Сабир Азери – Dalanda (страница 5)
Bilirsiz, Mikayıl müəllim, Mahmud olduqca savadlı, təfəkkürlü, həm də yaman zəhmətkeş oğlandır. Elmə məhəbbətə, sədaqətinə isə söz olammaz. Bir diplom işi yazıb ki, azca genişləndir, olsun namizədlik dissertasiyası.
– Çox gözəl, çox gözəl! Bunu aspiranturada saxlamaq da mənim boynuma.
– Sağ olun, Mikayıl müəllim, siz həmişə kolxozçu, fəhlə balalarına atalıq etmisiz.
– Bax belə cavanlara kömək etmək lazımdır. Sizinki olsun ali məktəbi qurtarmaq, qalanı mənim boynuma. Aspiranturaya girməyi ilə müdafiə etməyi də bir olacaq. Sonra da saxladaram sizin institutda, olar sənin kafedranın müəllimi.
– Var olun, Mükayıl müəllim!
– Hələ elmi işini kitab halında nəşr də etdirərəm.
– Çox sağ olun. Çox razıyam.– Mahmud hiss edirdi ki, bu qədər yaxşılığın qabağında bu sözlər azdır, ancaq ha çalışırdısa, ayrı heç nə gəlmirdi ağlına.
Professor Qasımzadə onu vəziyyətdən çıxartdı.
– Mikayıl müəllim o qədər adamın əlindən tutub ki! Mənim özümə də atalıq eləyib. Biz də gərək belə adamların qədrini bilək, onun ayağına daş dəyməsin… Daş nədir, heç qəltən də dəyməsinə razı olmayaq. Düz demirəm, Mahmud?
– Əlbəttə, əlbəttə…
– Ay yaşa! Amma…– Professor Qasımzadə dayanıb Mahmuda sınayıcı nəzərlə baxdı, Mahmud başını yerə dikməli oldu.– Neyləyəsən, dünyadı da, o qədər atyeriməz yolları, cığırları var ki, onda gördün səni çəkdi, apardı o, cığırlarla bir yarğana… Di gəl keç bu yarğanı görüm nə təhər keçirsən! Belədi ya yox, Mahmud?
– Yəqin ki…– Mahmud mızıldandı. Niyəsə ürəyi sıxıldı və fikirləşdi ki, yoox, burda nəsə var. Nə?
Professor Qasımzadənin növbəti sözləri onun şübhəsini daha da artırdı.
– Mikayıl müəllimə qəfil bədbəxtlik üz verib Mahmud.
– Noolub ki?
– Oğlu maşınla bir nəfəri vurub.
– O adam ölüb?– Mahmudun dili-dodağı təpidi, gözləri böyüdü.
– Yox, əşi, yüngülcə yaralanıb. Deyəsən ayağı sınıb. Sınıq da ki bilirsən də, təbabətin indiki imkanlarının qarşısında heç nədir. Düz demirəm, Mahmud?
Mahmud udquna-udquna qaldı. İstəyirdi soruşsun ki, axı kimdir o adam? Bu söhbətlərin mənə nə dəxli var?
Qasımzadə onun qolundan bərk-bərk yapışıb, bir az da özünə tərəf çəkdi.
– Oğlum, gərək bu məqamda bizə kömək eləyəsən. Malik… Mikayıl müəllimin oğlunu deyirəm, şərqşünaslıqda oxuyur. Büyün-sabah xaricə gedəcək, icazəsi hazırdır. Özü də nişanlıdır…
Mahmud daha heç nə eşitmirdi, sanki qulaqlarına güclü külək dolmuşdu, qulaqları ağac koğuşu kimi uğuldayırdı. Evə qaçmaq istəyirdi, di gəl ki, qolunu onun əlindən çəkməyə heyi qalmamışdı, buna görə də diplom rəhbərinə yazıq-yazıq baxırdı. Diplom rəhbəri isə sözlərinə ara vermirdi.
Bilirsən, Malik… Bizim hörmətli akademikin oğlu.. sənin atanı…– Mahmuda elə gəldi ki, axırıncı sözü eşidənəcən aradan düz bir gün keçdi– …maşınla vurub…
– Atamı? Nə vaxt? Harda?
Mahmud qəfildən götürüldü. Professor Qasımzadə onun dalınca yüyürdü, akademik Mürşüdov da iki-üç addım atıb dayandı və öz qapılarının zəngini basdı.
Mahmud özünü içəri salan kimi anasına, bacısı Çimnaza baxdı, onların ikisi də ağladı. Mahmud yan otağı açıb, atasını üz-gözü, ayağı sarıqlı görəndə qışqırdı:
– Ataa!
Qafar gözlərini açıb gülümsündü.
