Роальд Даль – Hekayələr (страница 6)
O, palataya nəzər saldı. Tibb bacısı qızılgülləri dünən axşam aparmışdı. Masanın üzərində təkcə bir qutu siqaret, kibrit və külqabı vardı. Palata bomboş idi. O artıq mülayim və mehriban görünmürdü. Daha rahatlığını demir. O, soyuq və boş idi və bura ölü sükut çökmüşdü.
Şübhə toxumu yavaş-yavaş böyüməyə başladı və özü ilə bərabər yüngül oynaq qorxu gətirdi; bu qorxu təlaş doğurmaqdan çox nəyisə xəbərdar edirdi. Bu duyğu insanda qorxduğu üçün deyil, nəyinsə yolunda getmədiyini hiss etdiyi üçün əmələ gəlir. Şübhə və qorxu elə sürətlə böyüyürdü ki, o, əsəbiləşməyə və hirslənməyə başladı, əli ilə toxunanda isə alnının tərlədiyini aşkarladı. Bir tədbir görmək lazım olduğunu qərara aldı, ya haqlı, ya da haqsız olduğunu özünə necəsə sübut etməlidir. O yenə qarşısında pəncərə və yaşıl pərdələr gördü. Pəncərə düz çarpayısının qarşısında idi, lakin aralarında tam on yard məsafə vardı. Bir yol tapıb pəncərəyə yaxınlaşmalı və bayıra baxmalı idi. Bu fikrin əsirinə çevrildi və indi pəncərədən savayı heç nə barədə düşünə bilmədi. Lakin bəs ayağı necə olsun? O, əlini adyalın altına salıb qalın bintlənmiş ət parçasına toxundu – sağ qıçından təkcə bu qalmışdı. Sanki orda hər şey qaydasında idi. Ağrı yoxdur. Amma bax elə burda problem yarana bilər.
O, qalxıb çarpayıda oturdu. Sonra adyalı bir tərəfə çəkib sol ayağını yerə salladı. Yavaş-yavaş və ehtiyatla hərəkət edə-edə çarpayıdan xalçaya sürüşüb düşdü və hər iki əli ilə döşəməyə dirəndi. Bu cür vəziyyətdə durub sağ ayağından qalan ət parçasına baxdı – çox qısa və yoğundur, başdan-başa bintlənib. Həmin yerdə ağrı əmələ gəldi və qan damarı döyünməyə başladı. O, döşəməyə sərilib eləcə qalmaq istədi, amma irəli getmək lazım olduğunu bilirdi.
O, əlinin köməyi ilə mümkün qədər irəli gedir, sonra yüngülcə hoppanır və sol ayağından qalanı sürüyüb aparırdı. Hər dəfə ağrıdan inildəyir, amma döşəmədə əlləri və ayağı üstə sürünməyə davam edirdi. Nəhayət, pəncərəyə yaxınlaşıb əlləri ilə pəncərəaltından yapışdı, əvvəlcə bir, sonra digərini irəli uzatdı və yavaş-yavaş bir ayağı üstə qalxdı, daha sonra tez pərdəni çəkib bayıra baxdı.
O, boz kirəmitli damı olan balaca ev gördü. Ensiz xiyabanın yaxınlığında yerləşən bu ev tənha idi, arxasında şumlanmış tarla uzanırdı. Evin qarşısında baxımsız bağ vardı. Xiyabanla bağı yaşıl çəpər ayırırdı. O, çəpərin üstündə lövhəcik gördü. Bu, qısa şüvülə mıxlanmış adi lövhəcik idi, çəpərə çoxdan əl gəzdirilmədiyindən taxtanın üstünü budaqlar örtmüşdü. Bu səbəbdən sanki lövhəciyi çəpərin arasında quraşdırmışdılar. Taxta parçasının üstündə ağ boya ilə nəsə yazılmışdı. O, burnunu pəncərənin şüşəsinə dayayıb yazını oxumağa çalışdı. Birinci hərf «G» idi, bunu dəqiq gördü, ikinci «a», üçüncü isə «r» idi. O, hərfləri növbə ilə ayırd edə bildi. Lövhəcikdə cəmi üç söz yazılmışdı və o, hərf-hərf oxumağa başladı: «G-a-r-d-e a-u c-h-i-e-n»7. Orda eləcə bu yazılmışdı.
