18+
реклама
18+
Бургер менюБургер меню

İsa Muğanna – İsahəq, Musahəq (страница 2)

18

Bəzən evimizin həndəvərindəki əkinlər suvarılanda, çardağın altına, ocağın işığına min cür bədheybət cücü uçub gələrdi. Belə vaxtlarda əlimə süpürgə götürüb anamın oturduğu palazın altına doluşmağa çalışan eybəcər danadişləri qırmağa başlardım. Anam mənim canfəşanlığıma baxa-baxa gülərdi: "Vur! Vur! Başına dolanım! Qır bu faşist köpəkuşağını!" Danadişilər az-az uçan vaxtlarda o məni dizinin dibində oturdardı, isti fətiri dürməkləyib təkidlə axırıncı loxmayacan yedirərdi. Mən ağzımı açanda anam da açardı, mən loxmanı udanda anam da udqunardı, elə bil o da mənlə bərabər yeyərdi.

Bir gözü sacda, bir gözü məndə olardı: "Mənim həyanım! Evimin yanan çırağı, – deyərdi. İndi isə oğlunu yaddan çıxartmışdı".

Yalxı köynəkdə, məhəccərin dalında soyuqdan büzüşmüşdüm, titrəyirdim, anam isə orda ağlayırdı. Bu qədər ağladığını heç vaxt görməmişdim. Uzun dəmir şişlə qara sacın üstünü cıza-cıza fətiri çevirdikcə, şalının ucu ilə tez-tez gözlərini silirdi. Böyründə, saçaqlı süfrənin üstündə artıq bir qarış qalınlığında fətir vardı. Bu qədər fətiri neynirdi?

Arada yuxu basdı məni. Sonra, nədənsə, oyanıb, anamı yenə orda – ocağın qırağında gördüm.

Seyid Əli əmi içəridə, palaz üstə uzanıb o yanbu yana çevrikirdi, "Of, ay fələk! Of, ay fələk! " – deyirdi. Qızı isə mənim çarpayımda, mənim yorğanımın altında idi. Gah ona baxdım, gah atasına. Köksümü ötürdüm. Bu adamlar öz gəlişləri ilə bizim rahatlığımızı niyə pozmuşdular. Niyə elə uzaq kənddən gəlmişdilər? Mən niyə orda – o "uzunuzun qayaları olan" kənddə anadan olmuşdum? Anamdan küsmüş olsam da, yanına getmək, suallarıma cavab almaq istəyirdim. Əmma necə oldusa, bir vaxt gözümü açıb özümü yenə yorğan-döşəkdə gördüm. Deyəsən, səhər açılırdı. Otağımız hələ alaqaranlıqdı. Gözümü dolandırıb anamı axtardım.

Kandarda uzun bir adam dayanmışdı. Seyid Əli əmi idi. Çiynində yekə çanta vardı. Anam onun yanında durub hələ də ağlayırdı.

– Arxayın get, Seyid! Balanı öz balam kimi, ağzımda dilim kimi saxlayacam. Bu gündən Nailə Rəşidin əmisi qızı deyil, doğma bacısıdı. – Belə dedi.

Seyid Əli əmi də ağlamsındı. Dedi:

– Bizim nəsildə hamı etibarlıdı. Qardaşım arvadı yox, sən də doğma bacımsan. Hamılıqla Allah əmanəti olun!

Anam mis dolçamızı su daşının üstündən götürüb dalınca çıxdı. Bir azdan eşikdə su şırıltısı eşidildi.

Anam asta-asta, yorğun-yorğun qayıdıb dolçanı su daşının üstünə qoydu, "doğma bacım” Nailənin yatdığı çarpayıya baxdı və bu vaxt mən yeni bir heyrətli hadisənin şahidi oldum.

Nailə çarpayıdan hop qalxıb tövşüməyə başladı.

Əynində gödəcik boz çit don vardı. Çöp kimi quru qıçları, bomboz dizləri görünürdü.

Yalın ayaqlarını səssizcə ata-ata yaxınlaşıb anamın üzünə baxdı. Lap çoxdan tanıdığı bir adamla danışan kimi, anamın adını tutub soruşdu:

– Səriyyə bibi, dədəm getdi?

Anam qızı qucaqladı.

– Getdi, başına dolanım, – dedi. – Allah qoysa, sağ-salamat qayıdıb gələcək.

Nailə elə hey anamın üzünə baxırdı.

– Bəs mənə deyirdi gedəndə səni oyadacam?

Anam onu bir də qucaqladı.

– Səni yuxudan eləmək istəmədi, qıymadı, başına dolanım, ağıllı balam! – dedi. – Gəl qardaşıyın yanında uzan, qurbanın olum!..

Anam elə yalvarırdı ona, dönə-dönə o üzündən, bu üzündən öpürdü.

– İnşallah, sağ-salamat qayıdacaq! İnşallah! – deyirdi.

