18+
реклама
18+
Бургер менюБургер меню

Sabir Əhmədli – Yasaq edilmiş oyun (страница 2)

18

Gər Xəlil, eləcə də Mürşüd və Cəmşid o yana, Hətəmxan dəyirmanına yönəlmək meylində idilər.

Məktəbin açıq pəncərələrindən uşaqların, qız-oğlan qarışıq, cəh-cəhi eşidildi. Bu, aşağı sinif, birincilərdi, yarımıncılardı. Hələ təkbaşına danışıb oxumağa alışmadıqlarından səs-səsə vermişdilər.

Arada müəllimənin də sədası gəldi;

– ‘’Hökumət bizimdi, biz də qurmuşuq!’’

Gər Xəlil yavaşıdı, Mürşüdlə Cəmşid də onu tövrüylə ayaq saxladı.

Arx üstən, qəsəbədən Yarəhmədli səmtə uzanan hündürdəki yolla adamlar gedirdi. Kimi uçurum cığırda, belinə bir tay dən atılmış uzunqulağı bizləyə-bizləyə, toş-toşla dəyirmana tələsir, kimi bu yana, bazar-dükana cəhləyirdi. Yoxuşdakı həyətlərdən, qarğı-qamış çitəmələrin ardından pıçıltı gəlirdi. Çitəmə arxasından Gər Xəlili görüb, məktəb pəncərələrindən qopan səs-sədanı eşidirdilər.

əgər ‘’Laldinməz’’disə, hökm yiyələri göz qabağında, üçü də birlikdə ortaya çıxdığı yerdə bəs bu nə cəh-cəhdi! Dərs? Deməli burası da varmış. Gər Xəlil olmasın, lap əsil padşah başına qızıl tac qoyub çıxsın meydana. Bütün cah-calalıyla dayansın şaqraq pəncərələrin önündə. Görək körpəcə balaları susdurmağa onun gücü çatacaqdırmı? Şagirdlər tutaq ki, balaca idilər, qanmırdılar, cəzaya da yaşları düşmürdü. Bəs onlara mahnı öyrədən, arada ayrılıb, özücə tək oxuyan müəllimə, daha doğrusu, müəlliməyə nə söz?

Nazlı müəllimə məktəbə bu il ayaq açmış balalara mahnı öyrədir, nəğmə dərsi keçirdi. Tərs təki balacaların dərslərinin çoxu nəğmə idi.

Bunların burada duruxduğu anda, orada, sinifdə uşaqlar da susdu. Yalnız Nazlı müəllimənin yarpızlı bulaq təki çağlayan qumrov sədası gəldi;

– ‘’Al bayrağa beşguşəli ulduz vurmuşuq!…’’

İndi hamı bir yerdə. Bir; iki, üç! Başla;

‘’Hökumət bizimdir, biz də qurmuşuq,

Al bayrağa beşguşəli ulduz vurmuşuq!’’.

Qaçaqlığa qarşı vuruşmalarda ad-san çıxarmış, Kor Abdıllanın tutulmağında igidlik qoçaqlıq göstərmiş, milisbaşı Gər Xəlildən ötrü bu nəğmə olduqca xoş, ürəyə yatandı. Bilik, tərbiyə ocağına ayaq açmış bapbalaca nəslə bir yeniyetmə müəllimənin nəğmə öyrətməyi daha fərəhli idi, incə, zərif telləri oynadırdı.

Qaya daşlarından hörülmüş divar boyu sıralanan geniş, açıq pəncərələrin birindən müəllimənin özü də göründü. Elə bil Mir Kazımın bağçasından, bax, bu səhər, obaşdanca açılmış, hələ şehi qurumamış bir cüt ağ-qırmızı gülü zoğlu-pöhrəli qoparıb qoymuşdular oraya, pəncərənin ağzına. Gər Xəlil inandı; şehli gül ətri indicə ötdükləri Mir Kazımın bağçasından deyil, məktəbdən, sinifdən, ağzının sarfası getməmiş yavrulara nəğmə öyrədən gözəldən gəlir.

Sinif otaqlarının qənşərində çox dayanmaq yaramazdı. Mürşüd, Cəmşid hənir çıxarmadan, himlə söyləyirdilər;

– ‘’Xəlil padşah, tərpənməyəkmi?

– Bəs bu cəh-cəh?

– Ona sonra baxarıq. Qayıdarıq bu işin üstünə’’.

Məsləhəti padşah, padşahəvəzi Gər Xəlil verməli olduğu halda, bu yerdə o öz əlaltılarını dinlədi. Bəlkə bir də ondan ki, götür-qoy, məsləhət-məşvərət dilsiz-danışıqsız getdi.

