İsa Muğanna – Qəbiristan (страница 3)
Midi kişinin qaş-qabağı yalnıç o vaxt açılırdı ki, axşamlar Səmi ilə Şövkət Tahir – Şöşü əmi ilə birlikdə polis əmilər də Əmirli mülkünə gəlib, Şöşü əminin manqala düzdüyü kabab şişlərini “dişlərinə çəkə-çəkə” “Nemes pivəsi” içməyə başlayanda “Pinqvin təki yeriyən” “Möcüz qaqaş” – “Cırımağız Möcüz”də hökmən orda olurdu. Belə hallarda Midi, Məhərrəm Əminin tez-tez titrəyən qıçını sığallaya-sığallaya ondan bir an ayrılmırdı. Bəzən isə mülkün “muzey” adlanan tərəfində ağ saqqalı Məhəmməd Əmirin, elə o cür ağsaqqal Ağ Əmir, Boz Əmir babaların, Sultan baba ilə sədr Mədəd babanın, Səməd əmi ilə Mədəd dədənin, Sura nənənin, Torksin ananın şəkillərinin yanında asılmış üç sazdan birini – mərhum Çürük aşığın qara cürəsini “sinəsinə basıb”, “hər mahnıya bir şirvan” ala-ala oxuyurdu. Xalça salınanda, mütəkkə qoyulanda və Məhər əmi o mütəkkənin üstündə ağzını dikinə tutub “trubka” tüstülədəndə “Cırımağız” da peyda olurdu. Lap “pinqvin təki” elə gombul idi ki, cürə sazı qarnının üstündə tuturdu. Bu iyirmi yaşlı “pinqvin” Xəlvət Rəhimin “ət torbaları” nəticələrindən idi.
Buna görə də əmilər onu sevmirdilər. Şöşü əmi isə heç xoşlamırdı. “Ət torbası törəməsi gəldi!” – deyirdi. Məhər əmi orda olanda isə Cırımağızın “saz meydanı” başlanırdı. Gözəl işlərdən biri də bu idi ki, Məhər əmi Bakıdan gələn vaxtlar birdən Cırımağız qəfildən peyda olub “sazın-sözün sehri gəldi!” – deyib oxumağa başlayardı.
Birdəncə məlum olmuşdu ki, şeirlərin hamısı Şöşü əminindi; piyan olanda Cırımağız onun bloknotlarını oğurlayır və Məhər əmi Bakıdan gələndə onun keyfini açır. Bu vaxt Məhər əmi trubkası ağzında “hm, hm” güləndə Midinin də keyfi açılırdı. Amma hərdən, birdən-birə tutulurdu.
Bu, onun “dərdi” idi.
Polis əmilərin dediklərinə görə, “Aşıq Kamandarın özüydü bu Cırımağız”. Kamandar öz maşınında gəlib Əmirli mülkündə gumbur-gumbur çalıb-oxuyanda Səmi pivə qutusu əlində mərhum Əmirlilərin şəkillərinin qabağında necə səssizcə ağlayırdısa, Cırımağız Möcüzün çalıb-oxumağından da eləcə ağlayırdı və Midi də hökmən eləcə, səssizcə ağlayırdı. Səhərə yaxın Səmi Cırımağızın cibinə pul qoyub öpəndə, Midi də hökmən əlini qaldırıb Möcüzün boynunu əyib üzündən öpürdü: “Sağ ol, a Cırımağız. Mən səni çox istəyirəm, a Cırımağız” – deyəndə də Səmi əmini ağlamaq tuturdu, Gül xalaya: “Bunun təkliyi öldürəcək məni” – deyib, Cırımağızın cibinə əlavə pul qoyurdu ki, məktəbdən, məşqdən başı açılanda gəlib Midiyə də qarmon, saz çalmaq öyrətsin. Möcüzün yırğalana-yırğalana, tərləyə-tərləyə gəlib “mərhum Çürük aşığın qara cürəsini” Midinin boynundan, “mərhum Xızr Abının sazını” isə öz boynundan asmağı da dirək dibində əl şappıldatmaq qədər gözəl işlərdəndi. Bundan başqa bir-iki gözəl işlər oldu: bir yaz axşamı o boz yuvalar qaranquşlarla doldu və Midi onların civiltilərinə qulaq asa-asa tamaşa elədi. Amma hardasa, lap yaxında çoxlu güllə atılanda qaranquşlar qorxub uçub getdilər.