Nailə daha dillənmədi. Atası gedəndən sonra bu evdə o, nəinki ağlamadı, heç köyrəlmədi də. Nəfəsi ilə mənim çiynimi isidə-isidə yuxuya getdi. Eşikdən hələ də Anadil səsi gəlirdi: qub-qub…

Burda mən Anadil quşunun sirrini açmalıyam. O sirri mənə həmin bu Nailə adında, mənim pəltək dilimdə “Naləyə çevrilən, əslində də Nalə əmim qızı – bacım danışıb. O sirri on-on beş kəlmə ilə də demək olar, bir kitab qədər də. Bir şərtlə ki, gərək əvvəlcə Nailənin – Nalənin özünü tanıyasan. “Uzun-uzun qayaları olan “Ağlar kəndini, ordan bizim bu kəndə – Qonaqlıya, bütün Azərbaycana, o cümlədən Bakıya yayılan “Ağlar adlananları tanıyasan. Buna görə də birbaşa o sirri açmaq əvəzinə Nailə barədə danışıram.

Məndən beş yaş böyük idi. Demək olar ki, mən kimi uşaqdı, əmma uzaq səfərə gedən atasının dalınca ağlamırdı. O vaxt mən, öz uşaq ağlımla, bunun necə qeyri-adi olduğunu dərk edə bilməsəm də,sonralar, yaşa dolduqca tez-tez xatırlayırdım və həmişə də heyrət edirdim. Doğrudur, mən artıq onun hələ lap körpəlikdən başının bəlalı olduğunu, gözünü açıb dünyaya baxan gündən mə-şəqqətlər gördüyünü bilirdim. Məsələn, bilirdim ki, vaxtı ilə Təbrizdə, Ağ Seyid adı ilə məşhur olan adam, şahın qəzəbinə keçib, qaçıb Arazın o tayından bu tayına adlayarkən güllə yağmuruna düşmüşdü və o beş yaşlı Nalə atasının qolları üs-tündə anasının necə can verdiyini görmüşdü: yad qəbiristanda ucqar bir qəbirin yanında atası ilə ya-naşı dayanıb anasının gözünə torpaq tökmüşdü. Mən artıq bilirdim ki, bu tayda, həmin danışan qa-yaları olan Ağlar kəndinin məktəbində “tədris proqramından kənar, “qadağalı elm barədə dərs dediyinə görə Ağ Seyid – Seyid Əli əmi ordan da qaçıb qızı ilə birlikdə bizim Qonaqlıya gələndən sonra Nalə göz-lənilmədən onların daxmasında peyda olan Bikə adlı zalım bir arvadın tapdağına düşmüşdü. Sonralar mənə Nalə özü danışırdı ki, o vaxtlar, yəni otuz doqquz-qırxıncı illərdə atası mə-nim atam Ələkbərin direktor olduğu məktəbdə atamla müəllimlərimizə “qadağalı elm öyrətdiyinə görə, tez-tez “hökumətdən qaçıb haralardasa gizlənəndə, o zaman Bikə arvad Naləni “özü ağırlığında səhəngnən su daşımağa, balta götürüb odun yarmağa, paltar yumağa məcbur edirmiş. Qırx birinci ildə Əli əmi mənim atamla birgə cəbhəyə gedəndən sonra Bikə arvad daxmadakı var-yoxu götürüb dağlara qayıdıbmış. Orda Nalə dərələrdən şələ-şələ asırğal çöpü, qucaq-qucaq əvəlik yığıb, bizim tərəflərə köçüb yaylağa gedən fermalarda – binələrdə satarmış. Bəzən Nalə binələrdən əliboş qayıdanda Bikə arvad yazıq qızcığazın paltarını çirmələyib boynunun ardında burub, açıq dalına gicirtkən döyərmiş… Cəbhədə yaralanandan sonra bir aylıq "otpusk" dan qayıdan Seyid Əli əmi on iki yaşlı qızını belə bir həyatdan qurtarıb, öz etibarlı qardaşı – cəbhə yoldaşının evinə gətirmişdi. Bütün bunlara bələd olan adam, öz yeganə əzizini yenə müharibəyə yola salandan sonra Nalənin ağlamadığına, “Səriyyə xala, dədəm getdimi? – deməklə kifayətlənməsinə bəlkə də heç təəccüb etməzdi. Bu kədərli əhvalatı indi yuxu kimi nəql edən adam, o vaxtkı yeddi yaşlı Rəşid isə heyrətlənməyə bilmir.

O vaxt mən təkcə Nalənin yox, anamın nələr çəkdiyini də qanmırdım.

Seyid Əli əmi gedəndən sonra anam Nalə ilə mənim aramda uzanmışdı. Yorğanı başına bürümüşdü, üzünü görmürdüm. Əmma necə çətin nəfəs aldığını eşidirdim. Nalə başını qaldırıb, daha da böyümüş gözlərlə gah mənə, gah da anama baxırdı. Deyəsən, bərk qorxmuşdu.

