18+
реклама
18+
Бургер менюБургер меню

Роальд Даль – Hekayələr (страница 10)

18

Gördüyünüz kimi, səhra həyatı böyük sevinc gətirmədiyindən onu balaca sevinc əvəzləyir və uşaq oyunları yaşlı kişilərin əyləncəsinə çevrilir. Bu orda olan hər kəsə aid idi: həm təyyarəçilərə, həm mexaniklərə, həm paraşüt qablaşdıranlara, həm yemək hazırlayan kaprallara, həm də dükan sahiblərinə. Bu, Qocaya da, Gəncə də aid idi. Onlar yalvar-yaxar iki sutkalıq məzuniyyət götürə bilmiş və təyyarə ilə Qahirəyə gəlmişdilər. Mehmanxanaya gələn Qoca ilə Gənc vannanı elə səbirsizliklə gözləmişdi ki, bəlkə də, yeni evlənənlər ilk gecələrini bu qədər arzulamamışdı.

Qoca qurulandı, sonra dəsmalı belinə sarıyıb və əllərini başının altına qoyub çarpayıda uzandı. Gənc vanna otağında idi. O, başını vannanın ucuna qoyub isti sudan həzz alır və bunu inildəməklə büruzə verirdi.

– Gənc, qulaq as görüm, – Qoca dedi.

– Eşidirəm.

– Bəs indi nə ilə məşğul olacağıq?

– Qadınlarla, – Gənc cavab verdi. – Qadın tapıb şam yeməyinə dəvət edəcəyik.

– Bu sonranın işidir, – Qoca dedi. – Bu gözləyə bilər.

Axşam təzə düşmüşdü.

– Mən belə düşünmürəm, – Gənc dedi.

– Mənsə düşünürəm ki, – Qoca etiraz etdi, – bu gözləyə bilər.

Qoca bu dünyada çox yaşamış və çox şey görmüşdü. Tələsik hərəkət etmək ona görə deyildi. İyirmi yeddi yaşı vardı, eskadrilyada komandir də daxil olmaqla hamıdan çox yaşlı idi və hər kəs onun ağzından çıxana hörmətlə yanaşırdı.

– Əvvəlcə dükanları gəzək, – o dedi.

– Sonra? – vanna otağından səs gəldi.

– Sonra vəziyyətə uyğun hərəkət edərik.

Ortaya sükut çökdü.

– Qoca?

– Hə.

– Burdakı qadınlardan kimisə tanıyırsan?

– Vaxtilə tanıyırdım. Bir türk qızı vardı, dərisi bəmbəyaz idi. Adı Venka idi. Biri də Yuqoslaviyadan vardı, məndən bir baş hündür idi, Kiki deyə çağırırdılar. Hə, bir də, deyəsən, suriyalı. Amma adını xatırlamıram.

– Onlara zəng edək, – Gənc dedi.

– Sən viski gətirməyə gedəndə artıq zəng etmişəm. Heç birini tapmadım. Alınmadı.

– Elə həmişə belə olur, – Gənc dedi.

– Əvvəlcə dükanları gəzək, – Qoca dedi. – Nə qədər desən vaxtımız var.

Gənc vannadan bir saatdan sonra çıxdı. Hər ikisi bozumtul-yaşıl rəngdə təmiz şort və köynək geyinib aşağı düşdü. Onlar mehmanxananın vestibülündən keçib qızmar günəşin yandırdığı küçəyə çıxdılar. Qoca qara eynək taxdı.

– Mənə nə lazım olduğunu bilirəm, – Gənc dedi. – Gün eynəyi.

– Yaxşı. Gedək alaq.

Arabaçı saxlayıb, ona Siqurelə getməyi əmr etdilər. Gənc eynək, Qoca isə poker zərləri aldı, sonra boğanaq və qələbəlik küçədə yavaş-yavaş yeridilər.

– Qıza fikir verdin? – Gənc soruşdu.

– Eynəyi aldığın qızı deyirsən?

– Hə. Qaraşını.

– Yəqin, türk qızıdır, – Qoca dedi.

– Mənə fərq etməz, – Gənc dedi. – Amma yaman qəşəng qız idi. Sənə belə gəlmədi?