Sonralar bir dəfə də olsun və Midi daha qaranquşları görmədi. Səmi əmi deyirdi: “inşallah, gələcəklər qaranquşlarımız”. Amma boz yuvalar elə boş qalmışdı. Midi hər axşam yuvalara baxıb ağlayırdı. Gözü “mərhum Mədəd Əmirli”nin, yəni atasının nəhəng sazında idi; həsrətlə, səbrsizliklə gözləyirdi ki, qolları uzansın, “mərhum Mədəd Əmirli”nin sazını qucağına sığışdıra bilsin, ya da dədə özü, nəhayət, o uzaq ulduzdan, “Allah babanın yanından” qayıdıb özü çalsın.
Bu, əlbəttə, gözəl iş olardı.
Bunlar illərlə təkrar olunub qanun şəklinə düşmüş şeylərdi. Xüsusən general Məhərrəmov – “Məhər əmi” gəlib “pıçapıç” danışıb gedəndən sonra, səhərisi gün Səmi Kalaşnikov avtomatı çiynində, tapançası qoynunda, Sudüşənə gedib orada kimlərə isə nə isə qışqıra-qışqıra “xəbərdarlıq edirəm!” – deyəndə, deyildiyi kimi, vəziyyət dəyişirdi, “Velikaya Armeniya fəlakəti” başlanırdı. Səminin tez-tez təkrar etdiyi başqa cür sözlər – “kin-fəlakət” nə deməkdi? Midi, əlbəttə, bilmirdi.
Midi bir də Sudüşənin arvadlarının, gəlinlərinin, qızlarının onu nə üçün xoşlamadıqlarını heç cür başa düşmürdü. Orta yolla Qonaqlının gündoğamndakı çətənəlik, “güllük” adlandırdıqları əkinlərə gedəndə və əkinlərdən qayıdanda elektrik dirəyinin dibinə pis baxırdılar və elə vaxt olmurdu ki, sözsüz-söhbətsiz keçsinlər.
– Duruşuna bax!
– Gözü elə göydədi, Səm-səmisi təki yerdəkiləri bəyənmir çatdamış, göydəkilərini gözləyir!
– Ədə, ey! Əlini cibindən çıxart!.. “Pissiniz!”, “Pissiniz!” Sözünə bax dili yanmışın! Əmirlilərdən savayı insan yoxmuş bu eldə-obada! Gözlə, qayıdacaqlar gorbagorların!
– Dədən səni qandırar ki, biz lap çoxdan erməni zad deyilik, qaynayıb-qarışmışıq. Bə nə? Adımız sizdən, gəlinlərimiz, nəvələrimiz də çoxu sizdən. Səm-səmiyə də qandırmaq lazımdı. Olsun elə “velikaya armeniya” vətəndaşı. Hə, bə nə? Belə yaxşıdı. Yoxsa, bu nədi, biriniz “türk” deyirsiniz özünüzə, biriniz “azərbaycanlı”, yəni yəhudi! Qan! Eşit, qan, bala! Siz ki, elə hamınız uşaqlıqdan alimsiniz!
– Əmirlilərin arvadları elə çağa alim doğurlar. Sənə salam göndərirlər OdAğÜz planetindən! Əminə de, çağırırlar deynən. Yetimçəsini də aparsın, getsin! Əmbə gedəndə polis paltarını çı-xart-sın, yerdə qoysun. Polisə yer yoxdu göydə! Ha-ha-ha-aa!..
Şaqqıltılı gülüşlərdən ləzzət ala-ala uzaqlaşıb qəsəbənin tək küçəsinin sağ-solundakı evlərə dağılışanda da nə isə deyirdilər. Heç kəs görmürdü ki, Əmiri nəslinə açıq kin atmacalarından üzündə cüzi tərpəniş də əmələ gəlməyən bu kişinin kirpiklərində iri-iri damlalar titrəyirdi.
