18+
реклама
18+
Бургер менюБургер меню

İsa Muğanna – Məhşər (страница 3)

18

Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub, əkinin qırağında, ağac altında uzanıbmış.Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.

Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa, hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.

Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, «ölmədik, bu günü də gördük», «Şirvanın bəxt ulduzu doğdu!» – deyirmişlər.

İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhr[15] ün nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamğanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək[16] deyirlər. Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.

Yeni şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarındakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.

Belə bir sual verilsəydi, «rəncbər içində rəncbər» şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağılıb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi. Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.

O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki civarındakı haman mülkdə[17] bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları-əsnaf ustabaşıları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmişdi və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.

Odur ki, haman ilk bahar günü, siyasətinin dayağı cütdən həvəslə yapışıb çoxlu işləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən, Huşəngin kəndxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə doğrudan da təəccüblənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə, bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində, Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörtmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq, əlbəttə, sevincini büruzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxtsəltənətə dəvət edəndə, Mənüçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta «Gövhərim» adlandırdığı oğluna da açmırdı. Şirvanşah İbrahim belə adam idi.

Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda – Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisin daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı… Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqda ox yaralarından zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlər-də, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi… Yeddi gün bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda, kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi-vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. «Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir», – dedilər. «Fəzlullahın elmi küfrdür.

Müsəlmanla tərsaya[18], yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb, kərkəs[19] də Allahdır» – dedilər.

İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular. İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan[20] başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki, qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullaha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: «Dünya kaf-nun[21] üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur… Yaxşı və yamanı da, müsəlmanı və tərsanı da, pakı və murdarı da bir olan Allah özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır». Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi. Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: «Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gə-rəkdir», – dedi və bununla da məclis qurtardı.