18+
реклама
18+
Бургер менюБургер меню

Сулейман Сани Ахундов – Qaraca qız (страница 2)

18

Hörmətli məktəbli dostum, siz S.S.Axundovun “Xatirələrim” əsərindən aldığınız məlumatlardan biologiya, coğrafiya dərslərinizdə istifadə edərək əsərdəki həqiqətləri təhlil edə bilərsiniz, məktəbli yoldaşlarınızı bu maraqlı məlumatlarla tanış edə bilərsiniz. Məsələn, “İlanlarla mübarizə” hekayəsində uşaqlıqda çoxumuzda kərtənkələ haqqında yaranmış yanlış təsəvvür təkzib edilir və canlıların əhəmiyyəti haqqında öyrənmiş oluruq:

“Bilmirəm, haradan çıxmışsa, guya kərtənkələlər ilanlara ağu verirlər, ona görən bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda o belə cavab verdi:

– Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu zəhərləyib öldürür.

Tağı əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik”.

Azərbaycanın klassik uşaq ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan S.S.Axundovun əsərləri milli-mənəvi dəyərlərin qorunması, öyrədici, ibrətamiz xüsusiyyətləri ilə bugünkü nəsil üçün də öz əhəmiyyətini qoruyub saxlayır.

Məktəbli dostum, bu kitabı diqqətlə mütaliə etməklə sizə göstərə bildiyimiz və bu qısa ön sözümüzdə göstərə bilmədiyimiz başqa istiqamətlərdə də dəyərli məlumatlar alacaqsınız, həyatla, təbiətlə daha yaxından tanış olacaqsınız.

Sizə uğurlu mütaliə diləyirik!

QORXULU NAĞILLAR

Əhməd və Məleykə

Qışın orta ayı idi. Hamı soyuqdan qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.

Hacı Səməd 50 yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, 9 yaşında bir oğlundan və bir də 7 yaşında qızından ibarətdi.

Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara bərəks1 olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi, yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb əlinə qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.

Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.

Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:

– Nənə, mənə bir qorxulu nağıl söylə.

Fatmanın qardaşı Məmməd bacısından bu sözü eşidib dedi:

– İndi ki qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?

– Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi.

Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:

– Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm, bu şərtlə ki, qorxmayasan.

– Yox, ata, qorxmaram, söylə.

Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:

– Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarında Tatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla2 güzəran edərdi. Qızım, həmin nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin 10 yaşında Əhməd adlı bir oğlu, 6 yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.

Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay çox quraqlıq keçməyinə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda3 aclıq başlandı. Payızın əvvəlindən Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu 4 gündən, 5 gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran edərdi.

Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin tezcə alınmasını xahiş edirdi. Lakin 5 gün keçdi, 1 həftə keçdi, 10 gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.

Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman kim isə qapını döydü. Uşaqlar cəld:

– Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu aldı.

Uşaqlar:

– Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar.

Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər verdi və onun cibindən çıxan 6 manatı verib cəld getdi.

Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb zar-zar ağladı. Bunların ah-naləsi, boranın gurultulu səsi ilə bir-birinə qarışmışdı.

Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:

– Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik.

– Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, – deyə Xədicə oğluna təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar yuxuya getdilər.

Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalət onu götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar, aclıq ildə necə dolansın?

Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərini satmağa başladı. Xədicə bir də baxdı, gördü ki, evdə heç bir şey qalmayıbdır. Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə, əliboş qayıtdı, çünki hamı bunların günündə idi. Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.

Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı…

Birdən Fatma özünü atasının qucağına atıb dedi:

– Ata, demə, demə! Qorxuram.

Hacı Səməd qızının başını sığallayaraq dedi:

– Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykəni soyundurub yerə qoydu ki, bəlkə, yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:

– Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörək salar.

Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü.

Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər, o düşən nədir. Gördülər ki, ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd dedi:

– Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.

Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur.

Bunu görən ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə pula bükülmüş kağızda yazı sataşdı:

– Ana, burada yazı var; qoy görək nədir? – deyə Əhməd kağızı oxudu.

“Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xudahafiz.

Səyyah Cəmaləddin”.

Bu halda Məleykə oyanıb dedi:

– Ana, mələk bacamızdan çörək saldımı?

– Bəli, ağıllı qızım, ancaq mələk yox, baban Cəmaləddin, – deyə Xədicə Məleykənin qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm yıxılıb yatdılar.

İndi siz də, əziz balalarım, durun, yatın, səhər dərsə gedəcəksiniz.

Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.

Abbas və Zeynəb

Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:

– Yenə nağıl istəyirsiniz?

– Bəli, ata, – deyə Məmməd cavab verdi.

Fatma dedi:

– Ata, bu gün müəlliməmiz bizə “Əlibaba və qırx quldur”un nağılını oxudu. Sən də bizə qul-durdan söylə.

– Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın da vəhşisi bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar. Qulaq as, bu nağıldan özün bilərsən.

– Qızım, bahar fəslində dan ulduzunun parlaq bir vaxtı idi. Qayadibi adlı kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdı.

Birdən azançının “Allahü-əkbər” səsi ucaldı. Cütçülər bundan əvvəl oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.