18+
реклама
18+
Бургер менюБургер меню

Seymur Baycan – Mənim mübarizəm – 8 (страница 3)

18

Hər veteran hökumətdən “Zapı” hədiyyə alanda əyalətin pijon gəncləri dəli olurdular. Çünki, veteranlara hədiyyə verilən “Zapı”ların üstündə “zerkalnı”, cüt nömrələr olurdu. Bu da o zamanın pijon, modabaz, ədabaz gənclərini cinləndirirdi. Adamlar cüt nömrə almaq üçün özlərini oda-közə vururdular, tanışlıqlardan istifadə edirdilər, ətək-ətək pul xərcləyirdilər, amma hökumət götürüb cüt nömrəni “Zapı”-nın üstündə veteranlara verirdi: 11-11, 22-22, 33-33, 44-44, 55-55… pijon gənclərin can atdığı belə- belə gözəl nömrələr. Təsəvvür edin ki, sən ədabaz, modabaz bir gəncsən. Sənin üstündə əsdiyin, üstünə toz qondurmadığın, bütün günü təkərlərini qaraltdığın “Jiquli”nin nömrəsi nə bilim, tutaq ki, 34-91-dir. Bazarda tum satan bir qoca kişinin sürdüyü “Zapı”nın nömrəsi isə 99-99. Adamın təyziqi qalxar, yoxsa qalxmaz? Əlbəttə qalxar.

Elə veteran vardı ki, hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürürdü. Bəzi veteranlar isə hökumətdən aldığı “Zapı”nı sürmək üçün uşaqlarından birinə verirdi. Qadınlar, xüsusən də cavan qadınlar “Zapı”ya minməyə utanırdılar. Məsələn, tanıdığım bir veteran vardı. Onun gəlini qaynatasının hökumətdən hədiyyə aldığı “Zapı”ya hikkəsindən heç minmədi. Deyirdi ki, camaatın gəlini “Volqa”da, “Jiquli”də gəzir, məni öldürsələr də“Zapı”ya oturmaram. Uşaqlar isə kef edirdilər. Onların heç nə vecinə deyildi. Həvəslə “Zapı”larda gəzirdilər. Hökumətin veteranlara payladığı “Zapı”lardan qazanan elə uşaqlar oldu. Maşınlar tamam yararsız hala düşəndə uşaqların oyuncağına çevrilirdilər.

“Zapı”yla bağlı daha bir söhbət yadıma düşür. Bir nəfər finti-fruşka, forslu bir qız almışdı. Kişi arada arvadını cırnatmaq üçün deyərdi ki: “İstəyirəm bir “Zapı” alam”. Arvad isə belə cavab verərdi: “Zapı”nın təkəri bu qapıya dəysə üstümə nöyüt töküb özümü yandıracam”. O arvad sonralar doğrudan da üstünə nöyüt töküb yandırdı. Amma “Zapı”ya görə yox, tamam başqa səbəbə görə. Eşitmişdi ki, əri başqa arvad saxlayır. Bu dəhşətli reallığa dözməmiş, üstünə nöyüt töküb özünü yandırmışdı.

Hansı veteran “Zapı”nı özü sürürdüsə tezliklə xəstələnib ölürdü. Bunun nəticəsində ortalıqda belə bir şayiə fırlanmağa başladı. Guya veteranları tam pulsuz sanatoriyalara, kurortlara göndərmək, onlara ərzaq vermək, müxtəlif formalarda qayğılarına qalmağ hökumətin canını boğazına yığıb. Ona görə də hökumət veteranlardan birdəfəlik can qurtarmaq üçün onlara “Zapı” hədiyyə edib ki, “Zapı”lar veteranları vərəmlədib, çərlədib öldürsünlər. Bəs hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürən veteranlar niyə ölürdülər? Bunun sadə bir səbəbi vardı. “Zapı”lar tez-tez xarab olurdu. Bildiyiniz kimi “Zapı”nın motoru qabaqda deyil, arxada yerləşir. “Zapı” yolda xarab olanda veteran maşından düşüb özündən aslı olmadan, istər-istəməz qabaq sandığın qapaqını açıb motora baxmaq, oralarda qurdalanmaq istəyirdi. Veteran “Zapı”nın qabaq sandığının qapağını qaldıranda orada motor görmürdü, boşluqla qarşılaşırdı və motorun olmaması, boşluqla qarşılanmaqları onları dəhşətə gətirirdi. Beləcə, motorla deyil, boşluqla qarşılaşmaları onsuz da xeyli qoca olan, əsəbləri pozulmuş, əldən düşmüş veteranları asanlıqla sıradan çıxarırdı. İndi bu söhbət çox adama gülməli görünə bilər, amma o vaxtlar həqiqətən ortalıqda belə söz-söhbətlər gəzirdi.