– Necəsən?– Mahmud əlini ehtiyatla atasının sifətində ayaqlarında gəzdirdi. Onun sağ ayağı gipsdə idi.
Qafar zorla pıçıldadı:
– Qorxma… İndi yax..şı…yam:
Mahmud atasının gipsli ayağını qucaqlayıb ağladı.
Qafar gücdən düşmüş əliylə oğlunun saçını yüngülcə sığalladı.
Professor Qasımzadə də içəri keçib astadan salamlaşdı.
– Elədir, öyrənmişik, qorxulu bir şey yoxdur,– dedi.
Mahmud qalxıb onu təqdim elədi.
– Mənim diplom rəhbərimdir, kafedra müdirimiz, professor Qasımzadədir. Əhvalatı eşidib gəlib.
Qafar üzüntülü halda gülümsündü və yenə kirpiklərini zorla qaldırıb professora baxdı:
– Çox sağ ol…un,– dedi.
Fəridə də dil-ağız etdi:
– Allah sizdən razı olsın. Əziyyət çəkmisiz!
– Nə əziyyəti var, bacı, borcumdur. Bə insan insana nə gündə gərəkdir, heç ürəyinizi sıxmayın, bacı, tezliklə sağalacaq. Bir adama ki, professor Mürşüdov baxa…
Fəridə kükrədi:
– Professor Mürşüdov? Bu da o əclaf Mürşüdovlardandır?
Professor Qasımzadə gördü ki ehtiyatsızlıq edib, tez səhvini düzəltdi.
– Yox, yox, eləcə familiyaları eynidir.– Söhbəti dəyişdi.– Oğlunuzdan da çox razıyam. Maşallah, savadlıdır, ağıllıdır. Xəbəriniz var ki, fikrimiz onu aspiranturada saxlamaqdır? Bu harasıdır, sonrası daha yaxşı olacaq. Akademik Mürşüdov söz verir ki, Mahmudu öz institutumuza müəllim düzəldəcək…– Fəridə bu dəfə dinmədi. Çimnaza tərəf döndü.– Gərək ki, bu qəşəng qızın adı Çimnazdır? Mahmud mənə danışıb haqqında. İnşallah bu il əmiləri onu da instituta düzəldər.
Fəridə köksünü ötürdü, lakin yenə dinmədi.
Çimnaz tez aynabəndə keçib əl-üzünü yudu, saçını daradı, professor Qasımzadəyə çay süzüb gətirdi. Çimnazın gözlərində qəribə bir işıq yanırdı. Çimnaz bunu özü də hiss edir və gözlərini atasından gizlətmək istəyirdi.
– Mən bu saat qayıdıram,– deyib professor Qasımzadə həyətə endi, maşından bir dolu səbət gətirdi. Fəridə, Çimnaz, Mahmud ona təəccüblə baxanda professor Qasımzadə sıxıldı, səbəti şüşəbəndin küncünə qoydu.– Yüngülvarı bazarlıq eləmişəm. Qardaş payıdır.– Çimnazın üzünə gülümsündü.– Hə, qəşəng qız, indi sənin çayını məmnuniyyətlə içərəm. Əlbəttə etiraz eləmirsənsə?
– O nə sözdür!– Çimnaz stolun üstündəki köhnə süfrəni götürüb, yerinə təzəsini saldı.
Professor Qasımzadə stəkanı burnuna yaxınlaşdırdı.
– Bəh-bəh-bəh, adamı lap məst edir. Deyəsən, kəkotu da vurubsan?
– Hə, bir az qatmışam.– Çimnaz qıpqırmızı olmuşdu.
– Ürəyim gedir kəkotuyçun. Çoxdan idi ki, həsrətindəydim, əlimə keçmirdi.
Qafar gözlərini açmışdı, arxa otaqdan səsləndi:
– Gərək ki, bizdə var. Anam bu yaxınlarda yollamışdı, gərək ki, bir az qalıb.– Arvadına tərəf çevrildi.
Fəridə yerindən qalxdı.
– Hə, varımızdı,– dedi.
– Onu professora bağışla.
– Əşi, zarafat edirəm.– Professor çayın qalanını birnəfəsə başına çəkdi. Çimnaz əlini stəkana uzadanda dedi:– Çox sağ ol, qızım.
Fəridə evdəki kəkotunu bir sellofan torbaya doldurub stolun üstünə qoydu.
Professor Qasımzadə təşəkkür etdi.
Bir müddət araya sükut çökdü. Heç kəs bilmirdi ki, nədən danışsan. Professor Qasımzadə təzədən başladı Çimnazın çayını, sonra da özünü tərifləməyə:
– Çimnaz qızımız evdar olacaq.
Çimnaz utanıb stəkanı aparmaq bəhanəsiylə yan otağa keçdi.