Суад Дервиш – Ankara məhbusu (страница 2)
«İndi bu saatda Xoca Müsləhəddin əfəndi, uzunboylu Şövkət, rəssam Artin onun ətrafına toplaşmışlar»– deyə düşündü. Onların arasında təkcə Vəsfinin yeri boş idi. Bir saat bundan əvvələ qədər, Vəsfinin həmdərdi olanlar, yəqin ki, bu gecə əsəbi və qəmgin idilər. Hər buraxılış zamanı elə beləcə də olurdu. Birinin buraxılmasına bir neçə gün qalmış kameralarda xoş əhvali-ruhiyyə yaranar, bir gün əvvəl böyük şənlik başlayardı.
Hamını azadlığa çıxmaq ümidi bürüyər, canlandırardı. Adətən, həbsxanada bir bayram əhvali-ruhiyyəsi yaranardı… Buraxılmaq vaxtı çatanda hamı onu gülər üzlə qapıya qədər ötürər, ona yaxşı yol, xoşbəxtlik və səadət arzu edərdilər. Arxasınca deyərdilər:
– Allah bir daha sənə qismət eləməsin.
Lakin buraxılanın ardınca qapılar kip-kip bağlanan kimi məhbusların üzünü kədər bürüyərdi. Yenə zarafatlaşmağa, yenə gülməyə çalışardılar, amma… Bütün bunların hamısı süni çıxırdı. Bütün məhkumlar hələ neçə il, neçə ay, neçə saat azadlıq həsrətində qalacaqlarını hesablayıb sızlardılar…
Belə gecələrdə hamı fikirli olardı, məhbusların hər biri özünü həbsxanada tək, yalqız, kimsəsiz sanar, kameralar və dəhlizlər onlara boş, adamsız görünərdi…
Bütün bu hisslər Vəsfiyə çox tanış idi. O da neçə dəfə buraxılan yoldaşlarını yanaşa biləcəyi son qapıya qədər ötürmüşdü. Azad olanlar çıxıb gedəndən sonra qapı kip-kip dustaqların üzünə bağlanarkən onun da qəlbini ağır bir kədər hissi çulğalamışdı. Bəli, bu gecə ordakıların hamısı qəmli idi. Onlar həmişəki kimi zarafatlaşmır, dinib-danışmırdılar, cürətlərini qeyb etmişdilər. Vəsfinin ürəyindən bir ağrı qalxdı Məhbusları orada qoyub tək başına məhbəsdən çıxmasından utanır kimi idi.
Hər axşam saat beşdə xəzinədar Nəzmi özü üçün qəhvə hazırlayırdı. Bəzən kamera yoldaşlarını da qonaq edərdi. Yəqin ki, bu axşam da dustaqlar kameranın küncünə toplaşıb dərdləşir, Vəsfidən danışırlar. Təbii ki, şən görünməyə çalışırlar… Nəzminin əhvalı başqalarına nisbətən daha yaxşı olmalıdır. Axı, Nəzminin cəza müddətinin qurtarmasına altı ay qalmışdır. Müsləhəddin xoca isə yeddi il də yatmalıdır. Hələ bu zavallı, altmış yaşlı Artin kişinin iyirmi ili qalıb… Əgər əmri vəfa etsə o, iyirmi ildən sonra «gözəli» uğrunda qeyb etdiyi azadlığına qovuşacaq… Vəsfi Artinin «gözəlim» deyə xatırladığı qadını yadına salıb gülümsədi. Vəsfi onu şəklindən tanıyırdı: Artin həmişə cibində gəzdirdiyi fotonu ona göstərmişdi. O, əlinə düşən kağız parçasına, divara, qapıya «gözəli»nin şəklini çəkərdi.
Onun sevgilisi heç də gözəl deyildi… Amma Artin qadını dəlicəsinə sevmiş və müdhiş bir qısqanclıq üzündən vəhşicəsinə öldürmüşdü.
Birdən Vəsfi başını qaldırıb dörd yol ayrıcına çatdığını gördü. Dayandı, gəlib-keçənlərə baxdı. Bu adamların hamısı bir azdan evlərində olacaqlar. Yəqin ki, hamısını gözləyən var, hamısının gedəsi müəyyən yeri var. Elə buna görə də tələsik keçib gedirlər. Vəsfinin isə gedəcək bir yeri, yolunu gözləyən bir adamı yoxdur. Tanımadığı şəhərin bir küçəsində yerləşən mehmanxananın ünvanından başqa heç bir şeyə gümanı gəlmir.
Gəlib-keçənlərə ölgün nəzərlə baxıb öz-özündən soruşdu: «Bu adamların arasında yaşamağa alışa biləcəyəmmi?» Ürpəşdi.
