Seymur Baycan – Mənim mübarizəm – 9 (страница 3)
Cəhənnəmə gedən, özünə yoldaş axtarar. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməklərini bu atalar sözünün açdığı pəncərədən baxdıqda yaxşı başa düşmək olar. Bəzi adamlar istəyirlər ki, qonşuda da vəziyyət onların ölkəsindəki kimi bərbad olsun və bunun fonunda yaşadıqları ölkədəki bərbad vəziyyət, insan deyilən varlığın qarışqa qədər hüququnun, insan deyilən varlığın qarışqa qədər qiymətinin olmaması norma kimi görünsün. Köləliyin elə bir həddi var ki, kölə öz qandallarını sevməyə başlayır. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməkləri kölələrin öz qandallarını sevməyə başlamaqlarının əyani sübutudur. Əks halda bir insan qonşu ölkədə xoşagəlməz hadisələrin baş verməsinə, yaxud hardasa, lap olsun uzaq bir ölkədə demokratiyanın dayaqlarının sarsılmasına, despotizmin təntənəsinə niyə sevinməlidir ki?
İndi bir çox yoldaşlar bu suala cavab axtarırlar: Bir mitinqdə əllidən artıq jurnalist xəsarət aldığı halda Beynəlxalq söz azadlığı reytinqində niyə Azərbaycan yüz altmış səkkizinci, Gürcüstan isə altmışıncı yerdə dayanıb.
Bu suala media üzrə mütəxəssislər əhatəli və peşəkar cavab versələr daha yaxşı olar. Bir publisist kimi sadəcə onu deyə bilərəm ki, əllidən artıq jurnalistin xəsarət aldığı elə həmin mitinqi İctimai Televiziya canlı göstərirdi. Dünən keçirilən mitinqi də İctimai Televiziya canlı göstərməkdə idi. Beynalxalq söz azadlığı reytinqində Azərbaycanın yüz altmış səkkizinci, Gürcüstanın altmışıncı yerdə dayanmasını başa düşməyən, bunu ikili standart kimi qiymətləndirən yoldaşlar Azərbaycan İctimai Televizyasının müxalifətin mitinqini canlı nümayiş etdirməsini təsəvvür edirlərmi? Bəlkə belə bir şey olub, bəlkə belə bir şey var və dünyanın bundan xəbəri yoxdur?
Tokio Olimpiadasında Azərbaycan tərəfindən qırx dörd idmançı qüvvəsini sınaqdan keçirəcək. Bu qırx dörd idmançının azı yarısı ordan-burdan gətirilib milliləşdirilən idmançılardır. Gürcüstan isə Tokio Olimpiadasında otuz beş idmançı ilə iştirak edəcək. Bu otuz beş idmançının demək olar ki, hamısı Gürcüstanda yetişib. Azərbaycanda idmanın inkişafına xərclənən milyardları, üstəlik iki ölkə arasındakı əhali fərqini nəzərə aldıqda acınacaqlı vəziyyəti yəqin ki, asanlıqla təsəvvür edə bilərsiniz.
Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə sevinən cənablar bu kimi acınacaqlı halları müzakirəyə çıxarsalar həm özləri, həm də yaşadıqları ölkə üçün daha yaxşı olmazmı? Şüşə, patı deyilən zəhrimar Azərbaycanda adamları dəstə-dəstə, küçə-küçə, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon məhv etməkdədir. Yüzlərlə, minlərlə yox, on minlərlə ailələr dağılıb. Yüzminlərlə insanın, yeniyetmə oğlan və qızların həyatı məhv olub. Narkomaniya Azərbaycanda at oynadır, meydan sulayır. Vəziyyət faciəvi hal alıb. Bu faciəvi vəziyyətdən danışmaq əvəzinə kəsəklər oturub daş üçün ağlamaqdadır.
“Faciənin buynuzu olmur!” adlı yazıda qeyd etmişdik: “Siyasi şüuru formalaşmamış xalqlar gözlə görünməyən, əllə tutulmayan faciələri dərk etmirlər. Siyasi şüuru formalaşmamış xalqlar yalnız və yalnız gözlə görünən, əllə tutulan faciələrlə üzləşdikdən sonra necə bir dərin uçuruma düşdüklərini dərk edirlər. Onda da artıq gec olur. Uçuruma düşüb çıxmaq hər xalqın işi deyil”. Buyurun, gözlə görünməyən, əllə tutulmayan faciələrdən biri artıq gözlə görünməkdə, əllə tutulmaqdadır. Hələ qarşıda nələr olacağını bircə göydəki kişi bilir. Bizə ancaq ehtimal, güman etmək qalır.