Tərpəndilər enişə. Arxadan yenə Nazlı müəllimənin sədası gəldi. Kişilər aralandıqca səsini qaldırır, uşaqlardan artıq bunlara eşitdirirdi. Gər Xəlil addım atıb dayanır, birincilərin cəh-cəhindən, Nazlı müəllimənin oxumağından ayrıla bilmirdi. Laldinməz, için-için çırpınırdı.

Qəssab Məhəmmədin evinin altından keçib, toxmaçarlıqdan ötüb, geniş talaya çıxanda Mürşüdlə Cəmşid elə bildilər, dəyirmana getmədən adladı. Halbuki, padşadlığın ilk günü, başlanğıcda Hətəmxan dəyirmanına baş vurar, oranı sınadılar.

Elə ki, çıxdılar bağ talasına, çəmənliyə, burada üçü də birdən ayaq saxlamalı oldu.

Talada, qoz ağacının altında iyirmi-otuz uşaq bardaş qurub oturmuşdu otluqda. Qənşərdə, çəkilin budağından bir iri dünya xəritəsi asılmışdı. Başıaçıq müəllim əlində şiv çubuq, xəritənin önündə var-kəllə danışır, göstərirdi. Onun nə söylədiyi aydın eşidilməsə də, padşah-aləm coğrafiya müəlliminin səs-sədasını qəşəncə dinlədi. Ondan o yanda dağdağan altında bir ayrı dəstə, bir özgə sinif qonuşub çalışmaqda idi. Buradakı dərsi qocaman müəllim, mahalda ilk saatsaz Mirzə Qafar aparırdı. Gözəl də geyinmişdi.

Əynində yaxası tikmə-naxışlı ağ köynək, ayağında qara qondara, burnunun üstündə zəncir-irtməkli pensne.

Dönüb, dolayı ötmək istəyəndə, gördülər xeyir. Bağın hər ağacının altından bir səda çıxır, hər kol, şax-şəvəl arxasında bir çətən uşaq-müəllim toplanıb. Bütün bu yığnaq, səs-avaz ‘’Laldinməz’’lə bir araya sığan iş deyildi. Qaldılar neyləsin, necə tərpənsinlər. Dönüb, tala yolundan çıxıb özlərini kol-kosa, cəngəlliyə soxa bilməzdilər, üst-başları cırılar, əl-ayaqları didilərdi. Beləliklə isə bütün şərt, yasaq-qadağa büsbütün pozulmuş sanılmalıydı.

Mürşüd kişi dinməzcə qandırdı; ‘’Buradan qalxaq üstə, yola. Baş götürüb gedib çıxaq Hətəmxan səmtə’’.

Bu yerdə bir üzü ‘’Laldinməz’’, bir üzü səs-səda, bir elə iş baş verdi ki, hər üçünü heyrət aldı. Gər Xəlili birinci Mirzə Qafar müəllim görübmüş. Həm müəllim, həm arıçı, həm də saatbaz. O üç kişinin, irəlidə Gər Xəlil, başında daş-qaşla bəzənmiş qızıl tac-qızıl-qumral papaq, Mürşüd Cəmşidlə talanın qırağında ayaq saxlayıb, dağdağan-sinifə, alça-sinifə, böyürtkən-sinifə göz dikib, çaşbaş qaldığını duydu. Mirzə Qafar öz uşaqlarına nə dedi, nə qandırdısa, bu uşaq, müəllimiylə bircə yerindəcə susub dondu. Gər Xəlil dəstəsiylə birgə bunların böyründən ötməyə vadar olduqda, denən, o uşağın bircəsi dönüb gözünün ucuyla baxdımı, nəfəsini çəkdimi. Tilsimə düşmüş təki səs-səmirsiz qaldılar.

Gər Xəlil ötüb keçməkdə, qocaman müəllimə bir işarə vurdu: “Bərəkallah! Sən xətadan sovuşdun. Bu xəmir çox su aparacaq.”

Sağda, solda, arxada, dağdağan ağacının, əriyin, yemşan kolunun altında, yan-yörədə başqa-başqa dərs alan, aşağı-yuxarı siniflər, müəllimlər də Mirzə Qafarın davranışından ruhlanıb susdular.

Beləliklə, ötüb getdilər. Daha geridən, həndəvərdən qımıltı-pıçıltı qopsa da, bayaqkı laldinməz halın qabağında buna baş qoşmayıb, aradan çıxdılar.

İndi hər üçünə aydındı ki, haraya gedirlər. Birbaşa Hətəmxan dəyirmanına yol aldılar.