Əmirlilərə belə kütləvi kini niyə bu qədər açıqdı, niyə bu qədər dərindi? Bu barədə, “qəlyanlı qocalardan axırıncısı” adlanan, amma heç qocaya oxşamayan nəhəng kişi – Təftiş Abbas baba ilə birlikdə Əmirli mülkünə gəlib-gedən adamlardan hamısı soruşurdu: “Nə olacaq, ay Səmi?”, “Bunun axırı hara çıxacaq, ay Səmi?”, “AdıPünhan nə deyir?” Bu suallardan tək biri Midiyə aydındı: “AdıPünhan general Məhərrəmovun – “Məhər əminin” adı idi. O birisi suallardan nə isə bir şey hiss edirdimi? Kipriklərində titrəyən iri damlalar nə deyirdi? Kimin nəyinə gərəkdi?! Kolxozun torpaqlarının bir hissəsi Qonaqlı camaatına, bir hissəsi isə özlərini kənddən ayrı sayan Sudüşən və ya Qudalı qəsəbəsinin firmasına veriləndən sonra, kiminsə əmri ilə bu “paylanma” işi dayandırıldığına görə, hökumətdən narazı danışanların sayı çoxalmışdı. İ cra başçısı Məsim Qonaqlının dalınca qarğış, söyüş yağırdı. “SSRİ-ni niyə dağıt-dınız, ay varyoxunuz dağılsın?! Az da olsa, vaxtlı-vaxtında qəpik-quruşumuzu alırdıq…”, “Pulu niyə ceyranın belinə çıxardıbsınız, ay beliniz qırılsın?!”, “Bəy ha, bəy! Havaxtdan bəysiniz, a qudurmuşlar!” Bakıda və bütün rayonlarda “bəylik eləyən”, “əlləri Kalaşnikov avtomatdı” cavanların əslindənəslində bəylik yoxdu”.
“Heç cür idarə edə bilmədiyi qədim BağOd adı çoxdan unudulmuş, son əsrlərdə “Bakı”, “Baki”, “Baku” adlanan “kor” OdƏr şəhərində AdıPünhan hər şeyi eşidirdi və qəti bilirdi ki, o söz-söhbətin sonu yoxdu, hamısı “hərc-mərclik” adlandırılan bu zəmanədə həyatın adi axını kimi görünürdü. Əslində isə, yurdda bir Səmisi ilə bir Midisi qalmış, qırılıb məhv olmuş nəslə kin bu zəmanədə tamam unudulmalı ikən, əksinə, qeyri-adi dərəcədə çılpaqlanmışdı.
Səbəblər əslində çılpaqdan da çılpaqdı.
Əmirlilərdən kənarda saysız-hesabsız, müxtəlif “familiya”larla yaşayan, Arazın o tayında, Türkiyədə, Gürcüstanda olan Muğannalar haqqında hardansa Sudüşənə göndərilən “informasiya” lardan yaranan hədsiz-hüdudsuz kini gizlin saxlamaq mümkün deyildi; AdıPünhanın özünün gələ bilmədiyi vaxtlarda Məsim Qonaqlıya və Məsimin ən etibarlı adamları, o cümlədən Səmiyə çatdırdığı məktublarından məlumdu ki, “Moskva Ali Sovetində toplaşmış kommunistlər”lə Bakıda – “podpolye”də qalan ikinci gizlinlər dəstəsi o tayda Təbriz, Ərdəbil, Zəncan vilayətlərinə bacarıqlı kəşfıyyat-çılar ötürüb, orada evlərin aralarında çalın-çarpaz elektrik xətlərinin vasitəsilə “zəlzələ” adı altında səssiz partlayışlar “seti” çəkirdilər ki, SafAğ Elmi yazan ziyalıları – Muğannaları qırsınlar. Əks halda Muğannalar “o tayda” olan dini darmadağın edərdilər. Səbəbləri çox idi və bunlar daha çılpaqdı.