Şəhəri xeyli dolaşdığı üçün bərk yorulmuşdu. Azadlığa çıxdığı ilk gecəni keçirəcəyi həmin o kiçik mehmanxananı tez tapmalı idi. «Görəsən birbaşa dayanacağa gedim? Qatar düşsə, dərhal İstanbula getməyim yaxşı olar» – deyə düşündü. Sonra o saatdaca bu fikrindən əl çəkdi: «Uzun illər yaşadığım, lakin heç bir yerini görmədiyim bu şəhəri gəzib tanımadan İstanbula getmək mənasızdır. Məni ki, orada bir kimim, kimsəm gözləmir?» O bunu düşündükdə birdən-birə bu mühüm qurtuluş günündə, nə üçün bu qədər kədərləndiyini dərhal anladı. Mehmanxananın yerini soruşmaq lazım idi… Ətrafına baxındı. Nəzəri avtobus dayanacağında cavan bir qadına sataşanda vücudunu xoş bir hiss titrətdi. Həyəcandan yanaqları alışıb-yanmağa başladı.
«Gör necə də Zeynəbə oxşayır…» – deyə düşündü. Bu, incəbelli, uzunboylu, bədəni tunc rəngi almış, qaragözlü bir qadın idi…
Ona verilən otaq dörd yataqlı idi. Xidmətçi pəncərəni açdı və Vəsfiyə dedi:
– Soldakı iki çarpayının sahibi var, siz sağdakılardan, hansını istəsəniz seçə bilərsiniz.
– Mən pəncərənin yanında olanı istəyirəm.
– Baş üstə…
Xidmətçi sivriburunlu, tülkübaxışlı, qısaboylu bir adamdı… Çölə çıxarkən qapının yanında dayandı:
– Siz bura adamına oxşamırsınız…
– Bəli, ankaralı deyiləm…
– Ankara çox gözəldir…
– Bəli…
– Ankaraya ilk dəfə gəlirsiniz?
Vəsfi bir an nə cavab verəcəyini kəsdirə bilmədi. Sonra yavaş səslə:
– Bəli, – dedi.
– Mehmanxananın qabağında restoran var… Yaxşı şərabları olur, yeməkləri də olduqca ləzzətlidir.
– Təşəkkür edirəm…
– O biri tində daha böyük, daha təmiz bir restoran var… Ancaq orada içki yoxdur, əgər çölə çıxmaq istəmirsinizsə, mən bufetdən sizin üçün buterbrod gətirə bilərəm…
– Təşəkkür edirəm, indi çıxıram… Bir az şəhəri gəzib görmək istəyirəm.
– Özünüz bilən məsləhətdir…
Xidmətçi gedəndən sonra Vəsfi şiddətli diş ağrısından qurtulmuş kimi bir fərəh duydu… Şəhərin hay-küyü onu yorub əldən salmışdı. Piyada gəzib dolaşmaq da, ayaqqabı geymək də ona çətin gəlmişdi, ayaqları sızıldayırdı.
Çantasını çarpayının altına itələyib yatağın üstünə əyləşdi. Xeyli müddət heç nəyi fikirləşmədən orada sakitcə oturub qaldı; ürəyi də, başı da bomboş idi.
Bu, həbsxana adəti idi. Orada insan bir küncə çəkilib oturar, yerindən qımıldanmaz və nə isə namüəyyən bir şey gözləyər… bir növ uyuşuqluq içində saatların ötüb keçməsini gözlər.
Vəsfi özünə gələndə otaq qaranlıqlaşmışdı. İki saatdan bəri, beləcə donmuş vəziyyətdə oturub qalmışdı, qəlbi əndişə ilə doldu…
«Mən daha bütün başqa adamlara bənzəmirəm» – deyə düşündü, sonra özünü inandırmağa çalışdı: – «Niyə oxşamıram ki? Tezliklə azadlığa alışacağam və həyatın axarına uyğunlaşacağam».
Halbuki mənliyinin dərinliklərindəki başqa bir Vəsfi başını yelləyərək ümidsizliklə deyirdi:
«Yox, yox… Hər şey qurtarıb… Sən bir də əvvəlki Vəsfi olmayacaqsan».
Ağır-ağır yerindən qalxıb əlüzyuyana tərəf getdi. Əlüzyuyanın üstündən asılmış güzgüdə gicgahları ağarmış, baxışları ölgünləşmiş, bənizi saralıb-solmuş bir adam gördü.
«Qəbirdən çıxmış cəsədə oxşayıram. Görəsən elə həmişə ürəyimdə, çiyinlərimdə o xaraba məhbəsi gəzdirəcəyəm? Daha heç bir vaxt əvvəlki Vəsfi olmayacağam?..»