Hətəmxan dəyirmanı Çinar kəhrizinin suyu ilə işləyirdi. Yaxın kənd-kəsəyin taxılı, bir də yenicə işə düşüb, neçə təndir qapamış çörəkxananın dəni orada üyünürdü. Tay-tay taxılın dənlikdən aramla enərək, zırı daşların arasında əzilib, un-urva aramla əski ağızlıqdan kirtik-kirtik ələnməyini görən deməzdi, bu boyda mahalın çörəyini bu tərpənişlə çatdırmaq olarmış. Dama-dama göl olar. Hətəmxan dəyirmanından savayı, Yarəhmədli bağlarının ayağında bir dəyirman da vardı, alasəy işləyirdi, oraya bel bağlamırdılar. O tay- bu tay el-obanın gəlişi, ümidi Hətəmxandı. Hər kəsin nobatı gözlənir, tay-dağarcıq vədəsində tərpənirdi. Hətəmxan hamını yola verirdi. Kövşən-xırman, kəhriz-çayxana hamısı ictimailəşib mahal şurasının əlinə keçəndə, Hətəmxanı öz dəyirmanından ayırmamış, oradaca saxlamışdılar.

Dəyirman arx altda, çökəkdə idi. Dəhnədən üzüaşağı gurlayan axar elə güclü, təpərliydi, gör-gövdəsi çatlamış köhnə qovaq nov tablamır, su oyuqlardan fışqırıb, şarhaşarla daşlığa tökülürdü. Dəyirman boynunu kol-kos bürümüş, donuzluq kükrəyib göyərmiş, ağac nov özü də puçurlayıb pöhrələmişdi.

Həndəvərdə bir səs-səda, həşir vardı, deməzdin, bu hayharay çaylaq daşından yayılmış yapıq-yassar damın sayəsinədi.

“Laldinməz” Hətəmxan vilayətində bir elə çal-çağırla üzləşirdi ki, bağ-məktəb bunun yanında muştuluqdu.

Yoxuşda sovacaq səslənir, novun yarıqlarından daşlığa, çınqıllığa şiravan tökülür, dəyirman kişnəyir, çağlayırdı. Yuxarıdan, dəhnənin iki yanından da iki irmaq coşub üzüaşağı şığıyırdı. Bunların qopardığı şivən heç, iş deqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fısqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fırlanmağından yox, nə isə özgə bir xətər-ətərdən tərpənib dəbərmişdi. Qənşərdə göllənən axar-coşardan un-urva, kəpək tamı qalxırdı. Dəyirman qabağında, qum-çınqılı seçilən dumduru gölməçədə qaz, ördək üzürdü. Quşlar gölə yaxınlaşır, irəlidən vuran suyun təkanından həsləyir, qırağa hellənirdilər. Bir də gedir, çaxnaşan burulğanda özlərini güclə saxlayıb, gölə can atırdılar. Qaz-ördək köpüklənib coşan suda dən-düş qoxusu almışdı.

Pər-qanad çalğısı, ağır daşların nəriltisi eşidilir, çax-çaxın çaqqıltısı sezilirdi. İçərinin sədası eşiyinkinə qarışmışdı. Elə şennikdi, səsdən qulaq tutulurdu.

Dəyirmanın qabağında, gündöyəndə palaz üstə taxıl sərmişdilər. Görünür, nəm çəkmişdi, Hətəmxan göstəriş vermişdi, qurudulsun.

Hətəmxan görünmürdü, kimsə də yoxdu. Gölməçədə çırpınan qaz-ördəyin yaxındaca, palaz üstə sərilmiş dənə, qızaran buğdaya, bozaran arpaya yox, un-urva qoxuyan suya cummağı da bir anlaşılmaz işdi.

Xəlil, Mürşüd kişi və Cəmşid kişi dayandılar o tayda. Dəyirmanın körpüsü yoxdu. O taya keçməkdən ötrü arxın içinə iki-üç iri daş parçası, qaya qırığı atmışdılar. Padşahəvəzi Gər Xəlil, vəzir-vəkil gözlərini su basmış köntəy daşlara dikib də baxdılar. Elə çarpanaq, sürüşkəndi, allahın adicə bəndəsi də buradan ayaq qoyub keçməkdən çəkinərdi, gəl gör bu kişilər ola.

Elə bil Hətəmxan bu yoldaşların gələcəyindən soraq tutmuşdu. Dəhnə ağzından uçurlanan, novdan şoruldayan suyun hamısını bağlamışdı bir arxa. Gələn gələ bilirsə, gəlsin. Ayağının birini qoysun arx içindəki ala qayanın belinə, sonra o birini adlatsın qara qaya parçasının çatağına… Ondan sonra büdrəməsin; ayaqaltı daşların arası gendi, sürüşdünmü, təpəsi üstdə, guppultuynan yıxılacaqdın arxın içinə. Xəlil padşah, Mürşüd vəkil, Cəmşid vəzir! Təpədən dırnağa çumçuluq, un-urva ətri saçaraq, xirtdəkdən topuğa suyunuz süzülə-süzülə gəlin. Buyurun Hətəmxan ölkəsinə.