18+
реклама
18+
Бургер менюБургер меню

İsa Muğanna – Şəppəli (страница 2)

18

Maşın, xüsusən “Volqa” görəndə Şəppəli həmişə xoşagəlməz bir hərəkəti xatırlayırdı.

Bir axşam, kontordan hamı çəkilib gedəndən sonra mühasibliyə potaboy, yekəqarın, dombagöz bir adam girdi. Salamsız-kəlamsız yaxınlaşıb, qarnını stola dirəyib dayandı.

Şəppəli stolunun üstündə kağızı dəyişib, künclərə “kağız mıxı” – “knopka” sancıb, siyirmədə saxladığı əsgi parçası ilə mürəkkəbqabının kənarlarını sürtüb təmizləyirdi. Stolun üstünə sərilən kağızı başdan-başa müxtəlif qeydlərlə, rəqəmlərlə dolduran və buna görə də kağızı tez-tez dəyişdirməyi sevməyən Mursaquludan fərqli olaraq Şəppəli, axşamlar kontorda tək qalanda ayağının altına kətil qoyub şkafın üst gözündən qalın kağız “rulonlarını” endirir, elə bil həyatının yeknəsəqliyinə nə isə cüzi də olsa, bir şey artırmaq niyyətilə gündə bir rəngdə – gah ağ, gah göy, gah də çəhrayı kağız seçib stolun üstünə sərir, ovucları ilə sığallayıb-hamarlayır və künclərə səliqə ilə, muncuq kimi qatarla knopka düzürdü. Bu vaxt təsadüfən mühasibliyə gələn olanda Şəppəli çalışırdı ki, başını qaldırmasın. Bilirdi ki, uzun illər ərzində qanun şəklinə düşmüş bu vərdişinə hamı istehza edir. Beş-üç dəqiqəlik işini knopka düzə-düzə və ya mürəkkəbqabını silə-silə uzadırdı ki, gələn adam istehzalı baxışını yığışdırıb “özündən qanıb” çıxıb getsin.

“Qarın” isə getmədi. Stola dirənib, bir müddət onun əllərinə baxandan sonra sakit, rəvan səslə güldü.

– Nahaq can yandırırsan, Şəppəli, – dedi, – nə qədər sığal versən də, məzmun etibarı ilə bu stol elə hesabdar stolu olaraq qalacaq. Bundansa gəl qulluq göstər, rəhbərlik yanında xətirin xoş olsun.

Şəppəli bu adamı tanımırdı. Rəftarından və sözlərindən başa düşdü ki, kim isə hər halda rayonun “kefi kök” adamlarındandır.

– Nə buyurursunuz?

“Qarın”ın izahından məlum oldu ki, sovxozun örüşlərini gəzərkən harda isə “Volqa”sını palçığa bulaşdırıb, indi burda – kontorda başqa münasib adam tapa bilmədiyinə görə Şəppəlidən xahiş edir ki, maşını yumağa kömək etsin.

Maşın büsbütün zımrıq içində idi.

Şəppəli, əlbəttə, kömək elədi. Vedrə ilə su daşıdı, təkərlərin örtüklərini – “kolpaçokları” və başqa, boyu çatan yerləri yuyub quruladı. Doğrudur, “qarın” özü də işlədi, əmma qəribədir ki, gedəndə Şəppəliyə heç olmasa dilucu razılıq da eləmədi. Yenə də həmin sakit, rəvan gülüşü ilə:

– Hə, indi gedib öz stoluna sığal verə bilərsən, Şəppəli! – deyib starteri basdı.

Bunun üstündən neçə illər keçmişdi, əmma maşın görəndə Şəppəli istər-istəməz həmişə o “qarını”, o “rəvan zırramanı”, o təhqiri xatırlayırdı.

