox sevərdi. Atası Hüseynqulu ağanın kef çəkməyindən xoşlanmayırdı, çünki qorxur idi ki, bunun axırı çox fəna bir surətdə nəticə versin; ona görə də Mehdi ağa oğlunu evləndirmək fikrinə düşdü.
Bu fikrini Mehdi ağa tez əmələ gətirdi. Edadi məktəbini qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün aldı. Mehdi ağanın fikri düz də çıxdı. Hüseynqulu ağa evləndikdən sonra artıq yoldaşları ilə həva-həvəs23 və keyfə məşğul olmayırdı. Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar edərdi.
Mehdi ağa Hüseynqulu ağanı evləndirdikdən bir il sonra vəfat etdi. Hüseynqulu ağa ilə arvadı Pəricahan xanımın xasiyyətləri biri-birinə dutmayırdı. Pəricahan xanım gimnaziya təhsilində cəmi Avropa adətlərini götürüb öz milli adətləri xoşuna gəlməyirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da istəməyirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlimələrini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü.
Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa libası geyindirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın evinə gələndən sonra köhnə qulluqçuları dəyişdirib evin hər bir qaydasını Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaydaları sevmədiyi üçün vaxtının çoxunu kənddə qalıb şəhərdə az-az görünürdü. Çox danışıqdan sonra axırda Pəricahan xanımı razı edib kənddə öz mülklərinə köçürtdü. Bunun üçün də Hüseynqulu ağa nəhayət dərəcədə şad oldu, çünki şəhər yaşayışını o, əsla sevməyirdi.
Hüseynqulu ağanın mülkündəki evi qayət basəfa24 bir yerdə idi. Bu evin yanından çay axırdı və meşə də çox yaxın idi, dəmir yolu isə mülkün bir verstliyində idi. Burada da Pəricahan xanım şəhərdəki kibi tazə qaydalar qoymağa başladı. Hüseynqulu ağa səhərdən axşama qədər mülk işləri ilə məşğul olub, onun işlərinə qarışmayırdı. Bu tövr ilə hər ikisi öz işlərinə məşğul olub ömür sürməyə başladılar. Ancaq bunların övladları durmayırdı, üç-dörd yaşına çatan kibi ölürdü. Ər-arvad arasında həmişə tərbiyə məsələsində höcət olurdu. Hüseynqulu ağa arvadının övladına verdiyi tərbiyəsini tənqid edib deyirdi:
– Sən bu kənd yerində yazıq uşağı quş kibi qəfəsə salıb evdən bayıra çıxmağa qoymayırsan, ona görə yazıq uşaq zəif qalıb balaca soyuq dəyən kibi azarlayıb xəstə olur. Axırda da ölür.
Pəricahan xanım isə bunun sözünə qulaq asmayıb bu barədə öz fikrindən daşınmayırdı. Hüseynqulu ağa arvadının öz fikrində artıq dərəcədə möhkəm durduğunu görüb axırda tərbiyə işinə bilmərrə25 qarışmadı. Bu vaxt Pəricahan xanımın 6 yaşında Ağca xanım adlı bir qızı var idi. Bu yaşa gəlincə Ağca xanım Avropa qaydasınca tərbiyə almışdı; həmişə də yanında bonası26 olub yalnız onun ilə gəzməyə çıxırdı. Anasının hökmülə bonası onu kimsə ilə oynamağa, gəzməyə buraxmayırdı.
Axşam Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər düşmənə qalib gəlmiş sərəskər27 kibi kamal təntənə və şəşəə28 ilə öz evinə varid oldu. Bunların pişvazına cəmi qapı xidmətçiləri çıxmışdılar. İtlərin hürməyi, avçıların səsi, nökər və mehtərlərin qışqırığı biri-birinə qarışmışdı. Ağca xanım səs və küyə bonasından izinsiz evdən çıxıb atasının qabağına yügürdü. Hüseynqulu ağa qızını qucaqlayıb öpdü və sonra Qaraca qızı göstərib dedi:
– Bax, qızım, sənin üçün oyun yoldaşı gətirmişəm. İmdiyə kibi yalnız qalmışdın, oynamağa yoldaşın yox idi.
Bu sözdən sonra Ağca xanım və Qarcaqa qız nəzərlərini biri-birinə salıb bir müddət diqqət ilə baxışdılar. Bu iki tifildə böyük bir təfavüt var idi: biri iki bəyzadədən törəmə bir nəcibə, o biri iki zəhmətkeşdən törəmə bir əyal29 balası! Biri zəif, zərif, hər bir şeydə özgəyə möhtac olan bir tifil; o biri fulad30 kibi sağlam bədən, az sinnində çox görmüş, öz zəhməti ilə məişət edən bir çocuq! Birinin baxışı sanki özgələri köməyə çağırırdı; o birinin nəzəri cümləni qovğaya çağırırdı.
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu zaman qışqırdı, sonra güldü. Bir az keçmədi ki, şirin söhbətə başladılar. Hüseynqulu ağa bunları söhbətdə qoyub bəylər ilə otağa daxil oldu. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otaqdan nökər və qulluqçuların toplaşmasını görüb həyətə endi və qızını Qaraca qız ilə şirin söhbət edən görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi:
– Xanım əfəndi, harada qalmışsınız? Nə üçün öz vəzifənizi unudursunuz? Baxınız, tərbiyə verdiyiniz qız kimlər ilə ülfət etmişdir? Otağına aparınız! Bu gecə şamsız qalacaqdır.
Bona zavallı Ağca xanımın gözü yaşlı əlindən dutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım “Dalımca gəl, qaraçı qızı!” deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:
– Bu şahzadə qızını haradan tapıb gətirmisən, əzizim? Qızın ilə də tanış etmişsən!
Hüseynqulu ağa əhvalatı ona nəql edib dedi:
– Pəricahan xanım, qızına yazığın gəlsin. Gör yoldaşsızlıq yazığı nə hala salmışdır?! Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qaraçı qızı deyildir, olsa da, nə eybi vardır? Bonası yanında olacaqdır. Bir pis iş edərlərsə, tənbih edib qoymaz!
Bu sözləri Pəricahan xanıma əsla təsir etmədi.
– Sən bənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İmdi neyçün sözündə dəvam etməyirsən? Bu qız buradan gedəsidir. Artıq söz lazım deyil.
Hüseynqulu ağa və bəylər Qaraca qız barəsində çox təvəqqe etdilər. Axırda Pəricahan xanım onun qalmasına razı oldu, bu şərtlə ki, Qaraca qız bağban Piri kişinin evində saxlanıb Ağca xanım ilə əlaqə etməsin, çünki ondan pis xasiyyət götürər.