реклама
Бургер менюБургер меню

Роберт Льюис Стивенсон – Dəfinələr adası (страница 3)

18

– Billi, yerindən tərpənmə. Səni görməsəm də, barmaqlarının tərpəndiyini belə hiss edə bilirəm. Gəl işə keçək. Sağ əlini mənə ver.

Kapitanın yerindən qımıldanmadığını duyub mənə müraciətlə:

– Oğlan, onun sağ əlini qaldır və mənim sağ əlimə ver, – dedi.

Mən onun əmrini yerinə yetirdim. Kapitan müqavimət göstərmirdi. Kor qonaq kapitanın ovcuna nə isə basdı. Kapitan da dərhal əlini yumdu. Kor kişi:

– Hə, biz işimizi gördük, – deyib əlimi buraxdı və kora yaraşmayan bir cəldliklə eşiyə sıçrayıb yola düzəldi.

Bir xeyli keçəndən sonra biz özümüzə gəldik. Ka- pitan ovcundakı şeyə baxdı.

– Düz saat onda! – deyə çığırdı. – Altı saat qalır. Biz onlara göstərərik.

O, yerindən sıçradı, amma dərhal səndələdi, əlini boğazına apardı. Xırıltılı səs çıxararaq döşəmənin üzərinə sərildi.

Mən anamı köməyə çağırdım. Ancaq artıq gec idi. Kapitan beyninə qan sızmasından keçinmişdi. Bu adamdan xoşum gəlməsə də, uzun müddət göz yaşı töküb ağladım.

Dənizçi sandığı

Əlbəttə, mən bütün bildiklərimi anama söylədim. Biz çox təhlükəli vəziyyətə düşmüşdük. Əgər kapitanın pulu var idisə, onun bir hissəsi bizə çatmalı idi. Ancaq onun qəddar yoldaşları öz qənimətlərindən keçməzdilər. Mən anamı tək qoyub atla həkimin dalınca gedə bilməzdim. Biz bir qərar verməli idik. Vəziyyət çox təhlükəli idi. Bir yerdə qonşuluqdakı kəndə gedib kömək istəməyi qət etdik. Kənd evimizdən görünməsə də, çox uzaq deyildi.

Kəndə çatanda artıq toran düşmüşdü. Pəncərələrdən düşən şam işığı bizi bir qədər sakitləşdirdi. Lakin kənddən heç kim bizimlə "Admiral Benbou" mehmanxanasına getmək istəmədi. Biz həyəcanımızı bildirdikdə onlar daha da qorxdular. Kapitanın tez-tez yada saldığı Flintin adı burada çoxlarına tanış idi və hamını vahiməyə salırdı.

Anam kənd əhlindən heç kimin bizimlə getmək istəmədiyini görüb özünü sındırmadı və biz təklikdə geri dönməli olduq. Adamlar arxamızca çığırdılar ki, biz ağılsız iş görürük. Amma kişilərdən heç biri bizi ötürməyi belə təklif etmədi. Köməkləri ancaq bundan ibarət oldu ki, mənə dolu bir tapança verdilər və vəd etdilər ki, bir yəhərli at saxlayacaqlar. Əgər quldurlar bizi təqib etsələr, minib aradan çıxa bilək. Cavanlardan biri isə jandarm dəstəsini köməyə çağırmaq üçün doktor Livsinin ardınca getdi.

Evimizə qayıdanda ürəyim şiddətlə çırpınırdı. İçəri girən kimi anam tez şam yandırdı, bir-birimizin əlindən tutub salona girdik. Kapitan arxası üstə, gözləri açıq halda döşəmədə sərilib qalmışdı.

Anam:

– Cim, pərdələri sal! Onlar bizi pəncərədən güdə bilərlər. Sandığın açarlarını axtarıb tapmalıyıq.

Kapitanın yanında dizi üstə oturdum. Ovcunun içində sıxdığı kağızı götürdüm. Kağızda aydın xətlə yazılmışdı: "Axşam saat ona qədər sənə möhlət veririk".

– Ana, bizim saat ona kimi vaxtımız var, – dedim.

Anam dedi:

– Cim, yubanma, ciblərini axtar.

Kapitanın ciblərini bir-bir axtardım. Bir neçə xırda pul, sap, yoğun bir iynə, kağıza bükülü bir parça tütün, əyri dəstəkli bıçaq, kompas, çaxmaqdaşı – tapdıqlarım ancaq bunlar idi. Mən artıq ümidimi itirməyə başlamışdım.

Anam dedi:

– Bəlkə, boynundan asıb?

Canımı dişimə tutub köynəyinin yaxasını cırdım. Açar, doğrudan da, boynundan asılmışdı. İpi onun öz bıçağı ilə kəsib açarı götürdükdən sonra tələsik kapitanın neçə aydan bəri yaşadığı darısqal otağa qalxdıq.

Sandıq gəldiyi gündən burada idi. Üzərində "B" hərfi həkk olunmuşdu. Çox köhnə, rəngi solmuş bir sandıq idi.

Anam açarı məndən alıb çətinliklə də olsa, qıfılı açdı.

Ən üstə yaxşıca təmizlənmiş və ütülənmiş kostyum var idi. Kostyumun altında xırda-para şeylər var idi: tənəkə, su parçı, tənbəki, iki ədəd gözəl tapança, bir külçə gümüş, qədim qol saatı, mis sağanaqlı iki kompas, beş-altı qəribə balıqqulağı. Sandığın dibində köhnə bir dənizçi plaşı var idi. Anam tələsik onu da çıxarıb atdı. Daha sonra müşəmbəyə bükülmüş bir bağlama və bir dənə də bez torba çıxardıq. Bağlamanın içindəki, deyəsən, kağız-kuğuz idi, Torbaya toxunan kimi cingilti eşidildi. Qızıla oxşayırdı. Anam acıqla dilləndi:

– Mən bu quldurlara necə namuslu bir qadın olduğumu sübut edəcəyəm. Ancaq öz borcumu götürəcəyəm. O torbanı bəri tut.