Mən isə anamın belə çətin nəfəs aldığını birinci dəfə görmürdüm.

İlk dəfə o, atam gedən günü bu hala düşmüşdü. Mən onda qışqırıb şivən qoparmışdım, səsimə qonum-qonşu tökülüb gəlmişdi, arvadlar anamın üzünə su çiləmişdilər, əllərini ovuşdurmuşdular. İkinci dəfə belə bir hadisə kolxoz idarəsinin qabağında olmuşdu. Orda, həyətin lap ortasında qırmızı örtüklü stol qoymuşdular. Qonaqlının bütün camaatı yığışmışdı. Qocalarla uşaqlar qıraqda cərgələnib dururdular. Qızlar, gəlinlər, qarılar bir-bir stola yaxınlaşıb, qırmızı örtüyün üstünə qalaq-qalaq corab, əlcək, isti köynək, qulaqlı papaq, yaylıq qoyurdular. Orda, stolun yanında növbə ilə hamı danışırdı. Əlbəttə, mən bu danışıqlardan çox az şey başa düşürdüm. Qandığım ancaq bu idi ki, kəndimizdən müharibəyə gedənlərin ana-bacıları, arvadları, nişanlıları faşistlərə qarğayırdılar.

Lap axırda anam toxuduğu yun köynəyi qoynundan çıxardıb, mənim biləyimdən tutub ortalığa yeridi. Əli stola çatmamış birdən dayandı və biləyimi əlindən buraxmadan yerə çökdü. Yenə də üzünə su çilədilər, əllərini, ayaqlarını ovuşdurdular.

Sonralar anam həftədə, on gündə bir dəfə belə olurdu. Mən də əvvəlkitək vahimələnmirdim. Anamın bənizinin ağardığını, əlini sinəsinə qoyub yavaşca yerə çökdüyünü görən kimi su dalınca yüyürürdüm. İndi də dərhal dolçanı qapıb anamın həmişə axşamdan doldurduğu su daşının altındakı vedrədən su gətirdim. Anamın böyründə diz çöküb əlimi dolçaya batırdım, üzünə, sinəsinə su çırpmağa başladım. İndi anam hıçqırmalı, dərindən nəfəs alıb yavaşca dikəlməli idi, sonra isə məni bağrına basıb yırğalana-yırğalana əzizləməli idi: "Mənim pənahım, bircə-pircə balam! "

Əvvəllər həmişə belə olmuşdu.

Bu dəfə əvvəlkilərtək olmadı; dolçadakı suyun hamısını anamın üzünə çırpdım, anam isə nə nəfəs aldı, nə də qalxıb məni bağrına basdı.

Anamın belə gec ayılması məni əvvəlcə təəccübləndirdi. Hətta bir də su gətirmək istədim. Əmma yarı yolda dolçanı yerə atdım, qayıdıb anamın əl-qolundan, çiyinlərindən yapışıb silkələməyə, çağırmağa başladım.

Artıq səhər açılmışdı, evimizin həyətə baxan pəncərəsindən içəriyə gün düşmüşdü. Mən isə hələ də anamın taxta kimi quru əl-qolundan çəkişdirə-çəkişdirə ağlayırdım.

Nalə içəridə yox idi. Evdən çıxdığını bilməmişdim.

Bir azdan qapıda göründü. Saçı üzünə dağılmışdı. Rəngi, necə deyərlər, kül kimi, bərk tövşüyürdü. Ayaqqabının burnundan çıxan barmağından qan axırdı. Bir az əvvəlki kimi böyük-böyük, gömgöy gözlərlə gah anama, gah mənə baxırdı. Niyə belə baxırdı? Qeyri-adi böyük, tünd göy gözlər nə deyirdi? Əlbəttə, onda mən belə incəlikləri heç cür anlaya bilməzdim. Bu suallar məni yalnız indi, əlimdə qələm, oturub o dəqiqələri yada salanda düşündürür. Bu sualların cavabı çətin deyil. İndi o gözlər, o qayaları danışan Ağlar kəndindən çıxandan sonra bütün yol uzunu Seyid Əli əmimin öz qardaşı Ələkbərin gözəl arvadı Səriyyə bibi haqqında danışdıqlarını dinləyən, bütün yol uzunu Səriyyə bibi haqqında düşünən, Səriyyə bibinin qoynunda isinməyə gələn yetim qızın ümidlərinin puça çıxdığını danışırdı. O gözlər Səriyyə bibinin qoynunda isinmək əvəzinə, yeddi yaşlı bir uşaqla dam altında qaldığını fikirləşən qızcığazın qorxusunu-dəhşətini nəql edirdi. Əmma onda mən o gözlərdəki mənanı oxumaqdan məhrum idim. Məni ancaq bir şey düşündürürdü: anam niyə ayılmırdı?