P.S. Bir dəfə İkinci dünya müharibəsindən bəhs edən sənədli filmə baxırdım. Filmdə alman və sovet veteranları da danışırdılar. Alman veteranları ilə müqayisədə sovet veteranları hər mənada, bir çox cəhətdən çox nimdaş görünürdülər. Filmin altında bir nəfər maraqlı şərh yazmışdı. Yazmışdı ki, bu veteranların geyiminə, yaşadıqları evlərə baxanda müharibədə kimin qalib gəldiyi, kimin məğlub olduğu dəqiq görünür.

Mənim üzümlüyüm

Bəzən təxəyyülün məhsulu yaddaşımızda müqəddəs həqiqət kimi kök salır.

Oxuyacağınız bu mətni bir adama məktub kimi yazırdım. Yazdıqca hiss etdim ki, özümdən aslı olmadan məktub məktubluğundan çıxıb əməlli-başlı suveren yazıya çevrilir. Məktubun məktubluqdan çıxıb suveren yazıya çevrilmə prosesinin qarşısını heç cürə ala bilmirdim. Müqavimət göstərmək də yersiz idi. Mətni yazdıqdan sonra belə qərara gəldim ki, bu mətni elə sırf yazı kimi işləyim və nəticədə həm də müəyyən miqdarda qonorar əldə edim.

Son beş ildə “sənin gözündən düşməkdən qorxuram” sözlərini neçə adamdan eşitmişəm. Hətta elələrindən ki, artıq çoxdan gözümdən düşüblər, ya da onlar əvvəldən mənim üçün bir insan olaraq heç bir əhəmiyyət daşımayıblar. Onlar bir insan olaraq mənim üçün heç bir əhəmiyyət daşıma-yıblarsa, deməli heç gözümdən də düşə bilməzdilər. Amma əhəmiyyət vermədiyim, mənim üçün əhəmiyyət daşımayan adamlar birtərəfli qaydada, öz tərəflərindən əgər həqiqətən də gözümdən düşməkdən qorxurlarsa, lap yaxşı. Ola bilsin bu onları hansısa axmaq, qeyri-əxlaqi, tərbiyəsiz addım atmaqdan çəkindirər. Niyə durub adama deyim ki, sən mənim üçün heç bir əhəmiyyət daşımırsan, gözümdən düşüb, düşməməyinin mənim üçün heç bir əhəmiyyəti, istisi-soyuğu yoxdu. Gözümdən düşməkdən qorxurlarsa, qoy bu elə belə də olsun. Ümumi prosesə xeyri var, ziyanı yoxdu. Bəlkə bununla da adamlara hardasa bir xeyir verməkdəyəm.

Günlərin bir günü mənə kifayət qədər tanınmış bir siyasətçi zəng etdi. Dedi görüşək, oturaq bir qısmat çörək yeyək. Görüşdük. Getdik restorana. Bu adamla xüsusi bir münasibətim yox idi. Mənə də maraqlı idi ki, nə olub, nə baş verib, niyə bu adam məni restorana dəvət edib? Nə istəyir bu adam? Elə bildim deyəcək ki, gəl qoşul bizim partiyaya, ya da partiyamıza dəstək ver. Dəyəsən onda parlament seçkiləri keçirilirdi. Həmin adam məclisin sonunda dedi ki, Seymur sənə təşəkkürümü bildirirəm. Mənə hakimiyyətdən təklif var idi, gedirdim, ayağım sürüşürdü. Pula da ehtiyacım vardı. Birdən necə oldusa qəfildən sən yadıma düşdün. Fikirləşdim ki, görəsən Seymur haqqımda nə düşünəcək, haqqımda nə yazacaq. Sən uzaqdan uzağa, məni qorudun.

Yəni, kimlərinsə gözümdən düşməsindən qorxmasının ümumi prosesə xeyri var deyəndə bu kimi, buna bənzər halları nəzərdə tuturdum.

Amma “sənin gözündən düşməkdən qorxuram” sözün deyən iki adam mənim üçün xüsusən əziz adamlar olub.

