Salam Qədirzadə – Kəndimizdə bir gözəl var (страница 2)
Günəş sözünü qurtarmamış, Fikrət gülə-gülə ayağa qalxıb ona yanaşdı, qadının başını mehribanlıqla sinəsinə söykədi, saçlarını oxşadı, yaylığını çıxarıb, əvvəlcə özünün, sonra da Günəşin gözlərini quruladı.
− Ay qız, sən dəli olmusan, nədir?! – dedi. – Gör ağlına nələr gətirirsən? Guya, mən sənin xətrini uşaqdan az istəyirəm? Bax, bir də belə danışsan, qəlbimə toxunarsan.
Həmin axşam Fikrət Günəşin fikrini dağıtmaq məqsədi ilə onu zorla geyindirib kinoya apardı.
−Gedək! – deyə qapıdan çıxanda zarafatla qadına sataşdı. – O vaxt sənin təqsirin üzündən batan biletlərimin heyfini yerdə qoymayacağam.
Fikrət məktəb direktoru idi. Günəş uşaq bağçasında tərbiyəçi işləyirdi. Lakin bu, heç də onlara övladsızlığı unutdura bilmirdi. Əksinə, kişi şagirdlərdən, qadın körpələrdən ayrılıb evə gəlcək, tənhalığın təsiri ikiqat artırdı.
Nəhayət, həftələr, aylar keçdi, bir gün yenə həkimdən qayıdan Günəş içəri gircək ərinin boynundan asılıb, utana-utana, lakin çox sevincək halda şad xəbər verdi.
Fərəhdən Fikrətin gözləri parladı. Qollarını açıb Günəşi bağrına basdı. Hər ikisinin ürək döyüntüləri bir-birinə qarışdı…
Xadimənin ayaq səsinə Fikrət xəyaldan ayrıldı.
−Ay balam, sən hələ burdasan? – deyə ağxalatlı qarı ördək yerişi ilə gələrək ona yaxınlaşcaq, yuxulu tərzdə söyləndi. – Gedib evində-eşiyində dincəlsənə!
−Gərək bağışlayasan, xala, sənə də zəhmət verirəm. Axşamdan neçə yol əziyyətimi çəkmisən.
Qarı skamyada onunla yanaşı əyləşdi, qayğıkeşliklə xəbər aldı:
−Yaxşı, bu siftəsidir, yoxsa yenə uşağınız var?
Fikrət siqaretini sümürüb cavab verdi:
−İlkimiz bu olacaq. Ancaq… bizim Günəş beş-altı ildə nə əzab çəkib mən bilirəm. Doğrudan, bəzi qadınların işi müsibətdir.
−Eh… Hələ bu harasıdır, − deyə xadimə başını tərpədərək köksünü ötürdü. – Qızcığazın əziyyətli günləri qabaqdadır. Övlad böyüdüb, boya-başa çatdırmaq, tərbiyə vermək, sənə asanmı gəlir? Qərəz, ana səbri böyükdür; yenə çox şükür ki, gec də olsa, bu bir dənəni tapmısınız. Onsuz ailənin nə ləzzəti, ay bala. Uşaqsız arvad – meyvəsiz ağac – ikisi də birdir. – Qarı əlini ağzına tutub əsnəyərək, ayağa qalxdı. – Mən gedim, nigaran qalma, azad olan kimi sənə xəbər gətirəcəyəm, − deyə azacıq uzaqlaşmışdı ki, Fikrət arxadan zarafatla ona eşitdirdi:
−Xala, çalış oğlan olsun!
Sübhün açılmasına az qalmışdı. Dan yeri söküldükcə üfüqlər rəngini dəyişərək tədricən bozarırdı.
Fikrət yuxusunu qovmaq üçün durub gəzinməyə başladı. Ətrafda sakitlik idi. Qarşıdakı ağaclar arasından görünən doğum evinin bir neçə pəncərəsindən işıq gəlirdi. Ara-sıra əsən zəif gilavar yarpaqları xışıldadır və haradansa qucaq-qucaq gətirdiyi güllərin, çiçəklərin ətrini həyətə səpələyirdi.