O, əlləri ilə pəncərəaltından yapışaraq bir ayağı üstə qərarsız dayanıb, lövhəciyə və ağ boya ilə yazılmış hərflərə baxırdı. Bir müddət başqa heç nə düşünə bilmədi. Eləcə lövhəciyə baxır və üzərində yazılan sözləri ürəyində təkrarlayırdı. Birdən ona çatdı. O, tənha evə və şumlanmış tarlaya bir də baxdı. Sonra evin sol tərəfindəki meyvə bağına və yaşıllıqla örtülmüş ətrafa nəzər saldı.
– Deməli, mən Fransadayam, – o dedi. – Mən Fransadayam.
Qan sağ budunda bərk döyünürdü. Sanki kimsə ət parçasına çəkiclə möhkəm vururdu və birdən ağrı elə şiddətləndi ki, gözləri qaraldı. Ona elə gəldi ki, indicə yerə düşəcək. Tez yerə oturub çarpayıya tərəf süründü və son gücünü toplayıb yuxarı dırmaşdı, taqətsiz yastığa söykənib adyalı üstünə çəkdi. Yenə də çəpərdəki lövhəcikdən, şumlanmış tarladan və meyvə bağından savayı heç nə düşünə bilmədi. Lövhəcikdəki kəlmələr heç cür beynindən çıxmırdı.
Bir azdan tibb bacısı gəldi. Qadın qaynar su ilə dolu kasa gətirdi.
– Sabahın xeyir, bu gün özünü necə hiss edirsən? – o dedi.
Sarğının altında ağrı hələ güclü idi, amma o, tibb bacısına heç nə demək istəmirdi. Qadının otaqda var-gəl etməsinə tamaşa etdi. İndi onu diqqətlə gözdən keçirdi. Saçları sarı rəngə boyanmışdı. Boylu-buxunlu, qamətli idi, xoşagəlimli siması vardı. Amma gözlərində qəribə bir təlaş hiss olunurdu. Nəzərləri elə hey ora-bura qaçırdı, heç nəyin üzərində bir andan artıq dayanmırdı, baxış obyektlərini anidən dəyişirdi. Hərəkətlərində də nəsə bir qəribəlik vardı. Həddən ziyadə qəfil və əsəbi idi və laqeyd səs tonu ilə heç uyğun gəlmirdi.
Qadın əlindəki kasanı masanın üstünə qoyub onun pijamasının köynəyini çıxartdı və bədəninin yuxarı hissəsini yumağa başladı.
– Yaxşı yatmısan?
– Hə.
– Lap yaxşı, – o dedi.
Qadın onun qollarını və sinəsini yudu.
– Deyəsən, səhər yeməyindən sonra hava idarəsindən kimsə sənə baş çəkməyə hazırlaşır, – qadın sözünə davam etdi. – Onlara hesabat lazımdır, heç bilmirəm düz dedim, ya yox. Sən daha yaxşı bilərsən. Səni necə vurublar və buna oxşar suallar. Onlara çox oturmağa imkan verməyəcəm, narahat olma.
O cavab vermədi. Tibb bacısı bədənini yuyub, ona diş məcunu və fırça verdi. O, dişlərini təmizlədi, ağzını yaxaladı və suyu kasaya tüpürdü.
Sonra qadın məcməyidə səhər yeməyi gətirdi, amma o yemək istəmirdi. Özünü yenə zəif hiss edirdi, üstəlik, ürəyi bulanırdı. Eləcə uzanmaq və baş verənlər barədə düşünmək istəyirdi. Bir cümlə beynindən heç cür çıxmırdı. Bu cümləni eskadrilyasındakı kəşfiyyat zabiti Conni hər gün uçuşdan əvvəl təyyarəçilərə təkrarlayırdı. İndi təsəvvüründə həmin Conni canlanmışdı. Budur, əlində tənbəki çubuğu dayanıb, ehtiyat aerodromunda balaca yay evinə söykənib və deyir: «İşdir, sizi vursalar, təkcə adınızı, rütbənizi və şəxsi nömrənizi deyin. Başqa heç nə. Allah xətrinə, başqa heç nə deməyin».
– Hə, – qadın bunu deyib məcməyini onun dizinin üstünə qoydu. – Yumurta ye. Özün öhdəsindən gələ biləcəksən?
– Hə.
Qadın çarpayının yanında dayanmışdı.
– Özünü yaxşı hiss edirsən?
– Hə.
– Lap yaxşı. Yumurta azlıq edəcəksə, birini də gətirə bilərəm.
– Yox, bəs edər.
– Yaxşı, daha nəsə istəsən, zınqırovu çal.
Qadın bunu deyib otaqdan çıxdı.