Onlar əllərini ciblərinə salıb Şəriə-Qəsr-əl-Nil boyu gəzirdilər. Gənc elə indicə aldığı eynəyini taxdı. Hava çox isti idi. Tozlu küçə misirlilərlə, ərəblərlə və ayaqyalın oğlan uşaqları ilə dolu idi. Milçəklər bu oğlanların iltihabdan qızarmış gözlərinin ətrafında dövrə vuraraq vızıldayırdı. Onlar lap uşaq olanda anaları başlarına nəsə dəhşətli bir şey gətirdiklərindən gözləri bu vəziyyətə düşmüşdü. Qadınlar bunu övladları böyüyəndə orduya götürülməsinlər deyə etmişdilər. Oğlanlar Qoca ilə Gəncin dalınca gəlir və yorulmadan qışqırırdılar: «Bəxşiş! Bəxşiş!» – milçəklər də dilənçilərdən əl çəkmirdilər. Qahirə başqa şəhərlər kimi qoxumur. Burda bir şeyin iyi gəlmir və bu iy, üstəlik, bir yerdən gəlmir. Bu qoxu hər şeyin üzərinə çöküb: qanovlara, səkilərə, evlərə, dükanlara, dükanlarda satılan mallara, elə küçənin ortasındaca hazırlanan yeməklərə, atlara və küçələrdəki at peyinlərinə. Adamlara və qızmar şüalarını onların başına yağdıran günəşə də, qanovlara da, atlara da, yeməyə və küçəni başına alan tullantılara da bu iy hopub. Bu əlahiddə qoxuda eyni zamanda həm şirin, həm çürük, həm qaynar, həm duzlu, həm də acı nəsə hiss olunur və o heç vaxt yoxa çıxmır, hətta sərin sübh çağında belə.

İki təyyarəçi qələbəlikdə sallana-sallana gəzişirdilər.

– Məgər sənin ağlını başından almadı? – Gənc soruşdu.

O, Qocanın fikrini öyrənmək istəyirdi.

– Qəşəng idi.

– Qəşəng dedin qoydun. Bilirsən, Qoca?

– Nə?

– Axşamı bu qızla keçirmək istərdim.

Onlar küçənin o başına keçib irəli getdilər.

– Yaxşı görək, – Qoca dedi. – Bəlkə, madam Rozettə zəng edəsən?

– Rozett hardan çıxdı?

– Madam Rozett, – Qoca ona düzəliş verdi. – Böyük qadındır.

Onlar «Timin Barı»na yaxınlaşdılar. Barın yiyəsi Tim Gilfillan adlı bir ingilis idi. Ötən dəfəki müharibədə serjant-kvartirmeyster olan bu adam hərbçilər Qahirəni tərk edəndən sonra hansısa yolla orda qala bilmişdi.

– Bu da Tim, – Qoca dedi. – Gəl ona baş çəkək.

İçəridə Timdən başqa heç kəs yox idi. O, piştaxtanın arxasında butulkaları taxçalara qoymaqla məşğul idi.

– Belə-belə işlər, – geriyə çevrilən bar yiyəsi dedi. – Uşaqlar, neçə vaxtdır harda itib-batmışdınız?

– Salam, Tim.

O, təyyarəçiləri xatırlamırdı, lakin bircə baxış kifayət idi ki, bu adamların səhradan gəldiyini anlayasan.

– Köhnə dostum Qrasiani necədir? – Tim barın piştaxtasına söykənib dedi.

– Bizdən o qədər də uzaqda deyil, – Qoca cavab verdi. – Mersanın yaxınlığındadır.

– İndi hansı təyyarələrdə uçursunuz?

– «Qladiator»larda.

– Lənət şeytana, onlarda səkkiz il bundan əvvəl uçurdular.

– Elə həmin təyyarələrdir, – Qoca dedi. – Lap köhnəliblər.

Onlar viski götürüb küncdəki masaya doğru getdilər.

– Bu Rozett kimdir? – Gənc soruşdu.

Qoca dərin bir udum edib stəkanı qoydu.

– Böyük qadındır, – o cavab verdi.

– Kimdir ki?

– Qoca və murdar suriyalı yəhudi.

– Bunu bildik, – Gənc dedi, – amma onu niyə xatırladın ki?

– İndi sənə danışaram, – Qoca cavab verdi. – Madam Rozett yer üzündə ən böyük fahişəxananın sahibidir. Deyilənə görə, o, adama Qahirənin istənilən qızını təşkil edə bilər.

– Cəfəngiyyatdır.