Anam pulları çıxarıb saymağa başladı. Bu, çox çətin bir iş idi, çünki burada müxtəlif ölkələrin pulları var idi. Bizə tanış olan gineya isə az idi. Onu seçmək vaxt aparırdı.

Kapitanın bizə olan borcunun heç yarısını saymamışdıq ki, mən anamın qolundan yapışdım. Sakit şaxtalı havada eşitdiyim səsdən damarımdakı qan dondu. Bu səs donmuş yerə dəyən korun çəliyinin səsi idi. Səs yaxınlaşırdı, biz də nəfəsimizi qısıb dinləyirdik. Mehmanxananın qapısına bərk bir zərbə dəydi, sonra dəstəyi əlləşdirdilər, cəftə cingildədi, kor içəri girmək istəyirdi. Bir az sonra səs-səmir kəsildi. Nəhayət, uzaqlaşan ağac tappıltısı eşidildi. Səsin tam kəsilməsi bizi bir qədər sakitləşdirdi.

Mən dedim:

– Ana, pulları yığışdır, götür, qaçaq.

Anamın qorxudan rəngi avazısa da, artıq pul götürmək istəmir, amma aza da razı olmurdu. O deyirdi ki, saat hələ heç yeddi deyil, vaxta var. Birdən təpənin başından fit səsi gəldi. Anam cəld ayağa qalxaraq dedi:

– Mən yalnız saydıqlarımı götürəcəyəm.

– Mən də hesab düz olsun deyə bunu götürüm, – deyib müşəmbəyə bükülmüş kağız-kuğuzu qamarladım.

Tez şamı söndürüb qaranlıqda birtəhər eşiyə çıxdıq. Qaçmağa başladıq. Bəxtimizdən ətrafı sıx duman bürümüşdü. Ancaq yolun yarısında ay işığı zolağına düşdük. Elə bu zaman yaxınlaşan ayaq səsləri eşidildi.

Birdən anam dedi:

– Oğlum, sən pulları götür, qaç. Mənim halım xarabdır.

Əlbəttə, anamı yolun ortasında ata bilməzdim. "Hər ikimiz məhv olduq", – deyə düşündüm. Xoşbəxtlikdən yolumuz bir körpünün yanından keçirdi. Anam səndələyirdi. Bilmirəm haradan mənə güc gəldi, anamı sürüyə-sürüyə körpünün altına saldım. Körpü çox alçaq idi. Biz körpünün lap altına süründük. Bu yer mehmanxananın beş-on addımlığında idi.

Korun ölümü

Görünür, maraq qorxudan üstündür. Mən bir yerdə qərar tuta bilmirdim. Yavaşca körpünün altından çıxıb bir kolun dalında gizləndim. Buradan mehmanxananın yolu aydın görünürdü. Təzəcə yerimi rahatlamışdım ki, yeddi-səkkiz nəfərin gəldiyini gördüm. Əlində fənər tutmuş adam qabaqda gedirdi. Ardınca üç nəfər əl-ələ tutmuşdu. Ortadakını tanıdım, kor dilənçi idi.

O qışqırdı:

– Qapını sındırın!

Qapının açıq olması onları təəccübləndirdi.

– Evə, evə girin, – yenidən korun səsi gəldi.

Gələnlərin dörd, ya beş nəfəri içəri girdi, ikisi korla bərabər qapının ağzında dayandı. İçəridən səs gəldi:

– Billi ölmüşdür.

– Biriniz üst-başını axtarın, iki-üç nəfər də sandığın dalınca yuxarı qalxsın, – deyə kor əmr verdi.

Kapitanın pəncərəsi taybatay açıldı, şüşələr qırılıb aşağı səpələndi. Pəncərədən bir nəfər bizə tərəf boylandı. Ay işığında onun başı aydın görünürdü.

– Hey, Pyu, kimsə bizdən əvvəl buraları axtarmışdır, sandığın altını üstünə çevirmişdir.

Pyu bağırdı:

– O şey yerindədir?

– Pullar buradadır.

Kor qışqırdı:

– Pul cəhənnəmə, mən Flintin kağızlarını soruşuram.

– Kağız gözümə dəymir.

– Ey, aşağıdakılar, meyidin üstünü axtarın, – deyə kor yenidən bağırdı.

Bir azdan kapitanın meyidini axtaranlar mehmanxananın qapısında göründülər:

– Onu bizdən qabaq ələk-vələk ediblər. Bizə bir şey qalmayıb.

– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüyün işidir. Heyif ki, mən onun gözlərini oymadım. Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Axtarın onları, tapın!

Beləliklə, bizim köhnə mehmanxanada bir vurhavur başladı ki, gəl görəsən. Ancaq hər şey əbəs idi. Sonda quldurlar bir-bir çölə çıxır, bizi tapmadıqlarını deyirdilər. Bu, an uzaqdan fit səsi eşidildi. Bu həmin bizi qorxudan fit səsi idi. Amma bu dəfə iki dəfə fit verdilər. Deyəsən, bu, quldurlar üçün təhlükə siqnalı idi. Onlardan biri dedi:

– Bu, Dekdir. Eşitdiniz, iki dəfə çaldı. Qaçmaq lazımdır.

– Qaçmaqmı, sarsaqlar?! Dek axmaq və qorxaqdır. Onlar yaxında olmalıdırlar. Axtarın!

Bir neçə nəfər könülsüz olaraq ağacların arasını axtarmağa başladı.

Kim isə donquldandı: