18+
реклама
18+
Бургер менюБургер меню

Роальд Даль – Hekayələr (страница 2)

18

– Bu, səfehlik olardı.

Əlində şərab səbəti masanın başında, öz stulunun arxasında dayanan Maykın burun pərləri sanki yüngülcə ağardı və o, dişlərini möhkəm sıxdı.

Pratt stula yayxanıb oturmuşdu – gözləri xumarlanmış, dodaqlarının kənarında isə istehza dolu təbəssüm gizlənmişdi. Və mən yenidən gördüm ki, bəlkə də, mənə elə gəldi ki, onun üzündə qayğılı bir ifadə sayrışdı, baxışlarında isə qəribə bir dalğınlıq peyda oldu, elə həmin gözlərində, düz bəbəklərində isə qığılcımlar oynaşıb gizləndi.

– Deməli, şərabların sayını artırmaq istəmirsiniz?

– Əslində, mənim üçün heç bir fərqi yoxdur, – Mayk dedi. – Nədən istəsəniz mərc gəlməyə hazıram.

Üç qadınla birgə onları sükut içində izləyirdik. Bütün bunlar Maykın arvadını qıcıqlandırmağa başladı. O, qaşqabağını sallayıb oturmuşdu və mən hiss edirdim ki, söhbətə hər dəqiqə müdaxilə edə bilər. Boşqablarımızdakı rostbif5 soyuyurdu.

– Deməli, siz mənimlə nədən gəldi mərcə girməyə hazırsınız?

– Yenə deyirəm. Əgər bu sizin üçün belə mühümdürsə, kefiniz istəyən şeydən mərc gəlməyə hazıram.

– Hətta on min funtdan?

– Əgər belə istəyirsinizsə, əlbəttə.

İndi Mayk sakit idi. O, yaxşı bilirdi ki, Prattın söyləyəcəyi istənilən məbləğlə razılaşa bilər.

– Deməli, deyirsiniz mən istədiyimi dilə gətirə bilərəm?

– Məhz bunu demək istəyirəm.

Ortaya sükut çökdü və Pratt həmin arada baxışlarını masa arxasında oturanların üzərində süzdürdü – növbə ilə əvvəl mənə, sonra qadınlara baxdı. Sanki o bizə bu razılaşmanın şahidləri olduğumuzu xatırladırdı.

– Mayk! – missis Skofild dedi. – Mayk, gəlin bu axmaq söhbətə son qoyaq və yeməyə davam edək. Ət soyuyur.

– Amma bu, axmaq söhbət deyil, – Pratt təbirini pozmadan dedi. – Biz, sadəcə, biz az mərc gəlməyi qərara aldıq.

Mən fikir verdim ki, əlində tərəvəzli yemək bir qədər kənarda dayanmış qulluqçu qadın masaya yaxınlaşmağa cürət etmir.

– Nə deyirəm ki, – Pratt söylədi. – Sizə nədən mərc gəlmək istədiyimi açıqlayaram.

– Buyurun, – Mayk kifayət qədər cəsarətlə dedi. – Ağlınıza nə gəlirsə gəlsin, mən razıyam.

Pratt razılıqla başını tərpətdi və yenidən dodaqlarının kənarlarında təbəssüm oynadı, sonra baxışlarını Maykdan çəkmədən mümkün olduğu qədər yavaş-yavaş dedi:

– İstəyirəm ki, mənə qızınızı verəsiniz.

Luiza Skofild dik atıldı.

– Dayanın! – o çığırdı. – Bu lap ağ oldu və heç də gülməli deyil! Ata, bu heç gülməli deyil.

– Əzizim, sakitləş, – anası dedi. – Onlar, sadəcə, zarafat edirlər.

– Mən heç də zarafat etmirəm, – Riçard Pratt dəqiqləşdirdi.

– Bütün bunlar mənasız səslənir, – Mayk dedi.

Deyəsən, o, yenə çaşqınlıq içində idi.

– Siz ki dediniz, nədən gəldi mərcə girməyə hazırsınız.

– Mən pulu nəzərdə tuturdum.

– Amma siz pulun adını çəkmədiniz.

– Amma mən məhz bunu nəzərdə tuturdum.

– Onda heyif ki bunu birbaşa söyləmədiniz. Hərçənd sözünüzü geri götürmək istəyirsinizsə…

– Əzizim, məsələ sözü geri götürüb-götürməməkdə deyil. Əslində heç bu vəziyyətdə mərc də alınmır, axı siz uduzduğunuz təqdirdə mənə öz qızınızı verməyəcəksiniz – olmayan şeyi necə vermək olar ki? Üstəlik, olsaydı belə, çətin ki onunla evlənmək istəyərdim.

– Bunu eşitmək çox xoş oldu, – arvadı söhbətə müdaxilə etdi.

– Mən nədən istəsəniz mərcə girməyə hazıram, – Pratt bəyan etdi. – Məsələn, evimdən. Hə, necədir?