Vəsfi qəhvəxanaya girdiyi vaxt axşamdan xeyli keçmişdi… Küncdəki yerlərdən birində oturdu… O qədər yorğun və əzgin idi ki, çayını içib qurtarmamış dirsəklərini masanın üstünə dayadı, ağırlaşmış başını hər iki əlinin içinə alıb sıxmağa başladı.
Qəhvəxanaya girib-çıxan adamların ayaq səsləri yuxulamasına mane olurdu. Ətrafında oturub yatan adamların xorultusunu eşidirdi… Arabir söyüşənlər də olurdu…
Qəhvəxananın havası çox isti olsa da o, nəm paltarda titrəyirdi. Başı bomboş idi. Heç bir şey haqqında düşünmürdü. Çox içmiş, az yemişdi. Barmaqları ilə gicgahlarını və alnını ovuşdurduqda: «Bircə yuxuya gedə bilsəydim…»– deyə düşünürdü. Gözlərini yummuşdu. «Yata bilmirəm, düşünə bilmirəm, mənim üçün artıq heç bir qurtuluş yolu yoxdur» – deyirdi.
Bir zamanlar çox sevdiyi Zeynəbi xəyalında canlandırmağa çalışdı. O tayı-bərabəri olmayan, gözəl Zeynəbi. İndiki halında Zeynəbi bütün gözəlliyi, cazibədarlığı ilə xəyalında canlandırması çox çətin olsa da, Vəsfi buna nail oldu. İndi Zeynəb misilsiz gözəlliyi, cazibəsi, od kimi yandıran gözləri ilə onun qarşısında dayanmışdı. Uzun boyu, incə beli, insanları dəli edən baxışları ilə gözünün önündə idi…
Vəsfinin gözləri qapalı idi, açan kimi Zeynəbi həmişəlik itirəcəyindən qorxurdu. İndi nəzərində cilvələnən Zeynəb yelləncəkdə oturub yavaş-yavaş yellənirdi, gənc qız bədəninin çevik hərəkəti ilə yelləncəyə sürət verirdi. Yelləncək enib qalxdıqca, Zeynəb də daha çox və daha sürətlə əyilib qalxırdı… Yelləncək getdikcə sürətini artırırdı… Yelləncək enib-qalxdıqca, Zeynəb də təsəvvürolunmaz dərəcədə dəyişilib şəkildən-şəklə düşürdü. Yelləncəyin hər enimində onun gözlərinə bir başqa Zeynəb görünürdü. Qızdakı bu dəyişiklik durmadan sürətlənən yelləncəyin ahənginə uyğun idi… İnanılmaz sürətlə dünənki incəbelli Zeynəbin yerini bu gün başqa bir gombul, qaba Zeynəb tuturdu. Bu qorxunc Zeynəb, qızıl dişlərini göstərərək, hiyləgər və xain bir gülüşlə ona tərəf baxırdı… Bu, təsəvvürəsığışmaz dərəcədə dəhşətli, iztirablı bir xəyali şəkil idi. Vəsfi gözlərini açmaq və bu öldürücü kabusdan qurtulmaq istəyirdi. Ancaq mümkün deyildi, elə bil göz qapaqları bir-birinə yapışmışdı… Aça bilmirdi. Uyumuşdu, yatdığını bilmirdi. Bir yuxu kabusu içində çapaladığını anlayırdı.
Lakin əl-qolunu tərpətmir, bayaq necə oturmuşdusa, həmin vəziyyətindəcə qalmışdı. Bədəninin bütün əzaları ağrıyırdı, sızıldayırdı. Onu dəhşətə gətirən xəyala qapılıb inildəyirdi. Qarşısındakı həyat idi. Əvvəlki Zeynəb yox olmuş və bir də geri qayıtmayacaqdı…
– Sizə nə olmuşdur? Bəlkə bir kömək lazımdır?
Çiynindən bir əl yapışmışdı. Gözlərini açıb həmin ələ baxdı. Qadın əli idi… Nəzərləri qadının əlindən biləyinə, qoluna, çiyninə və nəhayət sifətinə sancıldı. Dərhal bu üzü tanıdı. Bayaq qarşısında masa arxasında əyləşən qarabəniz qadın idi. Əyninə göy yundan köhnə jaket geymişdi. Onun gözləri də göy idi. Bu yarımqaranlıq, tutqun otaqda belə qadının göy gözlərinin bahar təravəti nəzərə çarpırdı. Qadını qarşısında görüncə özünü itirdi. Onun səsi də çox məlahətli, xoş idi… Vəsfi düşündü: «Bütün qadınların səsi beləcə gözəl olmalıdır».