“Kaş Günəşin oğlu olaydı! – deyə həsrətlə düşünən Fikrət iri bir çinarın gövdəsinə söykənib, qollarını sinəsi üstə çarpazladı. – Anamın da arzu-kamı ürəyində qalmazdı. Uşağa atamın adını qoyardıq. Eh… Bir o günü görsəydim ki, balam təzəcə ayaq açıb, əlindən tutmuşam, mənimlə yanaşı büdrəyə-büdrəyə addımlayır, hərdən də şirin dillə ağlı kəsənlərdən danışır…”
Fikrət bu arzulardan məst olmuş kimi fərəhlə gülümsəyib, gözlərini yumdu… Günəşi evlərində beşik başında təsəvvürünə gətirdi, onun laylasını eşitdi. Otaqda pərdə-pərdə qanad çalan həzin səsdə nə gözəl bir incəlik vardı. Görəsən, öz doğma balasının beşiyini yırğalamayan hansı müğənni qadın belə lətafətlə layla deyə bilərdi?! Bu mahnının qayğı, məhəbbət, nəvaziş dolu hər kəlməsi dildən, dodaqdan deyil, ana ürəyinin dərinliklərindən axıb gəlir, körpənin yuxusuna qarışaraq onu sanki ağ bir örpək üstündə göylərə uçurur, başqa aləmlərə aparır…
Fikrət durduğu yerdə bir neçə dəqiqə mürgüləmişdi; gözlərini açanda xadimənin yenə qarşısında dayanaraq, gülə-gülə ona baxdığını gördü.
−Xala, sənsən?! Nə xəbərlə gəlmisən?!
Qarı tezliklə cavab vermədi; qəsdən intizar yaratmaq üçün xeyli susdu, sonra haçandan-haçana şad bir səslə, ucadan dedi:
−Gözün aydın, oğlun oldu!
Bu nidalar təzə açılan səhərin sakitliyində əks-səda verdi.
Fikrət çaşdı, özünü itirdiyindən nə edəcəyini bilmədi. Sevincdən irəli atılaraq qarını elə möhkəm qucaqladı ki, sümükləri şaqqıldadı, onun qax kimi qırışmış üzündən öpdü…
Doğum evinin hündür darvazası qabağında mavi rəngli bir “Moskviç” dayandı, əlində gül dəstəsi tutmuş Fikrət tez maşından düşüb pillələri tələsik addımlarla iki-iki qalxaraq, yuxarı çıxdı.
Çox keçmədən bənizi saralmış Günəşlə, onun qoluna girmiş xadimə qapıda göründü. Cavan ananın sifətinə, gözlərinə elə xoş bir ifadə həkk olunmuşdu ki… Sonra da ağ krujevalı, ipək bələkdə olan körpəsini ehtiyatla qucağına almış Fikrət gəldi. Həyətə düşcək uşağın üzündəki tül örtüyü qaldırıb işıqda diqqətlə ona baxdı; dodaqlarını körpəyə yaxınlaşdırdı, ancaq qıymadı, diksinəcəyindən qorxub geri çəkdi.
Xadimə Günəşi maşında əyləşdirib xeyir-dua verdi:
−Balan xoşbəxt böyüsün, qızım. O gün olsun toyunu eləyəsiniz, elə bu “Moskviç”də ona gəlin gətirəsiniz…
−Al, qoy bu igid oğlan da yanında otursun, darıxmayasan, − deyə Fikrət uşağı ehmallıca içəri uzadanda Günəş məhəbbətlə ərinə baxdı, xəfifcə gülümsədi. Kirpiklərini bir dəfə endirib-qaldırdı, gözləri ilə onu öpdü. Sonra əlindəki gülləri qırağa qoyub, körpəsini sinəsinə sıxaraq, yerini rahatladı.