Ermənilərin əvvəlcə Qarabağı fəth etmək, Azərbaycanın ərazisi hesabına “velikaya armeniya yaratmaq” məqsədilə Laçına, Kəlbəcərə, Şuşaya dolduqları, o yandakı Topxana meşəsində Bakıdan icazəsiz tikintilər tikdikləri barədə xəbər yayılanda, Səmi döşündə avtomat, gecənin yarısında qəsəbəyə hücum çəkib, “Azərbaycan əsgəri” adından hökmlə qışqırmışdı ki, “Sudüşəndəki ermənipərəst satqınlar Azərbaycanı tərk etməsinlər, o Səmi Əmirli qıracaq hamısını!” Çünki Laçından, Kəlbəcərdən, Şuşadan cəmaatı “deportasiya edən”lər – köçürdənlər, qovanlar elə bunlardır; axşamlar dolurlar “Ikar” avtobusuna, Bakıdan gələn “Ikar”lara qoşulub, gecənin bir aləmində ermənilərin tərəfindən bəriyə güllə yağdırırlar, sonra bu yana keçib “Qac, erməni gəldi!” – qışqıra-qışqıra arvad-uşağı, qocaları vahimələndirib qaçmağa məcbur edirlər, boşalan evləri açıq-aşkar talayıb, malı, qoyunu qırıb şişlərə çəkirlər. Ən dəhşətlisi isə budur ki, Bakıda “Azərbaycan Xalq Cəbhəsi” – “AXC” adlanan təşkilatın “OMON” – “xüsusi təyinatlı milisiya” və “Bozqurdlar” adlanan batalyonlarının, yəni həmin “Ikar”larda gələnlərin aralarında gəzən kinooperatorlar bu talançıları “ermənilərlə qəhrəmancasına döyüşən Azərbaycan əsgərləri” kimi qələmə verirlər. Sübut? Sübut budur ki, Səmi rayon kinoteatrında nümayiş etdirilən sənədli kadrlarda “o Bozqurdların arasında Sudüşən cavanlarını tanıyıb; Xəlvət Rəhimin, kürəkəni Bozqurd Nəcəfin komandası altında bu batalyonun “ət torbaları”nın kamera qabağında kabab şişlərini dişlərinə çəkə-çəkə hırıltılı gülüşlərlə “Biz döyüşməyi də bacarırıq, kabab yeməyi də”, – deyib açıq düşmən olduqlarını öz gözləriylə görüb, elə buna görə də, icra başçısı Məsim Qonaqlının “Siyasətə qarışmaq məsləhət deyil”, – dediyinə baxmayaraq, bir dəfə rayondan qayıdıb “Ikar”ı qəsəbədəki iki nömrəli evin, yəni Xəlvət Rəhimin “kotteci”nin qabağında görəndə avtomatın birinci “mağaza”sını avtobusun təkərlərinə, motoruna boşaltdı, Şöşünün öz “Jiquli”sində gətirdiyi ehtiyat “Patron mağaza”larını isə gah pəncərələrin yuxarı tərəflərinə, gah da qəsəbənin üzərinə yağdırıb, Bozqurd Nəcəflə Bozqurdların öz şəxsi “Mersedes”lərinə doluşub Gürcüstan yoluna qaçmaqlarına nail oldu. Bu hadisə Sudüşəndə əvvəlcə dərin sükut yaratdı, kim isə “Ikar”ı “remont eləyib” aparıb hardasa yenidən Nəcəfin ixtiyarına verəndən sonra isə, bir axşam qəsəbədən Əmirli mülkünə işıqlı güllələr seli axdı. Güllə səsləri kəsilər-kəsilməz yeganə küçənin sağ-solundakı qırx evin qırxında da eyni vaxtda işıqlar yandı və eyni vaxtda bəridəki bir nömrəli evdən – icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gül xalanın evindən Əmirli mülkünə doğru bir adam qaçdı. Tək dirəyin başındakı güclü lampanın işığına yaxınlaşanda məlum oldu ki, bu da qadındır gözəl Mariya – Məryəmin “padruqa”sı Irinadır. Hardansa atılan o işıqlı güllə seli bu bədbəxtin də kürəyini deşik-deşik eləyib, üstəlik, qucağındakı uşağın, Midinin yaşıdı Kolyanın başını, çiyinlərini də dağıdıb. Möcüzəli idi ki, Mariya – “Məryəm ana”nın əksinə, balaca, arıq, zərif Irina elə halında dodaqlarını tərpədib, Səmiyə: “Əl çək… əl çək Qudalılardan. Səni də öldürəcəklər!.. Oldürə-cəklər” – deyə bildi.