Çəmənlikdə dayanmış süd rəngli “Volqa”nın nikelləri, şüşələri günəşin altında bərq vururdu. Sahibi dirsəyini pəncərədən çıxarıb, göy şüşəli eynəyini qolsuz köynəyinin yaxasına taxıb başını azca yana əyərək, çox yumşaq, həlim gülüşdən azca qıyılmış gözlərlə Şəppəliyə baxa-baxa onun yaxınlaşmasını gözləyirdi. Bu, əlbəttə, “qarın” tipli adamlardan deyildi. Üz-gözündən nur yağırdı. Təkərləri göy otluğa batdığı üçün yerə yaslanmış kimi görünən maşınıtək özü də işıq saçırdı. Şəppəli bircə baxışla onun qiymətini verdi: “Nə yaxşı, mədəni oğlandı”. Əmma eyni zamanda Şəppəli bunu da rayonun “kefi kök” işçilərindən hesab etdi və nə isə bir “qulluq göstərmək” üçün çağırıldığını güman edib qaşqabağını salladı.

– Nə buyurursunuz?

– Salam, dayı.

– Əleykəssəlam.

– Məni tanımadın?

Şəppəli ona baxdı. Dedi:

– Siz çoxsunuz, mən tək.

– “Siz”, yəni kim, dayı?

– Siz, yəni maşında gəzənlər.

Oğlan Şəppəlinin bircə arşın boyunu, bircə əlcə sifətini maraqla süzür və altmış yaşında kişidən çox, elə bil uşaqla danışırdı.

– İstəmirsən maşında gəzən çox olsun?

Şəppəli dikəlib, daha da ciddiləşdi.

– Mən iş adamıyam, – dedi. – Buyur görək, nə qulluq göstərməliyik!

Onun rəftarı, deyəsən, oğlanı təəccübləndirirdi.

– Mən özüm sənə qulluq göstərmək istəyirəm, dayı, – dedi və bununla Şəppəlini tamam çaşdırdı.

– Mənə?! Qulluq?!

Oğlan bir daha Şəppəlinin boy-buxununu gözdən keçirdi.

– Sən Mədəd kişi deyilsən?

Sual necə gözlənilməz oldusa, Şəppəli hətta gözlərini döydü. Lap çoxdan, “ağzı gedib qulağının dibində durandan” bəri Şəppəlinin əsl adı unudulmuşdu. Yüzdə, mindəbir adam onu adı ilə çağıranda Şəppəliyə dünya bağışlanırdı. Odur ki, birdən-birə dəyişib, bu ağbəniz, yaxşı oğlana rəğbətlə, minnətdarlıqla baxdı:

– Mədəd kişiyəm, ay oğul, – dedi. – Əmbə bir balaca düzəlişə ehtiyac var. Nə adım qalıb, nə də kişiliyim. İndi Şəppəli deyirlər mənə. Hesabdar Şəppəli.

Oğlan sakitcə gülümsündü.

– Çoxmu fikir çəkirsən Şəppəli deyilməyindən?

Şəppəli dedi:

– Qulağım dolub. – O dəqiqə də peşman oldu: bu cür nəzakətli oğlanla niyə səmimi danışmasın?

Dərhal səhvini düzəltməyə tələsdi:

– Adım üstümdə olsaydı, yaşayışım da, əlbəttə, ayrı cür olardı, oğul, – dedi.

– İstəyirsənmi sənin adını özünə qaytarım?

Şəppəli diksindi.

– Hə, dayı, niyə dillənmirsən? Adını özünə qaytarsam nə verərsən? Otuz toyuq əvəzində o quzulardan birini verərsən?

Şəppəli heyrətlə baxırdı. Otuz toyuq?! Bunu bu oğlan hardan bilirdi? Axı, mərhum Orucdan, Pəricahan arvaddan, bir də Şəppəlinin özündən savayı, bu köhnəlmiş, unudulmuş toyuq əhvalatını heç kəs bilmirdi.

Şəppəli kirpik çalmadan, diqqətlə, bir xeyli oğlana baxdı.

– Sən kimsən, ay oğul?

– Yenə tanımadın? – Oğlan güldü. – Ordan bir yaxşı quyruqlu əmlik seç, gəl otur, gedək!