HƏYAT VƏ YARADICILIĞIMIN GÖZÜMDƏN DÜŞMƏSI HAQQINDA
…Anaid, xadimələrdən birinə çay gətirməsini əmr etdi. Bir gözü divara bərkidilmiş televizorda, bir gözü isə İsmətdə idi.
– Hə, İsmət, tanış et görüm bu xanım kimdir? Mənim yanıma niyə gətirmisən?
İsmət böyük həvəslə Pərvanə haqqında danışmağa başladı:
– Bax, Anaş, bu qız mənim klientimdir. Təzə tanış olmuşuq.
Anaid qızı başdan ayağa süzüb, saymazyana soruşdu:
– Ailəlisən?
Qadının hökmlü səsindən Pərvanənin canına üşütmə düşdü. Cavab verməzdən öncə İsmətə baxdı. İsmət isə öz növbəsində ona ürəkli olmasını işarə etdi.
– Yox, ayrılmışam.
– Uşaq var?
– Bir qız, bir oğlan.
– Harda işləyirsən?
– İşləmirəm, evdə oturub uşaqlara baxıram.
– Hmm, – deyə Anaş toppuş əlini qarşısındakı çərəz dolu billur qaba uzatdı. Bir neçə kişmiş və fındığı qamarlayıb ağzına apardı. Ağzını saymazyana marçıldadaraq sözünə davam etdi:
–
–
– Onda bura niyə gəlib?
– Evdə oturmaqdan darıxır. Dedim gəlsin sənin yanında işləsin. Öz pulunu qazansın.
– Axmaq olma! Qoy otursun evində! Mənə problem lazım deyil.
Bu zaman Fatma əlində qızıl sini içəri girdi. Gətirdiyi çayı birinci Anaidin qarşısına qoyub, ürkək baxışlarla sahibəsinə baxdı. Anaid süni təbəssümlə əlini onun saçına toxundurdu. Yanında əyləşməyə işarə etdi. Sonra üzünü Pərvanəyə tutub, Fatmanı göstərdi:
– Bu qızı görürsən? Adı Gülyadı. Yetim qızdı. Avtovağzaldan tapıb gətirmişəm. Artıq bir aydır ki, yanımda işləyir. Nə savadı var, nə sübutu. Amma mən ona sənət öyrətdim. Massajist işləyir. Yaxşı da pul qazanır. İş belə qızlara lazımdı. Oynaşı olanlara nə iş?
Anaidin sözləri Pərvanəyə şillə kimi dəydi:
– Anaş xanım.
– Anaş yox, Anaid! – deyə, salon sahibəsi qətiyyətlə qızın sözün kəsdi.
– Bağışlayın, İsmət Anaş dedi deyə, elə bildim adınız Anaşdı.
– Adım Anaşdı, amma hamı üçün yox!
– Başa düşdüm Anaid xanım, bağışlayın. Sözlərinizə razıyam, amma mən həmin adamdan ayrılmaq istəyirəm.
– Niyə? Qudurmusan?
Son vaxtlar başıma xüsusi əziyyət verməmək üçün daha çox yüngül, düşünməyi tələb etməyən əsərlər oxuyuram. Nazlı Çələbinin “Həzz” romanını da bu məqsədlə oxumağa başladım. “Həzz” romanına “beyin üçün saqqız” kimi baxırdım. Lakin elə ilk səhifələrdəcə əsərə qarşı münasibətimi dəyişməyə məcbur oldum. Elə ilk səhifələrdəcə müəllifin zəngin həyat təcrübəsinə malik olduğunu hiss etdim.