Biri güya Allah qoymasa məni dəhşət sevirdi. Məni buna inandırmışdı. Köynəyimi geyinəndə düymələri axıra kimi bağlayırdım, onda tullanırdı dəli kimi üstümə, deyirdi ki, axı sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı, axı sən hardan bilirsən köynəyin düymələrin axıra qədər bağlamaq sənə bu qədər yaraşır. “Ocaqxanada” hekayəmdə bu sözdən istifadə etmişəm. Orda obrazlardan biri bu sözü deyir .

Birdə o qız həmişə deyirdi ki, sən geyinəndə tamam dəyişirsən, tamam başqa adam olursan…

Onun sevgisinin həqiqi sevgi olduğuna inanmamaq şansım yox idi. Mən hesab edirdim ki, həqiqi sevgi, təmənnasız sevgi bu kimi xüsusi hallarla möhürlənməlidi. Hesab edirdim ki, Qafqaz Müsəlmanlar İdarəsi kolbasa-sosiska məhsullarına halallıq serfitikatı verdiyi kimi, bu kimi xüsusi hallar da sevgiyə həqiqilik serfitikatı verir. Səni sevirəm, səndən ötrü darıxıram, sən olmasan cırılaram, partlayaram, sənsiz boğazımdan su keçməz, sən olmasan özümü öldürərəm, özümü doğrayaram kimi ümumi sözləri hər kəs deyə bilər. Amma etiraf edək ki, “sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı” sözü xüsusi haldı. Balabanovun həyatından bəhs edən yarım-sənədli film var. Filmdə Balabanovun arvadı danışır. Balabanovun ona vurulma anın nəql edir. Balabanov bu qadına ona görə vurulub ki, nəsə tədbir imiş, tədbirdə olan qadınların hamısı şalvar geyib, bircə bu yupkada olub. Vəssalam, Balabanov yupka geyindiyinə görə yapışıb bu qadının yaxasından. Göndərərəm o filmi sənə. Mən o söhbəti eşidəndə Balabanovu başa düşdüm. Həmin gün bütün qadınların şalvarda, bircə bu qadının yupkada olması Balabanov üçün xüsusi bir hal, xüsusi bir işarə olub. Sədəcə, Balabanovun bəxti gətirib, xüsusi hal doğurdan da onun üçün axıra qədər xüsusi hal olaraq da qalıb. Sənin xüsusi hal kimi qəbul etdiyin sözlərin, səhnələrin doğruluğuna inanmaq, bunun sona qədər belə olduğunu görmək və bu təəssüratlarla da ölmək nə böyük xoşbəxtlikdi.

Mən doğurdan elə bilirdim, elə hesab edirdim ki, xüsusi halla qarşılaşmışam. Buna görə özümü seçilmiş adam hesab edirdim. Hətta özümdən çıxıb, qızışıb bu barədə bir yazı da qaralamışdım. Ki, hamı elə bilir sevib, sevilib, amma həqiqi sevgi milyonda bir adamın qarşısına çıxır. Mən dastanlara da inanmışdım. Yadıma gəlir ki, sevgi dastanların təzədən, tamam başqa gözlə oxumuşdum. Dəyəsən, Aşıq Qərib dastanındadı… Qərib saz çalır, tufan dayanır. Elə yazıda da bu səhnə haqqında yazmışdım. Yazmışdım ki, eşq şərbətini içmiş haqq aşığı saz çalsa, tufan dayanar. Həqiqi sevgini belə bir qüdrətli gücə, hətta tufanı dayandırmağa da qadir hesab edirdim. Elə bilirdim, çox nadir sevgi qarşıma çıxıb. Bir nəfər də o vaxt o axmaq yazıma belə şərh yazmışdı: axı hardan bilirsən, səninki nadir sevgidi, camaatınki ümumi? O, adam haqlı çıxdı. Məni yandıran budu. Heç bir mənəvi dəyəri olmayan adamların haqlı çıxmağı, adama kinayə ilə “gördün?” sözlərini deməkləri… Lakin hər kəsin haqqı verilməlidi. O vaxtlar o qızın sevgisinin həqiqiliyinə inanmağım mənə çox güc verirdi. Sağ olsun! Onda yazılarıma görə çox söyülürdüm, çox təhqir olunurdum. Təhqirləri, söyüşləri vecimə də almırdım. Həqiqi hesab etdiyim sevginin fonunda o təhqirlər, o söyüşlər məni zərrə qədər də narahat etmirdi. Ürəyimdə deyirdim, nə qədər istəyirsiniz söyün, nə qədər istəyirsiniz təhqir edin. Onların söyüşləri gözümə it hürüşməsi kimi görünürdü.