– Hansı evinizdən? – Mayk söhbəti zarafata çevirməyə çalışdı.

– Şəhər kənarındakı.

– Bəlkə, üstünə o birini də gələsiniz?

– Yaxşı. Sizə belə xoşdursa, hər iki evimdən mərcə girirəm.

Bu vaxt Maykın fikrə getdiyini gördüm. O, masaya yaxınlaşıb şərab səbətini ehmalca onun üzərinə qoydu. Sonra duzqabını bir tərəfə, istiotqabını digər tərəfə çəkib bıçağı götürdü, hardasa bir dəqiqə dalğın-dalğın onu nəzərdən keçirdi, sonra yerinə qoydu. Qız da atasının qərarsızlığını sezdi.

– Ata! – o çığırdı. – Bu ki axmaqlıqdır! Bu, sözlə ifadə olunmayacaq axmaq fikirdir. Məndən mərcə girmənizi istəmirəm.

– Sən tamamilə haqlısan, əzizim, – anası dedi. – Mayk, dərhal bu söhbətə son qoy və yerinə oturub yeməyini ye.

Mayk ona məhəl qoymadı. O, qızına baxıb gülümsündü – yavaş-yavaş, atasayağı, onu himayə edirmiş kimi gülümsündü. Amma eyni zamanda gözlərində qalibiyyət qığılcımları parıldadı.

– Bilirsən, – o, üzündə təbəssüm dedi, – bilirsən, Luiza, məncə, fikirləşməyinə dəyər.

– Ata, bəsdir! Həyatımda bundan axmaq heç nə eşitməmişəm!

– Yox, əzizim, bir dinlə gör nə deyirəm.

– Heç nə eşitmək istəmirəm.

– Luiza! Səndən xahiş edirəm! Məni dinlə. Riçard bizə ciddi mərc təklif elədi. Buna mən deyil, o israr edir. Və əgər uduzarsa, o boyda mülkündən keçməli olacaq. Əzizim, dayan, sözümü kəsmə. Məsələ burasındadır ki, onun udmaq şansı yoxdur.

– Amma o, deyəsən, tamam başqa fikirdədir.

– Sənə deyirəm qulaq as, mən nə dediyimi bilirəm. Klareti dadan mütəxəssis, əgər bu, lafit və ya latur kimi hər hansı bir məşhur şərab deyilsə, üzümlüyü olsa-olsa təxmini müəyyənləşdirə bilər. O, şübhəsiz ki, şərabın Bordonun hansı rayonunda, – istər Sent-Emiyon olsun, istər Pomrol, istər Qrav, istərsə də Medok, – hazırlandığını ümumilikdə deyə bilər. Amma axı hər bir rayonda icmalar, kiçik qraflıqlar, hər qraflıqda isə çoxlu balaca üzümlüklər var. Onları təkcə şərabın dadı və ətrinə görə bir-birindən fərqləndirmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, bu şərab digər üzümlüklərlə əhatələnmiş balaca bir üzümlükdən hazırlanıb və Riçard Pratt bunu heç vaxt tapan deyil. Bu, mümkün deyil.

– Bundan necə əmin ola bilirsən ki? – qızı ondan soruşdu.

– İnan ki, əminəm. Öyünmək istəmirəm, amma şərablardan başım çıxır. Bir də ki, qızım, mən sənin atanam və Allah şahiddir ki, ömrümdə səni istəmədiyin bir şeyə məcbur etmərəm. Sadəcə, elə etmək istəyirəm ki, sənin pulun bir az da çox olsun.

– Mayk! – arvadı söhbətə müdaxilə etdi. – Lütfən, bu söhbətə son qoy!

O yenə arvadına məhəl qoymadı.

– Əgər mərcin şərti ilə razılaşsan, – Mayk qızına dedi, – onda on dəqiqədən sonra iki böyük evin sahibəsi olacaqsan.

– Amma, ata, mənə iki böyük ev lazım deyil.

– Onda onları satarsan. Elə onun özünə satarsan. Mən bunu təşkil edərəm. Əzizim, bir düşün, necə də varlı olacaqsan! Ömrün boyu müstəqil yaşayacaqsan!

– Ata, bütün bunlar mənim heç xoşuma gəlmir. Zənnimcə, bu, axmaqlıqdır.

– Mən də eyni fikirdəyəm, – anası dedi. Qadın başını qəfil geriyə dartıb toyuq kimi qabardı. – Mayk, bunu ağlından keçirmək belə ayıbdır! Axı o sənin qızındır!

Mayk heç ona tərəf baxmadı da.

– Razılaş! – qızının düz gözünün içinə baxıb coşqunluqla dedi. – Tez ol, razılaş! Uduzmayacağına zəmanət verirəm.

– Amma, ata, bu mənim xoşuma gəlmir.

– Qızım, uzatma. Razılaş!

Mayk Luizanın lap yaxınlığına gəldi. O, sərt baxışlarını qızına zillədi və Luiza atasına etiraz etməkdə çətinlik çəkdi.

– Uduzsam necə?