– Hara?

– Bakıya. Gəlmişəm səni xəstəxanaya aparım.

– Dayan, dayan, oğul… – Şəppəlinin ürəyi çırpınırdı. – Keçmişdə mənim bir dostum vardı, oğul, yaxşı-yaman günümdə böyrümdə hazır olardı. Sən o dostumu yada saldın, əhvalımı dəyişdirdin…

– Mən Orucun oğluyam də!.. Məmməyəm də!.. Bəlkə təzədən tanış olaq?

Oğlan gözlərindən gülə-gülə qapını açıb düşdü. Əlini irəli uzatdı.

Şəppəli dala çəkildi.

– Tərpənmə!.. Qoy əvvəlcə bir yaxşı-yaxşı tamaşa eləyim… Görüm Oruca oxşarın varmı?

Oğlan bu “çudaklığı” tamamilə təbii bir şey hesab edib, itaətlə, öz sakit görkəmi ilə dayanıb səbirlə gözlədi.

Şəppəli isə bir xeyli köksünü ötürə-ötürə onun “eninə-uzununa” tamaşa etdi. Kişinin “ürəyi yerindən oynamışdı”. Mərhum dostunun oğlu Məmmənin tibb institutunu qurtarandan sonra Bakıda işlədiyini bilirdi. Nəinki bilir, hətta Pəricahanla görüşəndə, demək olar ki, ancaq Məmmə barədə danışırdılar. “Soyuyub, qəlbi daşa dönüb sağ olmuşun, elə vaxt olur, heç ildə bir kərə də yanıma dəymir. Gələndə də ayrı sözü yoxdu: “Yığış gedək Bakıya! Yığış gedək!” Daha demir ki, saçımı-birçəyimi Orucun yurdunda ağardandan sonra mən bu yurdu necə boş qoyum?!” – Pəricahan oğlundan şikayətlənirdi. Şəppəlini isə həmişə bir sual düşündürürdü: “Görəsən Oruca oxşarı varmı?” İndi, iyirmi ildən sonra mərhum Oruc elə bil möcüzə ilə dirilib qarşısında dayanmışdı; vaxtilə Bakıda kursda oxuyub qayıdanda Oruc da eynilə bu cür arıq, zərif, ağbəniz oğlandı. Görəsən necə olmuşdu ki, əziz dostunun varisini Şəppəli dərhal tanımamışdı?

Kişi o qədər riqqətləndi ki, hətta illərin uzaqlığından Orucun səsini eşitdi: “Bir molla tanıyıram. Adı molladı, özü loğman. Gedək onun yanına. Var-yoxdan çıxsam da səni sağaldacam!” Bunun ardınca, “dirilmiş Oruc” – Məmmə dilləndi:

– Hə, oxşarım varmı, dayı?

Şəppəli ağladı.

– Orucun torpağı sanı yaşayasan, sənə qurban olum!

…Məmmə onu bir ay, ayrıca palatada müalicə etdi.

Hər dəfə palatanın qapısını açanda, eynilə mərhum atası kimi, sakitcə gülümsəyirdi:

– Molla gəlir şapalaqlamağa!

– Gəlsin, gəlsin, mollama qurban olum! – Şəppəli hər dəfə kövrəlirdi. Əmma “molla şapalağı” əvəzində Şəppəlinin üzünə “hallıca-dulluca bir gəlinin”, olduqca xoşxasiyyət bir şəfqət bacısının “pilətək yumşaq” əlləri dəyirdi; şəfqət bacısı gündə üç dəfə onun sifətini “mazlarla massaj” eləyirdi, “şəppə suyu” əvəzində isə müxtəlif vitaminlər içirirdi.

“B-1” vitamininə Şəppəli “Bəbir” deyirdi, “S-1”-ə isə “Səbir”.

Məmmə ləzzətlə qəhqəhə çəkirdi.

– Bəs bunların cəmi nədi, dayı?