Tibb bacısı geri qayıdanda elə o da yeməyini bitirirdi.
– Aviasiya komandiri Roberts gəlib. Ona dedim ki, burda bir neçə dəqiqədən artıq ola bilməz.
Qadın əlinin işarəsi ilə komandiri içəri dəvət etdi.
– Narahatlığa görə üzr istəyirəm, – o dedi.
Bu, Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin zabiti idi. Əynindəki nimdaş kiteli «qanadlar»8 və «Döyüş uçuşu xidmətlərinə görə» xaç ordeni bəzəyirdi. O, kifayət qədər hündür və arıq idi, qara gur saçları vardı. Dodaqlarını bərk-bərk sıxmağa çalışsa da, əyri-üyrü, aralı dişlərini gizlədə bilmirdi. Komandir blank və karandaş çıxartdı, sonra stulu çarpayıya tərəf çəkib oturdu.
– Özünüzü necə hiss edirsiniz?
Cavab gəlmədi.
– Bəxtiniz gətirməyib, ayağınızı itirmisiniz. Halınızı təsəvvür edirəm. Təyyarəniz vurulmazdan əvvəl onların başına açdığınız oyundan xəbərdaram.
Çarpayıdakı adam qımıldanmadan uzanıb, baxışlarını stulda oturan adama dikmişdi.
Stulda oturan adam dedi:
– Gəlin bunun axırına tez çıxaq. Bir neçə suala cavab verməli olacaqsınız, mən isə hərbi raportu dolduraram. Beləliklə, ilk olaraq, hansı eskadrilyadansınız?
Çarpayıda uzanmış adam qımıldanmadı. O, düz aviasiya komandirinin gözünün içinə baxırdı.
– Mənim adım Piter Uilyamsondur. Mən eskadrilyanın aparıcısıyam, mənim nömrəm doqquz-yeddi-iki-dörd-beş-yeddidir.
CƏNNƏTƏ GEDƏN YOL
Missis Foster qatara, təyyarəyə, paroxoda və hətta teatra gecikməkdən ömrü boyu patoloji olaraq qorxurdu. Başqa şeylərə münasibətdə o, xüsusi olaraq əsəbi qadın deyildi, lakin harasa gecikə bilməsi fikrindən o qədər həyəcanlanırdı ki, sol gözünün kənarındakı dəri dartılmağa başlayır və o sanki kiməsə göz vururdu. Qadını ən çox əsəbiləşdirənsə o idi ki, bu gözvurma qatara və ya təyyarəyə sağ-salamat oturandan yalnız hardasa bir saat sonra yoxa çıxırdı.
Maraqlıdır ki, bəzilərində qatara gecikmək qorxusu kimi adi bir şey beyindən heç cür çıxmayan fikrə çevrilə bilir. Odur ki missis Foster evdən çıxmazdan və vağzala yollanmazdan yarım saat əvvəl buna artıq tam hazır olurdu. Sonra da yerində duruş gətirməyən qadın başında şlyapası, əynində paltosu, əllərində əlcəklər ya liftlə aşağı düşür, ya da narahat halda otaqdan otağa var-gəl edirdi. Ta ki, yəqin, onun halını anlayan əri, nəhayət, kabinetindən çıxır və soyuq, quru səslə artıq getmək vaxtı olduğunu söyləyirdi.
Mister Fosterin, bəlkə də, arvadının bu kifayət qədər səfeh davranışından narazı qalmağa tam haqqı vardı, amma yenə də onun qadını üzücü intizarda saxlamaqla iztirablarını artırması bağışlanılmaz idi. Hərçənd onun bunu qəsdən etməsini təsdiqləmək də düzgün olmaz. Amma yenə də o hər dəfə bir-iki dəqiqə ləngisə belə, vaxtı elə dəqiq hesablayır və özünü o qədər tox tuturdu ki, zavallı arvadını qərəzsiz iyrənc əzaba məruz qoymasına inanmaqda çətinlik çəkirik. Hərçənd o bir şeyi dəqiq bilirdi: qadın heç vaxt səsini başına atmayacaq və ona tələsmək lazım olduğunu deməyəcək. O, arvadını kifayət qədər yaxşı tərbiyə etmişdi. Üstəlik, deyəsən, o bilirdi ki, vaxtı qaçırmaqla qadını az qala isterikaya çatdırmaq olar. Evliliklərinin son illərində bəzən elə hallar olurdu ki, sanki o, qəsdən qatara gecikmələrinə çalışır və bununla da zavallı qadının əzablarını artırırdı.