Əsərin süjeti haqqında heç nə yazmayacam. Yaxşısı budur gəlin, əvvəlcə əsərdəki əsas qüsurlar, müəllifin buraxdığı əsas səhvlər haqqında danışaq:
1– Ədəbiyyat mövzusunda yazdığımız digər yazılarda da qeyd etdiyimiz kimi, müəllif hər bir obrazı yaşına, peşəsinə, səviyyəsinə, mənsub olduğu təbəqəyə uyğun danışdırmağı bacarmalıdı. “Həzz” romanında dialoqlar çox oxunaqlı, çox dinamik olsa da, Nazlı xanım dialoqlarda bütün obrazların əvəzinə özü danışır. Obrazların danışıq tərzi xeyli dərəcədə yeksənəkdir. Nazlı xanımın dialoqları mənə türk mətbəxini xatırlatdı. Yemək (obraz) boldur, amma sanki yeməklərin hamısı bir qazanda bişib. Bir yeməkdən başqa yeməyə keçid etdikdə, fundamental dad fərqini o qədər də hiss etmirsən.
2– Müəllif təsvirlərdə vaxtı keçmiş qəliblərdən, bədii klişələrdən həddindən artıq çox istifadə edir. Üstəlik, müəllifin söz bazası zəifdir, dili kasaddır. Nazlı xanım bir müddət Azərbaycan ədəbiyyatını oxusa, bir yazıçı kimi söz bazasını xeyli artıra bilər. Ümumiyyətlə, yerli ədəbiyyatı oxumamaq bir çox yazıçılarımızın ciddi qüsurudur. Bəyənsələr də, bəyənməsələr də, yerli yazıçılar yerli ədəbiyyatı oxumaq məcburiyyətindədirlər. Əks halda yazdıqları əsərlərdə boşluqlar, fəsadlar bu və ya digər formada mütləq özünü büruzə verəcəkdir.
3– Nazlı xanım geniş nəfəsə, güclü təxəyyülə malik yazıçıdır. Həqiqətən Nazlı xanımın geniş nəfəsi, güclü təxəyyülü məni hər şeydən əvvəl bir oxucu kimi heyrətləndirdi. Bu qədər gözləmirdim, buna hazır deyildim. Lakin Nazlı xanım əsərdə süjeti çox şaxələndirib, mövzunu çox yayıb. Bir yazıçı kimi gücünü, nəyə qadir olduğunu dəqiq hesablaya bilməyib və əsərin sonunda süjetin başını-ayağını bir yerə yığmaqda çətinlik çəkib.
Əsərdə obrazlar rahatlıqla bir-birlərini tapırlar, çox asanlıqla bir-birləri ilə qarşılaşırlar. Adama elə gəlir ki, onların hamısı bir küçədə yaşayırlar. Pasternakın “Doktor Jivaqo” əsərində obrazların asanlıqla, tez-tez qarşılaşmasını əsərin qüsuru kimi xarakterizə edirlər. Bəzi tənqidçilər isə “Doktor Jivaqo” əsərində obrazların tez-tez, asanlıqla qarşılaşmasını əslində eyni taleli adamların qarşılaşması kimi yozurlar. Təəssüf ki, bu yozumu, yəni obrazların tez-tez, asanlıqla qarşılaşmasını, eyni taleli adamların qarşılaşması kimi qiymətləndirməyi, “Həzz” romanına aid edə bilmərik. “Həzz” əsərində obrazların asanlıqla, əsaslandırılmamış şəkildə bir-birləri ilə qarşılaşması ciddi qüsurdur.
4– Nazlı xanım əsərdə bəzən “həyatın mənası nədir” kimi ağır suallara cavablar axtarır, heç bir gərək olmadığı halda, lazımsız yerə ruh, kainat, o dünya, bu dünya mövzularına girir. Bu zaman müəllif axsamağa başlayır, əsərin yüksək tempi aşağı düşür. “Həyatın mənası nədir” kimi ağır suallara cavab axtarmaq, ruh, kainat, o dünya, bu dünya mövzularına girmək, bir müəllifin öz ayağı ilə bataqlığa girməsi deməkdir. Hər bir yazıçı üstün və zəif cəhətlərini dəqiq müəyyən etməlidir. Hər bir yazıçı zəif cəhətlərini ustalıqla gizlədib, üstün cəhətlərini maksimum irəli çıxartmalıdır. Nazlı xanım zəngin həyat təcrübəsinə malikdir. O, “həyatın mənası nədir” kimi ağır suala cavablar axtarmaq əvəzinə, sırf həyatdan gələn, həyatdan qaynaqlanan həqiqətləri, dəqiq bildiyi, bələd olduğu şeyləri yazmağa üstünlük verməlidir.