Сельма Лагерлёф – Nilsin vəhşi qazlarla səyahəti (страница 6)
– Amma bilirsən, bu qədər uzun səyahətin öhdəsindən təkbaşına gələ biləcəyimə də əmin deyiləm. Səndən kömək istəmək niyyətindəyəm. Mənimlə bu səyahətə gedərsənmi? Oğlan əlbəttə ki, bacardığı qədər tez bir müddətdə evə qayıtmaqdan başqa heç nə barədə düşünmürdü. Bu sual qarşısında oğlan nə cavab verəcəyini bilmədi. O karıxıb qaldı.
– Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.
– Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.
– Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!
Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.
Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin üzərində addımlamaqlarının fərqində deyildilər, onların heç nə veclərinə deyildi. Yol necə olsa da onlar yeriyirdilər, qaçırdılar. Digər yönləri təmiz və səliqəli olan bu qazların yalnız ayaqlarına diqqətlə nəzər yetirəndə vəhşi qazlar olmasını ayrıd etmək olurdu.
Ev qazı birtəhər imkan tapıb oğlana pıçıldadı: özün üçün bərkdən danış, amma kim olduğunu onlara bildirmə. Qazlar onlara lap yaxınlaşmışdılar.
Qazlar gəlib düz onların qarşısında dayanandan sonra uzun boyunlarını havada oynatmağa başladılar. Ev qazı da eyni hərəkəti bir neçə dəfə təkrarladı. Bu mərasim bitəndən sonra rəhbər qaz dedi: hə, məncə indi sizin necə bir varlıq olduğunuzu eşitmək vaxtıdır.
– Bizim danışmağa elə də çox sözümüz yoxdur, Morten dedi. Mən keçən yaz Skanorda doğulmuşam. Payız fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.
– Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?
– Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.
– Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.
– Bəlkə sən sürətli üzmədə bacarıqlısan?
– Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.
Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.
– Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.
– O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.
– Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.
Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.
– Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.
Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.
– Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.
Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:
– Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.
– O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.
– Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.
Onun adı nədir?
– Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.
– O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.
– Bəs, sizlə vəhşi qazlar adətən hansı zamanda yatırsınız? Ev qazı soruşdu. İndi gözlərim yumulur. Çox yorğunam.
Ev qazı ilə söhbət edən qazın çox yaşlı olduğunu sezmək çətin deyildi. Onun bütün lələkləri buz kimi boz rəng almışdı, indi onun bədənində bir dənə də qara tükə rast gəlmək mümkün deyildi. Başı digər vəhşi qazların başından daha böyük idi. Ayaqları daha da kobud, pəncələri isə gəzməkdən çox yeyilmişdi. Lələkləri bərk, çiyinləri isə düyünlü idi, boynu nazilmişdi. Bütün bunlar onun yaşından irəli gələn əlamətlər idi. Bircə keçən zaman onun gözlərinə heç nə edə bilməmişdi. Onlar parıldayırdı, sanki onun gözləri başqa bədən üzvlərindən daha cavan qalmışdı.
O cəld bir hərəkətlə erkək ev qazına sarı döndü.
– Hə, başa düşdüm. Mən də Kebnekaysdan olan Akkayam. Və məndən sağda uçan qazın adı Vassiyaurdan olan İksidir. Məndə solda uçan isə Nuolyadan olan Kaksidir. Sağdan ikinci uçan qazın adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.
Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.
Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.
– Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.
– Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.
Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.
O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.
– Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.
– Amma sən bu oğlanən artıq sabah evə qayıdacağına cavabdehsən! Rəhbər qaz dedi.
– O zaman mən də ona qoşulub geri qayıtmalı olacam. Çünki mən onu tərk etməyəcəyimə söz vermişəm.
– Sən də azadsan. İstəsən ona qoşulub bizi tərk edə bilərsən.
Bu sözləri deyən rəhbər qaz qanad çalıb göldəki bulud parçalarına sarı uçdu. Digər vəhşi qazlar da bir-birinin ardınca ora uçdular.
Oğlan Laplandiyaya uçmayacağına görə çox sevincli idi. Amma eyni zamanda bunun müqabilində şaxtalı gecəni açıq havada, buzun üzərində keçirəcəyi üçün də çox qorxurdu.