Fikrət maşından bəzəkli bir qutu götürüb, üzünü qarıya tutdu:
−Xala, al! Bu, cumbulu oğlumuzun adından sənə hədiyyədir!.. Salamat qal.
−Yaxşı yol ay bala, boya-başa çatsın körpəniz.
Qarı doluxsundu. Fikrət sükanın arxasında əyləşib xadiməyə bir daha razılıq edərək, maşını hərəkətə gətirdi.
−Anan nə əcəb gəlmədi? – deyə doğum evinin yaşıl həyətindən küçəyə burulanda Günəş soruşdu.
−Evdə sənin üçün xörək hazırlayırdı.
−Nə bişirirdi?
−Quymaq.
Fikrət boylanıb qarşısındakı kiçik aynadan dala baxdı:
−Mənim pəncərəm açıqdır, sizə soyuq olarsa, örtüm.
“Sizə!” Onun bu sözü Günəşlə oğluna aid idi.
−Yox, örtmə, qoy uşağa yayın havası dəysin.
Maşın geniş bir prospektə çıxdı, Fikrət çox asta sürürdü. Günəş bayıra tamaşa edir, nə haqdasa fikirləşirdi. Dəniz lap yaxında idi. Sahildə oynaşan köpüklü dalğaların şırıltısı eşidilirdi. Uzaqlarda sular gömgöy görünürdü.
−Fikrət!
−Ay can!
−Ləpədöyəndəki o hündür, qara daş sənə tanış gəlmir?
−Bəli, bilirəm nəyə işarə vurursan. Siz mənimlə olmasaydınız, bu dəqiqə çıxıb, lap paltarlı onun üstündən yenə suya tullanardım.
O, istər-istəməz ilk görüş axşamını xatırladı. İndi isə ata olmuşdu.
−Günəş, oğlumuza ad fikirləşməmisən?
−Onu ananla məsləhətləşmək lazımdır.
Fikrət bir siqaret çıxarıb damağına qoydu, uşaq yadına düşcək, tez ağzından alıb qırağa atdı. “Bundan sonra heç evdə də çəkməməliyəm” – deyə özlüyündə qət etdi.
−Anamın arzusu odur ki, nəvəsini atamın adı ilə − Nadir çağıraq. Bilmirəm buna sən necə baxırsan?
Fikrət əlini pəncərədən çıxarıb sola döndü. Günəş bir anlığa susdu. Nə cavab verəcəyini fikirləşdi. Əslində o, lap birinci gündən oğlu üçün “Gündüz” adını seçmişdi, indi daha bu sözdən sonra onu Fikrətə eşitdirməyin mənası yox idi.
−Anan ixtiyar sahibidir. Madam ki, ürəyi istəyir, Nadir çağırarıq.
−Çox sağ ol. Arvad yaman sevinəcək!
Maşın şəhərin mərkəzində beşmərtəbəli bir binaya yaxınlaşanda yavaşıyıb, həyətə buruldu. Pəncərədən onların gəldiyini görən qarı evdən nə vaxt, necə çıxdığını bilmədi. Arvad şadlıqla irəli cumaraq nəvəsini qucağına aldı və titrək dodaqları ilə gəlininin alnından öpdü.
−Əlində, ovcunda qalsın, ay qızım! – dedi. – Axır ki, bizim də bəxtimiz güldü.
Bəli! Soltanovlar ailəsinə xoşbəxtlik gəlmişdi!..
Onca dəqiqə sonra, evdə nənə uşağın bələyini açanda hamını dəhşət bürüdü! Günəş səsi gəldikcə heyrətlə çığırıb bayılmadımı?! Qıçları əsən qarı özünü ayaq üstə saxlaya bilmədiyindən divana yıxılmadımı?! Fikrət gözlərini yumub, ikiəlli başına vurmadımı?!.
Günəşə doğum evindən oğlunun yerinə qız uşağı vermişdilər?
İKİNCİ NOVELLA
Müharibə qurtarmışdı.